Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Yardımlı. Deman və Arvan. Bir zamanlar köçürülməyə məruz qalan bu kəndlərinin sosial mənzərəsi...



Mobil telefonun, internetin olmadığı, şagirdləri 5-ci sinifdən sonra məktəb görməyən Deman, məktəbi 8 km uzaqda yerləşən, ərzağı  15-25 km kənardan gələn  kəndlər


Bu günlərdə həmin ucqar kəndlərə səfər edən Rabil Abdinov təssüratlarını cenub.az-la bölüşür

Deman və Arvana kəndləri respublikamızın ən ucqar cənub-şərq hissəsində - Talış dağlarının qoynunda yerləşən Yardımlı rayonunun İranla sərhəd hissəsinin ən son nöqtəsində yerləşir. Biz də bu yaz günlərində gəlib həmin məkana yetişmişik. 

Dağ zirvələrində  basdırılmış ağac dirəklərə bərkidilmiş tikanlı məftillər, ölkəmizi İrandan ayıran sərhəd xəttinin düz dibi. Bax, bu nöqtədə yerləşən Deman və Arvana kəndinin maddi və mənəvi mənzərəsi insanda qəribə hisslər oyadır.

Talış sıra dağlarının Peştəsər silsiləsi

Dəniz səviyyəsindən 1600-1800 metr hündürlükdə yerləşən Aravana və Deman kəndləri öz yerini tarix boyu bir-neçə dəfə dəyişib. Köhnə kənd yerinin xarabalıqlarının qalıqları indi də ətraf yamaclarda mövcuddur. 
 
 Kəndlərin sürgünü

Yardımlının 21 kəndi kimi Deman 1953-cü, Arvana isə 1955-ci ilə Sovet hökumətinin İranla sərhədində təhlükəsizlik yaratmaq məqsədi ilə ölkənin digər uzaq nöqtələrinə köçürülüb. 
Maraqlı odur ki, onlar yaşayış mövcud olan digər yaxın kəndlərdə yox, həyat, yaşayış tərzi, iqlimi tam fərqli məkanlarda yerləşdiriblər
Onların bir qismi uzun dirənişdən sonra 1962-ci ildə Arvanaya, digər bir qismi isə yalnız 1989-cu ildə Demana qayıtsalar da əksəriyyəti hazırda da Yardımlıdan uzaq bölgələrdə yaşamaqda davam edirlər.

Ərzaq  15-25 kilometr uzaqdan gəlir 

Arvana və Deman kəndlərinin əhalisi ərzaq təminatı üçün 15 - 25 kilometr uzaqlıda olan Şəfəqli kəndinə getməyə məcburdurlar. 
Arvana kəndində mobil operatorlardan bəzisi fəaliyyət göstərir, lakin telefonlar tez-tez rominq xidmətinə keçir, Deman kəndində isə, ümumiyyətlə heç bir rabitə vasitəsi mövcud deyil. 

Çoxlarının həsəd çəkdiyi asfalt yol

Əvvələr  hədsiz bərbad olduğu üçün yerli sakinlər onları rayonla birləşdirən yolu 3 saata qət etdikləri halda, hazırda bu kəndləri rayonla birləşdirən rahat və möhtəşəm asfalt olduğundan onu çox qısa başa vururlar. 
Rayon mərkəzlərindən müvavfiq olaraq 25 və 35 kilometr uzaqlıda yerləşən Deman və Arvana kəndlərinə müasir yolun açılışına ölkə başçısı şəxsən gəlibmiş. Ölkənin belə ucqar bir məkanında belə komunikasiyanın yaradılmasını təəccüblə qarşılamamaq olmur. 

Hər iki kəndə müasir standartlara uyğun çəkilən elektrik xətləri və verilən fasiləsiz enerji təminatına da həsəd aparmaq  olar.

Keçmişi Ərdəbilə bağlı olan
məkanlar  dünən mərkəz, bu gün isə ucqar sayılır


Çarizmə və hətta sovetlərin ilk illərinə qədər bu kəndlərin əhalisinin əsas iqtisadi-ictimai mərkəzi Ərədəbil olmuşdur. Bu dövrlərdə sözü gedən kəndlər  imperiyanın ideoloji mərkəzinə məsafə baxımında daha yaxın olduğu üçün orda mədəni və iqtisadi inkişaf da yüksək olmuşdur. 
Hazırda ucqar hesab olunan bu kəndlərin bir zamanlar mərkəz olması sakinlərin mədəni davranışında da özünü biruzə verir.
Arvana və Deman kəndləri İranla həmsərhəd olduqları üçün müstəqillliyin ilk illərindən bu kənd sakinləri İranla qeyri-rəsmi ticarət əlaqələrinə malik olmuşlar. Buna görə də bu kəndlərdə həmin illərdə yurdlarına qayıdan insanlar daha çox olsalar da, sərhədlərdə rejim möhkəmlənəndən sonra onların bir qismi təkrarən qayıtdıqları rayonlara köçmüşlər. 

Hazırda Deman kəndində yaşayan 19 ailənin yalnız iki qardaşdan ibarət sakinləri tarixən Demanda yaşayan şəxslərdirlər, qalanları isə rayonun qonşu kəndlərindən köçən sakinlərdirlər. Halbuki tarixən demanlı olub, yurduna qayıdan 25 ailə sonradan əvvəlki yaşadıqları rayonlara təkrar köçmüşlər. Respublikaya səpələnmiş bəzi iqtisadi imkanı yüksək olan demanlıların yayda istirahət etmək üçün kənd memarlığı tipində villaları da mövcuddur. 

Maldarliq başlıca çörək ağacı

Deman kəndində maldarlıq və əkinçilik yaxşı inkişaf etmişdir. Buna səbəb kənddəki geniş yaşıl otlaqlar, son illər dövlət tərəfindən düz kəndin içinə qədər çəkilən asfalt yol və kəndin mərkəzində artezian quyunun qazılmasıdır. 

Payı bəllisiz kənd

Deman kənd sakinlərinə rəsmən pay torpaqlarının verilməməsi onlara sərhəd dirəklərinə qədər otlaq sahələrindən maneəsiz ümumi istifadəni mümkün etmişdir.
Yuxarıda qeyt etdiyimiz kimki Deman kəndində mobil və stabil telefon rabitəsi olmadığından orda internetdən istifadənin mükünsüz olması müasir insanlarda diskanfort yaradan haldır. 
Burada təhsil

Hazırda Arvana kənd tam orta məktəbdə 70 şagird təhsil alır və kənddə rəsmən 600 nəfərə qədər əhali mövcuddur. Deman kəndində isə (8 kilometr uzaqlıqda)  Avaş kənd tam orta məktəbinin fililaı kimi ibtidai sinif fəaliyyət göstərir. Bu  kənddə rəsmən 130 nəfər əhalinin yaşadığı qeyd edilir. Arvana məktəbi uyğunlaşmış binada yerləşsə də,  o yüngülvari təmir edilmişdir. Lakin Deman kəndində taxtadan düzəldilmiş vaqon - sinifdə 4 parta mövcuddur və bu kənddə sonradan məskunlaşmış, ər-arvad  olan müəllimlər dərs deyir. 


Qeyd etdiyimiz kimi kənddə taxta kontinerdə 4 partanın yerləşdirilməsi ilə yaradılan bir ibtidai sinif otağının fəaliyyətinə yaxın vaxtlarda modul tipli sinif quruşdırılması ilə son veriləcəyi söylənilir. 
Demanda iki növbədə fəaliyyət göstərən komplekt ibtidai siniflərdə 9 şagird təhsil alır. Lakin kənddə yaşayan 20 nəfər V-XI sinif şagirdlərinin 8 kilometr uzaqlıqda yerləşən Avaş tam orta məktəbində oxuması formal xarakter daşıyır. Əsasən kasıb və nəqliyyatsız olan kənd sakinlərinin hər gün mütəmadi olaraq övladlarını bu qədər yolu məktəbə göndərməsi praktiki mümkün olmur. Bəzi valideynlər təsadüfən səhərlər rayona tərəf yolu düşdükdə və şəxsi avtomobilləri olduğu təqdirdə ən yaxşı halda ayda bir-neçə dəfə övladlarını məktəbə göndərə bilirlər. 
Praktiki olaraq bu kənddə V sinifdən sonra heç kim demək olar ki, məktəbə getmir. Xüsusən qış aylarında 8 kilometrlik yolun kiçik yaşlı şagirdlərin məktəbə gedib-gəlməsi sadəcə absurddur. 
Lakin sakinlərin rayona gələn Təhsil Nazirliyi rəsmiləri və Rayon İcra Hakimiyyəti əməkdaşları qarşısında qaldırdığı bu problem uzun illərdir həllini tapmır ki tapmır. Şagirdlərin məktəbə mütəmadi getmək imkanı olmadığı yeganə kənd rayon üzrə Deman hesab olunur və bu problemi rayonda bilməyən də yoxdur. Ümid edirik ki Təhsil Nazirliyi və İcra Hakimiyyəti məktəblilərin nəqliyyat problemini növbəti tədris ilində həll edəcək.
Rabil Abdinov. cenub.az









Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10