Rasim Ocaqovun “İstintaq” bədii filminin təhlilini təqdim edirik.
Rasim Ocaqovun “İstintaq” filmi 1960-ci illərdə yüksək vəzifəli şəxslərin korrupsiyada iştirakından, öz səlahiyyətlərindən sui istifadəsindən bəhs edir. Keçmiş idmançı Murad (Həsən Məmmədov) işsiz qaldığından, yüksək vəzifəli məmurların himayəsində olan qanunsuz sexlərə rəis təyin edilir. Sexlərdə istehsal olunan mallardan əldə edilən gəlir məmurların cibinə axır. Murad isə gizli mafiya sistemində sadəcə alətdir.
Həbs olunan Murad könüllü olaraq gizli sexlərin məsuliyyətini öz üzərinə götürür. Müstəntiq Seyfi (Aleksandr Kalyagin) 16 yaşlı qızın cinsi təcavüzdən sonra intihar etməsinin məsuliyyətini də onun daşıyacağını deyir. Hakimiyyəti təmsil edən yüksək rütbəlilər isə Seyfidən istintaqı tez başa çatdırmasını tələb edirlər. Amma çətinliklə də olsa Seyfi həqiqəti üzə çıxarır. Hərçənd, bu, Muradın həyatı bahasına başa gəlir...
“İstintaq” ölkənin müəyyən dönəminin bədii ifadəsidir. Titirlər də buna işarə edir: "1969-cu ilin avqustunda Azərbaycan KP MK plenumu keçirildi. Bundan sonra respublikada mənfi hallara qarşı kəskin mübarizə başlandı, filmdə başlanğıc və mürəkkəb dövrdə bu mübarizənin bir epizodu haqqında danışılır”.
R. Ocaqov əhvalatı gərgin səhnə - sex rəisi Muradın dindirməsi ilə başlayır. Ancaq lirik, yumşaq musiqi (Emin Sabitoğlu) təsvir olunan dindirmə səhnələrinə, mərkəzi qəhrəman Seyfinin mübarizəsinə adekvat görünmür. Belə bir musiqi daha çox Muradın keçirdiyi xoşbəxt günlərini xatırlamasına, onun arvadı ilə xəyali və realda olan söhbətinə uyğundur.
Muradın həbsxanada arvadı ilə ya xəyali ya, da keçmişindən xatırladığı söhbəti burda və indi baş verirmiş kimi təsvir olunur və gerçəkliyin davamı kimi çıxış edir.
Rejissor Seyfini mübariz, prinsipial müstəntiq kimi təqdim etsə də, onun ideallaşdırmır. Bəzi məqamlarda Seyfi Muradın düşünülmüş susqunluğu qarşısında geri çəkilməli olur, təklif olunan vəziyyətlə barışmış, sanki nəhəng, sirli qüvvə qarşısında öz gücsüzlüyünü dərk etmiş kimi görünür. Lakin təmkinli inadkarlığı sayəsində bu mürəkkəb işin ipuclarını ələ keçir.
İş prosesindəki prinsipial Seyfidən fərqli olaraq, ailə-məişət səhnələrindəki Seyfi deyingən, meşşan arvadı Gülya (Şəfiqə Məmmədova) ilə münasibətdə üzüyola, hətta bəzən aciz təsir bağışlayır. Xüsusən bir neçə səhnədə gərgin iş prosesi zamanı arvadının zəngi, onu məişət qayğıları ilə yükləməsi, Seyfinin bütün bunlardan bezginliyi həmin epizodlara ironik bir ziddiyyət gətirir. Ümumiyyətlə, isə Seyfinin məişətdəki yumşaqlığı, çəkməçiylə zarafatları, belə bir ağır mövzunu az da olsa yüngülləşdirir.
Həbsxana səhnələri minimalist işlənib, Muradın və kamera yoldaşının (Yevgeni Lebedev) dar məkanda gəzintisi zamanı azadlığa xiffəti Bakının küçələrindən sənədli tərzdə çəkilən insan fraqmentləri ilə güclənir.
Zənginlərin dəbdəbəli ziyafətləri realistik işlənib və müəlliflər dövrün dəqiq təsvirini veriblər. Toy məclisi ilə həbslərin başlanması səhnələrinin paralel montajı təhkiyəni dinamikləşdirir, gərginliyi artırır.
Final isə açıq qalır. İntihara cəhd edən Muradın sonda müstəntiqə hansı sirri açıqlamaq istədiyi, sağ qalıb qalmayacağı haqda məlumatsız qalırıq. Onun vəziyyətinin sadəcə ağır olduğu söylənilir. Son səhnədə iri planda göstərilən fikirli Seyfi təkcə gecənin zülmətinə doğru yox, eyni zamanda qeyri-müəyyənliyə tərəf addımlayır. Açıq final mübarizənin davamı, bu cür problemlərin həllini tapa biləcəyinin çətinliyi kimi yozumlana bilər. Filmdə Muradın arvadının (Yelena Smirnova) ona xəyanət edib etməməyi də qaranlıq qalır. Çünki rejissor fokusu cinayətin nə yolla olursa-olsun açılmasına yönəldib. Bu kontekstdə Muradın arvadının cinayətin törədən adamla müəmmalı fotosunun məhbusa göstərilməsi ilə Seyfinin peşə etikası məsələsi ikinci plana keçir.
Azərbaycan versiyasında Seyfi obrazı yalnız Kalyaginin dolğun oyunu, obrazının dəqiq tapılmış psixoloji-fiziki cəhətləri hesabına alınmayıb. Bu, həm də onun rolunu səsləndirən Səməndər Rzayevin sayəsində cazibə qazana bilir. Rus versiyasında Seyfinin səs obrazın xarakterinə tam otura bilmir və S. Rzayevin kölgəsində qalır.
Filmin ssenari müəllifi Rüstəm Ibrahimbəyovdur və analoji əhvalat onun həbsdə yatan bir dostunun başına gəlib. İbrahimbəyov həmin əhvalat əsasında “İstintaq” adlı pyes yazır və pyesi Rasim Ocaqov Milli Dram Teatrının səhnəsində tamaşaya qoyur. Tamaşada əsas rolları Məlik Dadaşov və Hamlet Xanızadə oynayıb. Hətta filmin çəkilişləri zamanı rejissor Murad roluna Hamlet Xanızadəni, müstəntiq roluna isə Həsən Məmmədovu təsdiq edir. Lakin o, son anda Kalyaginin üzərində dayanır.
Məsələ bundaydı ki, R. Ocaqov Kino evində Nikita Mixalkovun “Piano üçün bitməyən pyes” adlı filmini izləyir və Kalyaginin ifa tərzi onun xoşuna gəlir. Ümumiyyətlə, Rasim Ocaqov obrazlara dəqiq aktyorlar seçirdi və Kalyagində də yanılmamışdı. Rejissor Moskvaya aktyorla danışmaq üçün uçur. Kalyagin ssenarini bəyənsə də müəyyən şərtlər qoyur. Yəni çəkiliş onun iş qrafikinə uyğunlaşdırılır. Bəzən o, səhərlər Bakıya gəlir, günorta isə Moskvaya qayıdırdı. Onun bır sıra çəkilişləri isə Moskvada baş tutur.
“İstintaq” filmi başa çatandan sonra qızğın mübahisələrə səbəb olur. Film Bədii Şuradan keçsə də, Mərkəzi Komitədə əsərə baxış zamanı məsul şəxslərin tənqidinə tuş gəlib. Onların fikrincə, film ölkəmizi biabır edir. Məmurlardan biri isə deyir: “Necə olur ki, müstəntiq işləyən şəxs uşağına təzə ayaqqabı almaq üçün 5-10 manat pul tapa bilmir, köhnə ayaqqabını təmirə verir”. Son sözü isə birinci katib Heydər Əliyev deyir və onlarla razılaşmadığını bildirir: “Filmdə vacib bir mövzuya toxunulur və vaxtında da çəkilib”. Sonralar H. Əliyev bu haqda deyirdi:
“Bu filmə bir neçə dəfə baxılmış və hər dəfə də narazılığa səbəb olmuşdu. Buna görə mən “İstintaq” filminə baxmaq üçün kollektiv baxış təşkil etdim. Kollektiv baxışdan sonra həmkarlarımın hamısı bu fikirdə oldu ki, guya film respublikamızı nüfuzdan salır, rüsvay edir. Halbuki bu film respublikamızda mənim gördüyüm işin-korrupsiyaya qarşı apardığım mübarizənin təcəssümü idi. Sağ olsunlar ki, onlar bu mövzuya girişmişdilər. Yeri gəlmişkən, mən o vaxt onlara dedim ki, bu mövzudan əl çəkməyin. Film istehsalata buraxıldıqdan sonra əngəllər, qadağalar başaldı. Belə olan halda mən də tədbirlər gördüm və “İstintaq” filmi böyük şöhrət qazandı”.
Moskvada isə film məzmununa görə pis qarşılandı. Bədii Şurada 28 epizodda düzəliş edilməsinin zəruriliyini desələr də, rejissor yalnız 4-5 epizodu dəyişir. Əgər ilk versiyada Muradın intihar səhnəsi açıq göstərilirdisə, sonrakı versiyada bu təsvir olunmur. Toy səhnəsində iki nəfərin dəbdəbəli toya etiraz etdiyi kadlar sonradan çəkilib. Moslvadakı Bədii Şura filmin nümayişinə yenidən mane olmaq istəsə də, H. Əliyevin sayəsində bunun qarşısı alınır, film yüksək kateqoriyaya layiq görülür.
Bundan başqa 1980-cı ildə Düşənbədə Ümumittifaq kinofestivalında filmə “ən yaxşı bədii filmə” görə yaradıcı kollektivə əsas mükafat verilir. Daha sonra Rüstəm İbrahimbəyova, Rasim Ocaqova, operator Rafiq Qəmbərova, rəssam Fikrət Bağırova, Aleksandr Kalyaginə, Həsən Məmmədova və aktrisa Şəfiqə Məmmədovaya SSRİ Dövlət Mükafatı təqdim olunur.
Buna baxmayaraq, Özbəkistan və Ukraynada “İstintaq”ın nümayişinə qadağan qoyulub.
Qeyd: Yazıdakı bəzi faktlar Ulduzə Qaraqızının “Azərbaycan filmlərinin yaranma tarixi” kitabından götürülüb.
kulis.az