Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Çənub-şərq bölgəsinin 17 hamamından biri - ŞAĞLASER HAMAMI


Bölgəmizdə ilk hamamlar XVIII əsrdə Lənkəranda tikilmiş – “Fars”  və “Batalyon” hamamlarıdır 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 avqust 2001-ci il tarixli 132 saylı Qərarına əsasən respublikamızın cənub-şərq bölgəsində 17 hamam yerli əhəmiyyətli memarlıq abidəsi kimi qeydə alınmışdır. Bu hamamların 6-sı Lənkəran, 6-sı Masallı, 3-ü Astara, 2-si isə Cəlilabad rayonunun payına düşür. Memarlıq abidəsi kimi qeydə alınmış 
17 hamamdan 
14-nün tikilmə tarixi XIX əsr, 
3-nün tikilmə tarixi (Astara rayonu Şahağacı hamamı), 1910 ;
 
Lənkəran rayonu Boladi hamamı, 1914;  

Cəlilabad şəhər hamamı, tikilmə tarixi isə XX əsrin əvvəli göstərilmişdir.

Bölgədə ilk hamamlar XVIII əsrdə Lənkəranda tikilmiş “Fars” və “Batalyon” hamamlarıdır. “Batalyon” hamamı burada olan rus əsgərlərinə məxsus idi (I Pyotrun Xəzəryanı bölgələrə yürüşü — 1722).

1991-ci ilədək Lənkəran rayonunda 5-i Lənkəran şəhərində yerləşməklə 24 ictimai hamam fəaliyyət göstərmişdir. 
Ölkəmiz müstəqillik qazandıqdan sonra həmin hamamlar özəlləşdirilmiş, böyük əksəriyyəti sökülmüş, bir neçəsi uçub dağılmışdır. 
 24 hamamdan yalnız 3-ü - Vilvan, Separadi və Mamusta kənd hamamları fəaliyyət göstərir. 
 
    Bu hamamlardan biri də xüsusi özəllikləri ilə
seçilən taxtadan tikilmiş ŞAĞLASER  hamamıdır

 Bəlli olduöğu kimi Hamam çimmək üçün xüsusi avadanlıqla təchiz edilmiş sanitariya-gigiyena funksiyası daşıyan tikilidir. Respublikamızın mədəniyyət (memarlıq)  abidələri sırasında  hamamlar da vardır. Həmin hamamlardan biri də Şağlaser hamamıdır. 
    Xatırladaq ki, Şağlaser Lənkəran rayonunun yaşayış məntəqələrindən biri olub, rayon mərkəzindən 18 km şimal-qərbdə, Lənkəran-Boradigah şose yolunun üstündə yerləşir. 

Taxtadan tikilmiş, sahibi sürgün olunmuş hamam

Kənddə ilk hamamın tikilməsi ilə bağlı iki mülahizə vardır. Belə ki, Şağlaser hamamı XIX əsrə aid memarlıq abidəsi kimi qeydə alınsa da, Cahid Həsənov hamamın XX əsrin əvvəllərində tikildiyini yazır (Lənkəranın memarlıq tarixi.          B., 2010, səh. 96).     
    Kəndin yaşlı sakinlərinin bildirdiyinə görə, hamam taxtadan olub, Hacı Mirnağı adlı şəxsin mülkündə yerləşmişdir. Sovet hakimiyyəti qurulduqdan sonra  Hacı Mirnağı  imkanlı şəxs kimi həbs edilərək İslah Əmək Düşərgəsinə (QULAQ) göndərilmişdir. 
    Taxtadan olan hamam Şağlaser kəndində kolxoz sədri işləmiş Möhsün Əbdül oğlu Əliyevin (Lənkəran şəhəri) təşəbbüsü ilə sökülərək  yerində 1945-ci ildə iməclik yolu ilə qırmızı kərpicdən indiki hamam tikilmişdir. Hamam kəndin mərkəzində, Lənkəran-Boradigah şose yolunun üstündə yerləşir. 
    Planı düzbucaqlı formasında olan hamamda geyinib-soyunma zalının ortasında bir hovuz,  bu hovuzun sağ və sol tərəflərində 1 metr aralıda döşəmədən 70 sm hündürlükdə kərpicdən hörülmüş soyunub-geyinmək üçün yerləşgələr vardır. Zalda sağ və sol tərəflərdə iki qapı yerləşdirilmişdir. Qapılardan biri çimmə zalına keçmək üçün dəhlizə, digəri isə “dəlləkxana” üçün istifadə olunan otağa açılır. Üçgünbəzli bu çimmə zalının sağ və sol tərəflərində kərpicdən hörülmüş oturacaqlar, qüsl vermək üçün arakəsmə ilə yarılan sahə vardır. Çimmə zalının uzunu boyu üç paralel otaq mövcuddur. Bu otaqlardan biri “vacibxana”,  biri istisu hovuzu, digəri isə soyuq su hovuzu üçün ayrılmışdır. Çimmə zalındakı günbəzlərdə və  “vacibxana” otağının günbəzinin orta hissələrində qoyulmuş dəliklər interyerin təbii işıqlanması üçün əlverişli şərait yaradır. Hamam döşəməaltı istilik sisteminə malik olmuşdur (Cahid Həsənov. Lənkəranın memarlıq tarixi. B., 2010, səh. 96).
    Şağlaser hamamının xidmətindən təkcə kənd sakinləri deyil, ətraf yaşayış məntəqələrinin sakinləri də istifadə etmişlər. 1991-ci ildə SSRİ parçalandıqdan sonra əksər ictimai hamamlar kimi Şağlaser hamamı da fəaliyyətini dayandırmışdır. Şağlaser hamamı kənd sakini Azər Davud oğlu Qurbanov tərəfindən özəlləşdirilərək xüsusi mülkiyyətə çevrilmişdir. Hal-hazırda hamam qəzalı vəziyyətdədir, divarlarının çox hissəsi uçub-dağılmış, yalnız günbəzlərin      (3 ədəd) üstündə dayandıqları divarlar qalmaqdadır. 
     Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 avqust 2001-ci il tarixli 132 saylı Qərarına əsasən Şağlaser kənd hamamı “Hamam” adı altında 4830 invertar sayı ilə XIX əsrə aid yerli əhəmiyyətli memarlıq abidəsi kimi qeydə alınmışdır. 

              İldırım ŞÜKÜRZADƏ
    Lənkəran rayonunun Havzava kənd tam orta məktəbinin müəllimi, tədqiqatçı-tarixçi

P.S.   Özəlləşdirilərək xüsusi mülkiyyətə çevrilmiş abidələrin mülkiyyətçiləri ilə müvafiq dövlət qrumu arasında abidənin qorunması ilə bağlı müqavilə imzalanır. Əfsuslar olsun ki, abidələr çox hallarda mülkiyyətçiləri tərəfindən məqsədli şəkildə dağıdılır.







Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10