Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

LƏNKƏRAN OYKONİMLƏRİ


                                           LƏNKƏRAN OYKONİMLƏRİ


  Toponimlərin geniş yayılmış sahələrindən biri oykonimlərdir. Oykonim yunanca “oikos” – yaşayış məntəqəsi və “onim” – ad sözlərindən yaranaraq Azərbaycan dilinə tərcümədə “yaşayış məntəqəsinin adı” mənasını bildirir. Yaşayış məntəqələri də ərazinin böyük və kiçikliyinə, əhalisinin sayına və məşğuliyyətinə görə iki qrupa bölünür: komonim, astionim.

Komonim (yunanca “komon”- kənd, “onim” – ad) kənd, qəsəbə, astionim (yunanca “asteos” – şəhər, “onim” – ad) şəhər adı mənasını verir.Lənkəran rayonunda 93 yaşayış məntəqəsi vardır ki, bunların 2-si şəhər (Lənkəran, Liman), 7-si qəsəbə (Nərimanabad, İstisu, Haftoni, Hirkan, Gərmətük, Aşağı Nüvədi, Balıqçılar), 84-ü isə kənddir. 

   Bir ərazi toponimiyasında bir dilə mənsub coğrafi adlar üstünlük təşkil edirsə, o dil həmin ərazinin fonunu (toponimik fon) təşkil edir (Rəmzi Yüzbaşov, Kamal Əliyev, Şəmsəddin Sədiyev.Azərbaycanın coğrafi adları. B.,1972, səh.13).

 Lənkəran toponimləri, o cümlədən oykonimlər əsasən talış dilində olduğu üçün rayonun toponimik fonunu talış mənşəli toponimlər təşkil edir. Buradakı oykonimlərdə “kon” – evlər, “di” – kənd, “von” – yer, “sə” – baş, yuxarı, “kujə” – məhəllə, “tük” – bicar və “vo” – külək topoformantları daha geniş yayılmışdır. “Kon”, “von”, “kujə”, “vo” topoformantlarının Azərbaycan dilində transliterasiyası müvafiq olaraq “kəran”, “van”, “kücə” və “var” şəklindədir. “Sə” komponentinə isə sonda “r” hərfi əlavə edildiyindən “baş, yuxarı” sözünün fars variantı şəklinə düşmüşdür.


 Bu qəbildən olan oykonimlər aşağıdakılardır: Lənkəran(Lankon), Şıxəkəran (Şıxəkon), Türkəkəran (Tırkəkon), Səpnəkəran (Səpnəkon), Seydəkəran (Seydəkon), Vilvan (Vılvon), Təngivan (Tanqıvon), Rəzvan (Rəzvon),Şağlakücə (Şəğləkujə), Osakücə (Oskujə), Şiləvar (Şilvo), Siyavar (Siyovo), Biləsər (Biləsə), Lüvəsər (Lüvəsə).

   “Di” – kənd,  “tük” – bicar komponentli oykonimlər isə Boladi, Velədi, Separadi, Nüvədi, Jidi, Gərmətük, Daştatükdür. Lənkəran oykonimlərində “on/an” – lar, lər cəm şəkilçisi ilə bitən toponimlər də çoxluq təşkil edir. Müxtəlif mənalar verən bu oykonimlər aşağıdakılardır: Hirkan, Gəgiran, Diryan, Xanbulan, Mikolan, Xarxatan, Bəliton və Haftaruon.


    Lənkəran oykonimləri semantik cəhətdən müxtəlifliyi ilə seçilir. Belə ki, rayon ərazisindəki oykonimlər semantik cəhətdən qədim və müasir, şəffaf və qeyri-şəffaf, hibrid, cərgəli, kalka, simvolik (memuar) oykonimlər, etnooykonim, fitooykonim, zooykonim və antropooykonimlərə bölünür. 

   P a l e o o y k o n i m l ə r (qədim yaşayış yerləri):

Şıxəkəran, Siyavar, Digah, Cil, Boladi, Lənkəran, Gəgiran, Bəlləbur, Vilvan, Mamusta,Moloja, Gərmətük və s.

   M ü a s i r   o y k o n i m l ə r:

Liman, İstisu, Balıqçılar, Talışlı, Şirinsu, Sərinbulaq.

   Ş ə f f a f   o y k o n i m l ə r:

Toponimika elmində mənası aydın olan yer adları “şəffaf toponim”lər adlandırılır. Lənkəran rayonunun “şəffaf oykonim”ləri  türk (Azərbaycan) və talış mənşəli olmaqla aşagıdakılardır:

Liman, İstisu,Şirinsu, Balıqçılar,Qumbaşı, Sərinbulaq, Xanlıqlı (türk), Boladi, Velədi, Jidi, Vel, Haftoni, Pambəhi,Sütəmurdov, Səbir, Tüədo, Ləj (talış).

   Q e y r i – ş ə f f a f   o y k o n i m l ə r:

Apu, Alazəpin,Xarxatan, Xolmili, Moloja, Horavenc, Şürük, Şovu, Seliqavol və s.

   H i b r i d   o y k o n i m l ə r:

Gərmətük , Digah. (Fars d., “gərm”- isti, “gah”-yer;  talış d.,“tük”-bicar, “di”-kənd deməkdir).

   C ə r g ə l i   o y k o n i m l ə r:

Aşağı Nüvədi-Yuxarı Nüvədi, Aşağı Apu-Yuxarı Apu, Şürük-Bala Şürük. 

    S i m v o l i k (memorial)  o y k o n i m l ə r:

Nərimanabad. 

Sara (Sarı) adası qəsəbəsi 19 fevral 1957-ci il tarixində dövlət xadimi Nəriman Nərimanovun (1870-1925) şərəfinə Nərimanabad adlandırılmışdır. 1999-cu ilədək Lənkəran rayonunda Nərimanabad qəsəbəsindən başqa daha üç Port-İliç, Kirov və “Avrora” adlı simvolik (memorial) oykonimlər də mövcud olmuşdur. 05 oktyabr 1999-cu il Azərbaycan Respublikası Qanunu ilə həmin yaşayış məntəqələri müvafiq olaraq Liman, İstisu və Hirkan adlandırılmışdır.


   E t n o o y k o n i m l ə r  (tirə, qəbilə, tayfa, xalq adından yaranan yer adları):

Hirkan, Türkəkəran, Talışlı, Kosalar (Kusə).


   Z o o y k o n i m l ə r  (heyvan adından yaranmış yer adları):

Kərgəlan (Kaqəlonə), Şağlakücə, Şağlaser, Siyobili (Siyabli),Gamışavan (Rusiya tərəfindən işğal edildikdən sonra Alxovka adlandırılmışdır. 1992-ci ildə isə Alxovkanın adı dəyişdirilərək Göyşaban (?) adlandırılmışdır), Qodəsə.

   F i t o o y k o n i m l ə r  (bitki adından yaranan yer adları):

Bəlləbur,Vel, Velədi, Vıy, Viravul, Vilvan, Cil, Pambəhi, Tüədo, Tütəpeştə, Rəzvan, Səbir.

   K a l k a  o y k o n i m l ə r  (tərcümə olunmuş yer adları):

Kənarmeşə - Kənoəvişə, Narbağı – Ənoəboğ, Mollakənd – Məlodi. 

Oykonimlərin hər üçü Azərbaycan və talış dillərində eyni mənanı bildirir.

    A n t r o p o o y k o n i m l ə r  (şəxs adı ilə bağlı yer adları):

Bürcəli.

Bürcəli kəndi 1999-cu ilin oktyabrınadək Alekseyevka adlanmışdır. 05 oktyabr 1999-cu il tarixli Azərbaycan Respublikası Qanunu ilə kəndin adı dəyişdirilərək tarixi Bürcəli adı bərpa edilmişdir.

    Gərmətük, Daştatük, Tükəvilə, Zövlə talış dilində, Balıqçılar isə Azərbaycan dilində məşğuliyyət,Havzava (“ön hissəsi yaşıl olan yer”) rəng, Haftoni (“yeddi bulaq”), Haftaruon (“yeddi çay, yeddi çaylar”), Separadi (“üç para kənd”), Diryan (“iki çay arası”) say bildirən oykonimlərdir. 


    Lənkəran rayonunun yaşayış məntəqələri sırasında Liman, İstisu, Balıqçılar, Qumbaşı, Sərinbulaq, Şirinsu (əvvəlki adı Şirinquyu), Talışlı, Xanlıqlı və Darquba  türk (Azərbaycan) mənşəlidir.  Qeyd edim ki, Balıqçılar, Sərinbulaq, Şirinsu və Talışlı kəndləri sonradan salındığı üçün Azərbaycan dilində adlandırılmışlar.  Liman və İstisu isə 1999-cu ildə müvafiq olaraq Port-İliç şəhəri və Kirov qəsəbəsinə verilmiş adlardır.

    Azərbaycan Respublikasının inzibati-ərazi bölgüsündə Pambəhi, Havzava,Siyobili və Daşdalıqjar kəndlərinin adı səhvən Pəmbəyi, Havzova, Siyabli və Daşdalıqcar şəklində yazılmışdır. Əvvəlki inzibati-ərazi bölgüsündən fərqli olaraq son inzibati-ərazi bölgüsünün uçot siyahısında Tatova və Parakən kəndlərinin adları yanlış olaraq Tatoba (?!) və Parakənd kimi qeyd olunmuşdur (Azərbaycan Respublikasının inzibati-ərazi bölgüsü təsnifatı. B., 2013, səh.14).  

   Halbuki, Tatoba kimi qeyd edilmiş kəndin adı talış dilində Tatovə, Azərbaycan dilinə transliterasiyası isə Tatovadır. Tatova talış dilində “tat” – isti, “ov” – su komponentlərindən və istiqamət  bildirən -ə- şəkilçisindən ibarət olub “isti su”, “isti sulu yer” mənasındadır.  Oykonimin bu cür etimologiyası “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti” (B.,2007, II cild, səh. 234),   Budaq Budaqov və Nadir Məmmədovun  həmmüəllifi olduqları “Azərbaycanın Lənkəran regionu toponimlərinin izahlı lüğəti” (B.,2007, səh. 118)  və bu qəbildən olan digər kitablarda da öz əksini tapmışdır. Toponimin adındakı tat sözünün İran mənşəli xalq olan tatlarla heç bir bağlılığı yoxdur. Tarixə nəzər saldıqda bölgədə tatların heç vaxt yaşamadıqlarının   şahidi oluruq. 

Lənkəran rayonunun ərazisində mövcud olan Digah, Kosalar, İstisu, Separadi, Haftoni və  Parakənd   adlı yaşayış məntəqələri adlarına respublikamızın digər rayonlarında da rast gəlinir. Azərbaycan Respublikası ərazisində 6 Digah (Lənkəran, Masallı, Lerik, Astara, Quba, Abşeron), 4 Kosalar (Lənkəran, Qazax, Xocalı, Ağdam), 3 İstisu (Lənkəran, İsmayıllı, Kəlbəcər), 2 Separadi (Lənkəran, Yardımlı), 2 Haftoni (Lənkəran, Lerik) və 2 Parakənd (Lənkəran, Gədəbəy)  adında yaşayış məntəqələri vardır.  Qeyd edim ki, 05 mart 2013-cü il tarixli Azərbaycan Respublikası Qanunu ilə Masallı şəhərinə birləşdirildiyi üçün Digah kəndi ləğv edilərək  Azərbaycan  Respublikasının ərazi vahidlərnin Dövlət reystrindən çıxarılmışdır.



                                                                                                                  İldırım ŞÜKÜRZADƏ,

     Lənkəran rayonunun Havzava kənd tam orta məktəbinin müəllimi, tədqiqatçı-tarixçi






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10