Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Qələbə marşalının cəbhədən-cəbhəyə adlamaqla keçən həyatı – Berlin, Odessa, Sverdlovsk, Moskva...


Alman faşizmi üzərində qələbədən 75 il ötür. Bu mövzu ətrafında danışarkən ən çox xatırlananlardan biri marşal Georgi Jukovdur. Amerikalı həmkarı ordu generalı Eyzenhauerdən, britaniyalı feldmarşal Montqomeridən fərqli olaraq, Jukovun müharibədəki xidmətləri bu günə qədər də yüksək qiymətləndirilir. Hətta müharibə dövründə SSRİ-nin müttəfiqləri, ABŞ və Böyük Britaniyanın dövlət başçıları olan Franklin Ruzvelt və Uinston Çerçill də marşal Jukov haqqında yüksək fikirlər söyləyiblər.
Təzadlı xarakterə malik olan Jukovla bağlı saysız-hesabsız məqalələr yazılıb, haqqında kitablar çıxıb, filmlər çəkilib, Qələbə marşalı fərqli və müxtəlif yanaşmalarla xarakterizə olunub. Bir cümlə ilə ifadə etsək, o, sevilən, seçilən, sayılan, əzilən, ancaq heç vaxt sınmayan şəxsiyyət kimi yadda qalıb.

SSRİ rəhbərlərinin də Jukova münasibəti birmənalı olmayıb. Bir sıra faktları qeyd etməklə, bunun bir daha şahidi oluruq.
29 iyul 1941-ci ildə hədsiz dərəcədə gərgin olan İosif Stalin Kremldə müşavirə keçirəndə, Jukov müşavirədə qoşunların Kiyev şəhərindən geri çəkilməsi təşəbbüsü ilə çıxış edib və bu addımın atılmasının zəruriliyini də Stalinə məntiqli şəkildə əsaslandırıb. Jukovun az qala göstəriş formasında dediyi fikir Stalini özündən çıxarıb:
- Yoldaş Jukov, siz bu sərsəm fikirlərinizlə Kiyevi təslim etməyə özünüzdə necə cürət tapırsınız?
- Yoldaş Stalin, əgər mən bir baş qərargah rəisi kimi sərsəm fikirlər söyləyirəmsə, demək, öz yerimdə deyiləm. Xahiş edirəm, məni bu məsul vəzifədən azad edilməyim üçün göstəriş verəsiniz...
- Georgi Konstantinoviç, biz Leninsiz keçinmişik, sizsiz də keçinərik...
Beləliklə, Jukov baş qərargah rəisi vəzifəsindən azad olunub. Sözsüz ki, bu hadisədə Stalin tələskənliyə yol verib. Bəlkə də o, bu qərarı ilə hamının qorxu və təlaş içində olduğu bir məqamda özünə olan güvənini sübut etmək istəyib. Amma sonralar o da məlum olub ki, fikirlərində həmişə qətiyyətli olan və qarşısındakının kimliyindən asılı olmayaraq, sözünü deməyi bacaran Jukov həmin müşavirədəki fikirlərində yanılmayıb və 1943-cü ildə Stalin Jukova həmin müşavirəni xatırladaraq öz səhvini etiraf edib.

Çox keçməmiş baş qərargah rəisi vəzifəsindən ehtiyat cəbhəsinin komandanı vəzifəsinə endirilən Jukova Stalin yenidən ehtiyac duyub. 1941-ci ilin payız aylarında alman qoşunları Moskva ətrafında qərarlaşanda çıxış yolu tapmaqda çətinlik çəkən Stalin Jukovu köməyə çağırıb. Jukov Stalinin Kremldəki mənzilinə dəvət olunub. Stalin əsəbi və çaşqın vəziyyətdə üzünü Jukova tutub:
- Kritik vəziyyət yaranıb. Almanlar 3-4 gündən sonra Moskvaya yaxınlaşacaqlar. Moskva ətrafında olan ordu komandanlığı real vəziyyəti qiymətləndirə bilmir. Nə Konyev, nə də Budyonnı öz qoşunlarının harada olduqlarını bilmirlər, düşmənin fəaliyyəti və əməliyyatları haqqında xəbərsizdirlər”.
Jukov məsələdən tam agah olduqdan sonra qərar verib: Alman qoşunları üçün tam açıq olan Moskvanın yollarını bağlamaq və düşməni saxlamaq. O, Qərb cəbhəsi komandanlığının fəaliyyət istiqamətini dəyişərək, hərbi hissələri məhz bu sahəyə yönəldib.

Elə həmin ərəfədə, 1941-ci il oktyabrın 16-da paytaxtın köçürülməsi haqqında qərara imza atdıqdan sonra Stalin Jukovdan soruşub:
- Georgi Konstantinoviç, sizcə, qoşunlarımız Moskvanı saxlaya biləcəkmi?
- Yoldaş Stalin, mən buna şübhə etmirəm. Biz Moskvanı almanlara təhvil verməyəcəyik...
Jukovun bu qətiyyətli cavabı Stalini təsirləndirib. Stalin ona inanaraq Moskvanı tərk etməyib. Bəli, “Stalin müharibənin ən ağır vaxtlarında Moskvanı tərk etmədi” kimi az qala şüara çevriləcək həmin ifadə, məhz Jukovun qətiyyətinin məhsulu olub.
“Harada Jukov var, orada qələbə var” deyən Stalin Jukova inanıb və Ali Baş Komandan kimi onu özünə müavin seçib. Jukov yeganə şəxs olub ki, təxirəsalınmaz qərarların verilməsində, ona Stalinin adından danışmaq səlahiyyəti verilib. Müharibə illərində istər ön, istərsə də arxa cəbhədə həlledici sözü Jukov deyib və heç bir müzakirəyə yer qoymamaq üçün əlavə edib: “Məsələ Stalinlə razılaşdırılıb...”

Qələbənin təmin olunmasında misilsiz xidmətləri olan Jukova Qələbə paradının qəbul etməsi haqqında Stalinin əmri də marşalın fərqli bir şəxsiyyət olduğuna bir daha sübutdur. Bu, bəlkə də müharibə ilə bağlı Stalinin ən ədalətli qərarlarından biri olub. Bəlkə də bu qərarı Stalin xalqın iradəsinə görə verib. Çünki özünü sevən, özünü həmişə ən yüksəkdə görən Stalin Jukova qarşı bu qədər səmimi ola bilməzdi. Sonrakı hadisələr də bunu bir daha sübut edib.
Stalin müharibədən sonra növbəti dəfə öz “mərhəmət”ini Jukovdan əsirgəməyib. Cəllad kimi tanınan dövlət təhlükəsizliyi naziri Abakumov və Lavrenti Beriya Jukovun həbs olunması ilə bağlı sənədi imza atmaq üçün Stalinə təqdim ediblər. Stalin düşünmədən belə, sənədin üzərinə dərkənar qoyub: “Mən Jukovun həbsinə imkan verməyəcəm” və üzünü onlara tutub:
- 4 il ərzində Georgi Konstantinoviçi mən özümdən yaxşı tanımışam. Sizin söylədikləriniz cəfəngiyyatdan başqa bir şey deyil...”
 
Təbii ki, Stalinin bu cür münasibəti ədalətli addım kimi qiymətləndirilib. Amma rəhbər daxilində yenə də qeyri-səmimi olub. Sadəcə müharibədən sonrakı illərdə ölkədəki mürəkkəb vəziyyətdə Jukov hələlik Stalinə lazım olub.
Nəhayət, 1946-cı ildə Stalin Jukov haqqında əsl fikirlərini bildirib. Marşal faşist Almaniyası üzərində qələbəni öz adına çıxmaqda suçlanıb. Daha sonra Jukova qarşı Almaniyadan bahalı əşyaların, xüsusilə rəsm əsərlərinin gətirilməsi ilə bağlı ittiham irəli sürülüb.
Təbii ki, bunların arxasında başqa məsələlər durub. Jukov qətiyyəti və nüfuzu ilə Kreml üçün təhlükəyə çevirilib. Ona qarşı qısqanclıq Kreml məmurlarını rahat buraxmayıb. Stalin üçün belə bir şəxsiyyət artıq arzuolunmaz sayılıb. Digər tərəfdən, Jukov hələ müharibənin başlanğıcında Stalinin çarəsiz və miskin vaxtlarını görmüşdü. Jukov xalq tərəfindən inanılan şəxslərdən biri idi ki, o, Stalin haqqında olan əfsanələri, mifləri darmadağın edə bilərdi. Stalini qorxudan da məhz bu olub.
Beləliklə, 1948-ci ilin yanvar ayında Jukov Stalinin kabinetinə dəvət olunub. Stalin fikirlərini açıq söyləməkdən çəkinməyib:
- Bütün rus sərkərdələrinin xarakterində sadəlik və səmimiyyət olub. Siz isə bundan məhrumsunuz. Bizim Napoleona ehtiyacımız yoxdur...
Stalinin bu fikirləri Georgi Jukov haqqında xoşagəlməz bir qərarın veriləcəyinin girişi olub. Və çox keçməmiş həmin ilin fevral ayında marşal Jukov Moskvadan uzaqlaşdırılıb. SSRİ Silahlı Qüvvələri naziri Nikolay Bulqaninin əmri ilə marşal Jukov nazir müavini və quru qoşunları baş komandanı vəzifəsindən azad edilərək Odessa hərbi dairəsinə komandan göndərilib.
Marşal Jukovun Odessaya gəlməsi şəhərin və vilayətin kriminal aləmində ciddi narahatlığa səbəb olub. Amma cinayətkar qruplar elə düşünüblər ki, bu müvəqqəti haldır, yəni marşal çox keçməmiş mövcud kriminal mühitə uyğunlaşacaq. Ancaq heç də onların düşündüyü kimi olmayıb. Jukov kimin kim olduğunu elə ilk günlərdən sübut edib.
Komandan kimi Jukova xidməti avtomobil ayrılıb. Amma bununla yanaşı marşal öz şəxsi "Mersedes” markalı maşınını da Odessaya aparıb. Bu maşın vaxtilə Hitlerin ən yaxın silahdaşlarından biri olan Göbbelsə məxsus olub. Jukov həmin maşını qənimət kimi Almaniyadan SSRİ-yə gətirib. Elə kriminal aləmdən Jukova ilk xəbərdarlıq da bu maşınla bağlı olub.
Belə ki, marşalın Odessaya gəlməsinin bir həftəsi tamam olmamış "Mersedes” oğurlanıb və bir neçə saatdan sonra yenidən yerinə qaytarılıb. Bu oğurluqla Jukova həm xəbərdarlıq ediblər, həm də bir neçə saatdan sonra qaytarmaqları ilə ona hörmətlərini bildiriblər. Həm də canilər bununla heç kimdən qorxmadıqlarını göstəriblər.
Sözsüz ki, müharibənin ən ağır cəbhələrindən keçmiş Jukov baş verənləri sakitliklə qəbul etməyib. Marşal vilayətdə hökm sürən cinayətlərin qarşısını almaq üçün ciddi tədbirlərə əl atmağa məcbur olub.
Jukovun Odessaya gəlişi ərəfəsində ən təhlükəli cinayətkar qrup "Qara pişik” dəstəsi sayılıb. Bu adda SSRİ ərazisində bir neçə qrup fəaliyyət göstərib. İlk olaraq məhz bu qrup zərərsizləşdirilib. Gecə konditer fabrikinə hücum edən qrup üzvləri ələ keçirilib və onların vasitəsi ilə dəstənin başçısı Nikolay Maruşakın yeri müəyyənləşdirib. Ancaq onu həbs etmək mümkün olmayıb. Maruşak əməliyyatçılar gələnə qədər özünü zəhərləyərək öldürüb. Bu əməliyyatın uğurlu keçirilməsində əfsanəvi əməliyyatçı adını qazanan David Kurlyandın böyük rolu olub. Həmin ərəfədə milis podpolkovniki David Kurlyand Odessada cinayət axtarış şöbəsinin rəis müavini vəzifəsində işləyib.
Jukovun Odessada olduğu dövr “Maskarad” əməliyyatı ilə də yadda qalıb. Marşal cinayətkarları ələ keçirmək üçün xüsusi əməliyat hazırlayıb. O, bir qrup öz adamına bahalı paltarlar geyindirib və onları axşam saatlarından sonra şəhərin ayrı-ayrı küçələrinə çıxmağı göstəriş verib. Cinayətkarlar tərəfindən hədəfə alınan bu adamlara hücum olunanda, onlar dərhal yerlərində layiqli cəzalarını alıblar. Bəzi versiyalara görə, soyğuncular elə yerindəcə güllələniblər. Bəzi mənbələrdə “Maskarad” əməliyyatı zamanı bir gecədə 61 nəfərin güllələnməsi faktı da yer alıb. Jukov öz xatirələrində bu əməliyyatın keçirilməsi ilə bağlı geniş açıqlama verməyib. Amma marşal bir gecədə Odessanın kriminal aləminin başçılardan təmizlənməsini xüsusi vurğulayıb, güllələnmə faktını isə şərh etməyib.
Jukovun gərgin fəaliyyəti sayəsəndə əvvəlki illərlə müqayisədə Odessa vilayətində cinayət hadisələrinin sayı kəskin şəkildə aşağı düşüb. Bununla bağlı Jukov İosif Stalinə geniş bir məktub da yazıb. Marşal məktubda Stalini əmin edib ki, daha bir qısa müddətdən sonra Odessada cinayətkar ünsürlərin izi qalmayacaq.
Jukov bununla özününün kim olduğunu və nəyə qadir olduğunu bir daha sübut edib. 1948-ci ildə isə o, Odessa hərbi dairəsi komandanı vəzifəsindən azad edilərək Ural hərbi dairəsinə komandan təyin edilib.
Sonrakı hadisələrin axarından belə qənaətə gəlmək olar ki, Stalin Jukova qarşı etdiyi ədalətsizlikləri dərk edib və o, 1952-ci ildə marşalın Mərkəzi Komitə üzvlüyünə namizəd seçilmsinin təşəbbüskarı olub. Yəqin ki, bu, Stalin tərəfindən barışıq üçün atılmış addım olub. Jukov öz xatirələrində bu hadisə ilə bağlı fikirlərini belə bölüşüb:
“Əslində mən bunu gözləyirdim. Xidmətlərim qarşısında mənə olan bu cür haqsızlıqlara nə vaxtsa son qoyulmalı idi. Digər tərəfdən, Stalin məni yaxşı tanyırdı, sədaqətimə bələd idi, o yaxşı bilirdi ki, haqqımda söylənilən xoşagəlməz fikirlər cəfəngiyyatdan başqa bir şey deyil. Mənim Mərkəzi Komitə üzvlüyünə namizəd seçilməyim birbaşa Stalinin təşəbbüsü idi, onun bu addımı aradakı incikliyi götürmək və barışmaq üçün bir bəhanə idi...”.
Bəlkə də bu təşəbbüslə Stalinin Jukov haqqında daha böyük planları olub. Amma onun ölümü Jukovla olan aydınlaşmamış münasibətləri yarımçıq qoyub.
Hakimiyyətə gələn Nikita Xruşov siyasilərin Stalin dövründəki münasibətlərinə yaxşı bələd olub. O, yaxşı bilib ki, Beriya zamanında bütün vasitələrə əl atıb Jukovu həbs etdirmək istəyib, Xruşov onu da bilib ki, Jukovla Georgi Malenkovun, Vyaçeslav Molotovun münasibətləri çox da isti deyil. Bütün bunları nəzərə alaraq, Xruşov ona rəqib ola biləcək komanda ilə gücünü balanslaşdırmaq üçün Jukovu öz komandasına gətirmək qərarına gəlib. Xalqın sevgisini qazanan Jukov həmin dövrdə Xruşov üçün qiymətli bir kadr sayılıb. Sonralar o da məlum olub ki, Jukov Xruşova Beriyanı həbs etmək üçün lazım olub.
Marşal Jukov öz xatirələrində həmin ərəfəni belə xatırlayıb:
“1953-cü ilin mart ayı idi. Təlimdən yenicə qayıtmışdım. Növbətçi hissənin zabiti məruzə etdi ki, təcili olaraq müdafiə naziri Bulqaninə zəhg vurmalıyam. “VÇ” telefonu ilə zəng vurdum. Salamlaşdıqdan sonra o, konkret tapşırığını verdi:
- Səhər tezdən siz Moskvada olmalısınız.
Mən çağırışın məqsədini öyrənmək istədim, nazir Bulqanin heç bir açıqlama vermədi:
- Gələrsiniz, bilərsiniz.
Həmin gün təyyarə ilə Sverdlovskdan Moskvaya uçdum. Səhər tezdən Bulqaninlə kabinetində görüşdük. O, telefonda Kremllə danışırdı. Harasa tələsirdi. Mən bir daha Moskvaya nəyə görə çağrıldığımı soruşdum. Bulqanin kabinetdən çıxa-çıxa mənə cavab verdi:
- Bu gün plenum olacaq. Siz orada iştirak etməlisiniz və bu vacibdir.

Plenumda kadr məsələləri müzakirə olundu. Xruşov baş katib, Malenkov Nazirlər Sovetinin sədri, Bulqanin yenidən müdafiə naziri, Beriya Daxili İşlər və Dövlət Təhlükəsizliyi nazirliklərinin birləşməsindən sonra yaranan yeni quruma nazir seçildilər. Xruşov məni müdafiə nazirinin birinci müavini vəzifəsinə namizəd irəli sürdü. Bu mənim üçün gözlənilməz idi. Beləliklə, mən Sverdlovska qayıtmadım...”
Sözügedən plenumdan bir neçə ay sonra marşal Jukov Xruşovu Beriyadan xilas edib. Jukov Beriyanın həbs olunmasını Xruşovun istədiyindən də artıq icra etməyə nail olub. Bunun müqabilində Xruşov 1955-ci ildə Jukovu müdafiə naziri təyin edib. 1957-ci ildə Jukov növbəti dəfə xilaskarlıq missiyasını həyata keçirib. “Antipartiya qrupu”, Molotov, Malenkov, Kaqanoviç Xruşovu devirmək istəyəndə Jukov Mərkəzi Komitənin iclasında üçlüyün iç üzünü açıb, onları siyasi əxlaqsızlar adlandırıb. Nüfuz sahibi olan Jukovu iclas iştirakçıları sürəkli alqışlarla alqışlayıb.

Həmin hadisələrdən sonra bu dəfə Xruşovun Jukova qısqanclığı başlayıb və o, elə düşünüb ki, Jukov birinciliyə iddialıdır.
Marşal öz xatirələrində həmin günləri belə xatırlayıb:
“1957-ci ildə Molotovun komandası Xruşovu devirmək istəyəndə Mərkəzi Komitənin katibi (sonralar mədəniyyət naziri) Yekaterina Furtseva mənə zəng vurdu. Çox həyəcanlı idi:
- Georgi Konstantinoviç, siz hara baxırsınız. Kaqanoviç kimdir ki, bu ölkəyə rəhbərlik etmək istəyir. Bu ölkənin başında siz dayanmalısınız, Molotov, Malenkov yox. Təcili Kreml gəlin, hakimiyyəti ələ keçirin...
Bəli, bu sözləri, bu təklifi Xruşovun ən yaxın adamı mənə deyirdi. Mən isə bu iddiada deyildim. Plenumda Xruşovu müdafiə etdim...”
1958-ci ilin fevral ayında Xruşovun Jukova “qısqanclığı” rəsmiləşib. O, müdafiə naziri və tutduğu digər vəzifələrdən azad olunub. Jukov yeni vəzifə təklifi gözləyib, amma onu təqaüdə göndəriblər.
Xruşov da Stalin kimi Jukova qarşı ədalətsiz münasibətini sonra anlayıb. Hakimiyyətinin son ilində onu yanına dəvət edib. Stalindən fərqli olaraq o, səhvlərini etiraf edib, marşala yenidən yüksək vəzifə verəciyini vəd edib. Amma bu görüşdən sonra onun özünü ən yüksək vəzifədən uzaqlaşdırıblar.
Hakimiyyətə gələn Leonid İliç Brejnev haqqında Jukov heç vaxt ciddi fikir söyləməyib. Brejnevin müharibə fəaliyyətdən söhbət düşəndə, Jukov fikrini bir cümlə ilə bildirib:
“Mən Brejnev adlı döyüşçü tanımıram...”
Söylədiyi bu ifadə Jukova növbəti problemi yaşadıb.
Marşalın kitabının işıq üzü görməsi müşkülə çevrilib. Brejnev bu kitabın çıxmasını istəməyib. Əlyazmalar nəşriyyata təqdim olunduqdan sonra onların nüsxələri Mərkəzi Komitəyə göndərilib, dəfələrlə müzakirə olunub, sonda icazə ilə bağlı qəti qərar verilməyib və yenidən müzakirəyə buraxılıb. Nəhayət, bu əlyazmalarının bir neçə nüsxəsinin qərb ölkələrinə gedib çıxması Kremli narahat edib. Mərkəzi Komitənin katibi Mixail Suslov kitabla bağlı Brejnevə müraciət edib:
- Leonid İliç, Jukovun kitabı ilə bağlı hansı qərarı verəcəksiniz?
- Bu işə Mərkəzi Komitənin ideologiya üzrə katibi məsuldur, qərar sizdən asılıdır.
- Biz bu kitabı qərb ölkələrindən əvvəl nəşr etməliyik. Nə qədər ki, onlar öz “düzəliş”lərini etməyiblər, biz kitabı çapa verməliyik.
Beləliklə, Brejnev marşalın kitabının işıq üzü görməsinə könülsüz də olsa razılıq verib..
Jukov kabineti sevən hərbçilərdən olmayıb. Bu haqda özü də xatirələrində qeyd edib ki, səngərlərdən sonra kabinetdə stol arxasında əyləşib, nə isə yazmaq mənim üçün çox çətindir. Hələ Jukov vaxtilə, 1929-cu ildə komandiri Rokossovski olan 7-ci divizyanın 2-ci briqadasının komandiri olanda Rokossovski onun xidməti xarakteristikasına bu cümləni də qeyd edib:
“Georgi Konstantinoviç Jukovun briqda komandiri kimi peşəkarlığı qənaətbəxşdir, onun səhra şəraitində xidməti daha üstündür, nəinki, qərargahda kabinet işində…”
Müasirləri Jukovun davakar bir adam olduğunu da vurğulayıblar. Onun istər müharibə dövründə, istərsə də müharibədən sonra şəxsi heyət qarşısında dayananda kiməsə əl qaldırmağı adi hal sayılıb. O, təkcə rütbəcə özündən aşağı olanlara yumruq göstərməyib, hətta marşallara qarşı da kobudluq edib. Belə hadisələrdən biri də 1957-ci ildə Böyük Teatrın foyesində baş verib. Həmin ərəfədə tanınmış marşal İvan Konyevin müharibə xatirələri ilə bağlı qəzetdə geniş məqaləsi çap olunub. Həmin məqalənin bəzi yerləri Jukovun xoşuna gəlməyib. Bu məqalədən sonra Jukovla Konyev ilk dəfə Böyük Teatrda keçirilən tədbirdə görüşüblər. Jukov ona narazılığını bildirib. Konyev ona kobud cavab verəndə yüzlərlə insanın gözü qarşısında Jukov yumruqlarını işə salıb.
Jukov həyatsevər bir adam olub. İnsanlardan heç vaxt köməyini əsirgəməyib. Gördüyü siyasi xəyanətlərdən, ədalətsizliklərdən heç vaxt sınmayıb, əsl marşallara məxsus qürurunu uca tutmağı bacarıb.
Marşal qadınlara qarşı da xüsusi münasibət bəsləyib. Rəsmi və qeyri-rəsmi dörd dəfə ailə həyatı quran Jukovun bu qadınlardan 4 qızı dünyaya gəlib və marşal uzun illər iki ailə ilə növbəli şəkildə bir yerdə yaşayıb.
Jukov hələ sağlığında vəsiyyət edib ki, onu həyat yoldaşının yanında, Novodeviçye qəbirstanlığında dəfn etsinlər. Marşalın keçmiş həmkarları isə Jukovun Qırmızı meydanda dəfn olunmasını arzulayıblar. Məhz dəfn olunmasını. Onlar da istəməyiblər ki, Qələbə marşalının nəşi yandırılsın. Ancaq marşalın nə vəsiyyəti, nə də ki, çoxsaylı hərbçilərin istəyi Kreml tərəfindən qəbul olunmayıb.
Georgi Jukov 18 iyun 1974-cü ildə, 77 yaşında keçirdyi infarktdan sonra vəfat edib. Marşalın yandırılmış nəşinin külü Kreml divarlarına yerləşdirilərək, üzərinə mərmərdən xatirə lövhəsi vurulub.
Müasir dövrümüzdə Moskvada, Qırmızı meydan ətrafında insanların daha çox ayaq saxladığı məkanlardan biri də Tarix muzeyinin qarşısında ucaldılmış marşal Georgi Jukovun abidəsidir. Abidənin ucaldılması üçün 1990-cı illərin əvvəllərində müharibə veteranları Rusiya rəhbərliyinə, Moskva hökumətinə dəfələrlə müraciət ediblər. Əvvəl belə qərara alınıb ki, abidə Moskvanın rayonlarının birində qoyulsun. Amma 1993-cü ildə Boris Yeltsinin göstərişi ilə abidənin qoyulacağı məkanla bağlı müzakirələrə son qoyulub. Yeltsin abidənin Tarix muzeyinin qarşısında qoyulması ilə bağlı qərar verib. Müxtəlif şirkətlər, kommersiya təşkilatları abidənin hazırlanması üçün sponsorluq etməyə hazır olsa da, abidəyə 3 milyon 200 min dollar vəsait dövlət büdcəsindən ayrılıb. 8 may 1995-ci ildə, alman faşizmi üzərində qələbənin 50 illiyi ərəfəsində abidənin açılışı olub.
Marşalın xatirəsi ilin bütün fəsillərində bu möhtəşəm abidənin qarşısında böyük ehtiramla yad edilir...
İlham Cəmiloğlu, Musavat.com





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10