Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallının yaxşı oğlanları silsiləsindən Elşən Hacızadə: - “Dənizdə fırtınalar “day-day” tanımır”


Zahir Əmənovun  Uzaq Səfərlər kapitanı ilə Yaxın Günlərin  söhbəti


Bu gun jurnalistlər üçün ən çətin məqamlardan biri də, hamının sevdiyi, titullarına görə yox,  mənəvi keyfiyyətlərinə görə böyük hörmət bəslənilən, necə deyərlər, bu günün qeyri-rəsmi “Yaxşı oğlan” titulunu qazanan, adı gələndə dünənində, bu günündə “əmmalar” olmayan insan tapmaqdır.

Bu haylı-küylü, çoxlarının sensasiyalı xəbərlər axtarışında olduğu, nə bilim, günahkar axtardığı günlərimizdə əksəriyyət tərəfindən qəbul edilən, yazımıza qəhrəman olacaq insan tapmaq elə də asan deyil.

Mən də xeyli daşınıb-düşündükdən sonra, son illər yaxından tanıdığım Elşən Hacızadənin ömür yoluna nəzər salmağa çalışdım. Öncə “nə etmiəşəm ki?”-deyə etiraz etdi. Cavabında ərklə bildirdim ki, sənə “göstərəcəm” nə etmisən. Beləliklə, 22 apreldə söhbətimiz baş tutdu.

Niyə yol polisi olmadım?

Elşən Hacızadə 1974-cü ildə Masallı rayonunun Ərkivan qəsəbəsində (Ramazanlı məhəlləsində) anadan olub. Həmin vaxtın çox cavanları kimi gələcəkdə yol polisi olmaq üçün o zamanlar dəbdə olan Politexnik, indi Texniki  Universitet adlanan “Avtomobil nəqliyyatı” fakültəsinə daxil olub. “Təhsilimi başa vurmaq ərəfəsində yol polislərinin əksəriyyətinin saxtakarlığı, rüşvətxorluğu, insafsızlığı haqqında o qədər mənfi yüklü xəbərlər eşitdim, yaxud şəxsən şahid oldum ki, bu vəzifədə çalışmağı özümə ar bildim.  Tələbə yoldaşlarımdan 16 nəfəri bu peşəni seçsə də, mənim də yüksək şansım olmasına baxmayaraq “QAİ” olmaqdan imtina etdim”.

Elşən Hacızadə: - Dənizçi olmaq, təkcə fiziki mənada digər ölkələrə getmək yox, mənən də özgə dünyalara səyahət etməkdir

Təsadüfdən bu peşəni seçən Elşən

1996-cı sadəcə dəniz qəribəlikləri ilə tanış olmaq üçün  gəmidə işləyən bir dostumnun “obyektinə”  gəlir. “Gəminin için gəzib dolaşdığım ilk dəqiqələrdə ürəyimdən keçən bu oldu ki, elə mənim əsil yerim buradır”.

İlk kapitanı ərkivanlı  Fazil Mirzəyev olub (rayonun tanınmışlarından olan Soltanağa Mirzəyevin qardaşı). Qısa müddətdə, başqalarının 6 ilə keçdiyi yolu, 3 ilə keçib, 1999-ci ildə kapitanın 2-ci, 2000-ci ildə baş köməkçisi  olur.

Siyəzənli  Heybətəli Novruzovun  kapitanı olduğu gəmidə çox böyük təcrübə qazanır. 

  • Elşən deyir ki, o, çox peşəkar kapitan idi. Bir gün təsadüfən  xəstələndi və mən baş köməkçi kimi gəmini tək idarə etdim.


“Şansım gətirdi – balıq tutma müsabiqəsində idarə etdiyim gəmi 100 ton balıq tutdu”

Deməli, balıqça gəmiləri arasında vaxtaşırı balıqtutma müsabiqəsi keçirilirdi. “Kapitan sükanı arxasına keçdiyim ilk günlərdə “Hövsan balıqçı” gəmisi yenə belə bir yarışmanın iştirakçısı oldum. Əksəriyyətinin həftə ərzində 50-60 ton balıq ovladığı vaxtda şansım gətirdi ki, 100 tona yaxın balıq ovladıq”.

  “Məhdudiyyətsiz Uzaq Səfərlər kapitanı 

    statusunu aldım”. 

 Elşən Hacızadə 30 yaşında müstəqil Uzaq Səfərlər kapitanı statusu qazanıb. Buna görə tələb olunan üzmə müddətli üzmə normativi və zəmanətlər onun üçün problem olmayıb. Elşənin 2-ci ali təhsil Astarxan Ali Balıq-Texniki məktəbini bitirməsi, Azərbaycan və Türk dilindən başqa ingilis və rus dillərini normal bilməsi onun üçün üstün göstəricilər sayılıb.



Dənizçilik təkcə yüksək əmək haqqı yox, həm də...”


  • Çoxları dənizə o vaxtlar ona görə can atırdı ki, bu sahədə yüksək əmək haqqı var idi. Lakin dənizçiliyin digər özəllikləri də var. Dəniz, buradakı fırtınlar “day-day” tanımır. Bəzən ilk fırtınanı görən kimi ürəyi gedən, pis vəziyyətə düşüb gəmini əbədilik tərk edənlər olub. Ona görə deyirlər ki, dəniz cəsurları sevir. Qorxaqların, ürəksizləri yeri dəniz deyil. Romantikanı, gözəlliyi ürəkdən duyanlar dənizçilkdən 2 qat, 3 qat həzz alırlar. Günəşin doğuşu, enişi, ulduzların düzülüşü hər dənizdə, hər ölkə ərazisində, xüsusən yarımkürələr dəyişəndə tam özgə, unudulmaz bir biçimdə olur. Bəzən aylarla sahil, liman görmədən üzdüyümüz vaxtlarda bu gözəlliklərdən həzz alanlar özlərini daha xoşbəxt sayırlar.


“İlk dəfə köməkçi kimi Türkiyədə, Ereğli limanında gəmiyə minib, İspaniyanın Santa-De-Pola limanına kimi 6 ay həmin gəmidə işlədim”.

  • 2010-cu il “Amur” tipli yük gəmisində  İtaliyaya  Siciliya adasına üzməyimiz də unudulmaz səfərlərdən idi.

18 illik dənizçi həyatı, bu həyatın çoxunda Uzaq Səfərlər kapitanı kimi Qara, Aralıq və Egey dənizlərinin limanlarına gah yük, gah balıqçı, gah sərnişin gəmilərind səyahətlərimin hər biri bir tarixdir, bir əfsanəndir. İdarə etdiyimiz  ən böyük gəmi isə 17 min gross tonluq  Albatros gəmisi olub.

Dənizçi ömrünün ən unudlmaz anları bir-birinə bənzəməyən günlər, bir gün quzu kimi sakit, sabah fırtanası baş gicilləndirən 18 illik dənizçi ömrü, unudulmaz anlar, hər dənizin öz gözəlliyi, fərqli millətlərin nümayəndələrin uzaq səfərlərdə necə qardaşlaşması... insanı daim özgə aləmlərə aparır. Dəniz zarafatları da unudulmaz idi. Gəmiçilikdə  hələ təcrübəsiz olanlara deyirdilər ki, lövbərin zəncirin yığanda onun dibindən gələn palçılğı yesən, dəniz səni tutmaz.

Dəniz “atalar sözü” də vardı - Günəş dənizə oturursa hava yaxşı, qağayı dənizə oturanda isə hava pis olacaq.

-2003-cü  ildə  8 balıqçını  xilas etdik. Onlarla əlaqə itəndən 11 saat sonra həmin gəmini tapdıq. Dəfələrlə azmış balıqçıları, kiçik gəmiləri xilas etmişik.


Hansı maraqlıdır – dənizdən sahilə baxmaq, ya sahildən dənizə baxmaq?

-Sahildən dəniz baxmaq çoxuna qismət olur, dənizin dərinliklərindən sahili, qurunu seyr etmək isə çox az adamın qismətinə düşür. Bir var göydən yerə baxasan, bir var yerdən göyə. 6 ildir ki, dənizdən ayrılmışam. Ailə vəziyyətimlə bağlı doğma vətənə qayıtmışam. 18 il dənizçi ömrü yaşayan, onun 10 ilini ancaq dənizdə yaşayan, bəzən aylarla sahil görmədən gəmilərdə yaşamaq, sahil görəndə uçmağa qanadı olmayan insanın bir regiona sığması elə də asan deyil. İndi avtoservisdə çalışsam da, qəsəbədə faydalı nə iş olsa, ondan yardımımı əsirgəmirəm.


“Bildiyimə görə, arada sizi qəsəbə bələdiyyəsinə üzv, sədr seçmək istəyirdilər, lakin razı olmamısınız?”

-Desəm ki, ən çox narahat olduğum sual bu idi, onu da verdiniz. Açığı, geniş açıqlama vermək istəməzdim, lakin təkid edirsiniz deyim. Bu qəsəbəni ürəkdən sevənlərin çoxu məni həmin postda görmək istəyirdi. Düşündüm ki,  yaxşı bələdiyyə sədrinin yaxşı da komandası olmalıdır. Yaxşı komanda seçmək üçünsə, yaxşı, ədalətli bələdiyyə seçkisi olmalıdır. Məni yaxşı tanıdığınız üçün bilirsiniz ki, hə yaltaqlıq, nə şöhrətpərəstlik mənlik deyil. Əsas odur ki, vicdanım qarşısında təmizəm. Mənimki hər şey düzünə-düz. Bu da indiki reallıqda müşkül məsələdir.



- Həmişə sözün düzün demək sizin üçün problem yaratmır ki?


-Yaradır, həm də çox yaradır. Ətrafımızda özündən razı, olduğundan böyük görsənmək istəyən, söz ilə əməli bir-biri ilə düz gəlməyən çoxlu insanlar var. Bunlara nələr isə başa salmaq, inandırmaq çox vaxt, enerji alır, həm də səbri daşdırır.


- Tutaq ki, sədr olsaydınız və dediyiniz komanda da olsa idi, nədən başlayardınız?


-Öncə real, işlək məhəllə komitələri yaradıb, əhalinin real tərkibi haqqında dəqiq məlumat əldə edərdim-yəni əsil kasıb kimdi, əsil imkansız kimdir? Eləcə də qəsəbənin əsl ziyalıları, bu yurd üçün ürək yandıranı kimdir? İstedadları müəyyənləşdirib imkanlı ərkivanlıların diqqətini onlara yönəldər, nə edəcəyini bilməyən, işsizlikdən naçar qalan gənclərin qayğılarını öyrənib, onlara yardımçı olardıq.



-Sizcə bu gün 17 minlik Ərkivan qəsəbəsinin yaxşı oğlanları kimdir?


-Mənə elə gəlir ki, öncə çox adi görünsə də bu çox çətin, bir az da xatalı sualdır. Təəssüf ki, ətrafımızda bir-birini istəməyən, açıq desəm, xain, paxıl, yaxşıya dəyər verməyi bacarmayan insanlar xeyli çoxdur. Ərkivanda kimlər yoxdur? Onlarla alimi var. Lakin həmin alimlərdən eləsi var, qəsəbə ilə zərrə qədər bağlılığı yoxdur. Bəzi, pulu olanın, bir az ağıl problemi olur. Ağlı, təşkilatçılığı olanın kifayət qədər pulu olmur. Yaxşı oğlan əsl ziyalıdan olur. Əgər müəllim evində də dərs deyib pul alırsa, məktəbdə də pulsuz bir addım atmırsa, qəsəbənin ağrılı anlarında başın evdən çölə çıxarmırsa, ona necə ziyalı, necə yaxşı oğlan deyim? Ona görə, yaxşı oğlan söhbətin bir az sonraya saxlayaq, kimnsə adın çəkib xataya salmayaq. Məncə bilirsən ziyalı kimdir? Ərkivanın Bədirli məktəbində bir qadın müəllimə var. Bu “korona günlərində” heç kimin xüsusi göstərişi olmadan, o, gözlənilmədən online qrupu yaradıb, şagirdlərini təhsildən kənarda qoymayıb. 


-Deyirlər, Ərkivanın hər nəyi var. Amma bir “balaca”  nöqsanı var ki, o da birliyin olmamasıdır ki, 17 ildə özünə öz qəsəbəsində bir dəfə də deputat seçə bilməyib.

- Ərkivanda ölkə səviyyəli sözü keçən, pulu keçən oğlanlar var. Lakin, sizin bir dəfə yazdığınız kimi Ərkivanda 5 məktəbdən 4-ü xaraba, bağçası xaraba, Mədəniyyət Evi xaraba, hamamı yox, qapalı idman zalı yox, tarixi abidələri bərbad, istedadlarına ciddi qayğı göstərəni yox... hansın deyim? Açığı, o birliyin də yaranacağının işartılarını hələ görmürəm


- Belə başa düşdüm ki, elə əsil qayğılarınızdan biri budur?

- Bəli, birliyimiz olsa, yaxşılara dayaq olsaq, bilirsiniz bu yurdun nələrə qadir olduğu bəlli olar? Bu günkü Ərkivana hərdən yazığım gəlir. Elə adamlar Ərkivan adından danışır ki... Nə bilim e, Zahir müəllim, söhbət çox uzaqlara gedir e. Bəlkə hələlik yekunlaşdıraq.

- Olsun. Bizə vaxt ayırdığınız üçün təşəkkürlər.

Hazırladı: - Zahir Əmənov. Cenub.az












Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10