–
Budda haqqında əfsanədə deyilir ki, həyatının ilk 29 ilini insan nəfsinin arzu edə biləcəyi hər cür zənginlik içində yaşasa da, ilk dəfə bir yaşlı insanın əzab çəkdiyini gördükdən sonra o, sarayı, gənc həyat yoldaşını və azyaşlı oğlunu buraxaraq, dağlara çəkilir və tərki-dünya həyatı seçir.
Haqqında bəhs edəcəyimiz azərbaycanlı bəstəkar da şöhrətinin zirvəsində ikən monastıra daxil olaraq, tərki-dünya həyatı seçib və buna görə də unudulub.
Hacıqasımov Onegin Yusif oğlu. İndi bu adı yalnız yaşlı sovet yadigarları xatırlaya bilər, halbuki bir zamanlar ən populyar estrada mahnılarının müəllifi SSRİ-də xeyli məşhur insan olub. Ancaq Onegin Hacıqasımov şöhrətinin zirvəsində hər şeyi buraxaraq, monastıra yerləşir və ömrünü dindar xristian kimi başa vurur.
Onegin Yusif oğlu Hacıqasımov 1937-ci ildə Bakıda anadan olub. Azərbaycanlı ailəsində doğulsa da, anası Mahtaban xanım rus ədəbiyyatı vurğunu olduğu üçün Puşkinin ölümünün 100-cü ilində dünyaya gələn oğluna dahi rus şairinin qəhrəmanı Yevgeni Oneginin şərəfinə Onegin adını verir.
Atası Yusif Hacıqasımov bəy ailəsindən olub, Moskva Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Dövlət orqanlarında çalışıb, ancaq sonradan ali məktəbdə dərs deməyə başlayıb.
Onegin Hacıqasımov ali təhsilini o zaman ittifaqın mədəniyyət sahəsində ən nüfuzlu təhsil mərkəzi hesab olunan Qorki adına Moskva Ədəbiyyat İnstitutunda alıb. 1954-cü ildə orta məktəbi Bakıda bitirən Onegin Moskvada ali məktəbə daxil olub. Buna qədər isə o, artıq şeir yazırmış. İnstitutda yaxşı oxuması və şeirləri Oneginə nüfuz qazandırıb.
İkinci kursda hərbi xidmətə gedən O.Hacıqasımov üç il dəniz qüvvələrində xidmət edir. 1958-ci ildə hərbi xidməti bitirən Onegin təhsilinə davam edir, eyni zamanda, ailə qurur. Onegin bəzi mənbələrə görə, üç, digər mənbələrə görə isə, dörd dəfə ailə qurub. Moskvada dövlət televiziyasında işləyib.
1970-ci ildə 33 yaşında ikən Oneginin müəllifi olduğu mahnılardan ibarət albom satışa çıxıb və rekord sayda – 14 milyon ədəd val satılıb. Bu valda sovet pop musiqisinin hitləri cəmlənib. 1960-1980-ci illərdə Polad Bülbüloğlu, İosif Kobzon, Alla Puqaçova, Yuri Antonov, Sofiya Rotaru, Valeri Obodzinski, Aida Vedişşeva, Müslüm Maqomayev, Rəşid Behbudov, Oqtay Ağayev kimi müğənnilər, “Qaya” Vokal İnstrumental Ansamblı, “Vesyolıye rebyata” qrupu və bir çox başqaları Onegin Hacıqasımovun mahnılarını ifa edib.
Yeri gəlmişkən, Oqtay Ağayevin oxuduğu “Kimsən sən”, Polad Bülbüloğlunun ifa etdiyi “Sevimli diyar”, “Sevincim Bakı”, “Xalidə” kimi mahnıların sözlərinin müəllifi də O.Hacıqasımovdur.
Bundan başqa, “İyirmialtılar” (1966), “Ulduzlar sönmür” (1971), “Mən mahnı qoşuram” (1979), “Musiqi müəllimi” (1983) filmlərindəki mahnıların bir çoxunun sözlərinin müəllifi Onegin Hacıqasımovdur.
Ancaq 1980-ci illərdə Oneginin həyatında dəyişiklik baş verir. “Bibliya” əldə edir və bu kitabı oxuduqdan sonra dünyaya baxışları dəyişir. 1985-ci ildə xristianlığı – pravoslavlığı qəbul edir. Üç il sonra isə evini və ailəsini tərk edərək, Kaluqa vilayətində yerləşən “Optina pustın” monastırına daxil olur və tərki-dünya həyatı yaşamağa başlayır. Ancaq bu qəfil qərar olmur, monastıra yerləşməmişdən əvvəl Onegin Bakıya gəlir, uşaqlığının keçdiyi İçərişəhəri gəzir. Bu zaman “Bibliya” onun əlində olur. Geri qayıtdıqdan sonra isə qərarını verir.
Ailəsini tərk edəndə 49 yaşı olan Onegin monastırda Simon adını qəbul edir. Simon Ata burada da böyük diqqət cəlb edir, dini və dünyəvi bilikləri, gözəl natiqlik qabiliyyəti sayəsində çoxlu sayda heyranlar qazanır. İnsanlar onun söhbətlərini dinləmək üçün monastıra axın edir.
Onegin Hacıqasımov 2002-ci il iyunun 30-da 65 yaşında vəfat edir. Moskva vilayətinin Domodedovo rayonunun Lyamtsino kəndinin qəbiristanlığında dəfn olunub. (Oxu.az)