Bəziləri yardımlaşma adı ilə özlərini daha çox reklam etməyə çalışırlar.
Dünyanın bəlasına çevrilmiş “korona”ya “sağdan” və “soldan” baxanda qəribə mənzərələrlə raztlaşırsan. Kifayət qədər səbr edib, bəzi məqamları görməzliyə vursaq da, artıq bəzilərinin sərhədləri aşdığını görüb susa bilmədik.
Öncə bu ağır günlərin qəhrəmanı barədə
Əvvəllərdə kifayət qədər xeyriyyə işləri görsə də, bunları reklam etməyə maraqlı olmayan Masallıdan seçilən Millət Vəkili Məşhur Məmmədov bu çətin məqamda meydana əsil xilaskar kimi girir. O təkcə vəsaiti ilə yox, təşkilatçılığı, işgüzarlığı, sadəliyi, birlik çağrışları ilə də seçilir. Bütün əlaqələrini, dostlarını, enerjisini bu xeyriyyə aksiyaların yönəldir.
Bu gün Masallıda
kütləvi pulsuz çörək aksiyaları,
kütləvi və davamlı ərzaq yardımlarının əksəriyyəti,
Masallının tanınmış iş adamlarının bu aksiyalara geniş miqyasda cəlb olunması
və digər addımlar onun əvəzsiz zəhmətidir. Hətta onun bu addımları digər millət vəkillərini çətin duruma salır. Bu gün Məşhur müəllimin çağırışına səs verənlər sırasında Xudayar Rəhimov, Qalib Məmmədov, Akif Qarayev, İlkin Məmmədov, Hazı Ramazan Mirzəyev, Hacı Ramazan Zeynalov, Hacı Heybət, Arzu Bağırova, Hacı Aydın, Hacı Heybət, Hacı İlyas və onlarla digər xeyriyyəçi şəxsin adını çəkə bilərik.
Təəssüf ki, məşhur tayfanın təmsilçilərinin, “Masallı bizə əmanətdir” deyənlərin, digər “mənəm-mənəm” deyən Masallıların adını xeyriyyəçilərin siyahısında görmürük.
Onu da xatırladaq ki, xeyriyyəçilik aksiyalarında Boradigah və Ərkivan qəsəbələri, Bədəlan kəndi çox dəyərli nümunələr göstərir.
Masallı İcra Hakimiyyəti aparatının da bu məsul anda fədakarlıqla çalışmasını dəyərləndirməmək insafsızlıq olardı. Lakin onlardan asılı olan, olmayan “əmmalar”da yox deyil. Bu barədə yazının davamında.
Millət Vəkili Məşhur Məmmədovun və ona dəstək verən Masallı Rayon İcra Hakimiyyətinin xeyriyyəçilik aksiyalarını qonşu rayonlarla da müqayisə etmək maraqlı olardı. Sadəcə ətrafımızdakı Lənkəran, Astara, Lerik, Yardımlı, Cəlilabad və digər rayonlarının ...-ih.gov.az – la bitən saytlarına (Əvvəlinə rayonun adını yazın) nəzər salın. Görün, bizdə olan xeyriyyə işlərinin hansı həmin rayonlarda var? Təkcə, Heydər Əliyev Fondunun yardımları istisna olmaqla həmin rayonlarda Masallıdakı kimi ciddi xeyriyyə aksiyalarına aid xəbərə rast gəlmək çətindir. Qısası, Masallıda “korona” xeyriyyəçiliyi nümunədir – Rusiyadan pul göndərən kim, ət, un, digər ərzaq ehsanı edən kim, pul paylayan kim, hətta kənd mağazasındakı nisyə dəfərini ləğv etdirənlər də var.
Bəs bu sahədə “əmmalar” nədir, işbazlar kimlərdir?
İllərlə əksər
-bələdiyyələrin oyuncağ çevrilməsi,
- məhəllə komitələrinin yaradılmaması,
- 4-5-ni çıxmaq şərti ilə dini icmaların bəzi rəhbərlərin əlində alətə çevrilməsi,
- 90-cı illərdə hər kənddə yaradılan, bank hesabları olan xeyriyyə cəmiyyətlərinin səbəbsiz olaraq ləğv edilməsi,
- ölkə başçısının bu ili “Könüllülər ili” elan etməsinə baxmayaraq bu işin çox yerdə formal xarakter daşımasının yaratdığı boşluqlar bu günlərdə özünü açıq-aşkar göstərir.
Deyirlər, icra apartı nə qədər gərgin işləsə də, işləri çatdıra bilmir. Bəs necə olmalı idi? Hamının səlahiyyətlərini öz üzərinə götürəndə (bərkə düşəndə isə “o iş mənlik deyil”, “bu iş mənlik deyil” deyəndə), bütün yerliözünüidarə orqanlarının işini üzərlərinə çəkəndə belə anları nəzərə almalı idilər.
Bizim təşəbbüsümüzlə hələ 4 il öncə Əkivan qəsəbəsində “Abaslı, İsoba, Göllü” icması, Afər Cahangirovun təşəbbüsü və təşkilatçılığı ilə Bədirli də məhəlləsində “Məhəllə komitəsi”, Fidan Abbaslı “Ümidim sənsən” xeyriyyə icmasını yaradanda səslərinə səs verənlər çox az oldu.
İndi deyirlər ki, gəlin icma yaradaq. Sanki “nimçə”ni yenidən kəşf edirlər.
“Xeyriyyəçi” işbazlar,
yardım adı ilə özlərini reklam edənlər
Millət Vəkili Məşhur Məmmədovun “Yardımlaşaq” aksiyasına yüzlərlə insan qoşuldu. Çoxları heç adının hallanmamasını xahiş etdi. Təəssüf ki, bu işdə də öz işbazlıqlarından əl çəkməyənlər oldu. Ad çəkməsəm də, epizodu təqdim edən kimi bilinəcək kim kimdir.
Biri var, səhifəsində paylaşır ki, ay aman, 100 adam məndən yardım istəyir. Yardımçı da tapılır. Deyir ki, imkansızın ünvanın de, gedim yardım edim. “Xeyriyyəçi” deyir ki, yox e, pulu mütləq kartıma köçür, biz yardım edəcəyik. Bircə imkansızın da adını çəkə bilmir.
Başqa birisi 5 nəfərə 15 manatlqı yardım edir, daha şəkil qalmır, video qalmır paylaşır. Az qalır bu barədə serial çəksin. Özünü də ön planda elə təqdim edir ki, sanki “dövrümüzün Həzrəti İsası budur”. Sonra da baxıb görürsən ki, belə mötəbər saytda yardım edilən 15 manat olub 30 manat, 50 manat 60 manat. Həm də çox ciddi bir saytda. (Yəni, bu qədər də cılızlıq təsəvvür olunmazdır). Əslində “Birlik” adı ilə qruplaşmalar yaradıb, özlərini gülünc formada reklam etmək, belə şöhrətpərəstlərə pul müqabilində dəstək vermək xeyriyyəçilik kimi bir faydalı işi də gözdən salır. Necə deyərlər. Qazın qaz yerişi var, ördəyin ördək. Bir gün ördək də qaz kimi yeriyir, burub çətənəyi partlayır. Hələ də, bəzilərinə çatmır ki, nə qədər yuxarı pillələrə dırmanmaq istəsə “yamaqları” daha çox görünəcək.
Niyə hər rayonun “Qaynar xətti” yoxdur? Rayonda Operativ Qərargahın üzvləri kimdir?
Sirr deyil ki, koronavirusla bağlı ölkə miqyaslı qaynar xətlərə düşmək mümkünsüzdür. Ən yaxşı halda deyirlər ki, 300-cü adamsınız. Konturun isə hər zəngdə tutulur. İcra hakimiyyətlri isə “Qaynar xətt” adı altında 1-2 sabit nömrə (ev-otaq nömrəsi qoyur), bunu da saytda tapmaq hər oğulun işi deyil. Niyə hər rayonda mobil nömrəli, yaxud 3 rəqəmli “Qaynar xətt” yoxdur?
Aprelin 8-də Masallıdakı “Bazar store” adlanan marketdə kassaların yarısı işləmədiyi üçün hədsiz növbə var idi. “190 manat”lıq yardıma görə elektron müraciət üçün bəzi özəl xidmət göstərən idarələrin qarşsında 5 manatlıq ödənişlə onlarla adam bir-birinin çiynində növbə gözləyirdi. Olmazdımı, internet klubların birində, lap ikisində bu xidməti təşkil edib, o növbəni aradan qaldırsınlar. Yaxud, hər kənddə 2-3 fəal kompüterçini bu işə cəlb etsinlər. Rayonda Operativ Qərargahın üzvləri kimdir, əlaqə nömrələri hansıdır, niyə onlar canlı yayıma çıxıb yerli səviyyədə reallıqlardan danışmırlar? Elə yolların dezinfeksiya edilməsinə dair şəkilləri paylaşmaqla iş bitmir axı.
Bəzi mötəbər idarələrdəki məsul şəxslərin gərgin işləməsi hələ onların təşkilatçı, yaxud yaradıcı, yenilkçi düşüncəyə malik olması deyil. Bəzilərinin xoşuna gəlsə də, gəlməsə də o binada Nəsir Muxtarlının yeri açıq-aşkar görünür.
Görəsən, yolda bir nəfəri saxlayıb çənə-boğaz edib cərimələmək yaxşıdır, yaxud növbələri aradan qaldırmaq üçün səmərəli addım atıb yüzlərlə insanın əzabını yüngülləşdirmək? Axı, belə növbələrin hər biri bu virisun yayılması üçün əsil mənbə güclü mənbə ola bilər.
Bir müsbət məqamı da qeyd edək. Yaxın günlərdə pensiyaların verilməsi ilə bağlı əlavə ödəniş edilmədən bütün banklardakı bankomatların bu xidmətə cəlb olunması çox yaxşı haldır. Bu, pensiyaçıların yersiz növbəyə dayanmasına ciddi təsir edəcək.
Amma digər sahələrdə əsil aşkarlığın olmaması problemlər yaradır
Bu günlərdə İcra hakimiyyətinin təşkilatçılığı, deputatların ciddi dəstəyi ilə imkansızlara 1400 bağlama paylanıb. Hansı kəndə nə qədər? Bu siyahını dərc etsəydilər, nə olardı ki? Bəzi kəndlərdə əksər sakinlər bundan xəbərsiz idi.
Qısası, bizdə kimin “sənədlə” kasıb, kimin əsil kasıb olmasını müəyyənləşdirmək, onlara yardım etməkdən də çətindir.
“Bu əlin verdiyini o əl bilməlidir” deyimi həmişə qüvvədədirmi?
Elə insanlar var yardım etmək istəyəndə adlarının çəkilməsini qətiyyən istəməsə də, əmin olmaq istəyirlər ki, həmin yardımlar ünvanına dəqiq çatıb, ya yox? Buna görə, ötəri görüntü ilə də olsa, həmin yardımlardakı fotoları paylaşmaq başa düşüləndir. Həm də belə görüntülər bəzilərinə nümunə olmaq üçün də çox faydalıdır. Lakin bəzi şöhrət azarına tutlanları (“Şöhrət azarına tutulanları şöhrətin özü də sağalda bilmir”. M. Araz) yardım etdikləri 20 manatlıq bir bağlamanın önündə az qala özünün foto-sessiyasını, klipin təqdim edir. Hətta bəzi imkansızlar belə reklama görə yardımdan imtina edir.
Təəssüf ki, belə ürəkbulandıran məlumatlar günbəgün artır. Necə deyərlər, “Həsən də qəlyan çəkir, Hüseyn də qəlyan çəkir”. Az qalıb reklamçı “xeyriyyəçilərin” sayı, imkansızlardan çox olsun. Bu isə tam ayrı bir yazının mövzusudur. Yəqin ki, belə getsə, hər şeyi daha adlı, daha ünvanlı deyəcəyik.
Zahir Əmənov. Cenub.az