Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Özünü o dərəcədə əmin və təhlükəsiz hiss edir ki...”



Tofiq Abbasov: “Rusiyada ciddi siyasi dəyişikliklərin olacağına inanmıram”

 

Martın 11-də Rusiya Dövlət Duması Vladimir Putinin prezidentlik müddətinin uzadılmasını təklif edib. Dumanın təklifinə münasibət bildirən Putinin çıxışından isə təklifin əleyhinə olmadığı məlum olub.

 

Nəticədə təklif səsverməyə çıxarılıb və 380 nəfər təklifin lehinə səs verib. Beləliklə, Dövlət Duması Putinin lehinə irəli sürülən təklifi qəbul edib. Son nəticə isə aprelin 22-də keçiriləcək Ümumrusiya səsverməsi və Konstitusiya Məhkəməsinin qərarından sonra məlum olacaq.

 

Mövzuya dair sualları politoloq Tofiq Abbasov cavablandırıb.

 

- Tofiq bəy, Rusiya Dövlət Duması Putinin növbəti seçkilərdə iştirak etməsini təklif edib və bu təklif Dumada qəbul edilib. Putinin Dumadakı çıxışından da anlaşılır ki, buna razıdır. Təklif seçkilərdən sonra rəsmi olaraq qəbul edilsə, Rusiyanı nə gözləyir?

 

- Bildiyiniz kimi, bu məsələ ilə bağlı Dövlət Dumasında çıxışlar oldu. Çıxış edənlərin də yanaşması bundan ibarət idi ki, ölkənin həm daxildə, həm də xaricdə həyata keçirdiyi kurs dəyişilməz olaraq qalsın. Çünki Putin Rusiyanın beynəlxalq aləmdə nüfuzunu gücləndirir və buna görə də daxildə yüksəliş hiss olunur. Düzdür, bir neçə il əvvəl Rusiya iqtisadiyyatında neftin qiymətləri ilə bağlı dirçəlmə tendensiyaları özünü biruzə verirdi, lakin son 2-3 ildə xüsusilə qiymət məsələsində olan enişlər neft ölkəsi olaraq Rusiyanı da çətin duruma saldı. Məsələn, Medvedyevin komandasının istefaya göndərildi. Onun Vladimir Putinlə münasibətlərinin son dərəcə müsbət olduğunu nəzərə alsaq, görərik ki, keçmiş Baş Nazir bir o qədər də tənqid dalğası ilə üzləşmədi. Mişutsinin vəzifəyə gəlməsi isə həm gözlənilməz olduğundan, həm də şəxsi keyfiyyətlərindən bir növ bəzi qruplara, siyasi təbəqəyə qismən də olsa nikbinlik bəxş edə bildi. Yəni konstitusiyada baş vermiş dəyişikliklər, verilən vədlər, perspektivlərin konturları ondan xəbər verdi ki, hakimiyyət dəyişməyəcək və Vladimir Putin birinci şəxs mövqeyini yenidən qoruyub saxlayacaq. Hakimiyyətdə olan qüvvə, siyasi elitanın aparıcı hissəsi də birmənalı olaraq Putinə dəstək göstərir.

Lakin bəzi müxalif qruplar var ki, Moskva Meriyasına paytaxtda silsilə etiraz aksiyaları keçirmək üçün müraciət edib. Bu aksiyaların nə dərəcədə geniş miqyas alacağı isə artıq ikinci məsələdir. Amma elə başa düşürəm ki, son nəticədə köklü dəyişikliklər gözləməyə dəyməz. Hər halda hazırkı sistem öz varlığını qoruyub saxlayacaq, Putin və Mişutsinin anti-böhran proqramının hesabına Rusiyada sosial vəziyyət dirçələcək. Lakin onu da qeyd etmək lazımdır ki, koronavirus və neft bazarlarında qiymətlərin enməsinə görə, bu proses bir tərəfdən də qeyri-real görünür. Amma Mişutsinin Medvedyevdən daha çevik və daha tədbirli məmur olmasını da unutmaq olmaz. Məlumdur ki, hazırda dünyada baş verən böhranlar sabit deyil, davamlı olaraq dəyişir. Ona görə, bu məsələnin də bir müddət sonra qaydasına düşəcəyini düşünürəm. Sabitlik başlayandan sonra hökumət özünü necə aparacaq, təhdilərə qarşı hansı strategiyanı həyata keçirəcək, bu, maraqlıdır. Çünki xalqın istədiyi odur ki, sosial rifah dinamik olsun və özlərini əmin hiss etsinlər. Lakin siyasi cəhətdən hansısa böyük dəyişikliklərin olacağına inanmıram.

 

- Rusiyada hökumət buraxılanda belə bir fikir var idi ki, Putin bundan sonra fəaliyyətini Prezident kimi yox, Dövlət Şurasının rəhbəri kimi davam etdirəcək. Amma artrıq buna ehtiyac qalmır. Rusiyada Putini sevməyənlərin sayının az olmadığını da nəzərə alsaq, xalqın reaksiyası necə olacaq?

 

- Bunun üçün ilk növbədə Rusiyanın tarixinə diqqət yetirmək laımdır. Sovet dövründən bəri Rusiyada cəmiyyət müzakirəyə və analizə meyilli olub. Amma həmin cəmiyyət həm də son dərəcə dözümlü bir cəmiyyətdir. Son dəfə Bolotnı meydanında keçirilən izdihamlı etiraz aksiyası Kreml administrasiyasını həqiqətən narahat etmişdi. Ancaq ondan sonra mərkəzi şəhərlərdə baş verən etiraz aksiyalarında hüquq-mühafizə orqanlarının etirazçıları həddindən artəq sərt formada ram etdiyini və cəzalandırdığını gördük. Həmin sərt münasibət də nəticə etibarı ilə insanları qorxutmağa başladı. Düzdür, artıq iki gündür ki, ruslar az da olsa, mərkəzi küçələrdə, metostansiyaların qarşısında piketlər keçirir və narazı olduqlarını bildirirlər. Buna baxmayaraq, Putinin hakimiyyətdə qalmasına razı olanlar da var. Hətta siyasi elitaya məxsus fərdlər var ki, mərkəzi televiziyalara çıxır və debatlarda iştirak edərək Putindən narazılıqlarını dilə gətirirlər. Yəni hakimiyyət özünə qarşı tənqidlərə yol verməklə insanlara söz demək hüququnu bəxş etmiş olur ki, camaat narazılığını ifadə etsin və bununla da nisbətən sakitləşsin. Buna baxmayaraq, inanmıram ki, ölkədəki stabillik pozulsun. İlk növbədə bu, Moskvada və Sankt-Peterburqda başlaya bilər. Ola bilsin, digər şəhərlərdə də kütləvi aksiyalar olsun. Amma sistem özünü o dərəcədə əmin və təhlükəsiz hiss edir ki, ciddi narahatlıq yaşamır.

ayna.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10