Nələr etdi, nələri edə bilərdi, nələri etmədi?
(Ötən yazının linki http://cenub.az/5525-masallnn-icra-bas-ahin-mllim-100-gnn-
Ötən yazımızdan qısa seçmələr
Öncə, masallılar bilmək istəyir ki, yeni icra başçısının hədəfləri nədir və həmin hədəflərə doğru hansı işlər görülür? Paklıq siyasəti – görüntü, ya reallıqdır?
Rayonda ictimai nüfuzu birmənalı qarşılanmayan digər müavinlərə, eləcə də digər aparıcı vəzifə sahiblərinə, hüquq mühafizə orqanlarının rəhbərlərinə paklıq siyasətində münasibət necə olacaq?
İcra başçısının fəaliyyətində aşkarlıq və medianın müasir imkanlarından faydalılıq əmsalı necə olacaq?
Biz detalları ilə biləcəyikmi, rayonun şəhər və qəsəbələrinə ötən il və bu il nə qədər təmir pulu ayrılıb? Məktəblərin texniki işçilərindən kimlər “ölü”, kimlər “diri” siyahısındadır?
Başçının ətrafındakl beyin mərkəzinin aparıcı fiqurları kimlərdir? Ümumiyyətlə, belə beyin mərkəzi varmı? Hər tədbirdə, hər təltifdə eyni adamların görünməsi kimin əməyinin məhsuludur? Rayonda kifayət qədər ictimai nüfuzu, yüksək intellekti olanlar həmin tədbirlərdən niyə kənarda qalıb?
Bu da yazının 2-ci hissəsi
İcra başçısı kimə hesabat verir?
İcra başçısının 100 günü təxminən icra başçısının illik hesabatı ilə üst-üstə düşdü. Öncə aydınlaşdıraq ki,
hər il icra başçısı kimlərə hesabat verir?
300 nəfərlik zala 110 məktəb direktoru və uşaq bağça müdiri, 70-dən artıq ərazi nümayəndəsi və bələdiyyə sədrləri, 70-dən artıq idarə müdiri, nə bilim, dini icma rəhbərləri və s. Zalda heç bu qədər rəsmi və qeyri rəsmlərə yer olmur. Bəs “xalq” hardadır?.
İcra başçısı hesabatı niyə icra aparatının binasında, əsasən öz tabeçiliyindəkilərə verir? Heç görmüsünüzmü, baba, ata öz övladlarına, nəvələrinə hesabat versin?
Masallıdakı hesabat da şablonlardan kənara çıxmadı. Yenə, bir parıltılı kağıza çap olunan qəzet, bir balaca bloknot, bir neçə nəfərə barmaq silkələmə...
Bəs hesabat iclasında nələrdən danışıldı?
İcra hakimiyyətinin saytında ancaq icra başçısının məruzəsi yerləşdirilib. Nə məruzədən kənar çıxışların məzmunu, nə də təltif olunanların adı bilindi.
Bəs yerli sakinlər hesabatda nələri görmək istəyirdi?
Şəxsən mənim üçün çox maraqlı idi ki, ötən il və bu il rayonun, xüsusən şəhərin təmir və tikinti işlərinə nə qədər vəsait ayrılıb?
Nə vaxta qədər Masallının bulvarının maketinin şəkli veriləcək, özündən xəbər olmayacaq?
İcra başçısı ilk çıxışlarında dedi ki, rayonda 26 məktəb bərbad vəziyyətdədir. Bu il onların tikintisi və təmiri üçün nə qədər vəsait ayrılıb? Masallı bulvarından, bərbad gündə olan Xətai parkından nə xəbər? İcra başçısı filan qədər parta, elektron lövhə, kadr-proyektor və sair üçün 3 ay öncə müvafiq təşkilatlara məktub yollamışdı. Nəticəsi nə oldu?
Lakin, biz hesabat məruzəsində bunları görmədik. Hətta hesabat yığıncağında təltif olunanların adı da mübahisə doğurdu, etirazlar, şikayətlər oldu.
Doğrudanmı, belə mötəbər məclisə 4-5 nəfər daha layiqlinin adı ədalətlə, obyektivliklə təqdim oluna bilmirdi?
Bizim fikrimizcə, bu günün hesabatı başqa biçimdə olmalı idi. Hesabat internet üzərindən paylaşılmalı, hesabatın veriləcəyi yer hamıya bəlli olmalı və indi su içmək kimi olduqca asan olan canlı yayımla yayımlanmalıydı ki, rayonumuzda il ərzində nələr olub və qarşıdakı ildə nələr olacaq, ondan hamı xəbərdar olsun.
Icra aparatının saytında yerləşdirilmiş məruzə çox yorucu idi. Maraq doğurmayan informasiyalarla çox doldurulmuşdu. Məsələn. Mənə il ərzində Masallıda yumurta istehsalının artmasından (həm də maraqlı idi-bizdə və qonşudakı toyuqların nə qədər yumurtlamasını necə hesablayırlar?) daha çox maraqlı idi ki, rayonda internet niyə bərbad gündədir? Dünya 4-cü sənaye inqilabına hazırlaşdığı bir vaxtda bizdə niyə internet tısbağa sürəti ilə hərəkət edir?
Polis şöbəsinin fəaliyyətindən söz açılanda yazılıb ki, filan faiz cinayətin üstü açılıb. Mənə isə maraqlıdır ki, il ərzində rayonda neçə oğurluq olub, onun neçəsinin üstü açılıb. Və sair detallar.
İcra başçısı şablonlardan heç cür qaça bilmir. Məsələn. Qadınlar bayramında 30-a yaxın qadınla görüş – Başçının ümumi çıxışı, Fəxri Fərman, hədiyyə, şəkil... Bəs orada çıxış edən qadınlar nə danışdı? Hansı təkliflər, ideyalar, yaxud iradlar səsləndirdi? Belə təsəvvür yaranır ki, hər yerdə ancaq başçı danışır, xalqın dediyi heç yerdə görünmür. Biz haçan canlı, işgüzar görüşlərin şahidi olacağıq?
İcra başçısının fəaliyyətində aşkarlıq necədir?
və o, medianın müasir imkanlarından necə faydalanır?
Dünya tarixinin ən azı son yüzilliklərinə nəzər salanda görürsən ki, Ceffersondan, Lenindən, Heydər Əliyevdən tutmuş əksər rəhbərlər mətbuata çox böyük dəyər verib. Bəs, bizdə vəziyyət necədir? Ortada çox zəif auditoriyası olan bir sayt, 700-800 tirajı olan köhnə formalardan kənara çıxa bilməyən qəzet. Halbu ki, insanlar bu gün sosial şəbəkələrdən, canlı yayımlardan, internet televiziyalardan daha çox bəhrələnir.
İcra başçısı yerlərdə səyyar görüşlər keçirir. Bu görüşlər canlı yayımlansa, görəsən, kim qazanar, kim itirər? Hələ onların sərəncamında masallılar.az kimi, yaranışında ölkəyə nümunə olan, sonralar öz funksiyalrından uzaq düşüb, mənasız, primitiv hala salınaraq cüzi izləyicisi olan internet resursuna çevrilən, diriykən ölü bir sayt da var.
Seçimləri kim edir?
İnsanlar həmişə yenilik axtarışındadır. Yeni yanaşmalar, yeni simalar, fərqli düşüncülər... hamının marağındadır. Lakin bizdə eyni çıxışlar, insanları bezdirmiş eyni sifətlər, köhnəlmiş, nimdaş fikirli natiqlər hələ də meydanı tərk etmir.
Əgər icra başçısı fəaliyyətinin ilk ayında bunları tanımırdısa, günah onun deyildiə Fəaliyyətinin 3-4-cü aylarında isə hələ də kimin kim olduğunu tanımırsa, bu artıq başçının öz günahıdır.
Ayrı-ayrı əhali qrupları (QHT rəhbərləri, yaradıcı ziyalılar, mətbuat işçiləri, yeni texnologiyalardan bacarıqla faydalananlar və s. ) ilə açıq, işgüzar görüşlər ancaq bizə fayda verər, nəinki kabinetlərdəki 20-30 nəfərdən o tərəfə keçməyən formal iclaslar.
İcra başçısının tədbirlərdə həmişə hüquq mühafizə işçilərinin əhatəsində əyləşməsi çoxlarında qıcıq doğurur. Əyər icra başçıları hörmətli Prezidentimizdən nümunə götürürsə, o heç vaxt tədirlədə DİN, DTX, Prokurorluq orqanlarının rəhbərlərinin əhatəsində əyləşmir.
Kadr işində tam açılım olmayıb
1-ci müavin Nadir Abıyevin vəzifədən azad ediməsi diqqət çəksə də, onun yerinə təyin olacaq şəxs isə icra başçısın hansı intellektə sahib insnlara diqqət yetirməsinin göstəricisi olacaq. (Normalda isə hər bir vəzifəyə insanlar müsabiqə, seçki ilə sahib olurlar). Hörmətli icra başçısı doğrudan da paklıq siyasəti yeridirsə, yerli sakinlərin nəzərində (yalanmı, doğrumu?) müxtəlif sahələr üzrə (kadr, obyekt, pensiya, sosial və s.) “kassirlər” həmin “post”ları ilə vidalaşmalıdır. (Yeri gəlmişkən, onu da qeyd edək ki, RİHB-nin mühasibinin qəfil gedişi də qəribə məqamlardan xəbər verir)
Paklıq siyasəti, seçkilər və ...
Hər yeni icra başçısının gəlişində insanların ilk gözləyəcəyi hal bu olur- bu da “alacaq”, ya yox? Masallılar təxminən 30 il öncə Teymur Yəhyayevin 1-ci gəlişində paklıq siyasətinin işartılarını gördülər. Rayonda nələr olurdusa, (rüşvət sanki uzaq illərdə qalmışdı) ən xırda detallarına qədər əhaliyə çatdırılırdı. (2-ci gəlişində bu işartılar da xatirəyə çevrildi). Bəs bu gün vəziyyıt necədir? İcra başçısı hələ ki, ənənəvi pul gələn “dalğaları” məsafədə saxlayır. Amma “ammalar” da yox deyil. Dekabr ayında keçirilən bələdiyyə seçkiləri heç də haqq və ədalətin təntənəsinə çevrilmədi.
Hələ də bəzi bələdiyyələrdə sənəddə birinin adı gedir, realda başqası fəaliyyətdədir. Elə bələdiyyə qurumları var ki, yalandan bir qadının adına sənədləşdirib, amma real sədr olacaq şəxslə 3 - 5 arasında neçə aydır “ciddi” danışıqlar aparır. Bələdiyyə seçkilərindən 2 aydan artıq vaxt keçsə də bələdiyyə sədri seçilənlərin tam siyahısı hələ də çoxlarına bəlli deyil.
Millət vəkili seçkilərində isə icra başçısını o məqam xilas etdi ki, cənub bölgəsində 12 seçki dairəsindən cəmi 2 nəfər yeni namizəd oldu , onun elə ikisi də Masallının bəxtinə düşdü. (Seçkinin yekunu isə tam özgə yazının mövzusudur. Heç kim özunu süddən çıxan qaşıq sanmasın). Yəni, əvvəlki deputatlar və əvvəlki başçı “günahlarını” özləri ilə apardı, yenilərinin isə hələlik savabının və günahlarının nə olacağı yaxın vaxtda bilinəcək çoxdur.
Başçı hesabat yığıncağında xəstəxananın baş həkimini ciddi ittiham edib-“maklerlərlə işləyirsən?” Bu ittihamdan bir qədər sonra Masallı DSMF-də “banditotel” əməliyyat keçirdi, bir neçə nəfər qara maskalılar tərəfindən nümayişkaranə şəkildə saxlanılaraq Bakıya aparıldı. Hamıda qəribə ümidlər oyanmışdı. Heç 2 gün keçmədi ki, həmin “günahkar” yenə öz postunda əyləşdi. 3 gün sonra isə vəziyyət yenə dəyişdi- əməliyyat zamanı saxlanılan Mətləb Məmmədov və onun yaxınları yenidən Bakıya aparıldı və 4 aylıq müddətinə haqlarında həbs-qəti imkan qərarı verildiyi bildirilir.
Elə bu da Şahin müəllimin 100 gününə olmasa da, 102-ci gününə yazılan maraqlı bir səhifədir. İcra başçısının “makler saxlayırsan?” xəbərdarlığı təsadüf idimi? Yaxud, qarşıdakı böyük əməliyyatın anonsu? Digər “makler kralları” da belə cəzalanacaqmı?
Və digər məqamlar...
İcra hakimiyyəti aparatında (2-3 nəfər istisna olmaqla) çoxu ciddi, düşünülmüş tapşırıq verə bilmirlər. Yaxud, elə çalpaşıq, yaxud mənasız tapşırıqlar verir ki, tabeliyində olanları çətin duruma salırlar.
İcra başçısı ölkə başçısının tapşırıqlarını necə icra edir?
Ölkə başçısı cənab İlham Əliyev dəfələrlə yüksək tribunadan bəyan edir ki, işçiləri 8 saatdan artıq işlətməyin. Bəs hörmətli Şahin müəllim bu tapşırığa necə əməl edir? İşçilər istirahət günü, bayram günü bilmiir, işdən kənar saatlarda belə işə cəlb edilirlər. Hətta bayram günü rayondan çıxan rəhbərlər icazə almalıdır-filan. Halbu ki, bir çox ölkələr 4 günlük iş həfətəsinə keçməyə hazırlaşır. Finlandiya və digər ölkələr 4 günlük, 6 saatlıq iş rejiminə keçir. Biz isə... Həm də ortada cənab prezidentin sərt tapşırığı var.
Şahin müəllim YAP Siyasi Şurasının üzvüdür. Şox yaxşı, bu, ona yüksək etimaddır. Bu, rayonda özünü necə göstərir? Hətta xadimələr də kütləvi şəkildə YAP-a üzv yazılır. Onlar, heç nədən hər ay 2-3 manat ziyana düşür. YAP-ın rayon təşkilatının hesabına keçirilən pullar isə hara xərclənir (ya da heç xərclənmir) bilinmir?
İcra hakimiyyəti hansı statiskaya üstünlük verir?
Yuxarıda qeyd etdi ki, hesabat yığıncaqda yumurta artımı və sair haqqında statistika səsləndirilir. Bulvarda neçə paqona metr (guya hamı bilir paqona metr nədir) iş görüldüyü barədə mücərrəd rəqəmlə səslənir.
Niyə deyilmir ki, rayonda neçə nəfərin ciddi mənzil problemi var? Neçə qız və oğlanhansı səbədən yaşı, 40-ı, 50-ni keçsə də ailə həyatı qura bilmir? Bizdə neçə həkim, neçə müəllim çatışmır? Bu il neçə məktəb, neçə uşaq bağçası, digər sosial obyekt tikiləcək, neçə kilometr yola asfalt döşənəcək və sair, və ilaxır.
İcra başçısının “Könüllülər ili” elan olunmuş 2020-ci ildə əsil könüllülər olan QHT-lərə münasibəti də başa düşülən deyil. Rayonda 3-4 qeydiyyatdan keçmiş QHT var ki, onlar da əksəri tədbirlərə dəvət olunmur.
Masallıda xeyriyyəçilik məktəbi varmı?
Bax, bu sahədə Şahin müəllimin fəaliyyətini çox uğurlu saymaq olar. Bizə çatan məlumata görə, Şahin müəllim masallılı tanınmış iş adamlarını, imkanlı şəxsləri bir araya gətirmək üçün çox səmərəli addımlar atır. Və onların ciddi dəstəyi ilə yaxın zamanlarda Masallıda 10-da artıq məktəb, uşaq bağçası və sair sosial obyektlərin tikintisinə start veriləcək.
Bax, beləcə, 2-ci yazımızı belə nikbin notlarla yekunlaşdırırıq. Deyiləsi sözlər isə o qədər çoxdur ki... Bəlkə mən nələr isə düz eləmirəm, ya düz yazmadım? Ola bilsin, Şahin müəllimin alt fikirlərində, çoxillik təcrübəsindən doğan hədəflərdə daha maraqlı layihələr də var, biz bilmirik. Təki elə olsun. Təki Masallımız daha gözəl, daha ədalətli bir məkana çevrilsin.
Şahin müəllim, saytımıza müsahibə versə, çox şad olarıq. Onu da xatırladaq ki, bir dəfə təsadüfən qarşılaşanda bunu təklif etdik, lakin reaksiya vermədi.
Biz isə, Şahin müəllimin şəhər nümayəndəliyinin illik hesabatında dediyi “Tənqid ağıllılar üçündür” deyimindən ruhlanaraq bəzi irad və təkliflərimizi bildirdik və bildirməkdə davam edəcəyik. İnanırıq ki, Şahin müəllim vədinə sadiq qalaraq yazılanlara həssaslıqla yanaşacaq. Ona da inanırıq ki, Masallıda dəyərli, ürəkaçan işlər çox olacaq və biz də imkanımız daxilində onları işıqlandıracağıq..
Zahir Əmənov. Cenub.az
Yazının sonuncu, 3-cü hissəsində oxuyun-
Ağcabədi ilə müqayisələr hansı mətləblərdən xəbər verir?
İcra başçısının təhsil sevgisi nələrlə sonlanacaq?
25 il öncəki Masallı ilə müqayisələr
... və digər məqamlar