Gürcüstanda yaşayan 100 yaşlı azərbaycanlı şair Dünyamalı Kərəmlə müsahibəni təqdim edirik.
- Ənənəvi sualla başlayaq: sizcə, uzun yaşamağın sirri nədir?
- Sirri ondadır ki, səhər tezdən oyanasan. Çox yatmaq heç də yaxşı deyil. Səhər duran kimi təmiz havada idman etmək, gəzmək lazımdır. Özünü yormamaq şərtilə işləmək. Bir yerdə oturmaq adamı tez qocaldır. Çox yemək də yaxşı deyil. Peyğəmbərimiz buyurub ki, elə yeyəsən, gözün çörəyin arxasınca qala. Az yeyəsən, amma vaxtlı-vaxtında. Uzun ömrün ən əsas şərtlərindən biri ailə səadətidir. Ailədə yaxşı münasibət olanda insan fərəhlənir, çox yaşayır. Ancaq dedi-qodu olanda, söz-söhbət çoxalanda insan az yaşayır.
- Səhv etmirəmsə, anadan olduğunuz tarix dəqiq deyil...
- O zaman adamlar nikahsız evlənirdilər. Rəsmi sənəd olmurdu. Uşaqları qeydə alan doğum evləri də yox idi. Təxminən bilirəm ki, 1920-ci ilin 28 aprelində doğulmuşam.
- Mən bilən, çətin uşaqlı illəriniz olub. Atanızı da Sibirə sürgün ediblər...
- Ata üzü görməmişəm. Anam böyüdüb məni. Atam qaçaq olub, siyasi səbəblərdən sürgün edilib. Məktəbdə oxumağımla, təlim-tərbiyəmlə anam məşğul olub.
- Şeirə necə başladınız?
- Beşinci sinifdə olanda bir müəllim vardı. Yaxınlaşdı mənə, dedi, a bala, eşitmişəm şeir yazırsan, divar qəzetinin 1 may nömrəsinə şeir yaz. Fikirləşdim, özümdən üç bənd uydurub yazdım. Onu da deyim ki, beşinci sinifdən texnikumu bitirənə qədər “Divar” qəzetinin redaktoru olmuşam.
- 100 yaşda da şeir yaza bilirsiniz?
- Yazıram. Uşaq vaxtı satirik şeirlər yazırdım. Sonra bir müddət yaza bilmədim. “Gürcüstan” qəzetində məsul katib vəzifəsində çalışırdım. Qəzetə gələn şeirləri, hekayələri oxuyub, düzəldirdim. Bundan sonra şeir yazma eşqim təzələndi. Özümə söz verdim ki, yalnız vətənimizin uca dağlarını, geniş düzənliklərini, soyuq bulaqlarını, vətənpərvər insanlarını vəsf edəcəm. Şeirlərimin əksəriyyəti dağlardan, bulaqlardan, çəmənlərdəndir.
- Səhv etmirəmsə, tələbə olduğunuz vaxt Xəlil Rza Ulutürklə dost olmusunuz?
- Xəlil Rza mənim qrup yoldaşım idi. Akademik Bəkir Nəbiyev, “Respublika” qəzetinin baş redaktoru Teymur Əhmədov, Rafael Nağıyev də mənim qrup yoldaşlarım olub. Onlarla münasibətim həddindən artıq yaxşı idi. Xəlil Rza məndən 11 yaş kiçik idi. Buna baxmayaraq, aramızda çox yaxşı münasibət vardı. Bəzən onun şeirlərinə düzəlişlər edirdim. Mən ondan təcrübəli idim. Buna görə, mənə ustad sayırdı. Hər məni görəndə “ustadım” deyib qucaqlayırdı.
- Xalq yazıçısı Anarla münasibətiniz var?
- Anarı yalnız bir dəfə görmüşəm. O qədər də yaxın münasibətimiz yoxdur. Məni tanıyıb-tanımadığını da heç bilmirəm. Amma vaxtı ilə Yazıçılar İttifaqının katibi Mirzə İbrahimovla ata-oğul kimi münasibətim vardı. Ədəbiyyatda mənə zəmanət verənlərdən biri də Mirzə İbrahimov olub.
- Rəsul Rza ilə necə?
- Rəsul Rza ilə iki-üç dəfə görüşmüşəm. Bir dəfə Gürcüstana gəlmişdi. Görüşdük, ədəbiyyatdan xeyli söhbət etdik. Münasibətimiz çox yaxşı idi.
- Anar AYB sədrliyinə yenidən namizədliyini verəcəyini açıqlayıb. Bu xəbərə münasibətiniz necədir?
- Münasibət bildirə bilmərəm.
- Niyə?
- Çünki onunla heç bir əlaqəm yoxdur. Bircə ondan narazı oldum ki, AYB-nin Natəvan klubunda mənim tədbirim keçiriləndə iki addımlıqdan gəlib mənimlə görüşmədi. Böyüklük ayrıdır, insanlıq ayrıdır. Vəzifə etibarı ilə böyükdür, amma yaş etibarı ilə mən ondan böyüyəm. Anar gərək mənim görüşümə gələrdi.
- AYB sizə hər hansısa formada qayğı göstərib?
- Heç bir köməyi yoxdur. Tiflisdə filialı var. Heç üzünü görməmişəm.
- Gürcüstan, Borçalı deyəndə saz yada düşür. Saz çala bilirsiniz?
- Yox, bacarmıram.
- İndiyə kimi neçə kitab çap eləmisiniz?
- Yeddi kitabım var. Bilirsiniz, iki kitabım oğurlandı. Mirzə İbrahimov Şota Rustavellinin “Pələng dərisi geyinmiş pəhləvan” əsərinin 750 illiyində Gürcüstana gəlmişdi. O zaman qəzetdə məsul katib kimi çalışırdım. Redaksiyamızın nəzdində ədəbiyyat məşğələsi vardı. Məşğələlərdə yeni yazanların şeirlərini düzəldirdim. Bu zaman Mirzə İbrahimov şeirlərimə nəzər saldı. Düzəlişlərimə sözünü dedi.
- Nə dedi?
- Dedi, uşaqlar, aranızda Dünyamalı Kərəm kimi yetkin şair var. Soruşdu ki, Yazıçılar İttifaqının üzvüsənmi? Dedim, xeyr. Dedi, Bakıya gələndə sənə zəmanət verəcəm. Bakıya gələndə də sözünün üstündə durdu. Məni çox mehribanlıqla qarşıladı.
İndiki insanlarla odövrkü insanları müqayisə edəndə çoxlu fərqlər görürəm. İndiki insanları tanımaq daha çətindir. Mirzə İbrahimov kimi adam qabağıma çay gətirib qoyurdu. İndi elələri var, iki addımlıqdadır, amma mənə yaxınlaşmır.
Sözü düz deyən adamam. Raykomun birinci katibini tənqid etmişəm. Kolxoz sədrlərinə də sözümü deyirdim, yazırdım. Atama görə məni komsomoldan xaric etdilər. Ancaq Mərkəzi Komitəyə yazandan sonra bərpa edildim. Qorbaçovun vaxtında onu tənqid etdiyim poemam çap olundu.
- Necə çap olundu?
- “Rəhbərlər və illər” adlı poemam çap olunmuşdu. Qorbaçovu xallı baş keçəl adlandırmışdım. Qorxmaz şair olmuşam.
- Planınızda yeni kitab var?
- Çap olunmayan xeyli şeirlərim var. Dərc etməyə ümidim yoxdur amma.
- Niyə?
- Ömür vəfa edərmi, etməzmi...
- Edər inşallah. Allaha inanırsınız?
- İnanıram. Fikirləşirəm, insan özbaşına necə yarana bilər?! Bu dünya necə dəqiq hərəkət edir? Aylar, ulduzlar necə olur ki, vaxtında çıxır. Bütün bunları idarə edən var.
- Gürcüstanın prezidenti ilə görüşmüsünüz?
- Şevardnadzenin mənə təşəkkür məktubu var. Axırıncı kitabımda tərcümə olunub.
- Gənc yazarları oxuyursunuz?
- Əlimə keçən qəzetlərdən, jurnallardan oxuyuram. Özü də biz Azərbaycanın bütün mətbuat orqanlarını alırdıq. “Ədəbiyyat və incəsənət”, “Kommunist” qəzeti, “Sovet kəndi”, “Azərbaycan” jurnalı, “Pioner” qəzeti və sair.
- Mümkünsə maraqlı bir xatirə danışarsınız...
- Bir dəfə Bakıya gəlmişdim. Vağzalda Xəlil Rza ilə rastlaşdım. Dedi, mənə 5 qəpik ver. Cibimdən çıxarıb, 20 qəpik verdim. Dedi, olmaz, 5 qəpik ver. Dedim, hardan alım 5 qəpiyi, götür də, 20 qəpik verirəm. Dedi, xırdalat. Axır gedib xırdalatdım, gətirtdim, 5 qəpiyi verdim. Soruşdum, nə edəcəksən bu 5 qəpiyi. Dedi, kim rus dilində bir söz dedisə, 5 qəpik cərimələyirəm. Mən də vağzalda telefonun dəstəyinə “trubka” demişdim (gülür).
- Səməd Vurğunla tanışlığınız olub?
- Səmədlə tanış olmamışam, amma bir neçə dəfə uzaqdan görmüşəm. Bir dəfə Cəfər Cabbarlının anım günündə salonda çıxış edirdi. Mərhum yazıçımızın yaradıcılığından bəhs edəndən sonra dedi ki, burda başqa xalqların da nümayəndələri var. Elə bilərsiniz, Səməd Vurğun rus dilini bilmirdi, yanılarsınız. Həmin o başqa xalqlara görə başladı rus dilində danışmağa. Yanımda əyləşən rus qızları “Oyy, oy, kak sladkiy qovarit” dedilər. Bax, canım üçün deyirəm!
- Bir əsrlik insansınız. Bu yaşda olmaq necə bir hissdir?
- Yaşamaq gözəldir. Həyat gözəldir. Gərək, həyatın qədrini biləsən. İnsan kimi yaşasan həyat gözəldir. Həyat insana bir dəfə verilir. Gərək elə yaşayasan ki, qocalanda utanmayasan. Bacardığın qədər yaxşılıqlar edəsən. O zaman yaşamaq sənə şirin gəlir. Məsələn, mən ömrümdə heç kəsə pislik etməmişəm. Həmişə yaxşılıqlar etməyə çalışmışam.
- Son olaraq, sizə bir tribuna versək, bəşəriyyətə, gəncliyə nələr söyləmək istəyərdiniz?
- Birincisi, insanlara yaxşılıq etməyi tövsiyə edərdim. İkincisi, işğal altındakı torpaqlarımızın azad olunmasını arzu edərdim. Bundan böyük nə arzum ola bilər ki?! Nə ola, o günü mən də görə biləm.
- Müsahibə üçün təşəkkür edirəm.
- Buyurun. Sağ olun.
kulis.az