Milli Məclisə növbədənkənar seçkilərin təbliğat-təşviqat proses başa çatmaq üzrədir və proses nələrlə yadda qaldı?
Növbədənkənar parlament seçkiləri üçün yanvarın 17-də başlayan təbliğat-təşviqat kampaniyası fevralın 8-də başa çatır. Fevralın 9-da isə seçkilər keçiriləcək. Maraqlıdır, namizədlərin 23 gün ərzində apardıqları təbliğat-təşviqat kampaniyası nə ilə yadda qaldı? Prosesdə hansı müsbət və mənfi məqamlar diqqəti çəkdi?
Məsələyə ekspertlərlə ayna tutmağa çalışdıq.
Siyasi şərhçi Əziz Əlibəyli hesab edir ki, növbədənkənar seçkilərlə bağlı başlayan təbliğat və təşviqat kampaniyasını uğurlu saymaq olar: “Şübhəsiz ki, kampaniya çərçivəsində xoşagəlməz hallar oldu. Lakin dünyanın demək olar ki, hər yerində seçkiqabağı belə hadisələrə rast gəlmək olar. Amma ümumi seçki mənzərəsi Azərbaycan Respublikasının seçki qanunvericiliyinə uyğun keçirildi. Digər müsbət məqam isə ondan ibarətdir ki, artıq cəmiyyətdə fərqli seçki prosesinin baş tutacağına inam var. Buna əminlik yaradan isə ölkə Prezidenti İlham Əliyevin seçkilərlə bağlı olan çıxışları oldu. Prezidentin cəmiyyətin bütün təbəqələrini seçkilərdə aktiv iştirak etməyə səsləməsi və onların Milli Məclisdə görmək istədikləri namizədlərin təbliğat kampaniyasında iştirak edib, fevralın 9-da səsverməyə çağırmasından sonra namizədlərin sayı artdı və seçki tarixində ən qələbəlik seçki marafonu baş tutdu”.
“Buna baxmayaraq seçki prosesinə ənənəvi yanaşanlar da oldu. Baxmayaraq ki, bu, çox böyük əhəmiyyət daşımır və seçkinin ümumi prosesinə kölgə salacaq vəziyyətdə deyil. Lakin burada uzun illər formalaşmış münasibətlər sistemi var ki, bəzi məmurlar bu münasibətlərin fonunda uzun illər deputat kimi fəaliyyət göstərən şəxslərə inzibati dəstəklərdən yararlanıb onların kampaniyalarını aparmağa cəhd etdilər. Amma qanunvericiliyə cavabdeh şəxslərin səsləndirdiyi fikirlər ondan ibarətdir ki, bunlara meydan vermək olmaz. Hətta əhalinin özü də imkan verməməlidir ki, ənənəvi baxışlar yenidən seçkilərdə fərqlənsin”, - deyə Ə.Əlibəyli bildirib.
Ekspertin fikrincə, yeni parlament əvvəlkilərdən daha fərqli olmalıdır: “Ölkənin birinci şəxsinin çıxışında parlamentin fərqli olması qeyd olunub. Eyni zamanda, indiyə qədər davam edən proseslər də onu göstərir ki, seçici səsi çox önəmlidir və onun həyata keçirilməsində əsas rolu ictimai rəy oynayır. Buna əsasən, həm maraqlı, həm də fərqli simaları Milli Məclisdə görmək ehtimalı daha çoxdur. Hesab edirəm ki, proseslər bu istiqamətdə cərəyan edir. Yaxşı olar ki, uzun illər alışdığımız ənənəvi parlament deyil, diskussiyalı və əsl beyin fırtınası olan parlament görə bilək”.
Müsahibimiz prosesin maraqlı tərəflərinə də toxunub: “Namizədlərin yeni seçki texnologiyalarını Azərbaycan seçki sisteminə gətirmələri, seçki lövhələrindən istiafədə etmələri, eyni zamanda seçki rəqabətində biri-birinə qarşı seçki mübarizəsinin elementlərini tətbiq etmələri, çoxçeşidli mübarizə üsulları və bütövlükdə Azərbaycan cəmiyyətinin böyük əksəriyyətini seçki ruhuyla əhatə etmələri ilk dəfə baş verdi”.
Politoloq Azər Rəşidoğlu isə əksini düşünür. O, təbliğat-təşviqat prosesində önəmli dəyişikliyin olmadığı qənaətindədir: “Köhnə namizədlərin əksəriyyəti namizədliklərini yenidən irəli sürdü. Parlamentin buraxılmasına səs verən deputatların yenidən namizəd olması cəmiyyətdə absurd təəssürat yaratdı. Lakin kampaniya çərçivəsində diqqətçəkən məqamlar da oldu. Belə ki, bölgələrdə yeni proses formalaşmağa başladı və köhnə, hamını təngə gətirən, 10 illərlə deputat olan və heç vaxt seçicinin yanında olmayan, qanunvericilik təşəbbüsü ilə çıxış etməyən deputatları əhali etirazla qarşıladı. Yenidən deputatlığa iddialı bir çox namizədlər təmsil etdikləri dairələrdən qovuldular”.
“Bütün bunlar onu göstərir ki, həmin namizədlər yenə müxtəlif resurslardan istifadə edərək deputat seçilsələr, vətəndaşların etirazları ilə qarşılaşacaqlar. Seçkiyə məsul olan şəxslər də bunu düşünməlidirlər ki, heç vaxt danışmayan, qanunverici təşəbbüslə çıxış etməyən insanlar yenidən, zorla deputat seçilsələr, bu, acınacaqlı nəticələrə gətirib çıxara bilər. Bölgələrdə də həmin adamların qovulması məhz bu tendesiyadan xəbər verir. Digər tərəfdən, həmin deputatlar yenidən seçilsələr, parlamentin buarxılmasının heç bir əhəmiyyəti olmayacaq və insanların islahatlara olan inamı tamamilə itəcək. Bu insanları isə bir daha seçkiyə gətirmək mümkün olmayacaq və onlar seçkidən birdəflik küsəcəklər. Hər halda seçkiyə məsul olan şəxslər bu barədə ciddi-ciddi düşünməlidirlər”, - politoloq bildirib.
Rəşidoğlu onu da vurğulayıb ki, Azərbaycanda yüksək seçki texnologiyası nümayiş etdirmək mümkünsüzdür: “Hər şeyə rəğmən təbliğat və təşviqat kampaniyası çərçivəsində uğurlu nəticələr göstərənlər oldu. Ancaq uzun müddət deputat olmuş namizədlərin demək olar ki, heç bir texnologiyası yox idi. Sadəcə fərqlilik ondan ibarət oldu ki, onlar uzun illərdən sonra xalq arasına çıxmaq istədilər, lakin xalq onları boykot etdi və qovdu”.
ayna.az