Masallı Mədəniyyət Evində İHB-nin Şəhər İnzibatı Dairəsinin illik hesabatında İcra Başçısı sabiq deputat Əhəd Abıyevin də “bostanına”dolayısı ilə “daş” atmağı unutmadı
Təxminən 2 ay öncə yazdığım bir yazı yəqin ki, oxucuların yadındadır. (Həmin yazının linkihttp://cenub.az/4266-dvt-olunmadm-tdbirdn-qeydlr.html-). “Dəvətolunmadığım tədbirdən qeydlər” adlı həmin yazıdan sonra digər tədbirlərə olmasa da, Şəhər İnzibatı Dairəsinin yanvarın son günlərində keçirilən illik hesabatına dəvət etməyi lazım bilmişdilər. Tədbir həm də hesabatdan sonra İcra Başçısı Şahin Məmmədovun şəhər əhalisi ilə açıq görüşü kimi də nəzərdə tutulmuşdu.Şəhər nümayəndiliyinin hesabatı, açıq etiraf edək ki, digər tədbirlərlə müqayisədə daha canlı və yadda qalan idi. Ancaq, "ammaları" da yox deyildi. Bu barədə bir az sonra.
Tədbir standart qaydalarla başladı- şəhər nümayəndəsi Kamal Mazanovun və onun müavininin məruzələri, daha sonra planlaşdırılan və planlaşdırılmayan çıxışlar. Çıxış edənlərin əksəriyyəti Kamal Mazanov haqqında olduqca xoş sözlər söylədi. Onun təmkinli, yüksək mədəniyyətə malik olduğunu xüsusi vurğuladılar.
İcra başçısının təkidi ilə bu yaxınlarda 3-cü dəfə Masallı Şəhər Bələdiyyəsinin sədri seçilən Azər Baxşıyevə də söz verildi. Azər müəllim çıxışında qısa şəkildə bəzi məqamlara, xüsusən əmlak və torpaq vergisi məsələlərinə toxunsa da, yadda qalan hansısa tədbirdən, yaxud görəcəyi hansısa işdən danışmadı. Diqqət çəkən o oldu ki, şəhər bələdiyyəsinin hələ də ehtiyatda 7 hektar torpağı var imiş. İcra başçısı isə onun çıxışını bir neçə dəfə kəssə də, üstünə çox getmədi. Yəqin ki, 3-cü bələdiyyə seçkisindən “yorğun” çıxdığını nəzərə alıb.
Bundan əlavə tədbirdə şəhərin Kosakül, Seybətin, Dadva, İsgəndərli ərazilərinin sakinləri də bir sıra problemlər qaldırdılar.
Şəhər sakini Rafiq Bağırov çıxışında daha maraqlı təkliflər səsləndirdi. Həm də çox maraqlı idi ki, çıxışların əksəriyyəti fərdi yox, ictimai təkliflərlə yadda qaldı.
Tədbirdə şəhərin bəzi “yaralı” yerlərinin yanından üstüörtülü keçilsə də, umumilikdə Ərazi Dairəsinin 1 illik fəaliyyəti “kafi”dəyərləndirildi.
Bəs, icra başçısı çıxışında nələri söylədi?
Çoxları kimi mən də Masalıya 2 ay öncə, Ağcabədidəki 14 illik eyni vəzifəsindən təyinat almış Şahin Məmmədovun çıxışını səbirsizliklə gözləyirdim.
Digər çıxışlarında olduğu kimi Şahin müəllim bu dəfə də çıxışına çox səmimi ruh verməyə, hətta yüngülvarı zarafatlar etməyə üstünlük verirdi. Uşaq vaxtı inək otara-otara kitab oxumağından tutmuş, Ağcabədidən misal gətirdiyi nümunələrədək. Bu jestlər bir neçə dəfə alqış da qazandı. Lakin eyni nümunələri hər tədbirdə təkrar-təkrar xatırlatdığından adama elə gəlir ki, Şahin müəllim “nümunə”, yaxud arqument qıtlığı yaşayır.
Yenə də təhsildən gileylər. Şəhər 1 saylı məktəbdən ürəkağırıdan “nümunələr”
Gözlənildiyi kimi, Şahin müəllim çıxışına bir qədər giriş verdikdən sonra söhbəti hərlədib, fırladıb təhsilin üzərinə gətirdi. Öncə xatırlatdı ki, şəhər 1 saylı tam orta məktəbində olarkən şagirdlərin ən elementar suallara cavab verməməyi onu çox təəccübləndirib. Hətta sinif otaqlarını gəzərkən onun boş sinifləri görməməsi üçün seçkilərdə olduğu kimi “karusel” əməliyyatına da baş vurublar. Şəhər 1 saylı tam orta məktəbin göstəricilərini xatırladanda isə zaldakılar heyrətini gizlədə bilmədi. Sən demə, titulları göz deşən bu məktəbin nəticələri “üstü bəzək, altı təzək”misalının canlı nümunəsi imiş. Həmin rəqəmlərdən aydın oldu ki, aparıcı fənlərdən – ana dili, riyaziyyat və xarici dildən 2 alanların sayı 50, bəzi fənlərdən isə 80 faizdən də xeyli yuxarıdır.
“İlin məktəbi” elan olunmuş təhsil ocağının nəticələrinə siz də baxın:
2018/2019–cu tədris ilində rayonun Masallı şəhər R.Əlihəsənov adına 1 saylı tam orta məktəbin IX və XI sinifləri üzrə buraxılış imtahanlarının nəticələri barədə
Sn | Buraxılış sinfi | Məzunların sayı | Müsbət qiymət alanların sayı | “ 2 “ qiymət alanların sayı | Müsbət qiymət alanlar %-lə | ||
|
|
|
| Ana dili | Riyaziyyat | Xarici dil |
|
1 | IX sinif | 115 | 36 | 53 | 70 | 76 | 31,3 |
2 | XI sinif | 129 | 33 | 69 | 86 | 85 | 25,6 |
İcra başçısı eləcə də “Dəfinə” istisna olmaqla digər şəhər məktəblərinin, xüsusən 5 və 6 saylı məktəblərinin də göstəriciləri çox aşağıdır.
“Burada mənəm-mənəm deyənlər olub”
Şahin müəllim çıxışında keçmiş başçı Rafil Hüseynovun bu rayon üçün çox iş gördüyünü xatırlatdı. Hətta, bir az uzağa gedərək Qəzənfər Ağayevin də ünvanına xoş sözlər söylədi. Onun yaxşı işi kimi “buradakı bəzi “mənən-mənəm”deyən oğlanların da yerində otirduğunu” xatırladı. Zaldakılar bu replikanın Masallının keçmiş deputatı, hazırda Daşkəsən rayonunun icra başçısı Əhəd Abıyevə ünvanlandığına heç şübhə etmədilər. Şahin müəllim də sanki bunu duyurmuş kimi, sağ tərəfində əyləşmiş 1-ci müavini Nadir Abıyev və zalda əyləşmiş rayonun “Rabitə” başkanı Səməd Abıyevlə arada bir az acı, bir az şirin zarafatlar etməyi də unutmadı.
Amma zaldakılara qaranlıq qaldı ki, Qəzənfər Ağayevin vaxtında “mənəm-mənəm”deyənlər 2-ci dəfə “vəzifə donları” açılıb “əfv”-ə düşənlər ona sonadək “sən-sən”deyəcəklərmi?
“Tənqid ağıllılar üçündür, içində qərəz olmayanda”
İcra başçısı, hörmətli Şahin Məmmədovun çıxışında ən yadda qalan, yarım başlığa çıxartdığım “Tənqid ağıllılar üçündür, içində qərəz olmayanda” fikri oldu. Bu, biz qəzetçilər üçün çox vacibdir. Çünki son illər tənqidi çıxışlarına görə 10-a yaxın masallılı həbsə atılıb, məhkəmələrə çəkilib.
Şahin müəllim çıxışında daha sonra aşağıdakıları bildirdi:
-Vəzifə sahibi olanda gərək ədaləti əldən verməyəsən. Eləcə də cəsarətli addımlar atasan.
Redaksiyadan. Tədbirdə deyilənlərə geniş şərh vermək fikrimiz olmasa da (İcra başçısının 100 gününü gözləyirik) sadəcə bir məqama diqqət yetirmək istərdim. Belə hesabatların harada və nə vaxt keçiriləcəyi haqqında əhali niyə ən azından sosial şəbəkə vasitəsi ilə məlumatlandırılmır? Tədbirdə çəkilən videolar, ən azından montaj edilərək, kiçik video-çarxlar şəklində niyə əhaliyə təqdim olunmur? Nəhayət, son təklif. Dünya 4-cü sənaye inqilabına hazırlaşır. Biz isə yenə köhnə qayda ilə hesabat veririk - 15 dəqiqə məruzə, 3 dəqiqə çıxış və sair şablonlar. Yaxşı olmazmı, həmin tədbirdə bir ildə görülən işlər barədə video-çarxlar, müxtəlif sahələrə dair infoqramlar təqdim olunsun. İndi adi bir vətəndaş canlı yayım təşkil edir, bəs belə mötəbər təşkilatlar bu sayaq imkanlardan niyə faydalanmır?
Nə isə, deyiləsi söz çoxdur, ayın sonunu gözləyək.
Cenub.az