Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallı timsalında. Deputatlığa namizədlər niyə mətbuatdan qaçır?..



deməyə sözləri yoxdur,

ya həqiqəti deməyə cəsarəti?

Bəlkə “alındığı” şəxslər qarşısında öhdəlikləri mane olur?


Elə seçkinin başlanğıcında, bələkdəcə “soskasın” alıb, qaçanlar da oldu,


Orta hesabla seçki  təşviqatının ən qızğın dövrü olmalıdır. Yəni, 20 günlük təşviqat müddətinin 1-ci yarısının bitməsinə lap az qalıb.

Ortada kimlər fovaritdir? YAP-ın təqdim etdiyi namizədlərin qarşısından kimlər qaçdı, kimlər hansı şərtlərlə təslimçi rolunda dayandı?

Doğrudanmı, seçki təşviqatı boynuna bir mavi şarf atıb hansı  tində 5-6 nəfər görən kimi   bir neçə kəlmə danışıb, xeyli şəkil çəkdirib sosial şəbəkədə paylaşmaqdan ibarətdirmi? Bir şəkil, bir şüar deməklə deputatmı olmaq olar?

Ölkə miqyaslı seçki qüsurları, maneələri, şouları və sair bəllidir.

Bəs,  125 seçki dairəsinin təxminən 10 faizə yaxınını əhatə edən cənub bölgəsində, əhalisinə görə ölkənin ən böyük kənd rayonu hesab olunan Masallı rayonunda vəziyyət necədir?


Bir sıra namizədlər sadəcə ərazini tanımır.

Müxtəlif vaxtlarda bu rayona yaralar vurulub - tarixi abidələri dağıdılıb, ziyalıları küncə sıxılıb, məhkəmələrə çəkilib, bəzi idarələrdə rüşvətxorluq adi normaya çevrilib, bələdiyyə seçkiləri oyuncağa çevrilib – haradaydı bu “fovaritlər”?.  Niyə lal olmuşdular?

Yağla şoru bir-birindən fərqləndirə bilməyənlər deputat ola bilərmi?

Elə şəxslər də var ki,  bir neçə ildir “namizəd-namizəd” oynayırlar. Elə seçkinin başlanğıcında, bələkdəcə “soskasın” alıb, qaçanlar da oldu, “satılmış” vəziyyətdə “mübarizəni” davam etdirənlər də.

Biri var, hələ Əhəd Abiyevin deputat seçkisində ona yalançı alternativ olmuşdu. Sonra da heç nə ala bilmədiyi üçün Cənub xəbərləri qəzetinə müsahibə vermişdi ki, mənə ev, maşın söz vermişdi, vədinə əməl etmədi, pis adamdır.

 Həmin şəxs yenə namizəddir. Heç platforması-filanı da bilinmir.

 Biri var,  deyirdi ki, Masallı bizə əmanətdir. 2 dəfədir namizədliyin verir,  sonra seçkinin başlanğıcında mükafatını alıb oturur kənarda.

Bu gün Masallıda fovarit kimdir? O doğrudan da fovaritdirsə, digər rəqiblərindən niyə qorxur?

FB statusumda misal çəkmişdim ki, dünyanın ən məşhur futbolçusu Pele ona ötürülən qızıl pas nəticəsində boş qapı ilə üz-üzə qaldı. Lakin topu boş qapıya vurmağı özünə yaraşdırmadı. Lakin bizim namizədlər yaraşdırırlar. Elə bil “Barselona” ucqar bir kəndin məhəllə komandası ilə görüşə gəlir. Sonra da qışqırır- Urraaa, udduq!

Niyə namizədlərin çoxu mətbuatdan qaçır?

Mətbuat tarixdir. Burada deyilən qalır. Amma o tində, bu iclasda  dedikləri elə o hay-küyün içində itib-batır. Bunların heç birinin aydın platforması da yoxdur. Sadəcə, vəkilinə,  “sağdış”, “soldış”ına baxanda bilirsən ki, fovaritin səviyyəsi nədir.

Eləsi də var, redaksiyaya dəvət edir ki, ona sözünü demək üçün hər cür meydan  veririk. “Sabah gələrəm” deyib gedir. Səhəri  nə özü, nə vəkili heç telefona da cavab vermir. Niyə,  bir çoxları nə səbəbə, nə üçün deputat olmaq istədiyini açıqlamır, əsaslandırmır?

Əyər xeyriyyəçisən, buyur xeyriyyəçiliyini et də, gərək mütləq deputat olasan ki,...

Görün, utanmaq üçün nə qədər detallar var.  Niyə bu rayonun tarixinə belə ləkəli səhifələr yazırsınız? Az qala bəziləri  xadimələrini də özlərinə yalançı alternativ yazırlar. Niyə Millət vəkili kimi adı bu qədər ucuzlaşdırırsınız?  Dediklərim yalandırsa, hələ vaxta var, gəlin, sözünüzü deyin, suallarımızı cavablandırın,  əsaslarınız varsa, dediklərimizi təkzib edin.

Niyə bəzi namizədlər öncə özlərinə müharibə qəhrəmanı kimi təqdim edib, sonra qabağına bir az güclü çıxan kimi qanın rənginin sarı, ya qırmızı olduğun dəyişik salırlar.

Masallı 70 saylı DSK-dan namizədliyinə vermiş. 18 namizəddən 6-7-si  seçki başlar-başlamaz  “ağ bayraq” qaldırdı. Elə həmin vaxt da FB-də yazdım “Qorxurdunsa pişikdən, niyə çıxdın yeşikdən?”

 

Bəs yerdə qalanlar?

 Təşviqat lövhəsinə baxın - 12 namizəddən cəmi 5-nin şəkli var. Bəs qalan 7-si hanı?

Bir namizədin ki, yarım metrlik bir plakat çap etdirməyə gücü yoxdur, o insanlara çörək qazanmağı necə öyrədəcək?

10 il öncə 9 mindən artıq seçicisi olan Ərkivandan olan real namizədə elə bu qəsəbədən 10  nəfərə yaxın namizədliyin vermişdi.

İndi 9 min seçicisi olan kənddən cəmi 1 namizəd var, o da... daha qonşumuzdur deyə, bir şey demirəm.

Siyahıya baxın – guya, burada biri hüquqşünas olmalıdır,  biri qız olmalıdır ki, seçki rəngarəng, “ağıllı” təsir bağışlasın.

 Namizədin niyə bir ayağı dal qapıdadır. 5-6 dəfə sağa-sola baxıb, sonra balaca bir addım atırlar. Cəsarətsiz adamdan deputat ola bilərmi?

Bir az da özümüzü qınayaq

Sovet dövründə Masallının çox da böyük olmayan kəndində o dərəcədə “intiriqa” gedirdi ki, kənddə adam qalmamışdı ki, sovxoz direktoru işləməsin. Sonda adam tapmayıb, çox fağır adam olan birini direktor kreslosunda əyləşdirirlər. Həmin adamın mənə danışdığına görə, o kresloya əyləşəndən bir neçə saatdan sonra, əvvəl direktor olmuş şəxslərdən biri onun kabinetinin qapısını açıb, deyir ki, ay camaat, bura baxın e... gör kimi direktor qoyublar. Həmin şəxs də deyib ki, mənə niyə baxırlar? Elə özlərinə baxsınlar ki, özlərini nə günə qoydular, mən kimisini direktor təyin etdilər.

Buna görə, 5 başqasından deyəndə,  1 dəfə də özümüzü qınayaq ki, görün, nə günə qaldıq ki, ağzı “qatıq” kəsməyənlər bizim adımızdan danışmaq istəyir.

 

Bəli, gör, özümüzü nə günə qoymuşuq, ziyalımız, müxalifətimiz, mətbuatımız nə gündədir ki, ortada millət vəkili adı üçün  belə vecsizlər dolaşır.

Harasından tutursan, sanki “pıtıl” bir ağaca yapışırsan, əlində ovalanıb tökülür.

Adamlar çox yaxşı bilir ki,  “ət” yırtığı ilə “çit” yırtığının fərqi nədir.   Kimsə özünü yalandan qəhrəman göstərməsin.

Bizdə yalançı qəhrəmanların cəsarəti çoxdan “axtalanıb”.  Onlar mənə, sənə, 5-10 hələ nəfəsi gələn söz aşiqinə güclərin göstərə bilər, böyüklərin qarşısında isə boyunları qıldan nazikdir.

Guya əhali bilmir ki, “abbasının” o üzü ilə bu üzünün fərqi nədir?

 Bu gün az qala sayını itirdiyimiz namizədlər rayonda baş verən saysız-hesabsız qanunsuzluqlara, biganəliklərə, az qala işgəncə həddinə çatan əməllərə niyə dözürdülər? Neçə nəfər nahaqdan həbsə atıldı, abidə yerindən tutmuş uşaq bağçasınadək satıldı, bunlar, indi mənəm-mənəm deyənlər susdular.

Bu torpağın az qala 3  dəyərli şairindən biri olan, 50 yaşında dünyasını itirmiş rəhmətlik Böyükxan Pərviz kimi şairin 150 səhifəlik kitabını çap etməyə 1000 manat pul tapılmır, “Masallı alimləri”, “Qadın alimlərimiz” kitabları da onun kimi.

Bu gün abadlığından ağız dolu danışdığımız  Masallının hər iki parkında 1 ayaqyolu yoxdur deyə, veteranlar təbii ehtiyaclarını ödəmək üçün ətrafdakı idarələrin, qonşu ofisslərin qapısını  döyür. 

Unutmayın ki, bu gün 5 qat maskalar da işə yaramır- istər dodağından şalvarının balağına qədər orden-medalın,   10-15    “kitabın”, cibində hansı partiyanın biletin-filanın olsun, ancaq əqidən, amalın, cəsarətin  aşsüzəndirsə,  bizi uzağa apara bilməzsən.

Bu adamların bir çoxu dostluğumuzda olsa da, tənqidi yazılarımızda “bəyən” düyməsini basmağa qorxdular. Mən beləsinə niyə səs verməliyəm?

Sonda namizədləri təxminən belə bölə bilərik:

-İqtidarın dəstəklədikləri;

-müxalifət adı ilə qoşulanlar;

- satılmağa gələnlər;

-satılmaq istəyib, lakin “alıcı”tapmayanlar;

- “mırta”, özünü reklam üçün seçkiyə qoşulanlar.

Yəqin ki, bu, seçki mövzusunda sonuncu yazımız olmayacaq. “Rənglərin” mən dedim, adların siz deyin.

Zahir Əmənov







Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10