Sosioloq: “Hər yerindən duran şəxsin namizəd olmasının günahı əvvəlki deputatlardadır”
“Namizədi seçin, qurtarın!”, “Seçilmək istəmirəm, həftə səkkiz, mən doqquz fevraldan yanınızdayam!”, “Varsa məndə gözəli, olsun millət vəkili!”, “Gələcək deputatlığa namizəd – Qaqa, bu il keçdi, gələn dəfə mən də namizədliyimi verəcəm”, “9 fevralda gəlin birlikdə olaq – səsiniz qürurum, yatağım yatağınızdır!”, “Əfruzə ilə danışmışam, sizə pənah aparmışam, səs verin ki, Milli Məclis boş qalmasın”.
Son günlər bu kimi “seçki şüarları” ilə sosial şəbəkələrdə tez-tez qarşılaşırıq. Yəni budəfəki seçki prosesi, namizədlərin təbliğat və təşviqat kampaniyası, sözün bütün mənalarında lağlağı obyektinə çevrilib. Vəziyyət o həddə çatıb ki, həm bəzi namizədlərin seçdiyi sloqanlar hədəf alınır, həm də deputatlığa yaramayan şəxslərin “namizəd” posterləri hazırlanır.
Maraqlıdır, budəfəki seçkilərdə hər yerindən duran şəxsin namizədliyini irəli sürməsinə, həmçinin vəziyyətin bu həddə gəlməsinə səbəb və ya səbəblər nə oldu? Mövzu ilə bağlı suallarımıza sosioloq Əhməd Qəşəmoğlu aydınlıq gətirib.
Onun sözlərinə görə, namizdələrin bir çoxunun, ümumiyyətlə deputatlıq, namizdəlik barədə geniş təsəvvürü yoxdur: “Namizdələrin bəziləri elə bəri başdan bilirlər ki, deputat seçilməyəcəklər, heç özlərini deputat kimi də təsəvvür etmirlər. Sadəcə xoşlarına gəlir ki, şəkilləri divarlardan asılsın, bəziləri isə gələcəkdə lazım olar deyibən, təcrübə yığmaq üçün prosesə qoşulublar".
"Azərbaycanda bir modabazlıq azarı da var, düşünürlər ki, “dostum, yoldaşım, qonşum namizdəliyini veribsə, mən niyə verməyim”. Bu dəfə də namizdələrin əksəriyyəti dəb xatirinə, onu-bunu yamsılamaq üçün bu işə girişib. Cəmiyyət təcrübəsiz olanda orada yamsılamaq istəyənlərin sayı çoxalır. Türkiyə, Amerika, Fransa kimi ölkələrdə camaat bilir ki, deputatlıq nədir, kim deputat ola bilər, insanlarda bu barədə təsəvvür aydındır. Azərbaycanda isə deputat barədə təsəvvür aydın deyil”, - Qəşəmoğlu bildirib.
Sosioloq düşünür ki, mövcud vəziyyətin bir günahı camaatdadırsa, digər günahı da əvvəlki deputatlardadır: “Çünki elə təsadüfi adamlar deputat idi ki, indiki namizdələr onlara baxıb düşünür ki, “mən ondan ağıllıyam, o, deputatdırsa, mən niyə deputat olmayım”. Bir çoxu fikirləşir ki, “filan müğənni deputatdırsa, mən niyə olmayım, mən ondan yaxşı oxuyuram”, “filankəs məndən zəif oxuyurdu, mən ondan qoçaq idim, o, deputat idisə, mən niyə olmayım”. Parlamentdəki deputatların özlərinin davranışları deputatlıq barədə təsəvvürləri korlayıb. Parlamentdə oturub ağızlarına gələni danışdılar, hətta elələri var idi ki, danışanda həm özlərini biabır edirdilər, həm də parlamenti. Onları görənlər də düşünürlər ki, “mən ondan ağıllıyamsa, niyə deputat olmayım””.
Ekspert hesab edir ki, namizədlərin bir qismi də "fors vermək" üçün bu prosesə qoşulub: “Necə ki, bahalı avtomobil nömrəsi, bahalı telefon, bahalı geyim alanda forslanırlar, indi də eynən. Namizədlərin qalan qismi isə hiylə işlədir, bilirlər ki, hansı dairədən pullu adam namizədliyini verib və həmin adamdan pul qoparmaq məqsədilə meydana atılıblar. Fikirləşirlər ki, “evdə bekar oturana qədər, namizədliyimi verim, pullu adamdan pul alıb oyundan çıxım”. Və yaxud da həmin pullu adamdan hansısa bir işdə kömək istəyirlər. Yəni bu işə də biznes kimi baxırlar. Hazırda da bu proses gedir”.
Həmsöhbətimiz namizədlərin sayının həddindən çox olmasının səbəblərinə də aydınlıq gətirib: “Prezident çıxışlarında bildirirdi ki, gənclərin daha çox irəli çəkilməsini istəyir. Həmçinin gənc kadrlar vəzifələrə gətirildi. Və bütün bunlar da insanlarda bir ümid yaratdı, düşündülər ki, dövlət də artıq gənclərin irəli çəkilməsini istəyir və onlar üçün də bir şərait yarana bilər. Həmçinin Mərkəzi Seçki Komissiyasının da öz siyasəti var və bu dəfə belə taktika seçilib ki, çox adamı qeydiyyatdan keçirsinlər. Qeydiyyatdan keçənlərin çox olması, bəlkə də, seçki prosesində canlanma, eyni zamanda demokratik seçki mənzərəsi yaradacaq. Ona görə də belə bir vəziyyət meydana çıxıb”.
“Təəssüflər olsun ki, parlamentdə oturmağa layiqli olan şəxslərin əksəriyyəti namizədliyini irəli sürməyib. Bu oyunlara qarışmaq istəməyərək kənarda durublar. Hazırda müəyyən xarakterli insanlar özlərini göstərməyə çalışırlar. Arzu edək ki, sonda layiqli parlament formalaşsın”, - Ə.Qəşəmoğlu vurğulayıb.