Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

İsa Hüseynovun öz dilindən həyat hekayəsi - Mətn



İsa Hüseynovun “Tərcümeyi-halım” essesini təqdim edirik. Esse İsa Hüseynovun 1971-ci ildə çap edilmiş “Ömrümdə izlər” kitabından götürülüb. 

Məndən tərcümeyi-halımı, başqa sözlə, həyatımı yazmağı xahiş edirlər. Deyirəm: “Tərcümeyi-halımı yazmaq üçün mənə bir insan ömrü daha lazımdır, onu da mənə heç kəs verə bilməz.” Deyirlər: “Yəni bu qədər uzundur? Gözümüzün qabağında böyüməmisən?” Deyirəm: “Cismən sizin qarşınızda böyümüşəm, ruhən başqa dünyada. Siz bilirsiniz ki, mən 1928-ci ildə Qazax rayonunun Muğanlı kəndində anadan olmuşam, 1945-ci ildə orta məktəbi , 1952-ci ildə Qorki adına Ədəbiyyat İnstitutunu bitirmişəm, 1949-cu ildən çap olunmağa başlamışam. Daha bir neçə rəqəm, daha bir neçə fakt. Və bunlar hamısı bir yerdə doğrudan da sizin gözünüzün qarşısında böyümüş adamın tərcümeyi-halı olar. Lakin, məsələ bundadır ki, mənim ruhən necə böyüdüyümü, hansı məktəblərdə, institutlarda oxuduğumu, hətta ailəmin üzvləri də bilməmiş və duymamışdır.

Tərcümeyi-halım dedikdə mənim gözümün qarşısına birinci növbədə üç qəbiristanlıq gəlir. Birisi Kür sahilində. Orada ulu babam Hüseyn koxa, Azərbaycanın düşmənləri tərəfindən güllələnmiş əmim – Hüseyn və Pirvəli, qardaşlarından az sonra bir-birinin ardınca vəfat etmiş daha üç əmim – Hacalı, Musa və adını daşıdığım İsa dəfn olunmuşdur. İkincisi, Ermənistan dağlarında “Göy qılınc” deyilən səfalı bir yaylaqda, qış aylarında qalın qarla örtülən, yazda –yayda insan ayağı dəyməyən, bizim ailə üzvlərindən və qohumlardan başqa yer üzündə heç kəsə heç nə deməyən balaca bir qəbiristanlıqdır ki, orada mənim babam Omar koxa və hər birisi mənim həyatımda dərin iz qoyub getmiş daha bir neçə adam dəfn olunub. Üçüncü qəbiristanlıq Qarayazı meşəsinin ətəyində, Muğanlı kəndinin günbatanındakı boz təpə üstündədir ki, orada sinəsi nağıllarla, bayatılarla dolu, qumrov səsli nənəm Yetərlə mənim ürəyimi öz ovcunda yoğurub düzəltmiş atam Mustafa və həyatımda dərin iz qoyub getmiş onlarla yaxın, doğma adam dəfn olunub. “Tərcümeyi-halım” dedikdə o adamların hamısı həyata qayıdır.


“Tərcümeyi-halım” dedikdə, rəhmsiz əllərlə qırılıb məhv edilmiş Qarayazı meşəsinin cah-calallı vaxtları, keçilməz cəngəlliklər, yaşıl talalar, “başı göyə dəyən” ağ qovaqlar, nəhəng palıdlar, qarağaclar, onların kölgələrində “durna gözlü bulaqlar” yenidən təbiətə qayıdır, Qarayazıda nəsli kəsilmiş məğrur yerişli marallar, min bir dildə danışan min bir rəngli quşlar və bu zəngin aləm içərisində səhərdən gecəyarıyadək gəzib dolaşan ayaqyalın, başıaçıq, arıqlıqdan qabırğaları sananan sərgərdən bir uşaq da həyata qayıdır, qəribə-qəribə macəralarımı, sarsıntılarımı, sevinc və kədərlərimi də özü ilə gətirir, dik üzümə baxıb soruşur: “Tərcümeyi-halında məni yazmaya bilərsən?”

“Tərcümeyi-halım” dedikdə, kəndimizdə təzə tikilmiş böyük, yaraşıqlı məktəb binasından kənarda, çiy kərpic divarları uçub dağılmağa başlamış alçacıq bir tikili – köhnə məktəb qarşımda dayanır. Qış aylarında qapı-pəncərələri bağlı olan, yazda isə torpaq döşəməli otaqlarında barama qurdu bəslənən bu yöndəmsiz bina xəyalımda keçmiş şöhrətli günlərinə qayıdır, şagirdini avaralıqdan, sərgərdanlıqdan, meşə macəralarının sehrli aləmindən xilas edib oxumağa həvəsləndirmək üçün sırf pedaqoji yollar axtaran, dərsi bilmədiyim halda ilk “əla” qiymət yazıb öz tərifi ilə məni əsir etmiş qoca rus dili müəllimim – Məmməd Nəsibov, mənə həyatımda birinci dəfə roman (“Dəfinələr adası”) oxutdurub mütaliəyə alışdırmış ədəbiyyat müəllimim Səlim Çəndirli, mənə İsgəndər Zülqərneyi haqqında qəribə-qəribə əfsanələr uydurub danışmış ilk tarix müəllimim – atam Mustafa, mənim təsəvvürümdə hər birisi orijinal-təkrarolunmaz şəxsiyyət kimi yaşayan şagird yoldaşlarım-dostlarım və “düşmənlərim” qarşımda dayanırlar.

“Tərcümeyi-halım”: kəndimizdə ilk bolşevik, ilk sovet sədri Səməd əmim və onun faciəli ölümü. Kəndimizdə “Kor İsa” adı ilə şöhrətlənmiş ilk kolxoz sədri və onun ölümü. Güllələnmiş qolçomaq Çırağın yurd yerində uşaqlıq və ilk gənclik dostum Hacı Eminovla söhbətlərim. Mənim Eminovlarla – “xalq düşməninin ailəsi ilə” yaxınlığımdan narahat olan qohumlarım. Atam Eminovlara hörmət bəsləyirdi, onları “yaxşı nəsil-kök” adlandırırdı, odur ki, ehtiyatlı qohumlarımın qəti qadağanına baxmayaraq, məndən beş yaş böyük olan Hacı ilə, onun ov iti “Padrujka” ilə dostluğumu kəsmədim o illər mənim həyatımın ən zəngin səhifələridir.

“Tərcümeyi-halım”: kəndimizdə dəhşətli malyariya xəstəliyi. Camaatın iclas edib anam Xədicəni “doxtorluq oxumağa” göndərmək haqqında qərarı... Atamla, anamla birgə ilk dəfə şəhərə getdim. Atam: “Seminariya bax buradır. Mən orada oxumuşam. Ordenli şair Səməd Vurğun da burda oxuyub”. “Mən burda oxuyacağam!” Atam: “Yox, sən Bakıya gedəcəksən”. Atam, anamla məni özünün bacanağı və mənim gələcək qayınatam Məcid Nəsibovun evində qoyub kəndə qayıtdı. Məcid Nəsibovun simasında mən rayon masştabında ilk partiya işçisi ilə tanış oldum, onun saqqal buraxıb molla sifəti ilə Bitdiliyə getməsi və orada “Bitdili imamının dədəsini yandırması” haqqında macəralara qulaq asdım. Burada birinci dəfə mənim qarşımda geniş dünyaya pəncərə açıldı. Burada ilk dəfə “Gepo gəlir, Gepo gəlir” – sözlərini eşidib, küçəyə çıxıb, vaxtilə qolçomaq Çıraqla bərabər mənim dostumun atasını da həbs etmiş uca boylu, meşin pencəkli, qara sifətli adamı və onun taxta qoburlu mauzerini gördüm. O günlərdə mənim ürəyimdə, ruhumda nələr baş verdiyini mən çox sonralar dərk etdim. Bunlar – sonralar dərk etdiyim hadisələr də mənim tərcümeyi-halıma daxildir.

O vaxt Qazaxın küçələrində uşaqları və qadınları qorxudan çoxlu “ciqanlar” – xuliqanlar vardı. Mən anamı indiki maldarlıq texnikumunun binasında açılmış feldşerlik kursuna aparıb gətirirdim. Anamla doktor Talışinskinin söhbəti. Anam: “Doktor, mən təzə əlifbanı bilmirəm.” Talışinski: “Mən sənə əlifba yox, sənət öyrədəcəyəm, qızım.” Anam: “Ayrı dərdim də var. Əlimdə südəmər uşağım, necə oxuyum?” Talışinski: “Südəmərlə bərabər, maşallah, belə böyük oğlun da var”. Anam: “Mən dərs keçəndə bacını saxlaya bilərsən?” Bunun nə demək olduğunu başa düşmədən dərhal cavab verdim ki, “əlbəttə saxlayaram!” sonra dörd ay hər gün, bələkli bacım qucağımda, dəhlizdə oturdum. Kənddə malyariya camaatı taun kimi qırırdı. Hökumətin qərarı ilə təbabət kurslarında təhsil müddəti birə-iki ixtisar edilmişdi. Doktor Talışinski səhər keçdiyi dərsi həmin axşam soruşurdu, axşamkı dərsi isə səhər. Anam bütün gün və gecəni latın sözləri əzbərləyirdi, mən bacımı saxlayırdım. Talışınski çox “əzazil” adam idi, heç kəsi tənəffüsə buraxmırdı. Təkcə anam arada beş-on dəqiqəlik tənəffüsə çıxır, dəhlizdə xalatının cibində pendir, çörək, soğan çıxarıb mənə verir, bacımı əmizdirir və körpəni çox vaxt ağlaya-ağlaya mənim qucağımda qoyub yenə dərsə qaçırdı.

Hərdən atam, gah da Səməd əmim kənddən gəlib, kolxozçulardan gələcək “doktor” üçün hədiyyə - qovut, ceviz gətirir. Anam öz dilinə bir tikə də vurmayıb, hədiyyələrin hamısını mənə yedirirdi. Lakin mən günbəgün arıqlayırdım. Heç kəs bilmirdi ki, mənə yemək-içmək yox, Qarayazının cəngəllikləri lazım idi. Sonralar, onuncu sinifdə oxuyarkən yazdığım ilk sandıq ədəbiyyatı nümunəsində - “Xatiratım”da mən həmin dörd aylıq dəhliz həyatımı bütün təfərrüatı ilə qələmə almışdım.

Kolxozumuzda dörd briqada vardı, hər briqada isə dörd manqa. Manqalardan hər birinin öz pambıq sahələri vardı. Anam – kəndin yeganə tibb işçisi səhər lap erkən evdən çıxıb sahələrin hamısında olmalı, qızdırmalılara iynə vurmalı və kinə paylamalı idi. “Ağıllı, tərbiyəli oğul” yükünü hələ şəhərdə ikən könüllü olaraq götürdüyümə görə mən bir daha bu yükdən azad ola bilmədim. Saysız – hesabsız xəstələrin siyahı dəftəri cibimdə, anama bir növ assistentlik eləməyə başladım. Hacıdan, “Padrujka”dan, Qarayazının azad, geniş dünyasından ayrılıb, qayğılar aləminə düşmüşdüm, yoldaşlarım məni “doxtur” adlandırıb gülürdülər, mən isə yandığımdan, onları sancmaq üçün “şeir” toqquşdururdum: “Səfehlər oylağı can Qarayazı!”

Müharibə xəbəri hər şeyi dəyişdirdi. Bu vaxt mənim on üç yaşım vardı. “Tərcümeyi-halım” deyərkən mən atamın ərizə verib müharibəyə könüllü getdiyini və tezliklə 416-cı diviziyanın şöhrətli zabitlərindən biri olduğunu, “Kommunist” qəzetində onun şəklini gördükdə dəmiryolu stansiyasından kəndə qədər dörd kilometr yolu birnəfəsə yüyürdüyümü, oğlu gedəndən sonra iflicdən qolları, qışları işləməyən nənəmi sevindirmək üçün necə tələsdiyimi xatırlayıram. Bundan bir il sonra “Ədəbiyyat” qəzetində atamın Səməd Vurğuna cəbhədən məktubunu, o məktubda bizim ailəni yoluxduğuna görə atamın şairə təşəkkürünü xatırlayıram. Lakin bunlar hamısı, yuxarıda dediyim kimi, tərcümeyi-halın yalnız ayrı-ayrı cizgiləri, faktlarıdır. Məzmuna gəlincə deməliyəm: müharibə illərində kəndimizdə şahidi olduğum müsibətlərin içində məhv olmuş gəncliyimi xatırlayıram.

“Tərcümeyi-halım” deyərkən mən 1945-ci il mayın 9-da sevincdən kəndin arasında dəli kimi atılıb düşdüyümü və “arxa cəbhədə çalışmaqdan” qarnı piy bağlamış bir nəfərin mənə necə tərs-tərs baxdığını xatırlayıram. Beş il sonra yenə də həmin gün – mayın 9-da Qızıl meydanda “Ura! Ura!” deməkdən səsimin tutulduğunu xatırlayıram.

Sonra mənim necə deyərlər psixoloji sarsıntılar dövrüm başlanır, həyata, hadisələrə, insanlara yeni gözlə baxmaq dövrüm. Tələbəlik illərindən bir fakt. Professor Məmməd Arif Dadaşzadə (imtahanda): “Nə oxumusan?” mən: “Oblomov”, “Obıknavennaya istoriya”. Professor bir qədər təəccüblə: “Qonçarovda nə xoşuna gəlir?” Mən: “Ümumiləşdirmə qabiliyyəti”. Professor: “ Kifayətdir. Kitabçanı ver”. Bu mükalimə mənim sonrakı az-çox şüurlu həyatım üçün epiqrafdır.

Çap olunmağa başladığım ildən bir fakt. Mehdi Hüseyn: “Səni tənbeh eləyəcəm. Oçerkdə niyə öz atandan yazmısan?” Mən: “Çünki atamı yaxşı tanıyıram”. Bu mükalimə isə mənim bütün yaradıcılığım üçün epiqraf ola bilər.

İllər keçir, həyat dəyişir, təbii, mən də dəyişirəm; babamın uzaq dağlar qoynunda sahibsiz qəbri, düşmən gülləsindən həlak olmuş əmilərimin, ömrü boyu, öz dediyi kimi, “el üçün çalışıb” bu yolda da həlak olmuş atamın və onunla yanaşı yatan əziz, doğma adamların türbələri məndə zamanlar və adamlar haqqında yeni-yeni düşüncələr doğurur. Mənim tərcümeyi-halım bu düşüncələrdədir.

Düşüncələrdən kitablar əmələ gəlir; bu günə qədər nə yazmışamsa, hətta tarixi mövzuda təcrübə etdiyim yazılar da öz tərcümeyi-halımdan doğulmuşdur. Yazıçı öz ürəyini, öz beynini yazmırsa, səmimi deyil. Səmimi deyilsə-yazıçı deyil.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10