Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“İkinci hakim partiya yaradıla bilər, YAP-la alınmır”



Natiq Cəfərli: “Parlamentin buraxılmasına səs verən həmin insanların yenidən namizəd olmaları, ən azı siyasi etikaya uyğun deyil”

 

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) dekabrın 27-də açıqladığı, 9 fevral 2020-ci il növbədənkənar parlament seçkiləri ilə bağlı namizədlər siyahısı cəmiyyətdə fərqli fikirlərə yol açdı. “Yenə köhnələr siyahıdadırlar”, “Yeni namizədləri heç kim tanımır”, “Cəmiyyəti günlərlə bu cür məntiqsiz siyahıya görə gözlətdilər” və s. kimi fikirlər yayılıb.

 

YAP isə bəyan edir ki, “biz belə uyğun gördük, namizədlərimiz xoşunuza gəlmirsə, başqa namizədlərə səs verə bilərsiniz”. Yəni hakim partiya, bütün tənqidlərə rəğmən, mövqeyinin doğru və haqlı olduğu qənaətindədir.

 

Bəs müxalifət nə düşünür? Rəqib siyasi dairələrdə YAP-ın namizəd siyahısı necə qarşılanır? 

Cenub.az xəbər verir ki, ayna.az-ın əməkdaşı bu məsələyə aydınlıq gətirmək məqsədilə REAL Partiyasının funksioneri, parlament seçkilərinə namizəd Natiq Cəfərli ilə həmsöhbət olub.

- Natiq bəy, YAP-ın namizədlər siyahısı barədə ilkin təəssüratınız necə oldu?

 

- Əslində, biz təşkilat olaraq YAP-ın siyahısını gözləmədən də namizədlərimizin açıqlanması prosesinə başlamışdıq. Çünki bu, bizim üçün o qədər də önəmli deyildi. Baxmayaraq, hakim partiyanın siyahısı ictimaiyyətin ciddi diqqət mərkəzində idi. Lakin mənim diqqətimi cəlb edən iki önəmli məsələ oldu:

 

Birinci məsələ ondan ibarətdir ki, parlamentin buraxılmasına səs vermiş deputatların namizədliklərini yenidən verməsi böyük məntiqsizlikdir. Çünki parlamentin buraxılması ilə bağlı səslənən arqument o idi ki, parlament aparılan islahatlarla ayaqlaşa bilmir və müəyyən problemlər yaradır. Əvvəl bu arqumentlə çıxış edib parlamentin buraxılmasına səs verən həmin insanların, indi yenidən namizəd olmaları, ən azı siyasi etikaya uyğun deyil.

 

İkinci məsələ isə odur ki, siyahıda yeni, gənc adlar var. Amma bu adları “Google” axtarış sistemi belə, tanımır. Çünki həmin şəxslərin keçmişi, siyasi və ictimai fəaliyyətləri yoxdur. Siyasətlə məşğul olmaq istəyən insanların siyasi keçmişi olmalıdır ki, namizəd olmağa da əsas yaransın. Amma yeni namizədlərin böyük əksəriyyətini ictiamiyyət tanımır. Maraqlıdır ki, seçkilərə qalan bu az zaman ərzində YAP həmin namizədləri seçicilərə hansı üsullarla tanıdacaq?!

 

- İstər siyahının gec açıqlanması, istərsə də sizin sadaladığınız məqamlar onu deməyə əsas verirmi ki, siyahıciddi müqavimət və təzyiq altında tərtib olunub?

 

- Siyahının gec açıqlanması və cəmiyyətdə müxtəlif şaiyələrin yayılması onu deməyə əsas verir ki, bu siyahı heç də rahat başa gəlməyib və sistemdaxili fiqurların siyahının tərtibinə müəyyən təsirləri olub. Siyahının həm gec açıqlanması, həm də köhnə tərkibin yenidən namizəd olması YAP üçün asan olmadı. Lakin bu, YAP-ın formal siyahısıdır. Əslində, müstəqil namizədlər adı altında cəmiyyət tərfindən tanınan, nüfuzu olan və hökumətin dəstəklədiyi, parlamentdə görmək istədiyi müstəqil namizədlər çoxluq təşkil edəcək və həmin şəxslərin parlamentdə təmsil olunma ehtimalı daha yüksəkdir. YAP sonuncu parlament seçkilərində formal olaraq 67 mandat qazanmışdı. Çox güman ki, qarşıdan gələn seçkilərdə bu rəqəm daha da az olacaq – təxminən, 40-45 nəfər. Artıq parlamentdə hakimiyyətyönlü müstəqil namizədlərin olması və çoxluq təşkil etməsi ehtimalı daha yüksəkdir.

 

Digər tərəfdən, ikinci hakim partiyanın yaranması ehtimalı da çox yüksəkdir. Çünki YAP-ı yenidən siyasi fəaliyyətə qaytarmaq çox çətin olacaq. Bu da partiyanın reytinqinin kifayət qədər aşağı düşməsi ilə bağlıdır. Ona görə də ikinci hakim partiyanın yaranması və parlamentdə təmsil olunacaq hakimiyyətyönümlü müstəqil namizədlərin yeni bir partiya qurmaq ehtimalı çox yüksəkdir. Yenilənən Azərbaycanda, yeni oyun qaydaları şəraitində YAP-ın siyasi səhnədə yeri görünmür və nəticə etibarilə ikinci hakim partiyanın yaranması və onun daha ideoloji, daha cəlbedici olması, vətəndaşların daha çox dəstəyini qazanması ehtimalının olması və yeni səhifədən fəaliyyətə başlaması müəyyən üstünlüklər gətirə bilər.

 

- İkinci hakim partiyanın nüfuz qazanacağına inanırsınız?

 

- Təbii ki, bu, zaman alacaq. Amma o partiyada təmsil olunan insanların verəcəyi mesajlar, qəbul edəcəyi proqramlar, həmin proqramların cəmiyyət təfindən necə qəbul olunması əsas rol oynayacaq. Lakin, YAP-ın 27-28 illik yükünü daşımaqdansa, yeni səhifənin açılması, düşünürəm ki, daha məqbul sayıla bilər. Bu baxımdan, mənə elə gəlir ki, hakimiyyət ikinci səhifədən başlamağa üstünlük verəcək.

- Hakim partiya namizədlərin 70 faizinin gənclərdən ibarət olduğunu deyir. Dediyiniz kimi, həmin gənclər cəmiyyət tərəfindən tanınmır. Aralarında 20-25 yaşlılarının olduğu deyilir. Maraqlıdır, islahat belə olur?

 

- Əslində, cəmiyyətdə islahatların təqdimatı yanlış edilir. Belə ki, gəncləşmə islahat demək deyil. Azərbaycanda müstəqillik əldə ediləndən sonra doğulan insanların sayı 3 milyonu keçib. Onların artıq bir çoxu seçicidir. Onların parlamentdə, icra strukturlarında, siyasətdə görünmək kimi arzuları var, təbii ki, bu, normaldır. Amma islahat yaşla əlaqəli deyil. İslahat, qanunlarla, qaydaların dəyişməsi ilə, təkliflərin və cəmiyyətin gözləntiləri özündə ehtiva edən siyasi çıxışlarla və vədlərlə bağlıdır. Lakin biz bunu hələlik görmürük. Məsələn, YAP-ın seçki platforması məlum deyil. Adi seçici YAP-ın seçki platformasını, onların seçkidə hansı vədlər verəcəyini, bu vədlər yolunda hansı addımlar atacağını bilmirsə, çətinlik yaşayacaq. Hətta bu günə qədər YAP-ın belə seçki platforması olmamışdı.

 

- Siz və təmsil etdiyiniz partiya ən başdan seçkidə iştirakın tərəfdarıdır. Lakin müxalifətin bir qismi də var ki, boykota üstünlük verir. YAP-ın açıqladığı siyahı, hansı ki, cəmiyyətdə birmənalı qarşlınamadı, boykot tərəfdarlarının mövqeyini gücləndirə bilər?

 

- Düşünrəm ki, boykot və ya iştirak mövzusu artıq bağlanıb və hər kəs öz istiqamətində hərəkət edir. Amma tarix də sübut edib ki, boykotla heç nə əldə etmək mümkün deyil. Azərbaycanda seçki senzi yoxdur. Yəni parlament seçkilərinə 10 faiz adam gəlsə belə, seçkilər baş tutmuş sayılır. Yəni boykotun nə hüquqi, nə də siyasi əsası var. Müstəqillik dövründən bəri Azərbaycanda 24 seçki prosesi olub və bu gün fəaliyyətdə olan ənənəvi müxalif partiyalar bu seçkilərin 12-də iştirak etsə də, 12-də iştirak etməyib. Seçkilərdə iştirak edəndə də, boykota gedəndə də eyni arqumentlərlə çıxış ediblər. Ona görə də boykotun gətirə biləcəyi heç bir uğur hekayəsi mümkün deyil. Amma iştirak müəyyən dərəcədə prosesin içində olmaq, qanun pozuntularını rəsmiləşdirmək və ictimailəşdirmək, prosesin monitorinqləri ilə bağlı kifayət qədər imkanlar yaradır. Prosesin içində iştirak etmədən buna qiymət vermək isə, doğru deyil. Bizim üçün də bu məsələ artıq qapanıb. Çünki biz iştirakın üstünlüyünü bilirik.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10