Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“YAP öz sədrinin də, xalqın da son etimadını itirmiş oldu”



Nəzakət Məmmədova: “O zaman hansı məntiqlə parlamenti buraxdılar?!”

 

Yeni Azərbaycan Partiyasının (YAP) dünən keçirilən iclasında partiyanın növbədənkənar parlament seçkilərində iştirak edəcək namizədlərinin siyahısı açıqlanıb. Gözlənildiyi kimi, partiyanın namizədlər siyahısında yeni simalar olsa da, parlamentdə partiyanı təmsil edən əvvəlki deputatlar da yer alıb. Lakin siyahı açıqlandıqdan sonra cəmiyyət tərəfindən bir sıra suallar meydana gəlib.

 

Cenub.az xəbər verir ki, ayna.az-ın mövzu üzrə suallarını siyasi şərhçi Nəzakət Məmmədova cavablandırıb:

 

- Nəzakət xanım, Yeni Azərbaycan Partiyası, nəhayət siyahısını açıqladı. Bu, gözlənilən bir siyahı oldu, yoxsa hansısa təəccüblü məqamlar var?

 

- Siyahı həm gözlənilən idi, həm də təəccüblü. Onun təəccüblü tərəfi elə orasındadır ki, bu qədər məsələlərdən sonra YAP siyahıda xeyli köhnə parlament üzvlərinə yer ayırıb. Sanki, Prezidentin indiyədək verdiyi tövsiyələr, məsləhət və göstərişlər, ictimaiyyətin bu qədər qınağı boş, hədər imiş. Üstəgəl, bitərəf adı altında köhnə millət vəkillərinin əksəriyyətinin yenidən öz namizədliklərini irəli sürdüklərini nəzərə alsaq, acınacaqlı mənzərə ortaya çıxır. O zaman belə bir mənzərə ortaya çıxır: Onlar bu addımları ilə özləri-özlərini təkzib etmiş olurlar. Bir tərəfdən islahatlara ayaq uydura bilmədiklərini, özlərinin qeyri-adekvat olduqlarını etiraf edirlər, digər tərəfdən yenidən növbəti dönəmdə millət vəkili olmaq iddiasından əl çəkmirlər. Belə olan halda parlamentin buraxılması, yeni seçkilər nəyə lazım idi?! Prezidentin sədri olduğu partiya niyə öz rəhbərinin çağırışına axıradək əməl etmək istəmir?! Buna nə ad vermək olar?! Prezidentə qarşı çıxmaq, ictimai rəyi heçə saymaq, yoxsa vəzifə hərisliyindən əl çəkə bilməmək?!

- YAP-ın namizədlər siyahısını nə qədər yenilənmiş və gənclənmiş hesab etmək olar?

 

- Doğrusu, siyahıdakı yeni adların çoxu şəxsən mənə tanış deyil, yəqin ki, heç ictimaiyyət də onlar haqda geniş məlumatlara malik deyil. Onların nə dərəcədə ictimai fəal, xalq arasında nüfuzlu insan olduqlarını söyləmək çətindir. Ola bilsin ki, onlar hər hansı sahədə uğur qazanmış şəxslərdir, lakin əksəriyyəti ictimaiyyətə tanış deyil. Yenilənmə ola bilər, lakin bu yenilənmə nə qədər uğurludur və dövlət başçısının, eləcə də cəmiyyətin gözləntilərinə cavab verir, onu demək çətindir. Siyahıda adları yeni əlavə olunmuş şəxslər haqda məlumat, demək olar ki, çox az olduğundan onların yaşı, fəaliyyəti barədə fikir yürütmək çətindir. Bu, artıq partiyanın problemidir. Demokratik seçki keçiriləcəyi halda müxalifət namizədlərinin və həqiqi müstəqil namizədlərin qarşısına bu siyahı ilə çıxmaq “intihar”a bərabərdir. Onların nəyə arxayın olduqları isə təəccüblüdür. Yuxarıda Prezident, qarşılarında xalq. Bununla hara qədər getmək olar?!

 

- Hakim partiya bu heyətlə uğura nə qədər yaxındır?

 

- Seçki demokratik keçirilsə, YAP-ın bütövlükdə partiya olaraq qalib gəlmə şansı çox azdır. Köhnələr öz qeyri-adekvatlıqlarını etiraf ediblər, yenilərin çoxusunu isə xalq demək olar ki, tanımır. Prezident köhnə parlamentə alternativ yol göstərib və bu, fəal, xarici dilləri bilən, geniş dünyagörüşünə malik, müasir təfəkkürlü gənclərin, qadınların dövlət siyasətində yer almasıdır. Təbii ki, bu, orta və yaşlı nəslin tamamilə silinməsi, onlara qarşı diskreditasiya demək deyildi. Bununla belə, zaman-zaman təkəbbürlü, xalqı aşağılayan milləti plebey, özlərini ali təbəqəyə mənsub şəxslər kimi görən bir sıra millət vəkillərinin yenidən bu siyahıya salınması hakim partiyanın şansını azaldır. Doğrudur, onların içərisində millət vəkili adına layiq insanlar da var, lakin bu, çox az nisbət təşkil edir. Ola bilsin ki, orada öz sahəsinin yaxşı mütəxəssisləri var, yaxşı insanlardır və s. Heç kəs onların şəxsi keyfiyyətlərini müzakirə etmir, hərçənd bu da vacib xüsusiyyətdir. Xalqı maraqlandıran bu insanların (təbii ki, söhbət əksəriyyətdən gedir) millət vəkili kimi yararsız fəaliyyətidir. Onlara dəfələrlə şans verildi ki, yaxşı işləsinlər. Amma təəssüflər olsun ki, əvvəlki parlamentlərin fəaliyyəti nə xalqı, nə dövlət başçısını qane etdi. Bu siyahı ilə nə Prezidentin, nə də xalqın etimadını qazanmaq mümkündür. Seçkiyə müdaxilə olmayacağı halda həmin siyahının uğur şansı çox aşağıdır.

 

- Konkret olaraq, siyahıda kimləri gördüyünüzə və görmədiyinizə təəccübləndiniz?

 

- Doğrusu, çox cüzi istisnalarla siyahı məni təəccübləndirdi. Köhnə adların qalması, tanınmayan, ictimai rəydə barələrində heç bir təsəvvür olmayan yeni isimlərin əlavə olunması təəccüblüdür və heyrətamizdir. Bu, prosesləri anlamamaqdır, yoxsa islahatlara müqavimət?! Əsl düşündürücü sual budur ki, onun da cavabını zaman göstərəcək. Bəlkə də siyahıda olan şəxslərdən bir çoxu olduqları sahədə gözəl mütəxəssisdir və onlar öz sahələrində ölkəyə, xalqa daha çox faydalı ola bilərdilər, nəinki millət vəkili kimi. İslahatlar taleyüklü məsələdir və onu bir qrup insanın mənsəbpərəstliyinə, inadkarlığına qurban vermək olmaz. Məncə, YAP proseslərə adekvat olmayan siyahı ilə dövlət başçısı qarşısında etimadını tükətmiş oldu.

- Cəmiyyətdə belə bir fikir formlaşmışdı ki, parlament bəzi deputatlara görə buraxılıb. Lakin həmin deputlar yenidən YAP-ın namizədlər siyahısında yer alıb. Bunu necə başa düşmək olar?

 

- Bizim müstəqillik dövrünün parlamentlərini 100 il əvvəlki parlamentlə müqayisə etsək, Çar Rusiyasının Dövlət Dumasında və Azərbaycan Demokratik Respublikasının parlamentində fəaliyyət göstərən bir neçə şəxsin, xüsusilə, Əlimərdan bəy Topçubaşovun adını çəkmək kifayətdir. Topçubaşov Dumada müzakirələr zamanı Çar hökumətinin aqrar və köçürmə siyasətini pisləmiş, Rusiyadakı müsəlmanlara muxtariyyət verilməsi tələbini səsləndirmişdi. Paris sülh konfransında diplomatik istedadı sayəsində Azərbaycanın müstəqil dövlət kimi tanınmasına nail olmuşdu. 100 il sonra Azərbaycan parlamentariləri onlarla müqayisə belə, oluna bilməz. Belə çıxır ki, biz inkişaf etmək əvəzinə geri gedirik. YAP belə bir namizəd ortaya qoya bilibmi?! Ümumiyyətlə, bu siyahının hansı əsasla, hansı məntiq və kriteriyalar əsasında tərtib olunmasının izahatı verilsəydi, yaxşı olardı. Ümid xalqın düzgün seçiminə və Prezidentin qətiyyətinə qalıb ancaq.

 

- Hakim partiyanın namizədlər siyahısı rəqiblərinə nə kimi şans verir?

 

- Prezident dəfələrlə açıq şəkildə bildirib ki, köhnə qruplaşmalardan qurtulmaq zamanıdır, dövlət yeni siyasətçilərə, ictimai xadimlərə ehtiyac duyur. Prezidentin bu fikirləri bir çağırış, göstəriş kimi qəbul olunmalı, nəticə çıxarılmalıdır. Azərbaycan dövlətçiliyi, xalqın gələcəyi bir qrup mənsəbpərəst, şöhrətpərəst, təkəbbürlü adamların inadkarlığının, hikkəsinin girovuna çevrilməməlidir. Azərbaycan siyasətində həm AXCP-Müsavat, həm də YAP nomenklaturası erası başa çatıb. Yeni dövr yeni çağırışlar, tələblər ortaya qoyur: savadlı, müasir təfəkkürlü şəxslər meydana çıxmalıdır. Azərbaycan parlamentində təmsil olunan şəxslər daxili siyasətdə seçildiyi dairəni təmsil edirsə, xarici siyasətdə dövləti təmsil edir. Prezident elan edib ki, Azərbaycanda güclü müxalifət yoxdur. Deməli, artıq əvvəlki dövrlərdə olduğu kimi müxalifətə cavab vermək kriteriyaları yox, beynəlxalq təşkilatlarda Ermənistan parlamentarilərini, erməni diasporunu və onlara satılmış Qərb parlamentarilərini, siyasətçilərini susdurmaq iqtidarında olan, ölkəni yüksək səviyyədə təmsil etmək potensialı olan şəxslər hakim partiyanın siyahısında olsaydı, bu, xalqı da, dövlət başçısını da qane edərdi. İndiki halda isə bunu demək çətindir. Bundan sonra Prezidentin iradəsi və xalqın seçimi proseslərin gedişatını həll edə bilər. YAP bu siyahı ilə rəqiblərinə şans yaratdı, çünki heç zaman parlamentdə təmsil olunmamış elə müstəqil namizədlər var ki, cəmiyyətdə hakim partiyanın istənilən namizədindən daha nüfuzlu və şanslıdır. YAP bunları nəzərə almamaqla siyasi prosesləri müəmmalı gələcəyə tərəf sürükləmiş oldu.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10