Cənab Prezidentin 3 aprel tarixli “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı ilə qanunvericiliyə bir sıra dəyişikliklərin edilməsi nəzərdə tutulmuşdu. Biri istisna olmaqla onların hamısı demək olar ki, edildi və bu günlərdə dərc edildi. Mütərəqqi dəyişkliklərdir, xüsusilə məhkəmə ekspertizası məsələsində və vəkillərin səlahiyyətlərinin genişləndirilməsində.
Bəs istisna təşkil edən bir məsələ hansıdır? Fərmanın 3.7-ci bəndindəki “məhkəmə icraatının obyektivliyini daha dolğun şəkildə təmin etmək üçün bütün məhkəmə iclaslarının fasiləsiz audioyazısının aparılması və protokolun məhkəmə iclasının audioyazısına uyğun tərtibi tələbinin müəyyən edilməsi”. Ali Məhkəməyə və Məhkəmə-Hüquq Şurasına tövsiyə, Ədliyyə Nazirliyinə isə tapşırılmışdı ki, bu məsələləyə dair normativ hüquqi aktın layihəsini hazırlayıb 2 ay müddətində Prezidentə təqdim etsinlər. Belə çıxır ki, təqdim edilməyib və qəbul edilməyib!
Halbuki, bu məsələ islahatların yarısına bərabər olan məsələdir! Xüsusilə cinayət işləri üçün əhəmiyyətlidir. Mülki, iqtisadi və inzibati işlərdə onsuz da əsas sübutlar sənədlərə əsaslanır. Cinayət işlərində isə məhkəmə iclasları əsnasında iştirakçıların dindirilməsi olduqca vacibdir. Lakin təcrübədə bu dindirmənin nəticəsi protokolda, bir qayda olaraq, ittiham tərəfinə sərf etdiyi kimi təsbit edilir. Vəkillərin şahidlərə, zərəçəkmişlərə və s. verdiyi suallara alınan cavablar isə it-bat olur. Yəni xarici filmlərdə gördükləriniz (vəkilin dindirmə məharəti və s.) bizim məhkəmələrdə sadəcə işləmir. Vəkilin dindirilənlərin yalanını tutması, ziddiyyətli ifadələri aşkar etməsi və s. üzrə zəhməti sadəcə nəticədə puç olur: protokolda əks olunmur. Bununla bağlı verdiyi şikayətlər də əsasən nəticəsiz qalır: hakim və prokuror üzünə dururlar ki, belə bir şey olmayıb, vəssalam!
Bəli, ola bilər ki, texniki cəhətdən bütün məhkəmələrimiz buna hələ hazır deyil (amma İT sahəsindəki inkişafımızı nəzərə alaraq, elə də çətin məsələ deyil). Amma heç olmasa qanuna daxil edib, qüvvəyə minməsini 6 ay sonraya təyin etmək olardı. Bu da edilmədi. Deməli, kimlərəsə sərf etmir bu məsələ. Buna görə islahatlar hətta qanunvericiliyə edilməli olan dəyişikliklər məsələsində yarımçıq qaldı. Mən hələ dəyişikliklərin necə icra olunacağı barədə danışmıram…
konktet.az