Başlıq bir qədər gurultulu alınsa da, bir bərbad kənd məktəbində görülən işlər sabaha böyük ümidlər oyadır
Proloq əvəzi.
Xırman-dalı. Doğrudanmı, burada rahatlıqlar, normal təhsil, normal istirahət, digər sosial problemlər... “xırmanın” dalında qalıb?
Bərbadlıq simvolu olan məktəb, fədakar və yenilikçi direktor, qürur doğuran keçmiş, ürək ağrıdan “mənzərələr”. 100 il öncə “Respublika” olan kənd, bu gün ən kasıb məhəlləyə oxşayır.
Xırmandalı kəndi Masallı rayonunun mərkəzindən təxminən 20 kilometrlik məsafədə yerləşir. Bu ərazi dairəsi Xırmandalı, Hacıtəpə, Ərəb kəndlərini əhatə edir.
Hansı kəndin əvvəli, hansı kəndin axırı
Xırmandalı bir sıra məqamlara görə adi kəndlərdən deyil.
Çox qədim tarixə malik, ilk respublikanın, Masallıda ilk sənaye müəssisəsinin, olduqca dəyərli insanların doğum ünvanı olan kənd bu günlər az qala həm də bərbadlığın ünvanıdır.
Kəndin tarixi ilə yazı bu linkdə ətraflı əksini tapıb. (http://cenub.az/4052-xirmandal-hrtli-kemii-bu-gnk-marallarn-sald-yer-krblay-ta-oca.html). Qaldı ki, kəndin acınacaqlı vəziyyəti... Təkcə buradakı 800 şagirdlik məktəbin dəhşətli dərəcədə bərbad durumunu görmək kifayətdir.
Son illər digər rayonlarda olduğu kimi Masallıda da onlarla yeni məktəb tikilsə də, hələ də bəzi yerlərdə bərbad məktəb binaları olsa da, Xırmandalıda 42 il öncə tikilmiş məktəb binası sanki rayonda bərbad məktəbin simvoluna çevrilib. Bu məktəb binasında yaxın vaxtlara qədər salamat halda nə isə tapmaq müşkül bir məsələ idi. Ayaqyolundan tutmuş, pəncərəsi, qapısı sınıq-salxaq, bəziləri partasız, yazı taxtasız, stol-stulsuz otaqlar, yox səviyyəsində olan kitabxana, xaraba gündə olan idman zalı... və digər kəm-kəsirlər göz deşirdi.
Qısa müddətdə məktəbə rəhbərlik bir neçə nəfərə həvalə edilsə də, irəliləyiş əldə olunmamaşdı.
2019-cu il martın 4-də isə gənc kadr Kamal Təhməzov müsabiqə yolu ilə Xırmandalı kənd tam orta məktəbinə direktorluğa təyinat aldı.
Kimdir Kamal Təhməzov?
1982-ci ildə Masallı rayonunun Çaxırlı kəndində anadan olub. ADPU-nin filologiya, Naxçıvan Dövlət Universitetinin hüquq fakültələrinin fərqlənmə diplomu ilə bitirib, 27 dekabr 2006-cı ildən boya-başa çatdığı Çaxırlı orta məktəbində müəllim işləyib.
Kamal müəllim, niyə direktor olmaq istədiniz ki?
Müəllim işlədiyim dövrdə özümü tam doğrultdum, rəhbərlik etdiyim siniflərdə yüksək göstəricilərə nail oldum. Rayon miqyaslı tədbirlərdə, kəndin ictimai həyatında yüksək fəallıq göstərdim. Bir az təvazökarlıqdan kənar olsa da, daha böyük auditoriyaya can atır, daha geniş miqyasda özümü təsdiq etmək istəyirdim. Təhsil Nazirliyinin direktoru seçimi ilə bağlı müsabiqəsindən uğurla keçdim. Bir neçə məktəbə direktor təyin olunmaq şansım var idi –Köhnə Alvadı, Güllütəpə, Yeddioymaq, Çıxlar. Hətta Köhnə Alvadı kənd tam orta məktəbinə təyinat almaq üçün ərizə də verdim. Müsabiqə zamanı mənə bildirdilər ki, bu məktəblərdən hansına səni göndərsək, ürəyincə olar?”. “Mənim üçün məkan fərqi yoxdur” dedim, lap Cocuqmərcanlıya da göndərsəniz, gedərəm. Rayon qayıtdıqdan sonra Tariyel müəllim bu söhbəti təzədən xatırladıb dedi ki, əgər həqiqətən özünə əminsənsə, get, bizim yaralı yerimiz olan Xırmandalı məktəbinə, orada işləri yoluna qoy, biz də sənə dəstək verək. 2 gün düşündüm, şəraiti öyrəndim, bərbadlıq ürək ağrıdırdı. Lakin özümdə güc tapıb, qərar verdim - ən çətin nöqtəyə -Xırmandalıya gedirəm. Beləcə oldum Xırmandalı məktəbinin direktoru.
Çətin durumda olduğunu söylədiyiniz Xırmandalı məktəbində hansı “mənzərələrlə”qarşılaşdınız?
Elə ilk günlərdən hiss etdim ki, burada bərbad məktəb adına nə desən var? Qəribə səslənsə də, ayaqyolu məsələsi olduqca acınacaqlı idi.
Məktəbin “kəndqabağı” adlanan hissəsində ayaqyolu olan yerdə (bura kəndin çayxanası və xırda alver edənlərin yeri ilə açıq sərhəddir) hasarlama işləri apardıq ki, qadın müəllimlər və qızlar ora rahat gedib-gəlsinlər, ayaqyolu adı ilə kənara gedib, nəticədə dərsdən yayınma hallarına yol verməsinlər. Digər (stadion tərəfdə) ayaqyoluda isə təmiz su olmadığı üçün ora təmiz su xətti çəkməklə yanaşı, unitaz, su bakı qoydurduq, yerinə metlax döşətdirdik.
Qaldı ki, bərbad gündə olan sinif otaqlarına və digər yardımçı otaqlara sadəcə baxmaq ürək ağrıdırdı.
Bəs belə məktəbdə təhsilin səviyyəsi necə idi?
İstər müəllimlərin, istər şagirdlərin nizam-intizama əməl etməsi, davamiyyət az qala sıfıra yaxın idi. 700 nəfərə yaxın şagirdi olan məktəbdə ən yaxşı halda 100-200-ə yaxın şagirdi məktəbdə güclə tapmaq olurdu, bəzilərinin dediyinə görə, burada 3-4-cü saatdan sonra dərslər “bitirdi”. Məktəbin şagirdləri nəinki ölkəmiqyaslı, heç rayon səviyyəli tədbirlərə qatılmırdı. Digər məktəblər üçün ənənəvi bayram günləri, anım günlərin qeyd olunması və sair tədbirlər sanki bu məktəb üçün bir xəyal idi. Onlarla şagird var idi ki, yazıb-oxumaq belə bacarmırdı. Başlıcası isə “onsuz da düzələn deyil” deyə düşünüb, daha inamsız idilər. Qısası, burada məktəbin adı var idi, özü yox.
Bəs qısa müddətdə nə dəyişdi?
Əgər yay tətilinə düşən ayları çıxsaq, ötən dərs ilinin son 3, eləcə də yeni dərs ilinin ilk 3 ayında məktəbdə dərsə davamiyyət maksimum həddə çatıb. Artıq digər qonşu kəndlərdəki məktəblərə gedən uşaqlarla birgə sayı 800-ə çatan şagirdlərin demək olar ki, 90-95 faizi məktəbə cəlb olunub. Əvvəllər bir neçə saatdan sonra boşalan məktəbdə indi siniflərin dərs saatından asılı olaraq 6-cı və 7-ci saatlara kimi dərslər keçirilir. Elə bir bayram, anım günü olmur ki, məktəbdə təntənə ilə qeyd olunmasın. Bundan əlavə kəndin alimləri, digər tanınmışları ilə görüşlər təşkil edilib. (Filologiya elmləri doktoru Fizuli Bayat, kimya elmləri doktoru Rakif Qasımov, yazıçı jurnalist Nurəddin Ədiloğlu) Şagirdlərimiz rayon miqyaslı onlarla tədbirdə nəinki iştirak edib, hətta uğurlara imza atıb. Tədbirlər sırasına Milli Qəhrəmanlar Mübariz İbrahimovun ev muzeyinə və Səfəralı Məmmədovun məzarına ziyarətlər, eləcə də bu sıraya digər masallılı Milli Qəhrəmanların və kəndin şəhidlərinin anım günlərinin qeyd olunmasını da əlavə edə bilərik. İdman, bilik yarışmalara və digər tədbirlərdə artıq burada ənənəyə çevrilir. Bu tədbirlər sırasına Rayon Mədəniyyət mərkəzi ilə birlikdə şəhidimiz X.Məmmədov haqqında sənədli filmi də əlavə edə bilərik.
Bəs yazının əvvəlində sadaladığınız texniki qüsurlar, bərbad sinif otaqları?...
Təsəvvür edin ki, məktəbin kitabxanası belə bərbad vəziyyətdə idi. Kitab fondu demək olar ki, yox idi. Kənddə aparılmış təbliğat nəticəsində vətəndaşların, eləcə də RTŞ-nin müdiri və rayonumuzun digər məktəblərinin direktorlarının dəstəyi ilə kitabxana yavaş-yavaş əvvəlki vəziyyətinə qayıdır.
Məktəbə rayonun digər məktəblərindən işlənmiş 4 ədəd yazı lövhəsi, 22 ədəd stul, 18 ədəd stol, 20 ədəd kiçik parta, eləcə də 14 saylı ƏMHM-dən 20 ədəd təzə parta, 40 ədəd stul ala bildik.
Yeri gəlmişkən qeyd edim ki, Masallı RİH və Təhsil şöbəsi mümkün köməklərini məndən əsirgəmir.
Daha təmir edilən onlarla sinif otağını, qapı-pəncərəni, istilik məsələsində əsaslı dönüş yaratmağımızı demirik. Sinifin bir tərəfini yağış süaları zəbt edibsə, onun salamat qalan hissəsində dərsimizi keçirik.
Məktəbin həyətində geniş təmizlik və yaşıllaşdırma işləri aparılıb.
Bəs apardığınız işlər kənddə, məktəbdə müqavimətlə qarşılaşmadı?
Kimlərisə qınamaq istəmir. Burada fədakar, öz işini bilən müəllimlər az deyil. Görülən işlərdə də onların xidməti çoxdur. Vəlvələdən-zəlzələdən yaranmış xoşagəlməz vəziyyəti aradan qaldırmaq üçün əksər müəllimlər yaxından kömək göstərir. Lakin, desəm ki, heç müqavimət olmadı, düz olmaz, dərs demədiyi onlarla saata görə havayı pul alan müəllimlər, bir neçə saat əvəzinə 6-7 saatda məktəbdə olduğuna görə ilk vaxtlar bizdən razı qala bilmirdilər. Məktəbdə adı olub, özü olmayan texniki işçilər də həmçinin. Kütləvi şikayətlər də oldu, hələ də müxtəlif formada işimizə əngəl törətmək istəyənlər, adi nöqsanları dağ kimi təqdim etməyə çalışanlar da var. Lakin bizim valideynlərlə, kənd ictimaiyyəti ilə sıx əlaqələrimiz belələrini çətin duruma salır. Çünki hamı hiss edir və inanır ki, nə ediriksə, bu kəndin təhsili, inkişafı, gələcəyi üçündür. Nəticələr də yuxarıda sadaladığım kimi göz önündədir.
Kənddə ictimai qınaq formalaşdıraraq, kimin övladı olmasından asılı olmayaraq, dərs zamanı (09:00-dan 15:00-dək) məktəbdən kənarda görünən hər bir uşaq haqqında məktəb direktoruna (Tel: 050 731-32-33) və ya digər müəllimlərə məlumat verilməsi təmin edilmişdir ki, bu da öz növbəsində şagirdlərin dərsdən yayınmasının qarşısını müəyyən dərəcədə alır.
Bundan əlavə rayonun digər qabaqcıl müəllimləri, eləcə də virtual fomada ölkənin dəyərli müəllimləri ilə təcrübə mübadiləsi edirik.
Görülmüş tədbirlər nəticəsində cari ildə məktəbi bitirən XI sinif məzunlarımızdan bir nəfər, məktəbin tarixində ilk dəfə fərqlənmə attesstatı almışdır ki, bu da gələcəkdə məktəbdə digər şagirdlərin də həvəslənməsinə ciddi stimul verəcəkdir.
İmkansız şəxslərin övladlarına həm daxili imkanlar, həm imkanlı şəxslərin, eləcə də “Ümidim Sənsən” xeyriyyə icmasının xətti ilə yardımlar təşkil edirik.
Ən ciddi, mümkünsüz saydığınız problem nədir?
Burada ciddi olmayan problem yox idi. Ən ciddi problem isə inamsızlıq idi ki, indi o arxada qalıb. Kənd sakinləri nəinki bizə inanır, imkan daxilində bizə yardımçı olmağa çalışırlar. Mən Əfsər Cəfərovun, Əlihüseyn Hüseynovun, .Ağabala Əhmədovun, Azadə Xəlilovanın, Adışırin İsmayılovun, Həsənbala Abdullayevin, İmdad Abuşovun, Adəm Abasovun və digərlərinin adlarını xüsusi ilə vurğulamaq istəyirəm. Pis şakərlərindən əl çəkməyənlər, müəllim adını uca tutmayan, yaxud tutmaq istəməyənlər, ancaq sinifə girib-çıxmaqla özlərini müəllim sayanlar isə gec-tez səhvlərini başa düşəcək. İnanıram ki, yaxın vaxtlar da burada çox mehriban, fədakar bir kollektiv formalaşacaq. Çünki buna potensialı olan onlarla müəllim var.
Ən yaxın hədəflərin?
Xırmandalıda yeni məktəb tikilməsinə nail olub (və ya məktəbi əsaslı təmir elətdirib), bu təhsil ocağının əvvəlki şöhrətini özünə qaytarmaqla burada əsl vətəndaş yerişdirməkdir.
Daha nələri “kəşf” etdin Xırmandalıda?
Ən böyük “kəşf” o oldu ki, burada təsəvvür etdiyimdən də gözəl, dəyanətli, həmişə cəsarətlə öz sözünü deyə bilən mübariz insanları tanıdım. Amma heyf ki, bunun əksi olanlar, daim kiminsə nöqsanlarının arxasında gizlənməyə çalışan, sanki kəm-kəsirlərdən həzz alan şəxslər də yox deyil. İnşallah dərs ilinin sonuna daha konkret, daha uğurlu nəticələrlə görüşünüzə gələrik. Mən Xırmandalı camaatına, buradakı təhsil fədailərinə çox inanıram.
Zahir Əmənov