Uşaq evlərindən çıxan məzunların aqibəti necə olur: Yola davammı, yoxsa tamammı?
Azərbaycanda hər il onlarla uşaqdan imtina olunur, küçəyə atılır və ya könüllü şəkildə uşaq evlərinə verilir. Demək olar ki, bu uşaqlar dövlət himayəsinə verilsə də, həyatlarının hansısa dönəmində yenidən küçəyə qayıdır və sonrakı taleləri sual altında qalır.
Ümumilikdə, bütün uşaqların harada yaşaması, necə yaşaması, hansı işlə məşğul olması ilə bağlı əsaslı məlumat yoxdur. Çoxusunun yenidən küçə adamına çevrilməsi, potensial qurbanlar olduğu istisna edilmir.
Nəzərə alaq ki, ölkədə 10 minə yaxın valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş uşaq var. Onlar dövlət himayəsindədirlər.
Əvvəllər internat evlərindən çıxan məzunların yaşayış yeri problem dərinliyini qoruyurdu, amma 2015-ci ildən dövlət tərəfindən uşaq evlərindən məzun olan bir qrup üçün “Məzun evi” (Abşeron rayonu, Masazır qəsəbəsi) deyilən yaşayış binası tikildi. Hər il ölkənin bir çox internat evlərindən çıxan bir neçə gənc bura yerləşdirilir. Hər il yeni sakinlər yerləşdirilirsə, bəs köhnə sakinlər hara gedirlər?
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) məsələ ilə bağlı bilidrilib ki, son illərdə 3 çoxmənzilli yaşayış binası tikilərək dövlət uşaq müəssisələrinin məzunlarının istifadəsinə verilib. "Məzun evi"nin dördüncü çoxmənzilli binası isə inşa olunur.
Məlumatda qeyd olunur ki, “Məzun evi”nin hazırda fəaliyyət göstərən 3 yaşayış binasında 365 gənc məzun mənzillə təmin olunub. Burada yaşayan gənclərin artıq bir çoxu (184 məzun) ailə həyatı qurub. Binalarda 310-u uşaq olmaqla, cəmi 851 sakin yaşayır. Bütün mənzillər normal yaşayış üçün lazımi məişət avadanlıqları və inventarlarla, mətbəx avadanlığı ilə təmin edilib, gənclər üçün müasir şərait yaradılıb.
Sözügedən kateqoriyanın mənzillə təmin olunması proseduruna gəlincə isə, "Məzun evi" Sosial Müəssisəsinin Nizamnaməsinə uyğun olaraq, Təhsil Nazirliyi tərəfindən dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş, yaşayış yeri olmayan məzunları barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunan siyahı əsasında həmin məzunlar "Məzun evi"ndə mənzillə təmin edilirlər. “Məzun evi"ndə hər bir məzuna bir mənzil təqdim olunur. Bununla əlaqədar onların hər biri ilə müddət göstərilmədən yaşayış sahəsinin əvəzsiz istifadə müqaviləsi bağlanılır.
Həmçinin mənzillə təmin edilən hər bir məzunun kommunal xərcləri ilk 6 ay müddətində dövlət büdcəsi hesabına ödənilir. Onlardan dövlət və özəl ali və orta ixtisas təhsili müəssisələrində əyani təhsil alan 23 yaşınadək şəxslərin isə kommunal xərclərinin təhsil aldıqları müddətdə dövlət büdcəsi hesabına ödənilməsi təmin olunur.
ƏƏSMN-dən verilən məlumata görə, "Məzun evi"nin sakinlərinin məşğulluğunun təminatı da daim diqqətdə saxlanılır. Müəssisənin sakinlərininin əksəriyyəti yaşadıqları “Məzun evi”ndəki ştat vahidlərində, həmçinin ətraf ərazilərdə olan digər müəssisələrdə daimi işlə təmin olunublar. Eyni zamanda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə "Məzun evi"ndə xalça və tikiş sexləri də yaradılıb ki, müəssisədən bir qrup gənc nazirlik tərəfindən təşkil edilən peşə hazırlığı kurslarında müvafiq peşələrə yiyələndikdən sonra bu sexlərdə işlə təmin ediliblər.
“Məzun evi”ndəki gənclərin peşə fəaliyyətinin yüksəldilməsi işlərinin davamı kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən bu aydan etibarən burada xalçaçılıq və tikişçilik üzrə yeni peşə hazırlığı kursları da təşkil olunub. Kurslara 20 nəfər cəlb edilib. “Məzun evi”ndəki gənclərdən bir neçəsi özünüməşğulluq proqramına da cəlb olunub.
Bakının Bilgəh qəsəbəsində yerləşən 11 saylı inteqrasiya təlimli internat məktəbinin direktoru Gülnarə Abdullayeva AYNA-ya açıqlamasında, əvvəlcə rəhbətlik etdiyi müəsisə barədə məlumat verib: “Vaxtilə, təmirdən qabaq bura sayca az uşaq tuturdu. Lakin dövlət tərəfindən təmirdən sonra 7 saylı internat məktəbi ilə birləşdirildi və indi ən nümunəvi məktəbdir. Bizdə həm valideyn himayəsindən məhrum uşaqlar, həm də sağlamlıq imkanları məhdud uşaqlar var, məktəbin 1400 şagirdi var. Onları biz qapalı formada saxlamırıq, istəyən idmana gedir, dərnəklərə yazılıb”.
“Bizim məktəbdə həm də aztəminatlı ailələrin 3-5 yaşlı uşaqları üçün “Günərzi” qayğı mərkəzi də var. Bu mərkəzin məqsədi azyaşlı övladına görə işləyə bilməyən valideynlərə dəstək verməkdir. Axı valıdeynlər çox zaman iş və sosial imkanları olmadığından uşaqlardan birdəfılik imtina edir və ya sosial vəziyyəti düzələn kimi övladına sahib çıxacağına söz versə də, geri qayıtmır. Amma biz bu uşaqlara 12 saat ərzində qayğı göstərməklə həm mənəvi, həm də maddi cəhətdən ailənin qorunmasına dəstək veririk”, - direktor deyib.
İnternat evindən çıxan uşaqların taleyi ilə bağlı sualı cavablandırarkən həmsöhbətimiz qeyd edib ki, “Məzun evi” yenicə istismara veriləndə internatın 12 məzunu ora yerləşdirilub: “Bu il də 2 uşağımızın orada yaşaması üçün sənədlərini düzəldirik. Burda vəziyyət belədir. Həmin evdə sərbəst yaşayan uşaqların sağlamlığı tam yerində olmalıdır. Bizdə əqli cəhətdən sağlamlıq imkanları məhdud uşaqlar çox olduğundan bu məsələdə diqqətliyik. Çünki yeni həyata qədəm qoyan belə uşaqların sətbəst yaşaması, ən azı ümumi yaşayış yerində təhlükəsizlik qaydalarına əməl etməsi vacibdir”.
“Onu da vurğulayım ki, biz 18 yaşı tamam olan uşağı həmin anda internatdan çıxarmırıq. Onların işləməsi, təhsili üçün dəstəyimiz davam edir. Gəlib bizim işimiz, fəaliyyətimizlə tanış ola bilərsiz. Bizim uşaqlar daim gəzintiyə, kinoya, teatra gedirlər. Çalışırıq ki, uşaqlar burda yaşadığını hiss etməsin, cəmiyyətdən təcrid olunmasın. Elə internat məktəbinin də missiyası inteqrasiya işini görməkdir”, - G.Abdullayeva vurğulayıb.
SOS Uşaq Kəndləri - Azərbaycan təşkilatının uşaq hüquqları üzrə eksperti Sara Ağayeva AYNA əməkdaşı ilə söhbəti zamanı deyib ki, onların sözügedən kateqoriyadan olan məzunlar üçün 2017-ci ilə qədər layihəsi olub: “Təəssüf ki, layihə maliyyə ucbatından bağlandı. Layihədə əsas məqsəd bu kateqoriyadan olan gənclərə dəstək vermək, onların məşğulluğunu təmin etmək, həmçinin onlar üçün kirayə evlərin təşkili idi. Bu layihədən xeyli sayda gənclər faydalandı. Biz onlara psixoloji dəstək də verirdik. Əslində biz indi də təşkilat olaraq müraciətləri hər zaman imkanımız daxilində qəbul edib həllinə çalışırıq”.
“Biz valideynləri tərəfindən atılmış gənclərlə işləyəndə belə qənaətə gəldik. Bu uşaqıarın çoxu internat evlərində psixoloji travmalarına çarə tapmırlar və ya onların həyata baxışı, yetərli olmayan psixloji dəstək vasitəsilə düzəlmir. Bu səbəbdən xarakterləri ucbarından daimi yaşayış və iş yerləri tapa bilmirlər. Bilirsiniz, bu, nə ilə bağlıdır? Bu uşaqların məzun olduqları internat evlərində ştat üzrə psixoloq çatışmır. Əslində psixoloqla yanaşı, belə müəsisələrdə sosial işçi də olmalıdır. Bizdə sosial iş deyəndə, bunu sosial xidmətçi ilə qarışdırırlar. Bu kateqoriyadan olan insanlar həssasdır. Sosial işçi yoxdur deyə, belə uşaqların ailələrə qayıtması çətinləşir. Halbuki sosial işci ailə ilə də iş görə bilər, uşaqla bağlı qiymətləndirmə apara bilər, hətta uşağın yenidən evə qayıtması üçün vasitəçi ola bilər. Təhsil Nazirliyi, sosial iş mövzusu yeni-yeni yarananda belə müəssisələr üçün bir neçə təlim təşkil etmişdi, amma sonra necə oldu, bilmirəm”, - mütəxəssis qeyd edib.
“Məzun evi” mövzusuna toxunan S.Ağayeva vurğulayıb ki, əslində bu cür evlərin xüsusiləşdirilməsi doğru deyil: “İnternat məktəblərini bitirənlər üçün belə binaların ayrıca olmasını doğru hesab etmirəm. Bu, belə insanların cəmiyyətə inteqrasiyasını ləngidir. Hətta onları təcrid edir. Çünki 18 yaşını bitirmiş uşaqlar eyni yerdən çıxıb yenə bənzər mühitdə yaşamağa başlayırlar, bu da onların “kimsəsiz”, “sahibsiz” damğasını bir az da bərkidir. Yaxşı olardı ki, belə uşaqlar 18 yaşını bitirdikdən sonra, yeni tikilən yaşayış evlərində onlar üçün bir neçə mənzil ayrılsın. O halda belə insanlarda yaşamaq istəyi görmək olar, həm də onlar cəmiyyətdən izolə olmazlar”.
ayna.az