Məlum olduğu kimi, Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan ABŞ-ın ölkəsinə gələn vitse-prezidenti və dövlət katibini qəbul etməyəcəyini bildirib. Türkiyə prezidenti vurğulayıb ki, o, yalnız Trampla görüşüb müzakirə apara bilər.
Maraqlıdır, ABŞ yetkililərinin Ərdoğan tərəfindən qəbul edilməməsi ABŞ-Türkiyə münasibətlərini daha da gərginləşdirə bilərmi? ABŞ-ın Türkiyəyə yönəlik artan təzyiqlərinin Ankaranı anti-terror əməliyyatlarını dayandırmağa vadar etməsi mümkündürmü?
Bu barədə açıqlama verən politoloq Natiq Miri mövcud vəziyyətin kifayət qədər mürəkkəb olduğuna diqqət çəkdi:
“ABŞ-da Türkiyənin regionda güclənməsini istəməyən güclər var. Bunların başında isə yəhudi lobbisi durur. ABŞ hakimiyyətində İsrailin mövqeyini dəstəkləyən xeyli insan təmsil olunur.
Ortada Türkiyə sərhədləri boyunca terror koridoru yaratmaq planı var. Türkiyənin anti-terror əməliyyatı ilə bu plan tamamilə darmadağın edildi. Bu planın arxasında kürd dövləti adına ikinci bir İsrail dövləti yaratmaq istəyi durur. Bunu ABŞ administrasiyasındakı bəzi məmurlar mediaya açıqlamalarında açıq şəkildə bildiriblər. Israildə “vəd edilmiş torpaqlar” anlayışı mövcuddur. Bu da Nil çayından Fərat çayı vadisinə qədər bütün ərazini əhatə edir.
Bu gün Trampın özü konqres, Dövlət Departamenti və Pentaqondakı bəzi qüvvələr tərəfindən ciddi basqı altındadır. Məhz bu basqı altında Tramp Türkiyəyə qarşı bir sıra qeyri-ciddi sanksiyalar tətbiq edib ki, Türkiyədə üç nazir və iki nazirlik bu sanksiyalar dairəsinə düşüb. Sanksiya tətbiq edilən şəxslərin ABŞ-da heç bir bank hesabı, kapitalı yoxdur. Bundan da hiss olunur ki, Tramp Türkiyəyə qarşı sanksiya məsələsində ciddi deyil. Lakin vəziyyətdən çıxmaq üçün vitse-prezident və dövlət katibinin rəhbərliyi altında bir nümayəndə heyəti göndərməyə qərar verib. ABŞ Suriyadakı anti-terror əməliyyatlarını dayandırmağa, danışıqlar prosesinin başladılmasına çalışır. Ancaq ABŞ-ın bu tələbləri qarşısında Türkiyə geri çəkilməyəcək. Türkiyə dövlət hər hansı tayfa-qəbilə dövləti deyil. Türkiyə dövləti güclü, hüquqi bir dövlətdir və heç bir zaman Qərb ölkələri kimi terrorçularla bir masaya oturmaz.
Türkiyə İraq sərhəddindən Suriya sərhəddinə doğru 444 km boyunca və Suriyanın içərilərinə doğru 32 km dərinliyində ərazini terrorçulardan təmizləməyi hədəfləyir. Türkiyənin bu hədəfinə çatması üçün bütün hərbi imkanları mövcuddur. Belə olan təqdirdə Türkiyə hədəfinə çatmadan ABŞ-la hər hansı razılığa getməyəcək. Türkiyənin məqsədi Suriya ərazisini ələ keçimrək deyil, təhlükəsiz bölgə yaratmaqdır və Ankara ABŞ-dan gələn nümayəndə heyətinə də bunu başa salmağa çalışacaq.
ABŞ-ın vitse-prezidenti və dövlət katibini qəbulu Türkiyə prezidenti üçün o qədər də strateji əhəmiyyət daşımır. Düşünürəm ki, ABŞ nümayəndə heyəti öz həmkarları ilə görüşəndən sonra Ərdoğan da onları qəbul edəcək. Bunun üçün Ərdoğana ABŞ tərəfindən qeyri-rəsmi xahişin edilməsi ehtimal da böyükdür. Çünki Ərdoğanın bu şəxsləri qəbul etməməsi ABŞ-ın nüfuzuna böyük zərbə olar. Odur ki, həmin nümayəndə heyətinin Ərdoğan tərəfindən qəbul ediləcəyini ehtimal edirəm. Eyni zamanda düşünrəm ki, ABŞ-ın Suriyada anti-terror əməliyyatlarının dayadırılması çağırışı Türkiyə tərəfindən qəbul edilməyəcək. Türkiyə öz hədəflərinə çatana qədər mübarizəsini davam etdirəcək”.
moderator.az