Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Təbriz - “Şərqin paytaxtı”,


“aləmin məskun olan dörddə bir hissəsinin ən abad şəhəri”

Təbriz qədim dövrlərdən etibarən strateji mövqeyinə və əlverişli iqlim şəraitinə görə qədim Şərqdə şöhrət qazanmışdır. Ən qədim dövrlərdən mühüm ticarət yolları Cənubi Qafqaz, İberiya və Qafqaz Albaniyasından Cənuba doğru – Mesopotamiya və Hindistana gedən ticarət yolları bu şəhərdən keçib. Assur mixi yazılarında şəhərin adı Tavreş kimi çəkilir və burada nəhəng qalanın olması qeyd edilir. Təbriz şəhəri Manna dövründə Sanqbitu adlanırdı. Assur hökmdarı II Sarqonun Urartu dövlətinə yürüşü zamanı bu ərazi onun ordusunu un və şərabla, habelə yük və minik heyvanı ilə təmin etmişdi. Beləliklə ,Təbriz şəhərinin üç min illik tarixi vardır.
Təbriz şəhərinin tarixinin öyrənilməsi üçün Assur hökmdarı II Sarqonun (e.ə. 722-701) e.ə. kitabəsi ən qiymətli sənəddir.
Orta əsr müəlliflərindən Yaqut Həməvi və Həmdullah Qəzvini Təbriz şəhərinin əsasının qoyulması tarixini Abbasilər sülaləsindən olan Harun ər-Rəşidin bacısı Zübeydə xatunun adı ilə əlaqələndirirlər. Zübeydə xatun isitmə xəstəliyinə tutulmuş, guya Təbrizə gəldikdən sonra sağalmış və bununla əlaqədar olaraq o, bu yerdə şəhər salmaq əmrini vermişdir. "Təb" fars dilində isitmə, "riz" isə rixtən felindən olub tökmək deməkdir. Deməli, fars müəlliflərinin iddialarına görə Təbrizin lüğəti mənası isitməni müalicə edən deməkdir. Lakin bütün tarixi faktlar birmənalı şəkildə bu fikri rədd edir. Ən azından Təbriz bu sözün ilkin forması deyil.
Bəzi tarixçilər Tarui sözünün qədim türk dilində ikiqat qala mənasını verdiyini deyirlər. Mənbələrdə Tarui, Tarmakis, Turi, Taris, Tavrez, Tavriz, Toris, Təvreş, Tarbiz, Tabriz, Terbiz və s. kimi qeyd olunan “Təbriz” sözünün etimologiyası və şəhərin salınma tarixi haqqında digər fikirlər də mövcuddur.
VII əsrin ortalarında isə ərəb qoşunları Təbrizi işğal etdi. O vaxt Təbriz mahal mərkəzi idi. Babək hərəkatı Təbrizə də yayılmışdı. 852-ci il zəlzələsi zamanı Təbriz dağılmış, bir müddət sonra bərpa edilmişdi.
1054-cü ildə Səlcuq sultanı I Toğrul Təbrizi tutdu. 1174-cü ildən Qızıl Arslanın iqamətgahı olan Təbriz sonralar Azərbaycan Eldənizlər dövlətinin paytaxtına çevrildi.
1220-ci ildə monqol qoşunu Təbrizi iki dəfə mühasirəyə aldı. Təbriz əhalisi bac verməklə qarət və dağıntılardan xilas oldu. 1224-cü ildə monqol qoşunları yenidən Təbrizə yaxınlaşdı. Şəhər rəisi Şəmsəddin Tuğrai Təbrizin müdafiəsini təşkil etdi. 1225-ci ildə isə zmşah Cəlaləddin Təbrizi tutdu. 1231-ci ildə monqol qoşunu Təbrizə hücum etdi. 1256-ci ildən Təbriz Elxanilər dövlətinin tərkibinə daxil oldu. Sonralar bu dövlətin paytaxtı Marağadan Təbrizə köçürüldü. Elxanilər dövründə Təbrizin ərazisi 5-6 dəfə genişləndi. XIII əsrin 60-cı illərində Təbrizdə monqol zülmünə qarşı baş vermiş çıxışlar amansızlıqla yatırıldı. Sultan Mahmud Qazan xanın hakimiyyəti dövründə (1295-1304) Təbriz Yaxın və Orta Şərqin ən böyük sənətkarlıq, ticarət və mədəniyyət mərkəzlərindən birinə çevrildi. İtalyan səyyahı Təbrizin xarici ticarət əlaqələrindən bəhs edərkən yazır ki, bura Şərq malları almaq üçün Avropa tacirləri, xüsusən, genuyalılarda gəlirlər. Venesiya və genuya respublikalıları Təbrizdə möhkəmlənmək üstündə mübarizə aparırdı. Venesiya respublikası Xəzər dənizində gəmiçilik sahəsində xüsusi imtiyazlar ələ keçirmiş, Hülaki hökmdarı Əbu Səidlə müqavilə bağlayaraq Elxanilər imperiyası ərazisində imtiyazlı ticarət hüququ əldə etmişdi. 1321-ci ildə Təbrizdə olmuş italyan səyyahı Odorik de Pordenon yazır ki, Hülaku hökmdarının bu şəhərdən əldə etdiyi gəlir Fransa kralının bütün Fransadan əldə etdiyi gəlirdən çoxdur.
1357-cı ildə Qızıl Orda xanı Canı bəy Təbrizi ələ keçirərək Elxanilər dövlətinə son qoydu. 1359-cu ildə isə Cəlairi Şeyx Üveys Təbrizi ələ keçirərək Cəlairilər dövlətinin paytaxtına çevirdi. O, Təbrizdə geniş tikinti işləri apardı. 1386-cı ildə isə Qızıl Orda xanı Toxtamışın qoşunu Təbrizi mühasirəyə aldı. Toxtamış bac verilərsə, mühasirədən əl çəkəcəyini bildirdi. Lakin o, 250 tümən qızıl pul bac aldıqdan sonra şəhərə soxuldu. Təbriz on gün talan edildi. 1386-ci ildə Əmir Teymur Təbrizi ələ keçirdi. Təbriz sənətkarlarının bir hissəsi Səmərqəndə aparıldı. Teymurun oğlu Miranşah Azərbaycanın hakimi olarkən Təbrizdə xeyli tarixi və mədəniyyət abidəsini dağıtdırdı. Teymurun ölümündən sonra (1405) Miranşahın oğlu Ömər Mirzə Təbrizə hakim oldu. 1406-cı ilin iyul ayında Cəlairi Sultan Əhməd Təbrizdə möhkəmlənməyə çalışdı. 1410-cu ildə Qara Yusif Azərbaycan Qaraqoyunlu dövlətinin (1410-1468) əsasini qoydu. Təbriz yeni dövlətin paytaxtı oldu. 1468-ci ildən Təbriz Qaraqoyunlular dövlətinə son qoymuş Uzun Həsən tərəfindən yaradılan Azərbaycan Ağqoyunlular dövlətinin paytaxtına çevrildi.

1501-ci ildə qızılbaşlar I İsmayılın başçılığı ilə Təbrizə daxil oldular. Təbriz Azərbaycan Səfəvilər dövlətinin paytaxtı elan edildi və 1501-1548-ci illərdə bu dövlətin paytaxtı oldu. 1514-cü ildə Osmanlı Sultanı I Səlimin qoşunları Təbrizi tutdu. 6 gündən sonra I Səlim Təbrizi tərk etməyə məcbur oldu. O, mindən artıq Təbriz ustasını ailəsi ilə birlikdə İstanbula apardı.
Səfəvi-Osmanlı müharibələri dövründə Təbriz dəfələrlə əldən-ələ keçirildi və qarət edildi. Mənbələrdə həmin dövrlərdə Təbrizdə 300 mindən artıq əhalinin yaşadığı haqqında məlumatlar vardır. Xandəmir və Oruc bəy Bayat Təbrizi “Şərqin paytaxtı”, “aləmin məskun olan dörddə bir hissəsinin ən abad şəhəri” kimi qiymətləndirmişlər.
1725-ci ildə Osmanlı qoşunu Təbrizi ələ keçirdi. 1730-cu ildə görkəmli Azərbaycan sərkərdəsi Nadir xan Əfşar Təbrizi osmanlılardan azad etdi. 1735`də Nadir xan Əfşar tərəfindən Azərbaycan torpaqları Rusiya və Osmanlı işğalından tamamilə azad edildi. Təbriz Nadir şah Əfşarın yaratmış olduğu imperiyanın əsas şəhərlərindən birinə çevrildi. 1747-ci ildə Nadir şah Əfşarın öldürülməsindən sonra Azərbaycanın digər bölgələrində olduğu kimi Təbrizdə də müstəqil dövlət – xanlıq yaradıldı. XVIII əsrin ortalarında Əmiraslan xan Əfşar mərkəzi Təbriz şəhəri olmaqla Azərbaycanda hakimiyyəti ələ aldı. 1791-ci ildə Təbriz xanlığını Ağa Məhəmməd xan Qacar ələ keçirdi. Qacarlar dövründə Təbriz vəliəhdin iqamətgahı idi. 1826-1828-ci illər Rusiya-İran müharibəsi zamanı Rusiya qoşunu Təbrizi tutdu (oktyabr, 1827). Türkmənçay müqaviləsinə (1828) əsasən Təbriz İranın hakimiyyətində qaldı.
Qacar sülaləsi dövründə Təbriz İran vəliəhdinin qərargahı və ya vəlihədneşinlik hesab olunurdu. Şəhər 1905-1911-ci illərdə isə İran inqilabının mərkəzi olmuşdur. İnqilaba Təbrizin qəhrəman oğulları – Səttar xan və Bağır xan rəhbərlik edirdi. 1911-ci ilin dekabrında rus kazak ordusunun rəhbəri erməni Efremyanın yardımından istifadə edən Məhəmmədəli şah Təbrizi ələ keçirdi, dinc əhaliyə divan tutuldu. 1917-1919-cu illərdə Cənubi Azərbaycanda İngiltərənin müstəmləkəçilik siyasətinə qarşı Şeyx Məhəmməd Xiyabaninin rəhbərliyi altında güclü xalq hərəkatı başladı. 1920-ci ilin aprelin 7-də onun rəhbərliyi ilə Təbrizdə silahlı üsyan nəticəsində hakimiyyət İctimai İdarə Heyətinin əlinə keçdi və1920-ci il iyunun 23-də Milli Hökumət təşkil olundu. Təbrizdə pulsuz qız məktəbinin açılması o dövr üçün fövqəladə hadisə idi. Yeni açılmış məktəblərə Bakıdan müəllimlər dəvət edildi. Bununla yanaşı, hökumət 12 min nəfərlik milli qvardiya yaratmağa başladı. 1920-ci il sentyabrın 12-də əksinqilabi qüvvələr Təbriz üzərinə hücuma keçdilər, Alaqapını ələ keçirdilər, sentyabrın 14-də “Təcəddüd” qəzeti binasını dağıtdılar. Həmin gün Ş.M.Xiyabani öldürüldü. İrticaçılar üsyançılara divan tutdular.
1945-ci ilin yayında Cənubi Azərbaycanda demokratik hərəkatın II mərhələsi başlandı. Dekabrın 12-də toplanmış Milli Məclis S.C.Pişəvərinin başçılığı ilə Milli hökumət yaratdı. Hökumət 10 nazirlik, ali məhkəmə və baş prokurorluqdan ibarət idi. Bu hadisə tarixə 21 Azər hərəkatı kimi daxil olmuşdur. Milli hökumət 1-ci dərəcəli vəzifə kimi yerlərdə yeni inzibati-ərazi orqanlarını yaratmağa başladı. 1946-cı ilin ilk aylarında seçkilər keçirildi və müvafiq strukturlar yaradıldı. 1946-cı ili fevralında Milli hökumət aqrar qanunu qəbul etdi. Azərbaycan dili rəsmi dövlət dili elan olundu. İyun ayında Təbriz Universiteti təsis olundu. Az bir vaxtda ana dilində məktəblər, kitabxanalar, qəzet və jurnallar fəaliyyətə başladı. Hökumətə başçılıq edən Əhməd Qəvam xalqı aldatmaq üçün Milli hökumətlə danışıqlara başladı. 1946-cı ilin iyununda Təbrizdə onlarla müqavilə bağladı. O, həmçinin ABŞ, İngiltərə və SSRİ arasındakı ziddiyyətlərdən də istifadə edərək “İran məsələsi”nin BMT-də baxılmasına nail oldu. Sovet ordusu Cənubi Azərbaycandan çıxarıldı. İran hökuməti parlamentə seçkilərə nəzarət bəhanəsi ilə Azərbaycana qoşun yeritdi. 1941-1946-cı illər milli-azadlıq hərəkatı məğlubiyyətə uğradı. İranda 1978-1979-cu illər inqilabında da Təbriz əhalisi ən fəal şəkildə iştirak etdi.
Təbriz tarix boyu bu dövlətlərin tərkibində olub:
1375-1468 Qaraqoyunlular,
1469-1501 Ağqoyunlular,
1501-1514 Səfəvilər,
1514 Osmanlılar,
1514-1534 Səfəvilər,
1534-1535 Osmanlılar,
1535-1548 Səfəvilər,
1548 Osmanlılar,
1548-1585 Səfəvilər,
1585-1603 Osmanlılar,
1603-1610 Səfəvilər,1
610-1611 Osmanlılar,
1611-1724 Səfəvilər,
1724-1730 Osmanlılar,
1730-1736 Səfəvilər,
1736-1747 Əfşarlar sülaləsi,
1747-1802 Təbriz xanlığı,
1802-1827 Qacarlar,
1827-1828 Rusiya İmperiyası,
1828-1905 Qacarlar,
1905-1911 İran Konstitusiya İnqilabı,
1911-1912 Rusiya İmperiyası,
1912-1925 Qacarlar,
1925-1945 Pəhləvilər,
1945-1946 Azərbaycan Milli Höküməti
1946-1979 Pəhləvilər,
1979- İran İslam Respublikası
Təbriz tarixi boyu dəfələrlə (858, 1041 və 1721-ci illərdə) zəlzələlərlə viran olub. Bu zəlzələlər tarixi abidələrin çoxunu məhv edib. Bu zəlzələlərdən salamat çıxan ən önəmli abidələr Ərk qalası və Göy məsciddir.
2014-ci siyahıyaalınmasına əsasən əhalisi 1.597.319 nəfərdir. Əhalisinin mütləq əksəriyyətini azərbaycanlılar təşkil edir. Təbriz Aynalı ( Eynəli) dağının cənubunda, Səhənd vulkanik qalxımından şimalda, Surxab dağının ətəyində, dəniz səviyyəsindən 1350 metr yüksəklikdə yerləşir.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10