Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Ərkivanlı jurnalistin ərçivanlı Nuranə müəllimə haqqında yazısı


Nuranə müəllimə  15-ə yaxın şagirdə təmənnasız olaraq repetitor kimi dərs keçir, şagirdlərini öz vəsaiti ilə onlarla tarixi məkana ekskursiyaya aparır

 Uzun illər təhsil sahəsindəki biabırçılıqlar, saxtakarlıqlar, necə deyərlər, çürüyən təhsilimiz haqqında yazılar yazdıq.

Saxta “Gəncə filialı” kimi oyuncaq məktəblərdən tutmuş, attestat alveri, faizə otuzdurulmuş təhsil ocaqları, saxta siniflər, “legioner” şagirdlər (özü kənarda, adı hər hansı məktəbdə olanlar), xadimə biznesi, abunə oyunları... daha nələrdən, nələrdən. Hansı ki, bu nöqsanların  bir çoxu yenə də davam edir, bəzisi (müəllim təyinatı, şagirdlərin yer dəyişməsi) təhsil nazirliyi tərəfindən tam nəzarətə götürüldüyündən onları etmək mümkünsüz olub.


Lakin, bütün bunlar o demək deyil ki, ölkəmizdə, bölgəmizdə təhsilimizin şərəfini qoruyan fədakar, öz peşəsinin ustası olan müəllimlər yoxdur. Məhz bunu nəzərə alaraq son illər  layiqli müəllimlər haqqında bir neçə yazı hazırladıq və  izləyicilər bu yazıları böyük  razılıqla qarşıladı. İradə İmanbəyli, İldırım Şükürzadə, Məhbubə Şahbazova, Rabil Abdinov, Qardaşxan Zeynalovvə başqaları haqqındayazılar bu qəbildəndir. Növbəti qəhrəmanımız isə Astara rayonunun Ərçivan qəsəbəsindəki 3 saylı tam orta məktəbin tarix müəllimi Nuranə Həmidovadır.

Nuranə xanımın təqdimatına keçməzdən onu da qeyd edim ki, yuxarıda adlarını sadaladığım müəllimlər çoxlarının sevimlisi, bir sıra layihələrin qalibi olsa da, onlar ölkədəki mümkün təltiflərdən, etimadlardan kənarda qalıblar. Necə deyərlər, titula layiq titulsuz müəllim olublar. Görünür,  “Mumu”nu Turgenev yazıb, amma heykəli Çexova qoyurlar”- deyimi bizdə hələ də qüvvədədir.


Babam həm canlı tarix, həm də tarix müəllimi idi


Nuranə xanım:- Ömür yolumda, tarixə məhəbbətimdə babamın  çox təsiri olub. O, 2-ci dünya savaşının od-alovundan keçmiş insan, həm də İxtisasca tarix müəllimi idi. Hələ kiçik yaşlarımdan məni tarixə sonsuz həvəsləndirirdi. O, tarixdən danışanda təkcə keçmişə aid kitablarda yazılanlardan yox, həm də özünün keçdiyi döyüşyolunu, müharibə səhnələrini az qala film kimi təsvir edirdi.


Bəlkə də xoşbəxt təsadüf idi ki, mən tarixi abidələrin çox olduğu məkanda doğulmuşam.

Anadan olduğum, boya-başa çatdığım Ərçivan qəsəbəsi, eləcə də qonşu Pensər kəndi olduqca dəyərli tarix və mədəniyyət abidələri ilə zəngindir.


Təkcə Pensər kəndində 11 tarixi abidə var.


Ərçivan qəsəbəsi isə  8abidəsi ilə qürur duyur.


Hələ uşaq vaxtımdan babam məni bu abidələrlə tanış edər, hər biri haqqında heyranlıqla danışar, söhbətləri ilə məni sanki özgə aləmlərə, xəyallarımın belə çata bilmədiyi ünvanlara çevrilmiş məkanlara aparardı.


Nənəm sinif müəllimi, babam isə tarix müəllimi olmağımı istəyirdi


Orta məktəbi əla qiymətlərlə bitirdim. Babamla nənəmin istəkləri arasında qalmışdım. Hələ orta məktəbdə oxuyanda sinif müəllimi olan nənəm təkid edirdi ki, onun davamçısı olum. Babam isə tarix müəllimi olmağımı istəyirdi. Orta məktəbibitirəndənartıq nənəmrəhmətə getmişdi. Nənəmin ruhuna ehtiram üçün sinif müəllimliyini seçdim. Bu valideynlərimində ürəyincə oldu. Valideynlərim təkid etdilər ki, sənədlərimi rayonumuzda, necə deyərlər, “qulağımızın dibində” yerləşən Astara Pedaqoji  Kollecinə verim, sinif müəllimi olum. Yəni nənəmin arzusunu yerinə yetirim.

Babam isə təkidlə tarix müəllimi olmağımı tələb edirdi. Nəhayət. Astara kollecinə daxil oldum və oranı fərqlənmə diplomu ilə bitirdim. Qəsəbəmizdəki 3 saylı tam orta məktəbdə  işləməyə başladım. Aşağı siniflərə nə qədər sevgi ilə dərs keçsəm də, lakin “ilk məhəbbətim”, tarixə sevgim məndən heç cür əl çəkmirdi. Nəhayət, işləyə-işləyə Lənkəran Dövlət Universitetinə qəbul olundum və oranı da Fərqlənmə diplomu ilə bitirdim. Sanki illərlə itkin düşən “əzizimi” tapmışdım. Artıq həm sinif müəllimi kimi, həm də tarix müəllimi kimi fəaliyyətimi davam etdirib 12 il bir sinfə rəhbərlik etdim. 

Beləliklə, 20 illik pedaqoji təcrübəmin artıq 10 ilini  tarix müəllimi kimi sinfə girir, sevə-sevə bu fənni tədris edirəm.


Nuranə xanımı mənə İldırım Şükürzadə tanıtdırdı


Düzü, Nuranə müəllimə haqqında heç bir məlumatım yox idi. Lənkəranlı, yorulmaq bilmədən bölgənin məscidlərini, kəndlərini, tarixi abidələrini dolaşan və səfərlərini maraqlı məqalələrə çevirən İldırım Şükürzadədən müsahibə alanda, sözarası soruşdum ki, bölgəmizdə daha hansı tarix müəlliminə üstünlük verirsiniz? Sualının cavabında bir neçə nəfərin adını çəkdi, Nuranə müəllimənin adını isə xüsusi vurğuladı. Adətən qadınların tarix fənninə marağı bir qədər az olur. Buna görə tarixçi qadın müəllimə marağımı daha da artırdı və onunla görüşüb müsahibə almaq qərarına gəldim.


Bir neçə dəfə müxtəlif səbəblərdən səfərimiz təxirə salınsa da, nəhayət, ötən şənbə günü İldırım müəllim, qızım “Ümidim sənsən!” İB-nin sədri Fidan Abbaslı və 6 yaşlı Güney nəvəmdən ibarət “nümayəndə heyəti” ilə birlikdə Astaraya yollandıq.


Nuranə xanım və olduqca səmimi insan, hər işdə Nuranə xanıma dəstək olan həyat yoldaşı Xalid bəy bizi Pensər kəndində qarşıladı.

Bu da səbəbsiz deyildi. Çünki bildirdiyimkimi bu kənddə 11 tarix və mədəniyyət abidəsi var. Demək olar ki, biz onların əksəriyyətini ziyarət etdik. Bu barədə İldırım Şükürzadənin silsilə yazılarını sizə yaxın vaxtlarda təqdim edəcəyik.


Pensər səfərimizin ən maraqlı məqamı isə buradakı sünni məscidinin imamı İntizar Mürsəlovla tanışlıq oldu. Bu din xadimi kəndi, o kənddəki abidələr haqqında o qədər heyranlıqla, məftunluqla danışırdı ki, biz yaxın aylarda mütləq onunla ayrıca görüşüb, müsahibə alacağımıza qərar verdik.


Səfərin  davamı Ərçivan qəsəbəsinə oldu


Bu qəsəbənin adı mənə daha çox doğmadır. Çünki yaşadığım, boya başa çatdığım Ərkivan qəsəbəsi ilə həm bir hərf fərqi, həm də xeyli oxşarlıqları var. O qəsəbə Astaranın, Ərkivan Masallının ən böyük yaşayış sahəsidir. Oranın da qədim tarixi, Ərkivanın da qədim tarixi var. Hər 2  qəsəbədə Səfəvilərlə bağlı maraqlı tarix yaşanır. Hər 2 qəsəbə onlarla ölkə şöhrətli insanın ünvanıdır. Ərçivan qəsəbəsində öncə tarixi abidələrin demək olar ki, hamısını ziyarət etdik.


Heç demə Nuranə xanım və həyat yoldaşı Xalid bəy bizim üçün mədəni proqram da hazırlayıbmış.

Deyirəm, görəsən, Qəzənfər müəllimi təzədən Masallıya qaytarsaq, burada da o bulvarın heç olmasa, balacasından düzəldərmi?


Səfərimizin sonunda Nuranə xanım və Xalid bəybizi keçmişimizdən bu günümüzə gətirdi. Birlikdə Astara bulvarına gəldik. Öncə buradakı olduqca ekzotik Ləm restoranında nahar elədik. Sonra isə Astara bulvarı ilə, necə deyərlər, eninə-uzununa tanış olmaq üçün 1 saatlıq gəzintiyə çıxdıq.

Ötən illərdə ən çox tənqid etdiyim, buranın icra başçısı Qəzənfər Ağayevin (Masallının keçmiş icra başçısı), hansı niyyətə və necə etməsindən asılı olmayaraq inşa etdirdiyi bir neçə hektarlıq bulvar doğrudan da möhtəşəmdir.

(Deyirəm, görəsən, Qəzənfər müəllimi təzədən Masallıya qaytarsaq, burada da o bulvarın heç olmasa, balacasından düzəldərmi?)

Görün, Astara bulvarı nə qədər irəli gedib ki, bölgənin mədəni mərkəzi sayılan lənkəranlılar da təzə yol açılanda istirahətə bura gəlir.(Daha Masallının bərbad gündə olan Xətai bağını, əvvəllər bəh-bəhi ərşə çıxan, indi  alayarımçıq, göz dağına çevrilən “Masallı bulvarını” demirəm, bəzi dostlarımız inciyər)


Hər şeydən danışdıq Nuranə xanımın müəllimliyi yaddan çıxdı.


Deyəsən, mövzudan bir qədər uzaq düşdük. Görəsən, Nuranə müəllimi bir tarix müəllimi kimi ən çox dəyərləndirən nədir? Təbii ki, şablon etiklərdən - olduqca işgüzar, fədakar, savadlı, işini bilən-filan sözlərdən qaçmağa çalışacam. Hansı ki, bunların hamısı onda var.


Bu günümüz üçün ən önəmlisi isə odur ki, cəmi 16 saat dərs yükü olsa da, 2 azyaşlı körpəsi olsa dadərsdənkənar vaxtının çoxunu  öz təşəbbüsü ilə təşkil etdiyi “Bizim tariximiz!” dərnəyində 100-dən çox şagirdi ilətarixi abidələr, şəhidlərin məzarları önündə və ev muzeylərində açıq dərslər keçirməklə, təmənnasız seminarlar təşkil etməklə keçirir., qarşılıqsız repetitorluq edir. (Həm məktəbdə, həm evdə dediyi dərsə  görə pul alan müəllimlər yazının bu hissəsini oxumasa yaxşıdır).


Hələ bu azmış kimi öz şəxsi vəsaiti hesabına şagirdlərini qonşu rayonlara, kəndlərə, tarixi məkanlara, Milli Qəhrəmanların, ev muzeylərinə aparır. Hələ təbiət qoynuna ekskursiyaları demirik. 

Elektron imkanlardan maksimum istifadə edir. Bu yaxınlarda isə şagirdlərinə tarixi mövzularda internetdə paylaşılan 20-dən artıq süjetin linklərinin toplandığı diski hədiyyə etməyə hazırlaşır.


Şagirdləri həvəsləndirmək üçün bir-birindən orijinal formalar tətbiq edir – fəxri fərmanlardan tutmuş, səhnələşdirilmiş tarixi mövzulara, hədiyyələrə kimi.

Bir neçə tarixçi müəllim və alimlərlə canlı internet əlaqəsi qurur.



Nuranə xanımın ən uğurlu layihələrindən biri öz vəsaiti hesabına yaratdığı "VƏTƏNİMİZİ TANIYAQ!" layihəsidir


Nuranə müəllimə layihəsini Astara, Lənkəran, Masallı və Biləsuvar rayonlarında vətənpərvərlik mövzusundakeçirdiyi  müxtəlif tədbirlərlə zənginləşdirir.


Layihəni də reallaşdırmaqda əsas məqsədi vətən sevgisini  şagirdlərinə daha dərin hislərlə, bariz nümunələrlə aşılamaq, onları əsil vətənpərvər şəxsiyyət kimi yetişdirməkdən ibarətdir.


Nuranə müəllimənin növbəti uğuru bu yaxınlarda Lənkəranda keçirilmiş AzETA təhsil təşkilatının konfransında Cənub bölgəsi haqqında etdiyi təqdimatının l dərəcəli sertifikatla təltif edilməsi oldu.


Bu il ən böyük uğurlarından biri isə onun "Vətənimizi tanıyaq!" layihəsinin Təhsil Nazirliyi tərəfindən tanınması və bəyənilməsidir.

Nuranə müəllimənin əsas hədəflərindən biri iş metodunun bütün respublikada yayılması və tarix müəllimlərinin də bu üsullardan faydalanmasıdır. O çox arzulayır ki, bölgəmizdə gənc və qabaqcıl tarix müəllimlərinin mobil bir qrupu yaransın və onlar ən azında ayda, rübdə bir dəfə görüşə bilsinlər, social səhifədə təcrübələrini əlaqələndirmək üçün qrup yaratsınlar.


Gələcək hədəfləri?


-Gələcək hədəflərim həddindən artıq  çoxdur. Təhsillə bağlı uğurlu yeni, daha original layihələr həyata keçirmək, qızların erkən nigaha deyil, təhsilə daha yaxından cəlb olunması naminə məktəbdə gənc  qızlar üçün,( 8 -ci siniflərdən)  başlayaraq sosial dərnəklərin tətbiq etməkvə bu qəbildən digər tədbirlər.

-Əsas xobbim isətarixi kitablar oxumaq, bu mövzudafilmlərə baxmaq və şagirdlərimlə bərabər tarixi abidələrdə tədqiqatlar aparmaqdır.


Sizi nələr sevindirir?


-Düzünə qalsa, adamları sevindirmək imkanın olanda sevinirəm. Şagirdlərim imtahanlarda yüksək nəticələr göstərəndə, mənə tez-tez tarixdən suallar verəndə də sevinirəm ki,onların məqsədi yalnız öyrənməkdir. Bax,bunlarməni çox sevindirir.


Elə sual var ki, gözləyirdiniz,amma vermədim?


Bəli. Gözlədiyim sual bu idi ki, nə əcəb,elmin arxasınca getməmişəm?Amma öz sualıma özüm də cavab verim. Bəlkə də elm arxasınca getsəydim, çoxsaylı vətənpərvər şagird yetişdirə bilməzdim və ən əsası onlarla insanın sevimli müəllim ola bilməzdim.


Zahir ƏMƏNOV















Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10