Vəkillər Kollegiyasının tanınmış vəkil barəsindəki qərarı cəmiyyətdə ciddi narazılıqlara səbəb olub
Tanınmış vəkil Adil İsmayılovun bir il müddətinə vəkillik fəaliyyətindən uzaqlaşdırılması xəbəri cəmiyyətdə səs-küy yaradıb. Onun haqqında Vəkillər Kollegiyasına şikayət və bu şikayətin təmin olunması barədə, elə şikayətçi vəkil Sahil Quliyev özü bəyanat yayıb.
Bəyənatda qeyd olunur ki, vəkil Adil İsmayılovun vəkillik fəaliyyətinin bir il müddətinə dayandırılması ilə əlaqədar Vəkillər Kollegiyasının Rəyasət Heyəti qərar verib: “Vəkil Adil İsmayılov sosial şəbəkədəki səhifəsində müxtəlif vaxtlarda vəkil həmkarlarını və məni təhqir edən yazılar paylaşıb, öz vəkil həmkarları barəsində “qul”, “kölə”, “mağmın”, “şərəfsiz” kimi şərəf və ləyaqəti alçaldan, qeyri-etik ifadələr işlədərək, vəkillər üçün məcburi olan etik davranış qaydalarını pozub, bu isə öz növbəsində vəkillər arasında haqlı narazılıqlara səbəb olub. Həmin yazılarla bağlı mən və digər vəkillər – Elmar Kərimov və Tahir Əlirzayev şikayətlə Vəkillər Kollegiyasına müraciət etmişdik. VK-nın İntizam Komissiyası da Adil İmayılovun özünün iştirakı ilə toplantı keçirib və belə qərar verilib”.
Şərəf və ləyaqət məsələlərinə VK-da baxılması mövzusunu AYNA-ya şərh edən hüquqşünas Ələsgər Əhmədoğlunun fikrincə, Vəkillər Kollegiyasının vəkil Adil İsmayılova qarşı verdiyi qərar, əslində Kollegiyanın öz gerçək missiyasının təzahürü, özünəqəsdin ifadəsidir: “Dünyada azad hüquqşünasların istisnasız ilk seçdiyi məslək vəkillikdir. Bizdə isə bu şərəfli məsləyin peşə birliyini "yuxarıların" sifarişlərini icra edən quruma çeviriblər. Hədəf isə, cəmiyyətin gözündə hər gün bir az daha dəyərini itirən bu qurumda müstəqil, azad düşüncəli bir nəfərin də qalmamasıdır”.
“Artıq müstəqil düşüncəli hüquqşünasların alternativ təşkilatlanmaya gedib, legitimliyini itirən bu qurumdan cəmiyyəti qurtarmaqdan başqa yolu qalmır. Adil İsmayılov bir müddət əvvəl Vəkillər Kollegiyasının topladığı vəsaitləri şəffaf xərcləmədiyi ilə bağlı məsələ qaldırmışdı və izahat tələb etmişdi. Ardınca bir aydan çoxdur yaydığı faktlarda cinayətlərə bulaşmış, cinayətləri gizləmiş, vəzifəsini icra etməmiş məsul şəxsləri adı ilə, əməli ilə cəmiyyətə təqdim edib, səssiz haray edir. Onun bu harayına isə öz "məsləkdaşları" onu məsləkdən uzaqlaşdırmaqla cavab verirlər”, - hüquqşünas bildirib.
Əhmədoğlu qeyd edib ki, irəli sürülən iddiaya əsasən, VK vəkilin hüququnu, cəmiyyətdə hüququn aliliyini qorumaq əvəzinə, məhz Adil İsmayılovu təqsirli kimi təqdim edib: “Çünki təhqirə məruz qalmış vəkil bunu VK-da yox, məhkəmə qaydasında sübut etməlidir. VK-nın bu qərarı həm də ortada dolaşan cinayət faktlarını örtməkdə biriləri ilə açıq əməkdaşlıq etdiyinin göstəricisidir, cinayətə ortaqlıqdır. Bu gün ölkənin bir sıra vəkilləri başlarını aşağı salıb, gələn sifarişi dörd əllə qəbul edib, peşə prinsiplərindən uzaqlaşırlar”.
Vəkil Aqil Layıc da AYNA-ya açıqlamasında diqqətə çatdırıb ki, şərəf və ləyaqət işləri ilə məşğul olan, məşğul olmalı olan yeganə orqan məhkəmələrdir: “Vəkillər Kollegiyasının buna qəti olaraq səlahiyyəti çatmır. Dünya praktikasında da belədir. Adil İsmayılovun barəsindəki şikayətə Kollegiyada baxıla bilməzdi. Ona görə bu qərarı ədalətsiz və əsassız hesab edir və yenidən baxılmasının vacib olduğunu düşünürəm”.
“Həmçinin vəkilin öz həmkarının şikayəti əsasında cəzalandırılması vəkillər arasında olmayan həmrəyliyə də zərərdir və təhlükəli addımdır. Mülki Məcəllənin 7-ci maddəsinə müvafiq olaraq, vətəndaşlar onların şərəf və ləyaqətlərini ləkələyən, həqiqətə uyğun olmayan məlumatların təkzib edilməsini məhkəmə yolu ilə tələb edə bilərlər. Vəkillər Kollegiyası məhkəmə və ya istintaq orqanı deyil, dolayısı ilə bu, hüquq pozuntusudur”, - Layıc vurğulayıb.
Digər vəkil Elçin Sadıqov isə AYNA-ya deyib ki, Adil İsmayılov ifadə azadlığına müdaxilənin qurbanıdır: “Bu müdaxilənin demokratik cəmiyyətdə zəruri olmadığını və müdaxilənin qeyri-proporsional olduğunu düşünürəm. Müdaxilə, Konstitusiya və İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın prinsipləri nəzərə alınmaqla, qarşıya qoyulmuş məqsədlərə ziddir. Hesab edirəm ki, Adil İsmayılovun vəkillik fəaliyyəti bərpa edilməlidir”.
Vəkil Əkrəm Həsənov da AYNA əməkdaşı ilə söhbətində qeyd edib ki, şərəf, böhtan, təhqir faktlarını məhkəmə qiymətləndirməlidir. Məni təhqir etsəydilər, məhkəməyə üz tutardım. Ümumiyyətlə, vəkillər müştərilərini müdafiə edərkən bir-birilərinə hörmətlə yanaşmalıdırlar. Çünki vəkil qatı cinayətkarı da müdafiə edə bilər, bu, onun vəzifəsidir. Buna görə də ilk növbədə öz həmkarlarından hörmət ve dözümlülük gözləyir. Hesab edirəm ki, Adil müəllim kimi təcrübəli vəkilin 1 il müddətinə işindən kənarlaşdırılması hüquq sistemimiz, vətəndaşların hüquqlarının müdafiəsi üçün itkidir”.
Məsələ ilə bağlı Adil İsmayılov özü isə AYNA-ya bildirib ki, hələlik VK sədrinin şərhini gözləyir: “Yalnız bu halda mən fikirlərimi bildirəcəm”.