Belə məktəblərdən biri də XIII əsrdə yaradılmış Şeyx Zahid Gilani məktəbi idi
cenub.az saytı İldırım Şükürzadənin hazırladığı bu yazıda sizə aşağıdakıları təqdim edir:
-XIII əsr Şeyx Gilani məktəbi
-Lənkəranda “Qasir məktəbi”
-Lənkəranda gimnaziya
-Teymur bəy Bayraməlibəyovun “Ziya” məktəbi
-Lənkəranda İranın açdığı “Behcət” məktəbi niyə qısa -müddətdə bağlandı?
-Lənkəranda bir sinifli məktəblər
-Məryəm xanım Bayraməlibəyovanın “Ünas” qız məktəbi
-Sovet dövrü Lənkəranda təhsil
-“Səvodin bıbən” (“Savadlı olun”) talış dili dərsliyi
Ölkəmizdə təhsil ilk əvvəl dini xarakter daşımış, dərslər məktəb və mədrəsələrdə keçirilmişdir. VII əsrdən başlayaraq Azərbaycanda yeganə təhsil ocaqları olmuş məktəb və mədrəsələr XIX əsrdə də geniş yayılmışdı. Məktəb mahiyyətcə aşağı, mədrəsə isə yuxarı dərəcə hesab edilirdi. Məktəb bir növ mədrəsəyə hazırlıq rolunu oynayırdı. Bu məktəblərdə əsasən ərəb-fars dilləri, “Quran”ın oxunuşu, saymaq öyrədilirdi. Ölkəmizin məktəb tarixinə nəzər saldıqda məlum olur ki, vaxtilə Lənkəranın bir sıra kəndlərində mədrəsə və mollaxanalar fəaliyyət göstərmişdir. Belə məktəblərdən biri də Şeyx Zahid Gilani məktəbi idi.XIX əsrin 30-cu illərində Azərbaycanda dünyəvi təhsil
verən qəza məktəbləri açılanda niyə bu, Lənkəranda mümkün olmadı?
Çox əfsuslar olsun ki, Lənkəranda qəza məktəbinin yaradılması mümkün olmamışdır. Bu barədə Mirhaşım Talışlı yazır: “1827-ci ilin oktyabr ayında xalq maarifi nazirliyinə müraciət edilərək Zaqafqaziyada (Cənübi Qafqaz – müəl.) qəza məktəblərinin açılması xahiş olunur və Peterburqda bu xahişin yerinə yetirilməsinə razılıq da verilir. Lakin həmin illərdə Lənkəranda məktəb açmaq üçün əlverişli bir bina tapılmır” (125 yaşlı məktəb. B., 1983, səh. 9).
1850-ci ildə Nuxa (Şəki) və Salyanla yanaşı Lənkəranda da “Müsəlman məktəbi” açıldı. Lənkəran məktəbinin təşkilində Mir Əlibəy Talışxanovla Mirzə Məmmədəli Səfiyevin xüsusi xidməti olmuşdur. Onlar məktəb üçün mebel əldə etmiş, Səfiyev həm də rus dilini pulsuz tədris etməyi öhdəsinə götürmüşdü (Hüseyn Əhmədov. XIX əsr Azərbaycan məktəbi. B., 1985, səh. 49).
1853-cü ildə qəbul edilmiş yeni məktəb nizamnaməsinə əsasən Quba, Ordubad (1854) və Lənkəranda (1856) birsinifli ibtidai, Şamaxıda isə ali dördsinifli məktəb (1854) açıldı. 1856-cı il sentyabrın 21-də ibtidai məktəbin fəaliyyətə başlaması ilə Lənkəranda ümumi təhsil verən ilk dövlət məktəbinin əsası qoyuldu. 1870-ci ildə Lənkəran birsinifli ibtidai məktəbi ikisinifli ibtidai məktəbə çevrildi. Hazırda həmin məktəb şəhər 1 saylı tam orta məktəb hesab olunur.
Lənkəranda “Qasir məktəbi”
XIX əsrin ikinci yarısında Lənkəranda fəaliyyət göstərmiş digər bir məktəb də var idi ki, bu məktəb daha çox yaradıcısı Mirzə İsmayıl Qasirin adı ilə “Qasir məktəbi” adlanırdı. Hüseyn Əhmədov yazır: “XIX əsrdə ana dilində ilk məktəblərdən biri, Füzuli ədəbi məktəbinin davamçısı olan Mirzə İsmayıl Qasir (1806-1900) tərəfindən Talış mahalında açılmışdır. Qasirin məktəbində ana dili ilə bərabər rus və fars dilləri, ədəbiyyat tədris edilir, təbiiyyat və s. elmlərdən ibtidai məlumat verilirdi. O, tədris etdiyi materialları toplayaraq 1894-cü ildə “Qanuni – Mirzə İsmayıl Qasir” adlı bir tədris vəsaiti düzəltmişdi” (Adı qeyd olunan kitab. Səh. 280).
Lənkəranda gimnaziya
1900-cu ildə Lənkəranda gimnaziya təsis edilmişdir. Burada təhsil müddəti on bir il olmuşdur. İvan İosofiç Kalantarovun müdir olduğu bu məktəbi bitirənlərə ibtidai məktəblərdə dərs demək hüququ verilirdi (Hacı Etibar Əhədov, Ramazan Quliyev. Sabahın sorağında. B., 2003, səh. 8-9).Lənkəranda İranın açdığı “Behcət” məktəbi niyə qısa müddətdə bağlandı?
1906-cı ildə Lənkəranda dördsinifli şəhər məktəbi təşkil olunmuş, 1907-ci il sentyabrın 15-də isə “Behcət” (tam orta) adlı məktəb fəaliyyətə başlamışdır. “Behcət” məktəbi İran hökuməti tərəfindən yaradıldığı üçn burada iranpərəstlik özünü büruzə verirdi. Buna görə də Bakı qubernatoru Alışevskinin fərmanı ilə “Behcət” məktəbi 1909-1910-cu dərs ilində bağlandı (Böyükağa Hüseynbalaoğlu, Mirhaşım Talışlı. Lənkəran. B., 1990, səh. 100-101).
Teymur bəy Bayraməlibəyovun “Ziya” məktəbi
1909-cu ildə Teymur bəy Bayraməlibəyov Lənkəranda, yaşadığı evində “Ziya” məktəbi açmışdır. “Teymur bəy Bayraməlibəyovun məktəbi”kimi tanınan bu məktəb 1911-ci ilə qədər fəaliyyət göstərmişdir (Mirhaşım Talışlı, Etibar Əhədov. Lənkəran: ensiklopedik məlumat. B., 2014, səh. 76).
Lənkəranda bir sinifli məktəblər
XIX əsrin axırları – XX əsrin əvvəllərində Lənkəranda bir sıra yerlərdə birsinifli dünyəvi məktəblər fəaliyyətə başlamışdır. Onların arasında
Alekseyevka (Bürcəli; 1897, oğlanlar və qızlar), Sarı (1907, oğlanlar və qızlar),
Viyən (1909, oğlanlar və qızlar), Alekseyevka (1914, qadınlar üçün), Kərgəlan (1913, kişilər üçün),
Lənkəran şəhər orta (1911, oğlanlar və qızlar),
Lənkəran rus-tatar (1911, oğlanlar üçün) məktəbləri vardı (M.Talışlı, E.Əhədov. Adı qeyd olunan kitab. Səh. 324).
Məryəm xanım Bayraməlibəyovanın “Ünas” qız məktəbi
XX əsrin əvvəllərində Azərbaycanda, o cümlədən Lənkəranda qızların təhsili məsələsi qabaqcıl ziyalılarımızı ciddi düşündürürdü. Buna görə də, Teymur bəy Bayraməlibəyovun qızı Məryəm xanım Bayraməlibəyova 1918-ci ildə Lənkəranda “Ünas” (“Qızlar”) məktəbi yaratdı. “Ünas” məktəbi 1918-1923-cü illərdə fəaliyyət göstərmişdir (Əlirza Əliyev, Güloğlan Bağırov. 70 yaşlı məktəb. B., 1999, səh. 8-9).
Sovet dövrü Lənkəranda təhsil
1920-ci il aprelin 28-də Sovet Rusiyası Azərbaycanı işğal etdikdən sonra Lənkəranda da sovet məktəbləri açıldı, ayrı-ayrı yerlərdə savad kursları təşkil edildi.
Bu kursları bitirənlərə “Zərbəçi maarifçinin kitabçası” vəsiqəsi verilirdi.
“Səvodin bıbən” (“Savadlı olun”) talış dili dərsliyi
1929-1936-cı illərdə dərslər talış dilində keçirilirdi. Müzəffər Nəsirli və Şöyüb Mürsəlovun 1929-cu ildə çap olunmuş “Səvodin bıbən” (“Savadlı olun”) talış dili dərsliyindən rayonun məktəblərində “Əlifba” kimi istifadə edilmişdir (Hacı Etibar Əhədov. Son zəngdən sonra. B, 2006, səh. 7).
Lənkəranın yaşayış məntəqələri üzrə ilk olaraq Girdəni, Aşağı Nüvədi (1919), Gərmətük, Xolmili (1920), Şilavar (1921), Boladi, Veravul (1922), Şıxəkəran, Şürük (1923), Separadi (1925), Kərgəlan (1927), Şağlaser (1928), Mamusta, Şağlakücə, Vilvan, Göyşaban (1929), Sütəmurdov (1930) və digər kəndlərdə məktəblər yaradılmışdır. Sonrakı mərhələlərdə isə rayonun digər yaşayış məntəqələrində də məktəblər açılmışdır. Sovet dönəmində məktəblər əsasən uyğunlaşmış binalarda fəaliyyət göstərmişlər.
Lənkəran təhsili müstəqillik dövründə
Hazırda Lənkəranda 89 ümumtəhsil (72 tam, 14 ümumi, 3 ibtidai) məktəbi, xüsusi internat və gimnaziya fəaliyyət göstərir.
Bu məktəblərdə oxuyan 31.892 şagirdin təlim-tərbiyəsi ilə 3636 nəfər müəllim məşğul olur.
Hazırda Lənkəranda 89 ümumtəhsil məktəbindən başqa
Lənkəran Dövlət Universiteti,
Humanitar Kollec,
Tibb Kolleci,
Peşə liseyi və
2 musiqi məktəbi də vardır.
Lənkəranda 1923-2002-ci illərdə Sovxoz-Texnikum, 1975-2003-cü illərdə Musiqi Texnikumu, 1970-1994-cü illərdə 34 və 169 saylı texniki peşə məktəbləri də fəaliyyət göstərmişdir.
Lənkəran 1 saylı musiqi məktəbi 1957,
Həqiqət Rzayeva adına
2 saylı musiqi məktəbi isə 1977-ci ildə yaradılmışdır.
Qeyd: Yaxın vaxtlar bütün Lənkəran iqtisadı rayonun üzrə təhsil tarixini sizə təqdim etməyə çalışacağıq.
İldırım ŞÜKÜRZADƏ
Lənkəran rayonunun Havzava kənd tam orta məktəbinin tarix müəllimi