Azərbaycanın elə qədim abidələri var ki, onların bəziləri haqqında çox az məlumatımız var. Təəssüf ki, bu abidələrin böyük əksəriyyəti günümüzə ya dağılmış vəziyyətdə çatıb, ya da su altında qalıb. Belə tarixi tikililərdən biri də XIII əsrdə inşa edilmiş Bayıl qalasıdır. Şirvan-Abşeron memarlıq məktəbinin ən gözəl nümunələrindən biri olmuş bu qala Xəzər dənizinin səviyyəsindən asılı olaraq bir müddət görünsə də, sonralar suyun dərinliklərinə qərq olub.
Mənbələrdə “Sualtı şəhər”, “Bayıl daşları”, “Səbayıl qalası”, “Karvansara”, “Xanəgah”, “Kömrükxana” adlandırılsa da, elmi ədəbiyyatda daha çox “Bayıl qəsri” adı ilə tanınır.
Hazırda dəniz sularının altında qalmış tarixi memarlıq abidəsinin tikintisinə 1234-cü ildə başlanıldığı deyilir. Uzunluğu 180, eni 40 metr olan bu tikinti aralarındakı məsafə 16 m-dən 28 m-ə qədər olan 15 ədəd yarımdairə qala vasitəsilə divara birləşdirilib. Divarların qalınlığı 1,2-1,5 metrdir. Divar ayrı-ayrı daş tavalarda düzəldilmiş hündürlüyü 70 sm, eni 25-50 sm, qalınlığı isə 12-15 sm frizlənmiş yazılarla əhatə olunub.
Abidənin 15 qülləsi var. Bunlardan yalnız şimal-qərb və cənubdakı iki qüllə dairəvi formada olub, içərisi boşdur. İçərisi bütöv qalan 12 qüllənin hamısı yarımdairə şəklindədir. Künclərdə olan üç dairəvi qüllənin qəsrə girmək üçün 1,3 m enində qapısı var. Bundan başqa, səkkiz və doqquzuncu qüllələri birləşdirən cənub divarında, habelə 14 və 15-ci qüllələri birləşdirən şimal qərb-divarında 1,6 m enində qapı qoyulub. Qüllələrin bəzilərində yuxarı hissəyə çıxmaq üçün daş pilləkənlər var.
Ümumilikdə bu abidə də Azərbaycanın qədim mədəniyyətə malik olduğunu bir daha sübut edir. Elə buna görə də Bayıl qəsrinin sirri əsrlər boyu Bakıya gələn alim, tədqiqatçı və arxeoloqların diqqətini cəlb edib. Bu abidənin 60 ildən artıq bir dövrdə öyrənilməsinə baxmayaraq, onun Xəzərin dibində olması elm aləminə çoxdan məlumdur.
AMEA-nin Tarix İnstitutunun Xəzər arxeoloji ekspedisiyasının aşkarladığı Bayıl qalasına aid daş kitabələr
Abidənin tədqiqi zamanı inşa olunduğu dövrü göstərən materiallara rast gəlinib. Bəzi daşların üzərində hicri təqvimi ilə 632-ci il qeyd edilib ki, bu da miladi təqvimi ilə 1232-1235-ci illəri göstərir. Bundan əlavə, 1939-cu ildə ərazidən tapılan mis pulların üzərində Şirvanşah Güştasp (Gərşəsb) (1204-1225) və Xəlifə ən-Nasirin (1180-1225) adları qeyd olunub.
İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Mədəni irsin tədqiqi şöbəsinin müdiri, Əməkdar mədəniyyət işçisi, tarix üzrə elmlər doktoru, professor Kamil İbrahimov Oxu.Az-a Bayıl qalası ilə bağlı maraqlı faktları açıqlayıb.
Onun sözlərinə görə, əsrlər əvvəl suyun altına qərq olmuş qalanın nə vaxtsa yenidən üzə çıxacağı ehtimal edilir:
“Tаriхi аbidələr хаlqın kеçmişini, оnun tərəqqi və tənəzzül çаğlаrını pаrlаq əks еtdirir. Bu abidələrdə ötüb keçən əsrlərin sənətkarlığı və incəsənəti həkk olunub. Onları qoruyub bu zamana qədər gətirib çıxarmışıq. Xəzər dənizinin sahilində, mənzərəli yerdə, Bayıl yaşayış sahəsində inşa olunmuş bu abidəni həmin yerin adına müvafiq olaraq “Bayıl qəsri” və ya “Səbail qəsri” adlandırıblar. 1306-cı ildə Bakıda baş vermiş güclü zəlzələ zamanı tikili dağılıb və bir neçə əsr suyun altında qalıb. Ada Xəzər dənizində suyun səviyyəsinin azalması nəticəsində yalnız XVIII əsrin əvvəllərində, daha dəqiq desək, 1723-cü ildə üzə çıxıb.
Bayıl qəsrinin sirri əsrlər boyu Bakıya gələn alimləri maraqlandırıb. XIX əsrdə Azərbaycan tarixçisi Abbasqulu ağa Bakıxanov, rus alim, şərqşünas və səyyahları İ.N.Berezin, S.Q.Qmelin, B.A.Dorn, V.V.Bartold, A.K.Markov və başqaları Bayıl qəsri haqqında, qəsrin nə məqsədlə tikilməsi, tarixi rolu və fəlakətə uğramasının səbəbi haqqında elmi fikirlər, ehtimallar söyləyiblər.
Təxminən 250 il bundan əvvəl suyun altından görünən tikili haqqında dəqiq elmi fikir söyləmək qeyri-mümkün idi. Qəribə quruluşlu bu binanın kimə məxsus olması, kimlərin taleyinin bu qala ilə əlaqəli olması barədə suallar alimləri xeyli çaş-baş salırdı.
Abidənin ətrafında XX əsrin ortalarında geniş arxeoloji qazıntılar aparılıb. 1939-cu ildən 1969-cu ilə kimi Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutunun təşkil etdiyi arxeoloji ekspedisiya professor Yevgeni Paxomovun, arxeoloqlar İshaq Cəfərzadə və Ömər İsmizadənin rəhbərliyi ilə müxtəlif vaxtlarda 699 ədəd yazılı daş tava aşkar edilib. Bu daşlar hazırda İçərişəhərdə Şirvanşahlar sarayının həyətində qorunur. Daşların üzəri ərəb və fars yazıları ilə yanaşı, zəncirvari ornament, insan, heyvan, quş və əfsanəvi heyvan təsvirləri ilə frizlənib və bəzədilib. Bu daş tavaların üzərindəki təsvirlərdən görünür ki, onları yüksək zövqə və incə müşahidəçilik qabiliyyətinə malik sənətkarlar işləyib”.
Tarixçinin sözlərinə görə, Bayıl daşları Şirvanşahlar dövründəki mədəniyyətimizi öyrənmək baxımından dəyərli sənət əsəridir:
“Təəssüf ki, dənizdən çıxarılmış daşların 30 faizə qədəri əsrlər boyu ləpələrin təsirindən ziyan görüb, üzərindəki yazı və təsvirlər qismən pozulub. Bu isə araşdırma zamanı nisbətən çətinlik yaradıb. Bundan əlavə, daşların hamısını əldə etmək mümkün olmayıb:
Bayıl qalasının 1904-cü ildə görünüşü
Daşların üzərində uzun müddət axtarışlar aparmış qocaman arxeoloq İshaq Cəfərzadə usta Zeynəddin bin Əburəşidin adını, professor Y.Paxomov 630-632-ci il hicri tarixini (1232-1234-cü illər), Məhəmməd, Yezid, Fəribürz, Gərşəsb kimi Şirvanşahların adlarını, Bakı, Şamaxı şəhərlərinin adlarını, sultan, şah titullarını oxuyub. Əbdülvahab Salamzadənin mülahizəsinə görə, Bayıl qəsri Şirvanşahlara məxsus olub.
1965-ci ildə “Şirvanşahlar Sarayı Kompleksi” Dövlət tarixi-memarlıq qoruğu muzeyində yazılı daşların səliqəyə salınıb oxunması üçün xüsusi laboratoriya təşkil edilib. Bu laboratoriyada oxunmuş daşlar üzərindəki fikirlər əsaslandırılır. Oxunmuş daşların üzərindəki yazılar IX-XIV əsr Şirvan və Şirvanşahların tarixi, o dövrün görkəmli şəxsiyyətləri, abidənin inşasında iştirak etmiş Zeynəddin bin Əburəşid, Əburəşid bin Zeynəddin kimi sənətkarlar sülaləsi və s. haqqında heç yerdə olmayan ilk məlumatları verib. Eyni zamanda, bu yazılar əsasında abidənin tikilmə tarixini də dəqiqləşdirmək mümkün olub.
Tədqiq edilmiş kitabələrə əsasən müəyyən edilib ki, qəsr Xəzər dənizinin sahilə yaxın hissəsində, Bayıl təpələrindən birində 1232-1234-cü illərdə Şirvanşah Gərşəsbin oğlu Fəribürzün dövründə inşa edilib. Frizli yazıların içərisində Bayıl qəsrinin memarı Əbdülməcid ibn Məsudun adının bərpa edilə bilən yazı fraqmenti də tapılıb. Bu memar eyni dövrdə, yəni XIII əsrin 30-cu illərində Abşeronun vahid müdafiə sisteminə daxil olan, şəhəri və Bayıl qəsrini şimaldan müdafiə edən Mərdəkan dəyirmi qalasını da inşa edib”.
Araşdırmalar zamanı Bayıl qəsrinin tikintisində istifadə edilən daşların quruluşu təxminən səkkiz əsr bundan əvvəl Azərbaycanda memarlıq sənətinin yüksək səviyyədə olduğundan xəbər verir. Daşlarda hər hökmdarın adının üzərində onların rəmzləri olan simmetrik insan, heyvan, quş və mifik təsvirləri var. Yazılı daşlar içərisində gürcülərə aid kitabələrə və gürcü qadınlarına məxsus baş təsvirinə də rast gəlinib. Alimin sözlərinə görə, bu, heç də təsadüfi deyil. O vaxt gürcülərlə azərbaycanlılar arasında nəinki dostluq, hətta qohumluq əlaqələri olub:
Bayıl daşlarında Şirvanşah III Fəribürzün və gürcü qadının (ehtimal ki Tamaranın) təsvirləri. Birincisi Azərbaycan Tarix Muzeyində, ikincisi isə Şirvanşahlar sarayı həyətində saxlanılır
“Təsvirlər içərisində üzərində anfas şəklində işlənmiş öküz başı daha maraqlıdır. Eyni təsvir qala divarının şərq darvazasında və Qız qalası ətrafında tapılmış daşlarda da mövcuddur. Bəzi canlı təsvirlərin ayrı-ayrı fraqmentləri natural həcmində at və şir barelyeflərinin olmasını göstərir. Üzlərində insan başının anfas təsviri və Fəribürzün adı olan daş da maraqlıdır. Bu, qəsr tikilən vaxt hökmranlıq etmiş şahın öz barelyefidir.
Qəsrin içərisindən 13-cü əsrə aid olduğu ehtimal edilən şirsiz saxsı və məişət əşyaları, üzərində Şirvanşah Fəribürz bin Gərşəsb və Xəlifə ən-Nasirin (1180-1225) adları yazılmış mis pullar tapılıb.
Bayıl qalasının planı
“Səba əhli” və “Səba yurdu” haqqında bir çox əfsanələr var. Həmin əfsanələr əsasında ehtimal edilir ki, Bakı yaxınlıgında Səba adlı gözəl bir şəhər mövcud olub. Səba, Səba əhli və Səba yurdu haqqında Qurani-Kərimin “Nəml” (Qarışqalar) və “Səbə” (Səba) surələrində də məlumat verilir”.
Tarixçi onu da əlavə edib ki, qalanın adlarından olan “Səba” toponimi Bakının Səbail rayonunda adında işlədilib:
“Ərəbistan yarımadasında, eləcə də yaxın coğrafi ərazidə “Səba” toponiminin işlədildiyi etimoloji yaşayış sahəsi yalnız Bakı yaxınlığındakı Səbail rayonu və tarixi Səbail qalası olub. Müasir Türkiyədə coğrafi-iqtisadi rayonlar “il”, yəni “el” olaraq adlandırılıb. Nəticədə, türk dilində bu ərazidə “Səba” toponiminin yaranmasına səbəb səbalıların, yəni Səba xalqının, Səba elinin bu yerə köçərək burada yaşaması ilə əlaqədar olub.
Qalanın qalıqları
Tarixdən məlumdur ki, xalq bir yerdən başqa yerə köçsə də, onun adını daşıyan toponim onunla bərabər gəzir, itmir. Ərəb, fars və türk mənşəli toponim və yer adları isə Azərbaycan ərazisində kifayət qədər çoxdur.
Nəhayət, Quranda haqqında bəhs edilən indiki Yəmənin ərazisində VI əsrdə inkişaf etmiş Səba dövlətinin, atəşpərəst Səba elinin Arim (ərim, yəni bənd) seli nəticəsində böyük dağıntılara məruz qalması ilə onların bir qisminin məskən salmaq üçün odlar məkanı kimi məhşur olan Abşeron torpaqlarına qədər gəlmələrini və Bakı yaxınlığında məskunlaşmalarını ehtimal etmək olar.
Bütün bunlara və Quranda bildirilən “Səba şəhəri”, ”Səba hökmdarı” haqqındakı məlumatlara istinadən ehtimal etmək olar ki, qədim dövrlərdə Xəzər dənizinin sahilində, Bakı yaxınlığında “Səba” adlı şəhər mövcud olub.
Bayıl qəsri və Bayıl daşları Azərbaycanın qədim tarixini, mədəniyyətini, incəsənətini öyrənmək baxımından dəyərli mənbədir. Bu unikal abidə və frizlənmiş sənət əsərlərini yaşatmaq, təbliğ etməklə ulu keçmişimiz haqqında gözəl xatirələr əldə edə bilərik. Yaxın gələcəkdə bu abidə ətrafında aparılacaq arxeoloji qazıntılar, habelə biblioqrafik tədqiqatlar Səbail qalasının, habelə Səba şəhərinin sirlərinin açılmasına, eləcə də Bakının qədim tarixinin işıqlandırılmasına imkan verəcək”.