"ABŞ-Çin ticarət qarşıdurması birjalarda neftin kəskin ucuzlaşması ilə müşaiyət olunur".
Bu sözləri iqtisadçı ekspert Rövşən Ağayev öz feysbuk səhifəsində deyib.
Ekspert Beynəlxalq Energetika Agentliyinin neft bazarı ilə bağlı yeni proqnozlarından danışıb: "Agentlik qeyd edir ki, ilin başlanğıcında 2019-cu il ərzində neftə gündəlik tələbin 1.560 mln. barrel artacağı proqnozu özünü doğrultmadı: tələb daha az həcmdə artır - cəmi 1 mln. barrel (proqnozdan 560 min barrel az). Əvəzində təklif daha sürətlə genişlənir - OPEC-ə üzv olmayan ölkələrin hesabına bazara daxil olan gündəlik əlavə təklif yaxın zamanlara 2.8 mln. barrelə çatacağı proqnozlaşdırılır. Agentliyin ekspertləri əmindir ki, OPEC+ təklifi azaltmaq istiqamətində səyləri ilə qeyri-OPEC hesabına təklifin artımına əhəmiyyətli təsir göstərə bilməyəcək. İqtisadiyyatı neftdən yüksək asılılığı olan ölkələr üçün çətin günlər əlamətləri aşkar görünür. Çin ABŞ-la qarşıdurmadan istifadə edib İrandan idxalı bərpa edərsə, vəziyyət daha da gərginləşər".
İqtisadçı bildirib ki, əsas diqqət ABŞ-Çin ticarət müharibəsində olduğu bir vaxtda Yaponiya-Cənubi Koreya arasında da ticarət savaşını da alovlandıracaq addımlar atılır: "Səbəb Yaponiyanın Cənubi Koreyanı "etibarlı ticarət tərəfdaşları" siyahısından çıxarmasıdır. Bu siyahıda olmağın üstünlüyü odur ki, Yaponiyadan ixrac zamanı hər hansı əlavə bürokratik prosedurlara ehtiyac olmur. Atılan addım nəticəsində iyulda Yaponiyanın Cənubi Koreyaya pivə ixracı 45%, avtomibil ixracı 17% azalıb".
"Dünya mediasının yazdığına görə, münasibətlərin kəskinəşməsindən ən böyük zərbəni Samsung Electronics Co, SK Hynix Inc və LG Display kimi nəhənglər ala bilər. Çünki displeylərin və yarımkeçiricilərin istehsalı üçün bir sıra mühüm mareriallar (məs. hidrogen flüorid, polimid və s.) məhz Yaponiyadan gətirilir", - ekspert deyib.
Rövşən Ağayev qeyd edir ki, münasibətlərin kəskinləşməsinə səbəb Cənubi Koreyanın Yaponiyadan kompensasiya tələb etməsidir: "Cənubi Koreyanın Yaponiyadan kompensasiya tələbi 1910-1945-ci illərdə Yaponiya müstəmləkəsi dövründə vətəndaşları ağır və alçaldıcı əməyə cəlb etməsinə görədir. Yaponiya tərəfi isə iddia edir ki, 1965-ci ildə bağlanmış sazişlə bu məsələ üçün 500 mln. USD artıq ödənib. Dünya iqtisadiyyatı çox mürəkkəb və qeyri-müəyyən nərhələni yaşayır".