Azərbaycanda bəzi ailələrdə qız uşaqlarına evdəki artıq əşya kimi baxırlar. Valideynlər ciddi-cəhdlə bu "əşyadan" qurtulmağa çalışırlar. Erkən nikahların əsas səbəbi budur.
Son bir həftədə 17 yaşlı iki qızımız canına qıydı. İlkin istintaq zamanı məlum oldu ki, hər iki qızı zorla ərə vermək istəyiblər. Amma onlar əri yox, goru seçdilər. İki məsum qızcığazı bu cür ağır seçim qarşısında qoyan adamlar qanun qarşısında cavab verməlidirlər. Şəxsən mən türmənin qapılarını öz əllərimlə onların üzünə açmağa hazıram.
Rəhmətlik Qaragöz nənəm 16 yaşında ərə gedib. Uşaq olanda erkən ərə getdiyini deyib nənəmlə zarafat edəndə, reaksiyası belə olurdu: "Səlbi 15, Tamam 14 yaşında ərə gedib".
O vaxt qızları ərə vermək üçün böyüdürdülər. Hərf tanımayan, yazıb-oxumağı bacarmayan qızların ər qulluğunda durmaqdan başqa missiyası yox idi. Mən sizə 80-90 il əvvəldən danışıram. İyirmi birinci əsrdə 20-ci əsrin təfəkkürü ilə yaşamaq fəlakətə səbəb olur.
Biz 2019-cu ildə yaşayırıq. Azərbaycan xalqı qapalı cəmiyyəti çoxdan tarixin arxivinə gömüb. İndi Bakıda yaşayan Məmmədlə Astara rayonunun Sım kəndində uca dağların qoynunda yaşayan Əhmədin arasında heç bir fərq yoxdur. Məmməd də, Əhməd də internet istifadəçisidir. Hər ikisi sosial şəbəkələrdə aktiv fəaliyyət göstərir. Yəni, ABŞ prezidenti Donald Trampın hansısa şıltaq hərəkətindən bakılı Məmmədlə sımlı Əhməd eyni vaxtda xəbər tutur. Müasir texnologiyaların sayəsində dünya ovcumuzun içinə sığışıb.
İndiki uşaqlar böyüklərdən daha məlumatlıdırlar. 17 yaşlı qız anlayır ki, onun ər üçün qayğanaq bişirməkdən daha vacib işləri var. O, texnologiyanın sürətlə inkişaf etdiyi müasir dünya ilə ayaqlaşmağa çalışır. O, oxumaq, öyrənmək, mədəni dünyaya inteqrasiya olmaq istəyir. Ər çörəyi yemək indi ona 30-cu illərdə olduğu kimi cazibədar görünmür.
İntihar edən qızların taleyini araşdıranda məlum oldu ki, onların hər ikisi ata qayğısından məhrum olub. Qızların birini anası, digərini isə nənəsi böyüdüb. Lütfən, "nə dəxli var?" - deyib, keçməyin. Dəxli olmasa, yazmaram...
Psixoloqların qənaətinə görə, atasının himayəsində olmayan qızlar həmyaşıdları ilə müqayisədə özlərini daha zəif hesab edirlər. Yəni, uşaqlar üçün xarakterik olan "mənim atam hamıdan güclüdür" fikri onlara tamamilə yaddır. Uşaqlarını dolandırmaq üçün evdən, ailədən uzaq düşən kişilər övladlarını bir nömrəli müdafiəçidən - atadan məhrum etdiklərini unudurlar. Pul bahalı kostyuma, isti ayaqqabıya, yun köynəyə çevrilə bilir, amma atanı əvəz edə bilmir...
Azərbaycanda hər ay 1000-dən çox nikah pozulur. Boşanma prosesi dava-dalaşla, düşmənçiliklə müşayiət olunur. Qanunun tələblərinə uyğun olaraq, uşaqlar çox vaxt anada qalır. Əsl həngamə də bundan sonra başlayır. Bir tərəfdən ana, bir tərəfdən baba və nənə, digər tərəfdən də qohumlar atanın arxasınca danışır, qısa müddət ərzində onun naqis, bivec, yaramaz obrazını formalaşdırırlar. Uşaqlar, xüsusilə də qızlar atasının timsalında kişilərə nifrət etməyə başlayırlar. Elçilər qapının ağzını kəsdirəndə həmin qızlar qeyri-ixtiyari olaraq düşünürlər ki, ər evində onları ataları kimi "naqis" bir kişi gözləyir. Buna görə də ərdən asılı olmağı deyil, ipdən asılı qalmağı seçirlər...