Sərdar Cəlaloğlu: “Belələrinə salam verməmək, görəndə özünü görməməzliyə qoymaq kifayət edir...”
Azərbaycan vətəndaşına, insanına qarşı qanunsuzluqları sifarişlə hökm şəklinə salan, günahsız insanlar barəsində ağır hökmlər çıxaran hakimlərə cəmiyyətin münasibəti xoş deyil. Qanunsuz hökmlər çıxarması ilə məşhurlaşan hakim Ənvər Seyidovun Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunu məhkəməyə verməsi xəbərinə olan münasibət bu baxımdan cəmiyyət üçün test hesab edilə bilər. Eks-hakim hesab edir ki, təqaüdü düzgün hesablanmayıb, ona daha çox pul verilməlidir, buna görə də məhkəməyə üz tutub. Mətbuat bu haqda yazandan sonra Ənvər Seyidovun bu iddiası sosial şəbəkələrdə müzakirə olunmağa başlayıb, ona çıxardığı sifarişli hökmlərin qarşılığı olaraq, ümumiyyətlə, təqaüd verilməməsinə çağırışlar səsləndirilməkdədir.Azərbaycan cəmiyyətinin Ənvər Seyidov, Mansur İbayev, Ramella Allahverdiyeva və onlar kimi sifarişli hökmlərə imza atmış hakimlərə münasibəti necə olmalıdır?
Məsələn, Mansur İbayevin hakim mantiyasında Bakı Ağır Cinayətlər Məhkəməsində möhürlədiyi hökmlər Avropa İnsan Haqları Məhkəməsində baxılan və Azərbaycan dövlətinin təzminat ödəməsinə səbəb olan işlər sırasında ilk yerlərdə idi.
Ənvər Seyidovun “Səidin dəstəsi” işi adı ilə mətbuatda ictimailəşən iş üzrə çıxardığı hökm də Eldar Mahmudovun ambisiyalarının təmin olunmasından doğmuşdu. Bu hökm günahsızlıqları ortada olan Azərbaycan vətəndaşlarının gənclik illəri üzərindən qara xətt çəkdi, ailələrinin həyatlarını qaraltdı.
Ramella Allahverdiyevanın Azərbaycan Dövlət Neft Akademiyasında törədilmiş terror aktı ilə bağlı çıxardığı hökm də “Səidin dəstəsi” işi üzrə çıxarılan hökmdən fərqlənmir. Həmin hökmlə 3 azərbaycanlı ömürlük cəzaya, 1-i isə uzunmüddətli həbsə göndərildi. Halbuki hakim Ramella Allahverdiyevanın özünə də gün kimi aydın idi ki, ömürlük həbsə göndərdiyi 20-22 yaşlı uşaqların törədilən terror aktı ilə əlaqələri olmayıb.
ADP sədri Sərdar Cəlaloğlu “Yeni Müsavat”a sifarişli, siyasi mahiyyətli işlər üzrə qanunsuz, cinayətə bərabər hökmlər, qərarlar çıxarmış hakimlərlə bağlı maraqlı fikirlər açıqlayıb.
Deyib ki, belə hakimlərlə bağlı Azərbaycan cəmiyyətinin aydın mövqeyinin olması vacibdir: “Bu adamların küçədə qabağını kəsib nəsə demək artıqdır. Belələrinə salam verməmək, görəndə özünü görməməzliyə qoymaq kifayət edir. Bizim binada keçmiş məmurlardan biri yaşayır. Tez-tez rastlaşırıq, binanın qabağında görürəm onu. Baxırsan ki, ara-sıra gözünün altı qaralıb. Vaxtilə o da Ənvər Seyidov və onun kimilərin etdiyi qanunsuzluqlara qol qoyanlardan idi. Belə başa düşürəm ki, kimlərə qarşı ki, həmin məmur qanunsuzluqlar edib, onlarla üz-üzə gələndə gözünün altını qaraldırlar”.
Sərdar Cəlaloğlu deyir ki, belə hallar var, amma belə hərəkətlərə yol verilməsini də düzgün hesab etmir:“Vətəndaşların məmurları keçmiş fəaliyyətlərinə görə tənbeh etməsi doğru addım deyil. İctimai qınaq fiziki zor tətbiq olunmaqla müşayiət olunmalı deyil. Belə hərəkətlər ”bespredel"ə, linçə gətirib çıxara bilər. Sadəcə olaraq, sosial davranışlarla belələrinə etdiklərinin cəmiyyət üçün nə dərəcədə ziyanlı olmasını hər addımda xatırlatmaq olar. Salam verməmək, olduğu yerdə oturmamaq, danışıqlarına əhəmiyyət verməmək kimi hərəkətlərlə ictimai qınağı nümayiş etdirmək olar. Rastlaşanda yaşına, başına uyğun olaraq hörmət əlaməti olan hərəkətləri etmirsən. Belə davranışlar sərgilənərsə, fiziki zor hərəkətlərindən daha təsirlidir".
Sərdar Cəlaloğlu deyir ki, məsələn, eks-hakim Mansur İbayevə vaxtilə çıxardığı sifarişli hökmə görə kiminsə iradı varsa, bunu hökmən küçədə, hər kəsin gözü qarşısında yolunu kəsməklə ona deməsi doğru deyil: “Belə şəxslər açıq məktub yazıb bunu mətbuata, hökumətə, elə hakimin özünə də göndərə bilərlər. Qabağını kəsib sən beləsən, eləsən deməkdənsə, bu daha uyğun yoldur. Ənvər Seyidov, Mansur İbayev və onlar kimi hakimlər adlarını tarixə siyasi sifariş yerinə yetirən biriləri kimi yazıblar. Avropa Məhkəməsi Ənvər Seyidovun, Mansur İbayevin onlarla hökmlərini ləğv edib. Mən vaxtilə Ənvər Seyidovun yanına getmişəm. Bizim Şəki ərazi təşkilatından həbslər vardı, işi ona vermişdilər. Heç bir günahı olmayan adamları ilişdirmişdilər. Ənvər Seyidovun yanında oldum, başladı ki, işə baxdım, ay məni təzyiq vurdu, mənə də deyirdi ki, narahat olma, hər şey yaxşı olacaq. Bilə-bilə ki, adamların günahı yoxdur, 5 il cəza verdi”.
Sərdar Cəlaloğlu partiyaların, ictimai birliklərin siyasi sifarişlə hökm çıxaran hakimlərlə bağlı hərəkətsizliyinin səbəbinə də toxundu: “Düzdür, partiyalar belə hakimlərlə bağlı bəyanat verməli, onların konstitusiyaya qəsd etmələrini vurğulamalı, pisləməli, məsuliyyətə cəlb olunmalarını tələb etməlidir. Söhbət ondan gedir ki, verilən bəyanatlar üzrə araşdırma aparılmırsa, dövlət, hakimiyyət tərəfindən adekvat reaksiya verilmirsə, gündə bir dəfə belə bəyanatın verilməsinin mənası yoxdur. Avropa Məhkəməsi elə hakimlər var ki, onların hətta 10 qərarını ləğv edib. Bu cür hökm və qərarlar Azərbaycan dövləti adına ləkədir, utanc gətirir. Amma baxırsan ki, belə hökmlərə imza atmış adamlara orden, medal verilir. Avropa Məhkəməsinin yurisdiksiyasını qəbul edib bu məhkəmənin qərarlarına sayğılı münasibət sərgilənmir”.
Sərdar Cəlaloğlu deyir ki, Azərbaycan cəmiyyətində şərəf və ləyaqət məsələsi tam oturuşmayıb: “Şərəf cəmiyyətin insana qoyduğu hörmət, ləyaqət insanın özünə qoyduğu hörmətdir. Azərbaycan cəmiyyətində şərəf məsələsində problem var. İnsanlar yaxşı ilə pisə eyni qiymət verir. Kimsə pislik edəndə də düşünür ki, onsuz da pislə yaxşı arasında heç bir fərq yoxdur. Bizim bəlamız pislə yaxşını ayıra bilməməyimizdir. Yaxşı adamlara təşəkkür edə, pisə isə ”ayıb olsun" deyə bilmirik. Quranda Allah-təala peyğəmbərə deyir ki, sən naqislərin ölü namazında durma, qəbirlərinin üstünə getmə. Niyə belə buyurur? Çünki pis adamlardır. Bu adamların toyuna da gedilməməlidir. Amma bu gün nə baş verir? Azərbaycan xalqı qarşısında xidmətləri olan insanların yas məclislərinə 5-10 adam, Azərbaycan insanına qənim kəsilmiş birinin tədbirinə az qala 10 min adam yığışır. Akademik Midhət Abbasov dünyasını dəyişəndə onun yasında cəmisi 50 nəfər iştirak etmişdi. Amma adi bir “vor zakon” və ya icra başçısı ölür, yasda 10 min adam iştirak edir. Ona görə də məmurlar cinayət etməyi dayandırmırlar. Görsələr ki, onların fəaliyyətinə ictimai qınaq var, təbii ki, qanunsuzluqları bu qədər miqyas almazdı".
E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”