Polkovnik Kazımbəyov işğala boyun əyməmiş şəhərin həmin səhəri belə açdığını xatırlayır:
“Olduqca gözəl bir gün idi. Sanki təbiət də sevinirdi, üzüntülər içində olan xalqa mərhəmətini göstərirdı. Əvəzində düşmən sübh tezdən qızğın fəaliyyətə keçmişdi. Hər tərəfdən top səsləri gəlirdi...”
1920-ci ilin aprelində rus ordusu müstəqil Azərbaycanı işğal etdi və bolşeviklər paytaxt Bakıda hakimiyyəti ələ aldılar. Amma ölkənin “ikinci paytaxtı” Gəncə mayın 22-də üsyana qalxdı. Milli ordunun ləğv edilməli olan diviziyası şəhərdəki bəzi rus hərbi hissələrinin əsgərlərindən bir qismini əsir götürdü, qalanlarını qovub çıxardı. Gəncəni tutmağa çalışan Qırmızı ordu ilə ağır döyüşlər başlandı.
Azərbaycanın müstəqilliyinin ikinci ildönümü günü – 28 may yaxınlaşdıqca düşmən azğınlaşırdı. Həmin günə ölkədə bir dənə də olsun müqavimət ocağı qalmamalı idi! Rus komandanlığı itaətsizlik göstərmək fikrinə düşənlərə məhz belə dərs vermək, onları belə alçaltmaq istəyirdi. Bu məqsədlə Gəncə ətrafına əlavə qüvvələr – Bakıdan Yefremovun zirehli qatarlar qrupu, Qazaxdan Kurışkonun 18-ci süvari diviziyası, Velikanovun 20-ci atıcı diviziyasının yeni birləşmələri və haubitsa divizionu – gətirmişdilər. Qərbdə Ballıcaya gedən yolu da kəsib, şəhəri tam mühasirəyə almışdılar.
Səhər 7-də 2-ci batalyonun komandiri, milli ordunun alman əsilli polkovniki Hauzen düşmən süvarilərinin böyük dəstələrlə Gəncəyə yaxınlaşdıqları barədə qərargaha xəbər göndərdi. Kazımbəyov özü döyüş mövqeyinə gəldi və rəqibin planını dərhal anladı.
Süvarilərin düzülüşü onların bir istiqamətdə güclü zərbə ilə müdafiəni yarmaq istədiklərini göstərirdi. Kazımbəyov bütün topları və pulemyotları önə çıxarıb, atəşi dayandırmağı və gözləməyi tapşırdı. Əmr olmadan bir güllə belə atılmamalıydı.
Rus süvariləri hərəsində 2 eskadron olmaqla 4 eşelona bölündülər. Qısa fasilədən sonra təxminən 11 radələrində bütün dəstələr eyni zamanda hərəkətə gəldilər. Hücum başlandı. Yorğa yerişdən dördnala keçmiş atların ayaqlarının tappıltısı, “urra” qışqırıqları çölü-düzü bürümüşdü. Gəncə müdafiəçilərinin mövqeyində isə sükut hökm sürürdü. Axın sürətlə yaxınlaşırdı. 800 metr... 700... Eskadronlarla müdafiə səddinin arasında 600 metr məsafə qalanda polkovnik Hauzen və kapitan Mirizadə batalyonlara “Atəş!” komandası verdilər. Süvari diviziyasının həmləsini üsyançıların iki batalyonu yüzlərlə tüfəngdən, 5 topdan, 22 pulemyotdan yaylım atəşi ilə qarşıladı.
Nə ruslar, nə azərbaycanlılar geri çəkilirdilər. Yalnız tək-tük sağ qalmış düşmən süvariləri atlarının başlarını geri döndərəndə atəş dayandırıldı.
“Azərbaycanlılarının tutduğu mövqenin qarşısında meydan insan meyitləri, at cəsədləri ilə, yaralılarla dolmuşdu...”, deyə Kazımbəyov xatirələrində yazır. – Bu itkilərə görə diviziyanın tamamilə məhv edildiyini söyləmək olardı”.
Saat 12-yə yaxın düşmənin Yelenendorf tərəfdən, bu dəfə piyadalarla hücuma keçdiyi xəbəri gəldi. Bir batalyon və digər hərbi hissənin iki bölüyü ora köməyə göndərildi. Əsgərlər partizanlarla birləşib, rus və erməni dəstələrinin bu hücumunu da dəf etdilər.
Həmlələri boşa çıxmış bolşeviklər qəzəblərini şəhəri bombalamaqla soyutdular. Bütün ağır və yüngül toplarının ağzını Gəncəyə tərəf çevirdilər. Gündüz saat 4-də başlayan bombardman axşam 8-dək davam etdi.
Sovet ordusunun Operativ idarəsinin rəisi Voronkovun qərargaha raportunda deyilirdi: “Şəhərin yarısı artilleriya zərbəmizlə dağıdılıb”.
Axşam həqiqətən də yarısı dağıdılmış şəhərin sakitliyini ara-sıra güllə səsləri və zirzəmilərdən gələn musiqi sədaları pozurdu. Gəncə müstəqilliyimizin ikinci ildönümünü müstəqil qarşılayan yeganə Azərbaycan şəhəri idi...
Arif Əliyev