Dünyada ilk qadın həkim Elizabet Blekuell bəzi mənbələrdə 12 bəzilərində 30-dan çox tibb kollecinə sənəd verib imtina alıb. Nəhayət Nyu-York tibb kollecinə qəbul edilib. Diplom alanda dekan onun önündə baş əyir.
“Qadın intellektsiz, natamam varlıqdır, kişilərlə eyni səviyyədə təhsil ala bilməz” deyirdilər ona. İl olub 1845. 2024-də gəlib çıxmışıq, düşüncə dəyişməyib. Əvvəllər ağzımızı açan kimi “gedin bozbaşınızı bişirin” deyirdilər. İndi bozbaşı da biz daha yaxşı bişiririk deyirlər.
Şəhriyar Məmmədyarov ən yaxşı aşpazların kişilər olduğunu söyləyəndə milyonlarla qadının əlində çömçə dayanıb ona mat-mat baxdığını təsəvvür etdim. Qadın əsrlərdi o yeməyi evdə havayı bişirir, 5-10 kişi restorana işə düzəlib, ən yaxşı aşpaz necə sayıla bilər?
1903-cü ildə Nobel komitəsi bir fizik alimə mükafat verəcəyini bildirir. Alim bu bu araşdırmanı həyat yoldaşı ilə birgə etdiyini deyir. Komitet mükafatı qadınlara vermədiyini açıqlayanda alim mükafatdan imtina edir: “Qadın olduğu üçün bir alimin haqqına girmək olmaz”. Komitə qərarı dəyişməyə məcbur olur və Mariya Küri əri Pyer Küri ilə birgə Nobel alaraq tarixdə ilk nobelçi qadın olur. Pyer həyatını itirəndən sonra 1911-ci ildə Mariya ikinci dəfə kimya üzrə Nobel alır. İki ayrı elm sahəsi üzrə bu mükafatı qazanan tək alimə çevrilir.
Tarixdə belə kişilər də olub. O, təkcə Mariyanın deyil, qızı İren Jolio Kürinin və daha 41 qadının Nobelə yolunu açıb. Böyük siyahı vermək olar. Son illərin ən güclü siyasətçisi Anjela Merkel, kitab satışında rekord qıran yazıçı Coan Roulinq. Bunlar istisna deyil. Qadınlar bunu canları bahasına qazanıb. Tarixin ilk qadın filosofu Hipatiya daşlanaraq öldürülüb, ilk qadın hərbçi Janna Dark yandırılıb, ilk qadın siyasətçisi Olimpiya de Quj gilyotində edam edilib. Sözgəlişi “ilk” deyirəm, əvvəli də, sonrası da var. Çindən İngiltərəyəcən qız uşaqlarının diri-diri basdırılması, ibtidai selektiv abortlar, inkvizisiya tonqalında yandırılan beş milyona yaxın qadın, klitoru kəsilib şikəst edilən balaca qızlar, məktəbə-sənətə buraxılmayan, yetkin kişilərə ərə verilən uşaqlar, əsrlər boyu davam edən qadın genosidi qadının hər hansısa bir uğur qazanmasını Simona de Bovuar demiş, möcüzəyə çevirib.
Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında beynəlxalq konvensiya məhz bu dəhşətlərdən sonra yazılıb (CEDAW). Diskriminasiyanın yolverilməzliyi beynəlxalq hüquqla qorunur. Ona görə sivil ölkələrdə nüfuzlu insanlar leksikonlarına diqqət edirlər, qadınları kişilərdən ağılsız təqdim edən ifadələr işlətmirlər. Dünyəvi dəyərləri bilirlər.
İndi gələk şahmata. Bu oyun da qadınlara qadağan edilib. Qadınlar yerli klublara, turnirlərə buraxılmayıb. Qadın nədi, şahmat nə?! Dünyanın ilk qadın şahmatçısı Mary Rudge uzun mübarizədən sonra 1872-ci ildə Bristol Şahmat Klubuna tək qadın olaraq üzv ola bilib. Heç bir kluba buraxılmayan, oyun mühitində qaynayıb-qarışmayan birinin master olmasını necə təsəvvür edirsiz? Amma Meri ola bilib. Bundan 25 il sonra qadınlar arasında ilk şahmat turniri keçirilir. Mary Rudge qalib gəlir. Kişilər üçün pul mükafatı olsa da, Meriyə şlyapa sancağı verirlər. Bu gün də qadın çempionatlarının büdcə və mükafatı kişilərdən xeyli azdı. Yarışlara sponsor tapılmır. Qadın şahmatına az-çox dəstək 20-ci əsrdən başlayıb. İlk dünya kişi çempionatı 1886-da keçirilsə də, yalnız 41 ildən sonra 1927-ci ildə beynəlxalq şahmat federasiyası FİDE qadınların dünya çempionatını təsis edib. İlk dünya çempionu Vera Mençikdi. O, dəfələrlə kişi şahmatçılara qalib gələrək üçüncü, ikinci olub. Ona böyük ümidlər vardı, Veranın karyerası yarımçıq qalır, 1944-də alman hava hücumundan Londonda həyatını itirir.
Savaşdan sonra 1950-ci illərdə qadınlar yenidən toparlanıb yarışlara qatılıblar. Lyudmila Rudenko, Yelizaveta Bıkova, Olqa Rubtsova kimi güclü şahmatçılar dünya çempionu olub. Qadınlar arasında ilk şahmat olimpiadası 1957-ci ildə keçirilib. Qadınlar üçün qrosmeyster adı yalnız 1976-dan yaradılıb. Nona Qaprindaşvili, Maya Çiburdanidze, Susan Polqar və başqaları şahmatda böyük uğurlara imza atıb. Qaprindaşvili kişilər arasında ilk qadın qrosmeysterdi (böyük usta). Netflix çəkdiyi filmdə onu yanlış olaraq kişilərlə oynamayan şahmatçı kimi təqdim etdiyi üçün şirkəti məhkəməyə verib. Beynəlxalq Şahmat Federasiyası (FIDE) 2022-ci ili Şahmatda Qadınlar İli elan edib. Bu, qadınlara olan önyarğını dağıtmaq üçündü.
Qadınlar arasında dünya çempionatı sonuncu dəfə 2018-ci ildə keçirilib. Mükafat fondu 450 000 ABŞ dolları idi, bunun yalnız 60 000 dollarını dünya çempionu Tszyuy Ventszyu alıb. Dünya çempionluğu uğrunda yarışın isə mükafat fondu 2 milyon avrodu. Qalib və uduzan mükafatı 60/40 nisbətində bölür. Qadınları peşəkar uğurlardan saxlayan təkcə mental stereotiplər deyil, ən önəmli faktor analıqdır. O, uşaqlarını böyüdür, ailəsinə qulluq edir. Bütün əngəllərə baxmayaraq qadınlar şahmata gəlməyi bacarıblar. Əminəm ki, Şəhriyar bəyin “ qadın olduğu üçün mənimlə müqayisə edilə bilməz” dediyi bacısı da milyonlarla qadın kimi enerjisini 3 övladına verməsəydi, dünyanın ən güclü şahmatçılarından olardı. Analıq, qadınlıq gözəldir, amma bu taleyi sənin üzünə qüsurun kimi çırpanda ədalətsizlik önündə gözün qaralır...
Bir əlində uşaq yelləyən, bir əli ilə paltar ütüləyən, ağzı ilə çömçə qarışdıran, başında da sənəti ilə məşğul olan varlığı, çəpərin o tərəfindən cırnadıb “əlin-qolun bağlıdı, mən isə burada xaruqələr yaradıram” deyən varlıqla müqayisə etməyi həmişə öz qadın ləyaqətimdən aşağı saymışam. Amma həqiqətən bəzi kişilərin bu düşüncəylə 21-ci əsrə necə gəlib çıxdığını anlamaq mənə çətindi. Burunlarından o yanı görmədikləri üçün elə bilirsən A nöqtəsindən B nöqtəsinə gedənəcən harasa dəyib öləcəklər.
Şahmat iyerarxiyasının ən yüksək titulu belə “kişi qrosmeyster” sayılır. Kişi kimi qadın - vəssalam. Bu sənin ştampındı. Kim olursan ol, bir az ötkəm, bir az güclüsənsə qadın kimi qadın ola bilməzsən. Qadın şahmatının ümumi şahmata birləşdirilməsi illərdir müzakirə edilir. Peşəkar rəy belədir ki, ayrıca qadın şahmatı yaşamalıdır. Əvvəla elə qadınlar var, onların cəmiyyət-ailə-ər əngəlini gözə alıb kişilərlə yarışmaq şansı sadəcə yoxdur.
İkincisi, qadınlar öz mühitlərində daha rahat olurlar. Dünyanın superqrosmeyster reytinqinə düşən hələlik tək qadıın Judit Polqardı. O, Mençikdən ilham alıb. Demək olar yalnız kişilərlə oynayıb. Üç bacı Polqar – Susan, Sofiya və Judit Budapeştdə doğulub, ev təhsili görüblər. Şahmatda böyük uğurlar qazanıblar. Judit Polqar da bu suala cavab verib: Niyə şahmatda qadınlar azdı? Onun cavabı Şəhriyar bəydən fərqlənir: “Qızlara verilən tərbiyə və təhsilin rolu var. Ailəmiz bizə turnirlərdə qızların oğlanlardan daha uğursuz oynaması üçün heç bir səbəb görmədiyini deyirdi. Biz onlardan “oğlanlar daha bacarıqlıdı” sözlərini eşitməmişik. Sosial stereotiplər şahmatda gördüyümüz mənzərənin əsas səbəbidir”.
Azərbaycanın qadın şahmatçıları dünya reytinqində yer alırlar. Günay Məmmədzadə, Gövhər Beydullayeva, Xanım Balacayeva, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova yüzlərlə qıza örnəkdir. Onları dayanmadan təbliğ etmək gərəkdir. Ölkəmizin insanı illərdir efirdən boş kəllələri izləyir. Bu elə bir zəhərdir ki, öldürür, altından bir millətin salamat çıxması möcüzədir. Belə bir fonda bu qızların yetişməsi sehrdir. Mən gözləyirdim böyük usta onların adını çəksin, ruh versin. Amma yox... Bizim ən böyük qüsurumuz bir-birimizə olan münasibətimizdi. Biz hamımız hər işdə tək olmaq istəyirik. Mən bu çıxışda son dəfə qadın şahmatçımızın qələbəsinə gələn alqışlardan narahatlıq duydum. Sanki nə alqışlayırsız, qadın hara, şahmat hara mesajı verməklə qadın şahmatçılara münasibəti zədələmək cəhdi vardı. Qoy bu mənim subyektivliyim olsun. Ədalət üçün deməliyəm, cəmiyyəti yaxşı mənada silkələdi, əminəm, qadın şahmatına münasibət güclənəcək.
Aysel Aydın Alizada