Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Azərbaycan Cümhuriyyəti: Parlament sədri Ə.M.Topçubaşov - Nəsiman Yaqublunun araşdırması



Azərbaycanın görkəmli dövlət xadimi Ə.M.Topçubaşov 1863-cü ilin mayın 4-də Tiflisdə anadan olub. Ə.M.Topçubaşov ilk təhsilini müsəlman mədrəsəsində aldıqdan sonra, Tiflis Birinci Klassik Gimnaziyasında təhsilini uğurla başa vurmuşdur. Nəticədə ona Qafqaz təqaüdü verilmiş və sonradan o, Peterburq Universitetinə daxil olmuş, əvvəl tarix-filologiya, daha sonra hüquq fakultəsində təhsilini davam etdirmişdir. 1887-ci ildə 3-cü kursda oxuyarkən gizli tələbə təşkilatlarındakı iştirakına görə universitetdən xaric edilsə də, professorların müdaxiləsi və məhkəmənin qərarı ilə karser cəzası ilə əvəzlənib ali məktəbə bərpa olunmuşdur. 

Universiteti bitirdikdən son Ə.M.Topçubaşov Tiflisə qayıdıb, burada Dairə məhkəməsində fəaliyyətə başlayıb. O, Dairə məhkəməsinin katibi, müstəntiq, hakim vəzifələrində çalışmışdır. 

Ə.M.Topçubaşov 1896-cı ildə Bakıya köçmüş və fəaliyyətini burada davam etdirmiş, şəhər Dairə Məhkəməsinin vəkillərindən olmuşdur.

1898-ci ildə Ə.M.Topçubaşov H.Z.Tağıyevin satın aldığı “Kaspi” qəzetinin Baş redaktoru olur. Qeyd edək ki, “Kaspi”nin geniş oxucu auditoriyasının marağına çevrilməsində və Ümumrusiya qəzeti səviyyəsinə yüksəlməsində Ə.M.Topçubaşovun böyük rolu oldu. Ə.M.Topçubaşov ilk azərbaycanlı idi ki, bu qəzetə redaktorluq edirdi. 


Ə.M.Topçubaşov qəzetə redaktorluq etsə də, maraqlı yazılarla da çıxış etmişdir.Ümumilikdə Ə.M.Topçubaşovun “Kaspi”də 1905-ci ilə qədər 25 məqaləsi çap olunub.

1900-cü illərdə Ə.M.Topçubaşovun mətbuatdakı fəaliyyəti ilə yanaşı, ictimai-siyasi sahələrdəki çalışmaları da üstünlük təşkil edir. 1905-ci ilin avqustun 15-də Rusiya Müsəlmanlarının Birinci qurultayının keçirilməsində Ə.M.Topçubaşovun böyük xidmətləri olmuşdu. Rusiya Müsəlmanlarının ikinci qurultayının keçirilməsi Ə.M.Topçubaşova tapşırıldı.

Bu dövrdə Ə.M.Topçubaşov yeni formalaşan Rusiya Dövlət Dumasının işində də fəallıq göstərir. 1906-cı ilin əvvəllərində Rusiya  I Dövlət Dumasına seçkilər keçirilir və 25 müsəlman-deputat burada  təmsil edilir. 1906-cı ilin iyunun 21-də Ə.M.Topçubaşovun sədrliyi ilə “Müsəlman fraksiyası” yaradılır. Bu fraksiyanın, eləcə də onun daxil olduğu “Muxtariyyətçilər Birliyinin Parlament qrupu”nun fəaliyyəti (bu qrup Polşadan olan deputat A.lednitskinin təşəbbüsü ilə yaradılmışdı) çar hakimiyyətini narahat edirdi. 1906-cı ilin iyulun 8-də Duma buraxıldı və kadetlər deputatlara Peterburqdan bir qədər kənarda Vıborqda toplaşmağı təklif etdilər. Vıborqda xalqa müraciət qəbul edildi və həmin sənəddə Dumanın müdafiəsi üçün vergidən imtina, hərbi xidmətdən yayınma formalarından istifadə əsaslandırılırdı. Həmin Vıborq çağırışını 6 deputatla birgə Ə.M.Topçubaşov da imzalamış, bu fəaliyyətinə görə 1908-ci ilin yayında üç ay müddətinə həbsdə saxlanılmışdı. 

1917-ci ilin Fevral Burjua inqilabından sonra keçmiş çar Rusiyası ərazisində yaşayan xalqların ictimai-siyasi sahədə ciddi fəallıq dövrü başladı. 1917-ci ilin aprelin 15-20-də Bakıda Qafqaz Müsəlmanlarının qurultayının keçirilməsi bu mənada böyük hadisə oldu. Həmin qurultaya sədrliyi Ə.M.Topçubaşov etdi. 

Qeyd edək ki, 1918-ci ilin mart hadisələrindən sonra aprel ayının 3-də Ə.M.Topçubaşov erməni əsgərləri tərəfindən həbs edilib bir ay saxlanıldı. Sonradan “Hümmət” təşkilatının zaminliyinə verilib azad olunsa da, ermənilərin tələbi ilə yenidən tutulub Bayıl həbsxanasına göndərildi.

 Həbsxanadakı ağır şəraitdən sonra nəzarət altında xəstəxanaya yerləşdirilən Ə.M.Topçubaşov yenidən zaminə verilərək azad edildi.

1918-ci ilin 28 Mayında Tiflisdə Tiflisdə Azərbaycan İstiqlalı elan edildiyi gündə Ə.M.Topçubaşov Bakıda həbsxanada olduğundan proseslərdə iştirak etmirdi. Odur ki, həmin günlərdə formalaşan Hökumət kabinetinin tərkibində Ə.M.Topçubaşovun adına rast gəlmirik. Ə.M.Topçubaşov yalnız iyun ayının 16-da Gəncədə F.X.Xoyskinin formalaşdırdığı ikinci hökumət kabinetində portfelsiz nazir vəzifəsini tutur.

1918-ci ilin avqustunda Nazirlər Kabinetinin sədri F.X.Xoyskinin verdiyi 1144 saylı qərar bu məzmunda idi: “Azərbaycan Sülh Nümayəndə heyətinin  cənab sədrinə. Hökumətin 1918-ci ilin 20 avqust tarixli qərarına əsasən Azərbaycan Respublikası hökumətinin üzvü, nazir Əlimərdan bəy Topçubaşov Azərbaycan Respublikasının maraqlarına aid olan bütün məsələlərlə bağlı fövqəladə səlahiyyətlə Osmanlı hökuməti imperatorluğuna göndərilir”.

O, bir müddət Tiflisdə qalıb əhəmiyyətli görüşlər keçirdikdən sonra, İstanbula getdi.

Ə.M.Topçubaşovun qeydlərindən məlum olur ki, o, İstanbulda ilk görüşünü Türkiyənin Sədrəzəmi (Baş Naziri) Tələt Paşa ilə keçirir. Tələt Paşa həmin görüşdə Berlinə olan səfəri haqqında məlumat verir və orada Azərbaycanın maraqlarından çıxış etdiyini söyləyir. 

Ə.M.Topçubaşov İstanbulda uğurlu görüşlərini davam etdirir. Eyni gündə iki görüş keçirir, Türkiyənin dövlət rəsmilərində Azərbaycana diqqəti artırmağa çalışır. 

Qeyd edək ki, Ə.M.Topçubaşov Türkiyədə olarkən, 1918-ci ilin dekabrın 7-də açılan Azərbaycan Parlamentində sədr vəzifəsinə seçilmişdi.

Ə.M.Topçubaşovun və onun başçılıq etdiyi nümayəndə heyətinin Parisə buraxılmaması onlarda və Azərbaycan hökumətində narahatlıq yaradırdı. 

Azərbaycan Nümayəndə Heyətinin Parisə − Sülh Konfransına getməsi ciddi problemə çevrilmişdi. İngilis nümayəndəliyi Ə.M.Topçubaşovun Londona getməsinə də icazə vermir, Fransa nümayəndəliyi isə yalnız fransızların müəyyən etdikləri üç nəfərin Parisə getməyinə razılaşırdı.

Azərbaycan nümayəndə heyəti Parisə gəldiyi ilk gündən gərgin fəaliyyətə başladı. İlk görülən işlərdən biri Ə.M.Topçubaşov, Ə.Ağayev və C.Hacıbəylinin birgə hazırladıqları “Qafqaz Azərbaycanı Respublikasının Paris Sülh Konfransına memorandumu” adlı sənəd fransız və ingilis dillərində nəşrə hazırlandı. Azərbaycanın tanıdılması baxımından nümayəndə heyətinin hazırladığı “Qafqaz Azərbaycanı əhalisinin etnik və antropoloji tərkibi, “Qafqaz Azərbaycanının iqtisadi və maliyyə vəziyyəti” adlı sənədlər də (onradan kitabça kimi nəşr olundu) əhəmiyyətli rol oynadı.

Azərbaycan nümayəndə heyətinin Azərbaycanın tanınması istiqamətində gördüyü ən əhəmiyyətli çalışmalardan biri də ABŞ prezidenti V.Vilsonla görüş oldu. 1919-cu ilin Mayın 28-də günün ikinci yarısı V.Vilson Azərbaycan nümayəndə heyətini qəbul etdi. Qəbul zamanı Ə.M.Topçubaşov ABŞ Prezidentinə müraciət edərək dedi: “Biz uzaq Qafqazdan, buradan bir neçə min mil uzaq olan Azərbaycandan gələrək xalqımızın azad və müstəqil həyatı üçün minnətdarlığımızı dərin hörmətimizi, azadlıq və müstəqil həyat ruhu ilə yaşamaq istəyən xalqımızın təşəkkürlərini bildiririk. Qüdrətli Amerikanın nümayəndəsi kimi Sizə müraciət edib xahiş edirik ki, cənab Prezident, bizim ölkəmiz, bizim xalqımız və elə bizim özümüz haqqında məlumatları bizdən eşidəsiniz. Çünki, biz Avropa və Amerika mətbuatında tez-tez Azərbaycan haqqında səhv, saxtalaşdırılmış və həqiqətə uyğun olmayan məlumatların verildiyini eşitməli oluruq. Doğrudur, bizi hələ yaxşı tanımırlar, biz indi birinci dəfədir ki, Avropadayıq, lakin Sizi əmin edirik ki, müstəqil yaşamaq üçün bizdə hər şey vardır. Biz ümid edirik ki, konfrans bizi dinləyəcək və biz Millətlər Cəmiyyətinə buraxılacağıq. Biz əminik ki, bütün xalqlar kimi, biz də Sizin böyük prinsipləriniz əsasında yardım alacağıq. Biz bildiririk ki, nə Kolçakın, nə Denikinin, nə də köhnə Rusiya imperiyasının hüdudlarında hakimiyyəti bərpa etmək niyyətində olan qeyri-birisini tanımayacağıq. Biz Azərbaycan üçün yalnız öz parlamentimizi və öz hökumətimizi tanıyırıq və tanıyacağıq”.

Ə.M.Topçubaşov çıxışından sonra Qafqaz Azərbaycan Respublikası nümayəndələrinin memorandumunu ABŞ Prezidentinə təqdim etmişdi.

Ə.M.Topçubaşov Prezidentə bildirdi ki, bu tələblər qəbul olunarsa, Azərbaycan keçmişdə tərkibində olduğu Çar Rusiyasının borclarından öz payına düşəni tədricən ödəyəcəyinə təminat verirdi.

ABŞ Prezidenti V.Vilson söhbətdə bu fikirləri diqqətə çatdırdı: “1) Amerikalılar dünyanı kiçik hissələrə bölmək istəmirlər; 2) Azərbaycan məsələsi “rus məsələsi”ndən əvvəl həll edilə bilməz”.

Ə.M.Topçubaşovun Azərbaycanın tanıdılması istiqamətindəki fəaliyyətini onun Parisdən Azərbaycan Respublikası Nazirlər Şurasının sədrinə göndərdiyi məktublardan oxumaq mümkündür. 

1920-ci ilin yanvar ayının 10-da İngiltərənin təşəbbüsü ilə Paris Sülh Konfransı Ali Şurasının sessiyası çağırıldı və burada Cənubi Qafqaz respublikalarının məsələsi geniş müzakirə olundu. Yanvarın 11-də Müttəfiqlərin Ali Şurası İngiltərənin Xarici İşlər Naziri lord Kerzonun təklifi ilə belə bir qərar qəbul etdi: “Müttəfiq və birlik ölkələri Azərbaycan və Gürcüstan hökumətlərini birlikdə de-fakto səviyyəsində tanıyırlar”. 

1920-ci ilin yanvarın 11-i Azərbaycanın müstəqil bir dövlət olaraq tanınması günü olaraq tarixə yazıldı.

Azərbaycanın dünya dövlətləri tərəfindən tanınması 1920-ci ilin yanvarın 14-də təntənəli şəkildə Azərbaycanda da qeyd olundu. 

1920-ci ilin aprelin 27-də Azərbaycan bolşeviklər tərəfindən işğal edildi. Həmin dövrdə mayın əvvəlində Azərbaycan Nümayəndə Heyəti Sau-Remo konfransından Parisə yeni qayıtmışdı. Mayın 3-də Ə.M.Topçubaşov fransız hökumətindən baş verən hadisələri öyrənmək üçün Azərbaycan hökumətinə teleqram göndərməyi xahiş etdi. O, yalnız mayın ikinci yarısında Tiflisdə olan Azərbaycan hökuməti rəhbərliyi ilə əlaqə saxlaya bildi.

1920-ci ilin iyunun 30-da Ə.M.Topçubaşov Londonda bolşevik ticarət nümayəndəsi L.Krasinlə sənəd imzalayan Antanta Ali Şurasının sədri Klemansoya nota göndərir.

İyulun 4-də Ə.M.Topçubaşov Belçikanın Spa şəhərində keçirilən Sülh konfransının sədri, İngiltərənin Baş Naziri Lloyd Corca xüsusi nota göndərdi. Həmin notada Azərbaycan xalqının mütləq bolşevizmdən xilas olması vacibliyini vurğulayırdı.

Ə.M.Topçubaşov Azərbaycanın bolşeviklər tərəfindən işğalı faktı ilə razılaşmayıb, mühacirətdə çətin mübarizə aparırdı. O, ilk öncə azərbaycanlı mühacirlərin birliyinə çalışır, Qafqaz xalqlarının birgə fəaliyyətini istiqamətləndirən qurumların, təşkilatların formalaşmasında önəmli rol oynayırdı.

Ə.M.Topçubaşovun Qafqaz xalqlarının birliyi istiqamətində ciddi çalışmaları olmuşdu. 1921-ci ilin iyunun 10-da Ə.M.Topçubaşov, Çxenkeli, Aqaronyan və Germoyev “Qafqaz Respublikaları İttifaqı”nın yaradılması ilə bağlı bəyannamə imzalamışdılar. 1934-cü ildə, iyul ayının 14-də isə Brüsseldə M.Ə.Rəsulzadə ilə birlikdə Azərbaycan adından Qafqaz Konfederasiyası (Azərbaycan, Gürcüstan və Şimali Qafqaz) paktını imzalamışdılar.

Ə.M.Topçubaşovun mühacirət həyatı da çox ağır keçib. Onun C.Hacıbəyliyə yazdığı məktublarda həmin məqamlar açıqlanıb. 1928-ci ilin 30 iyulunda yazdığı məktubdan: “Məktubunuzu aldım. Siz maddi kömək xahiş edirsiniz. Şəxsən məndə və Nümayəndə heyətinin kassasında pul yoxdur”.

Ə.M.Topçubaşovun 1931-ci ilin 17 aprelində yazdığı məktubdan: “Mənzillə bağlı dəhşətli məsələ hələ həll edilməyib. Ödəmək üçün əjdəha tələblər qoyulur ki, bu da mənim üçün mümkün deyil. Vəziyyət olduqca ağırdır”.

1932-ci ilin aprelin 2-də yazdığı məktubdan: “Heydər bəyə (Heydər Bammat − red.) telefon etmək və yaxud onun yanına getmək imkanım yoxdur. Maliyyəsiz oturmuşam... Evdən çıxa bilmirəm”. 

1932-ci ilin 14 mayında yazdığı məktubdan: “Son günlərdə baş verən hadisələrlə bağlı əhvalım ikrahedicidir. Borclar üstələyir, soyuq, ehtiyatlar tam tükənib”.

Ə.M.Topçubaşov Azərbaycan mətbuatının banisi sayılan H.Zərdabinin qızı Pəri xanımla evlənmişdi. Qeyd edək ki, Ə.M.Topçubaşov mühacirətdə olduğu dövrdə H.Zərdabinin həyat və fəaliyyəti haqqında 1925-ci ildə “Azərbaycanın yolgöstərəni” adlı bir məqalə də yazmışdı.

Ə.M.Topçubaşovun Pəri xanımdan üç oğlu (Rəşid, Ələkbər, Ənvər) və iki qızı (Sara və Sevər) dünyaya gəlmişdi.

Ə.M.Topçubaşov 1934-cü ilin noyabrın 8-də Parisdə dünyasını dəyişdi. Onun məzarı Paris yaxınlığındakı Sen-Klu qəbirstanlığındadır.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10