Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“İntihar epidemiyası”, kralın gizli oyunu, teatral məhkəmə




Nasist Almaniyası üzərində keçirilən Nürnberq prosesini hamı bilir. Amma nasistlərin müttəfiqi olan yaponlar üzərində keçirilən Tokio prosesi haqda az adam məlumatlıdır. “The Insider” həmin prosesdən bəhs edən material hazırlayıb. 

Tokionun Yasukini məbədinin ərazisindəki çoxlu monumentlərin arasında biri xüsusi yer tutur. “Yüşükan” hərbi muzeyinin girişində 2005-ci ildə quraşdırılan obeliskin üzərində hakim mantiyasında mötəbər görünüşlü centlmen təsvir olunub. Altında isə yazılıb: “Zaman ehtirasları və qərəzi yumşaldanda, Şüur təhriflərin maskasını qoparanda, Ədalət bir zamanlar pislənən çox şeyin təriflənməsini  – və əksinə – tələb edəcək”.


Centlmenin adı Radhabinod Paldır, sitat gətirilən sözlər isə Cefferson Devisə aiddir, ABŞ-ın qiyamçı Cənubunun ilk və son prezidentinə. Radhabinod Pal 1946-cı ildə çağırılan Uzaq Şərq üzrə Beynəlxalq hərbi tribunalda (Tokio prosesi kimi tanınan) bütün müttəhimlərin tam bəraətinə səs verən yeganə hakim kimi tarixə düşüb. Onun müttəhimlərə bəraət verilməsini əsaslandırdığı “xüsusi rəy”i – yüzlərlə səhifədən ibarət nəhəng sənəd – Devisdən sitatla yekunlaşır. 

Tribunal qarşısına çıxarılan 28 müttəhimdən ikisi (keçmiş xarici işlər naziri Yösuko Matsuoka və İmperator donanmasının keçmiş Baş qərargah rəisi Osami Naqano) hökm çıxarılana qədər yaşamadı, biri isə (ideoloq Sümey Okava) əqli-səlim hesab olunmadı. Digər 25 nəfər günahkar hesab olundu: onlardan yeddisi asılmaqla edam cəzasına, 16 nəfər ömürlük həbsə, daha ikisi (keçmiş xarici işlər nazirləri Şigenori Toqo və Mamoru Siqemutsu) müvafiq olaraq 20 və 7 illik həbsə məhkum edildilər. 

İki il yarımdan çox davam edən “yapon Nürnberqi” sanki İkinci dünya müharibəsinə nöqtə qoydu, dəhşətli cinayətlərdə əli olanları günahlandırdı və gündoğan ölkənin tarixindəki ən qaranlıq səhifəni çevirdi. Bununla belə, təxminən 80 il sonra Yaponiya paytaxtının mərkəzində abidə mövcuddur: Tokio tribunalı qarşısına çıxarılanlar üçün geniş müdafiə çıxışı edən şəxsin abidəsi. Özü də hərbi canilər üzərindəki prosesə belə münasibət (Nürnberq prosesi üçün tamamilə ağlagəlməz) günümüzün Yaponiyasında az qala dominant mövqedir. Niyə belə alınıb? Araşdırmağa cəhd edək. 

İntiharlar epidemiyası və qəribə məhkəmə

Tokio tribunalının təsisi üçün formal əsas 1945-ci il iyulun 26-da dərc edilən Potsdam deklarasiyası oldu. ABŞ, Böyük Britaniya və Çin Respublikasının hökumətləri həmin sənəddə “yaponların bir irq kimi kölə edilməsi və ya bir millət kimi məhv olunması” istəyini inkar edərək bildirirdilər ki, “əsir hərbçilərimizə qarşı vəhşilik edənlər daxil olmaqla, bütün hərbi canilər sərt cəza” almalıdırlar. Yaponiya deklarasiyanın şərtlərini həmin il avqustun 14-də qəbul etdi, sentyabrın 2-də isə onun nümayəndələri “Missuri” gəmisinin göyərtəsində Kapitulyasiya aktını imzaladılar: həmin akta görə, ölkə üzərində bütün hakimiyyət işğal qüvvələrinin baş komandanı general Duqlas Makartura keçdi. 

Makartur artıq sentyabrın 11-də Yaponiyanın hərbi-siyasi rəhbərliyindən ilk şübhəli qrupunun həbsi barədə göstəriş verdi, amma hadisələr dərhal amerikalı sərkərdənin arzulamadığı yöndə getməyə başladı. “Makartur siyahısı”nın başında duran keçmiş baş nazir, 1941-ci ildə ABŞ ilə müharibəyə başlamaq qərarını qəbul edən hökumətin başçısı Hideki Toco həbs zamanı intihara cəhd etdi. 

Həkimlər onun həyatını xilas edə bildilər, amma yoldaşlarının bir çoxu daha “uğurlu” oldular: bir neçə ay ərzində keçmiş hərbi nazirlər Hajime Suqiyama və Koretika Anami, keçmiş səhiyyə naziri Çikahiko Koizumi, keçmiş təhsil naziri Kunihiko Haşida və baş nazir postunda Toconun birbaşa sələfi Fumimaro Konoe intihar etdilər. 

Makartur qərargahı isə gələcək tribunalın nizamnaməsi üzərində işləyirdi: sənəd 1946-cı ilin yanvarında dərc olundu. İki ay əvvəl Almaniyada başlayan Nürnberq prosesinin nizamnaməsi əsas kimi götürülmüşdü. Nürnberqdə olduğu kimi, cinayət əməlləri üç kateqoriyaya bölünürdü: sülh əleyhinə cinayətlər (təcavüzkar müharibəyə başlamaq) “A” qrupuna, hərbi cinayətlər (müharibə aparmaq qanunlarının və qaydalarının xüsusilə kobud pozulması, məsələn, əsirlərə divan tutulması) “B” qrupuna, insanlıq əleyhinə cinayətlər (mülki əhaliyə qarşı kütləvi və sistematik zorakılıq) “C” qrupuna aid idi. 

Bununla bərabər, Tokio prosesi bir sıra mühüm xüsusiyyətlərə görə Nürnberq prosesindən fərqlənirdi. Birincisi, şübhəlilərdən yalnız “A” qrupuna aid cinayətlərdə təqsirləndirilənlər tribunal qarşısına çıxarıla bilərdilər. Bu o demək idi ki, müttəhimlər kürsüsündə əyləşənlərdən hər birinin təcavüzkar müharibəyə başlamaqda iştirakını sübut etmək lazım idi – bu da İkinci dünya müharibəsinin sonuna qədər beynəlxalq hüquqda cinayət kimi tövsif olunmurdu (1899 və 1907-ci illərin Haaqa konvensiyası ilə müəyyənləşdirilən hərbi cinayətlərdən fərqli olaraq). Hələ Nürnberqdə bu işin çətinliyi aydın oldu: sülh əleyhinə cinayətdə ittiham olunan 22 nəfərdən yalnız 12-si günahkar bilindi. Yeni normanın geriyə tətbiq olunmasına aşkar etirazlardan əlavə, Tokiodakı müdafiə tərəfi ABŞ-a qarşı müharibənin müdafiə xarakterli olmasında israr edirdi. 

İkincisi, ittiham tərəfinin ABŞ, Böyük Britaniya, Fransa və SSRİ-dən olan hüquqşünas korpusundan ibarət olduğu Nürnberqdən fərqli, Tokio tribunalında ittihamçılar istisnasız amerikalılar idi, baş prokuror Cozef Kinan başda olmaqla. Bu da ittihamın təqdim etdiyi sübutların keyfiyyətinə neqativ təsir göstərdi. Nürnberqdə dörd prokurorluq komandasının özünəməxsus rəqabəti nasist rejiminin cinayətlərini ifşa edən inkarolunmaz sənədlərdən ibarət sarsıdıcı dosye hazırlamağa imkan verdi. Onunla müqayisədə Tokio prosesindəki ittiham tərəfinin topladığı dəlil bazası hətta adi cinayət işi üçün zəif idi: tribunal and içmədən deyilən şifahi sözləri, gündəlikləri, mətbuat xəbərlərini və autentifikasiya olunmamış sənədləri dəlil kimi etirazsız qəbul edirdi. 

Üçüncüsü, Makarturun seçdiyi məhkəmə heyətinin qərəzsizliyi ciddi şübhələr doğurdu. Sədrlik edən hakim Uilyam Uebb hələ 1943-cü ildə Avstraliya hökumətinin tapşırığı ilə yapon hərbçilərinin Yeni Qvineyada cinayətlərini araşdırmışdı, Filippini təmsil edən hakim Delfin Xaranilya isə ümumiyyətlə, yapon işğalının qurbanı idi: o, 1942-ci ildə minlərlə əsirlərlə birlikdə Bataan ölüm marşında iştirak etmişdi. Müdafiə tərəfinin hakimlərə etirazı tribunal tərəfindən təmin edilmədi. 

Amma tribunalın ən böyük problemi imperator Hirohitonun məsuliyyəti məsələsinin dərhal qabarması oldu. 

İmperator: edam olmaz bağışlamaq

1889-cu il konstitusiyasına görə, Yaponiyada hakimiyyətin yeganə mənbəyi imperatordur. 11-ci maddədə aydın yazılır ki, ordu və donanmaya imperator başçılıq edir, 13-cü maddədə isə yalnız imperatorun müharibə elan edə biləcəyi təsbit olunur. 

Beləliklə, formal cəhətdən yapon ordusunun və donanmasının bütün fəaliyyətinə imperator Hirohito cavabdehdir. Təəccüblü deyil ki, Amerika ictimai rəyi ona münasibətdə olduqca kəskin mövqe tuturdu: “Gallup”ın 1945-ci ilin iyununda keçirdiyi sorğuya görə, 10 amerikalıdan yeddisi müharibənin başlamasında imperatoru günahkar bilirdi, hər üç nəfərdən biri də edamının tərəfdarı idi. Amerikanın siyasi təbəqəsi də bu əhvalı bölüşürdü: həmin il sentyabrın 18-də senator Riçard Rassel Hirohitonun məsuliyyətə cəlb olunması üçün Trumen administrasiyasına müraciət etdi; müvafiq qətnamə Senat tərəfindən yekdilliklə dəstəkləndi. 

Bununla yanaşı, monarxiya əleyhinə bəzi çıxışlara baxmayaraq, Yaponiya cəmiyyətində monarxiya tərəfdarlığı populyarlığını saxlayırdı. 1946-cı ilin fevralında keçirilən sorğu yaponların 91 faizinin monarxiyanın saxlanılmasına tərəfdar olduğunu müəyyən etdi. Elə həmin ay, savaşın bitməsindən yarım il keçməmiş, Hirohito ölkə üzrə uzunmüddətli turneyə çıxdı. Təbəələrinin onu hər yerdə sevinclə qarşılaması Amerika işğal administrasiyasını yuxarıdakı reytinqin gerçək olduğuna inandırdı. 

General Makartur lap əvvəldən həssas durumda idi. Bir tərəfdən, müharibədə günahkar olan hər kəsi məhkəmə qarşısına çıxarmaq onun vəzifəsi idi. Digər tərəfdən də, indiyə qədər yabançı əsarət görməmiş çoxmilyonlu ölkəni itaətdə saxlamaq lazım idi. Amerika işğal administrasiyasında heç kəsin yaponca bilməməsi və mədəniyyətinin anlamaması son vəzifəsini bir az da çətinləşdirirdi. 

Bu şərtlər daxilində Makartur da, onun Vaşinqtondakı rəhbərliyi də Hirohitonu taxtda saxlayaraq, ondan bir vasitə kimi istifadə etməyi qərara aldılar: monarxın avtoriteti əhalini yabançı idarəçiliyi və onun yapon dövlətinə və cəmiyyətinə yönəlik radikal islahatlarını qəbul etməyə inandırmalı idi. Əlbəttə, bu plan çərçivəsində imperator üzərində heç bir məhkəmədən söhbət gedə bilməzdi, buna görə də Hirohitonun məsuliyyəti məsələsi 1946-cı ilin iyununda sakitcə gündəlikdən çıxarıldı. 

Tamaşanın finalı

Belə yanaşmanın Tokio tribunalını teatra çevirməsi qaçılmaz idi; ssenariyə görə, müharibənin məsuliyyətini yalnız Toco və yoldaşları daşımalı idi. Bu zaman ittiham tərəfi müttəhimlər kürsüsündə oturan “pis əyanlar”ın fəlakətli avantüraya sövq etdikləri “yaxşı şah”ın pulsuz vəkili rolunda çıxış edirdi. Pis, amma vətənpərvər əhvallı “əyanlar” bu yazılmamış ssenariyə əməl etməyə çalışırdılar. Amma 1947-ci ilin dekabrında keçirilən iclaslardan birində Toco gözlənilmədən deyəndə ki, monarxın iradəsinin əleyhinə hər hansı addım atmaq imperatorun təbəələri üçün ağlasığmaz idi, bütün konstruksiya az qala çökəcəkdi. 

Baş prokuror Kinanın dəhşətdən rəngi ağardı. Hirohitonun məsuliyyətə cəlb olunmasının tərəfdarı Avstraliyanı təmsil edən məhkəmə sədri Uebb isə sözlərinin nə demək olduğunu anlayıb-anlamadığını Tocodan soruşdu. Son nəticədə Kinan bu epizodu ört-basdır edə bildi: üçüncü şəxslər vasitəsilə Tocodan xahiş edildi ki, ifadəsini “dəqiqləşdirsin”. O da məhkəmənin növbəti iclasında imperatorun konfliktin diplomatik həllinə çalışdığını, yalnız son anda nazirlər kabinetinin və ordu rəhbərliyinin müharibəyə başlamaq tövsiyəsi ilə “könülsüz” razılaşdığını bildirdi. Bundan sonra ssenaridən hər hansı ciddi yayınma olmadı və tamaşa sona qədər uğurla oynandı. 

Tribunalın nəticəsi prosesin əsas tərəflərini tam qane etdi. İmperator Hirohito (eləcə də böyük ailəsinin bütün üzvləri) məhkəmə təqibindən immunitet qazandı və öz taxt-tacını qorudu, hərçənd, səlahiyyətləri xeyli qayçılandı; onun Yaponiya tarixindəki ən uzun hökmdarlığı yalnız 1989-cu ildə ölümlə yekunlaşdı. Amerika işğal administrasiyası 1951-ci ildə imzalanan San Fransisko müqaviləsinə əsasən suverenliyi bərpa olunana qədər Yaponiyanı xüsusi çətinlik olmadan idarə etmək üçün qiymətli vasitə qazandı. Hətta özlərini günahkar saymaqdan imtina edən müttəhimlər də istədiklərinə nail oldular: Yaponiya dövlətçiliyi və monarxiya institutu saxlanıldı, onlar isə bunun naminə özlərini qurban verməyə razı idilər. 

Asılanlar məbədin “panteon”una daxil ediliblər, məhkumlar əfv olunublar

Tokio prosesinin bəlkə də əsas paradoksu ondan ibarətdir ki, ilk publik tənqidçiləri orada iştirak edən hakimlər oldu. Radhabinod Paldan savayı fransız Anri Bernar, niderlandlı Bert Rölinq, filippinli Delfin Xaranilya və məhkəmənin sədri Uilyam Uebb tribunalın özü və nəticələri ilə bağlı bir sıra tənqidi qeydlər səsləndirdilər. 

Yapon cəmiyyəti də prosesin yekununu özünəməxsus qiymətləndirdi. Onun millətçi əhval-ruhiyyəli hissəsi asılanları az qala qəhrəman, dövlət və monarxiyanı qorumaq üçün könüllü şəkildə ləkələnməyi və ölümü seçən qurban hesab edir. Prosesin yuxarıda sadalanan nöqsanları – ittihamın təqdim etdiyi dəlillərin aşağı keyfiyyəti, əməllər törənən zaman mövcud olmayan normaların tətbiqi, aşkar qərəzli hakimlərin cəlb olunması və rədd imkanının olmaması – belə mövqenin populyarlığına az töhfə verməyib. 

Amma Tokio tribunalının əsas problemi ondadır ki, Radhabinod Palın böyük hərflə yazdığı “Ədalət”, yekunu siyasi yönümlü mülahizələrlə diktə olunan prosesdə mötərizədən kənara çıxarıldı. Məhkumların günahını tarixi baxımdan şübhə altına almaq mümkünsüz olsa da, məhkəmənin görünməmiş teatrallığı və müttəhimlərin seçilməsi zamanı ayrı-seçkilik “Yaponiya Nürnberqi”ni hüquqa hörmətsizlik ittihamı ilə həmişəlik ləkələdi. 

Yaponiyanın suverenliyini bərpa olunandan sonra sağ qalan bütün məhkumların əfv edilməsi simvolikdir. Toco kabinetində sənaye və ticarət naziri vəzifəsini tutan, “A” qrupu üzrə şübhəli şəxs sayılan və həbs edilən (amma tribunal qarşısına çıxarılmayan – Press klub) Nobusuke Kisi artıq 1957-ci ildə baş nazir oldu, onun nəvəsi Sindzo Abenin baş nazirlik kadensiyası isə Yaponiya tarixində ən uzunmüddətli olacaqdı. Tribunalın hökmü ilə edam olunan hərbi canilər isə 1978-ci ildə Yasukini məbədinin “panteon”una daxil ediliblər: yerli inanclara görə, onların ruhu indi də buralardadır – hakim mantiyasındakı mötəbər görünüşlü centlmenin portreti olan boz obeliskin lap yaxınlığında… 

Hazırladı: Yadigar Sadıqlı. Pressklub.az

Mənbə: https://theins.ru/history/257384 






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10