Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Ərkivan tarix səhnəsində



   Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918-1920) Lənkəran qəzasının general-qubernatoru Bəhram xan Naxçıvanski olmuş, Ərkivan polis nahiyəsi isə Meneradzeyə tapşırılmışdı

 

Cenub.az təqdim edir:- Azərbaycanın yaşayış məntəqələrindən biri Ərkivan qəsəbəsidir. Qəsəbə Masallı rayonunun tərkibində olub, Masallı şəhərindən 2 km qərbdə, Talış dağlarının ətəyində, Viləş çayının sahilində yerləşir. 

   Ərazisi 2294 hektar, əhalisi 18 min nəfərdən yuxarıdır

   Fars dilində “qala yeri” mənasını verən Ərkivanın adına mənbələrdə Ardjuvan, Arkvan, Arkevan, Ərkəvan, Ərküvan və digər adlar altında rast gəlinir. Qeyd edək ki, toponim talış dilində Akon (Əkəon) adlanır. 

   Ərkivan respublikamızın rayonları üzrə olan qəsəbələr sırasında əhalisinin sayına görə birincilər sırasındadurmaqla, eyni zamanda qədim və zəngin tarixə malik olan yaşayış məntəqələrimizdən sayılır.

   1985-ci ilin iyul-avqust aylarında Azərbaycan Elmlər Akademiyasının (AMEA –İ.Ş.)Tarix İnstitutunun Paleolit (qədim daş) arxeoloji ekspedisiyası Əsədulla Cəfərovun rəhbərliyi altında Masallı rayonu ərazisində elmi tədqiqat işləri aparmışdır. Bu zaman ilk dəfə Viləş çayının sağ sahilində yerləşən Ərkivan kəndi (2007-ci ildən qəsəbədir – İ.Ş.) ərazisinin yuxarı hissəsində də arxeoloji kəşfiyyat işləri aparılmışdır. Kəşfiyyat işləri zamanı Ərkivan kəndi ərazisindən üst paleolit dövrünə aid daş məmulatı əldə olunmuşdurBu, Ərkivan ərazisində qədim insanların 15-20 min il bundan əvvəllər yaşamağa başladığını söyləməyə imkan vermişdir (Vaqif Yusifli. Ərkivan və ərkivanlılar. B., 1996, səh. 25). 

   Qəsəbə ərazisində Tunc və Dəmir dövrünə (e.ə. IV – I minillik) aid ölkə əhəmiyyətli arxeoloji abidə olan 7 kurqan (kurqan torpaq təpə olub, qəbir abidəsidir) qeydə alınmışdır. VI –VII əsrlərdə tikilən və bu gün xarabalıqları qalan məşhur Ərkivan qalası da burada yerləşmişdir.

   Böyük tarixi hadisələrin şahidi olan Ərkivan müxtəlif vaxtlarda Midiya, Əhəməni, Atropatena, Sasani, Ərəb xilafəti, Sacilər, Salarilər, Rəvvadilər, Səlcuq, Atabəylər (Eldənizlər), Hülakilər (Elxanilər), Cəlairilər, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər dövlətlərinin, Əfşarların, Talış xanlığının, Rusiya imperiyasının, Azərbaycan Xalq Cümhuriyyətinin və Sovet imperiyasının (SSRİ) subyektlərindən sayılan Azərbaycan Sovet Sosialist Respublikasının tərkibində olmuşdur.     

   Xanlıqlar dövründə (XVIII – XIX əsrlər) Ərkivan Talış xanlığının tərkibində olan 11 mahaldan  birinin, Dəştvənd mahalının mərkəzi olub. Sonuncu Talış xanı Mir Həsən xanın (1784-1832;  hakimiyyət illəri 1814-1826) arvadlarından biri Bikə xanım ərkivanlı idi.Buna görə də Mir Həsən xanın Ərkivanda evi-mülkü olmuşdur (Firudin Əsədov, Sevil Kərimova. Çarizmi Azərbaycana gətirənlər. B., 1993, səh. 99).

    Rusiya imperiyası dövründə (1813-1918) Ərkivan 1859-cu ilə qədər Şamaxı, daha sonra isə Bakı quberniyasının Lənkəran qəzasının tərkibində olmuş və qəzanın 4 polis nahiyəsindən biri Ərkivan polis nahiyəsi adlanmışdır

Dəştvənd mahalından fərqli olaraq Ərkivan polis nahiyəsinin mərkəzi Ərkivan kəndi deyil, Nikolayevka (keçmiş Kalinovka, indiki Viləş) kəndi olmuşdur

Quberniyalar qubernator, qəzalar general-qubernator, polis nahiyələri isə pristav (polis rəisi) tərəfindən idarə olunurdu. 

    Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918-1920) Lənkəran qəzasının general-qubernatoru Bəhram xan Naxçıvanski olmuşdur. Bəhram xan Naxçıvanski ayrı-ayrı nahiyələrdə işi düzgün təşkil etmək üçün səlahiyyətli komissiyanın olmasını zəruri hesab etdi. Bu məqsədlə Ərkivan polis nahiyəsi Meneradzeyə tapşırıldı (Firudin Əsədov. Talış diyarının keçmişinə bir nəzər. B., 1993, səh. 26).

   Sovet dövründə (1920-1991) Ərkivan əvvəl Ərkivan yoxsul komitəsinin, daha sonra isə Ərkivan kənd sovetliyinin mərkəzi olub.

   Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra isə (18 oktyabr 1991) Ərkivan kənd sovetliyi (Kənd Xalq Deputatları Soveti İcraiyyə Komitəsi) əvvəl Ərkivan kənd inzibati ərazi vahidi, sonra isə Ərkivan kənd inzibati ərazi dairəsi (2009) adlanmışdır. 

    22 may 2007-ci il tarixində Ərkivana qəsəbə statusu verildiyindən kənd inzibati ərazi dairəsi qəsəbə inzibati ərazi dairəsi adlanır. Qəsəbə inzibati ərazi dairəsi Ərkivan mərkəz olmaqla Ərkivan qəsəbəsi və Allahyarlı (05 mart 2013-cü il tarixindən) kəndini əhatə edir.

    Ərkivanın tarixi keçmişi ilə bağlı bir sıra maraqlı faktlar da vardır.

1. Səfəvilər sülaləsinin banisi Şeyx Səfiəddinin (1252 – 1334) Ərkivanda olması iddia edilir.
2. I Pyotr (1672 – 1725) Xəzəryanı bölgələri ələ keçirdikdən sonra (1723 – 1732/1735) Ərkivanı Rusiyanın dövlət xadimlərindən “Kerç”  ləqəbi ilə tanınan Bernard Aleksandroviçə hədiyyə etmişdir.
3. 1804 -1813-cü illər Birinci Rusiya – İran müharibəsi zamanı Ərkivan qalasının alınmasında (1812, dekabr) göstərdiyi şücaətə görə general       P.S. Kotlyarevski çar I Aleksandr (1777 – 1825) tərəfindən 2 min çervon məbləğində mükafatlandırmışdır.
4. Rusiyanın tarix kitablarında və tarixə dair dərsliklərində Birinci Rusiya-İran müharibəsindən (1804-1813) bəhs edilən mövzularda Ərkivan qalasının adı qeyd olunur. 

Əlavə olaraq bildirək ki, Ərkivanın tarixi köklü və fundamental şəkildə araşdırılmayıb. Müstəqilliyimizinbərpası dövrünə qədər Ərkivanla bağlı müəyyən məlumatlara Abbasqulu Ağa Bakıxanovun"Gülüstani-İrəm" (farsca, 1841),  Səidəli Kazımbəyoğlunun "Cavahirnameyi-Lənkəran"    (farsca, 1869),  Mirzə Əhməd Mirzə Xudaverdioğlunun "Əxbarnamə" (farsca, 1882-1883),  Teymur bəy Bayraməlibəyovun "Talış xanlığının tarixi" (rusca, 1885),  ASE-nin IV cildi (1980), eləcə də Novruz Novruzovun "Masallı" (1990), Musarza Mirzəyevin "Mənim Masallım" (1991) və digər kitablarda rast gəlinir.

1995-ci ildə Zahir Əmənov redaktorluğu və müəllifliyiilə 2.500 tirajlıq 12 səhifəlik "Ərkivan" qəzetində bu ərazi haqqında bütün məlumatları, eləcə də ehtimalları bir araya gətirmiş, qəsəbənin məhəllələri (13), alimləri, din xadimləri, rəhbər işçiləri, idmançıları ... haqqında informasiyaları oxuculara toplu halında təqdim etmişdir. 

Bundan bir  il sonra isə Vaqif Yusifli "Ərkivan və ərkivanlılar" (1996), daha sonra ƏbdurrəhmanSəmədov "Ərkivan salnaməsi" (2009) kitablarını ərsəyə gətirdilər.

Eləcə də bir tədqiqatçı kimi mən, İldırım Şükürzadə Ərkivanla bağlı bir neçə məqalə çap etdirmiş, sosial şəbəkədə  paylaşımlar etmiş, Zahir Əmənovla həmmüəllif olaraq "Bu qala, bizim qala" (2020),  "Masallının tarix və mədəniyyət abidələri" (2021)və müəllifi olduğum "Masallı ziyarətgahları" (2023) kitablarında məlumatlar vermişəm.

İldırım ŞÜKÜRZADƏ,

                    Lənkəran rayonunun Havzava kənd tam orta məktəbinin müəllimi, tədqiqatçı-tarixçi        

 

 

         






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10