Çar Rusiyası XIX əsrdən – Azərbaycanı işğal dövründən (1805 – Kürəkçay, 1813 – Gülüstan, 1828 – Türkmənçay müqaviləsi) sonra Azərbaycan türkcəsində olan sözləri məhdudlaşdırmağa, rus sözləri ilə əvəz etməyə başladı.
Bu “proses” sovet rejimi dövründə daha da gücləndi. Sovet məmurları Türküstanda, Şimali Qafqazda və digər bölgələrdəki “sınaqlarını” burada da gerçəkləşdirməyə başladılar.
Və hətta Azərbaycan ədəbi türkcəsini aradan qaldırmaq üçün belə bir damğa vurdular: bu dil “milliyyətçilik” və “müsavatçılığı” tərənnüm edir.
Buna qədər isə Türküstanda ortaq ədəbi türkcəsini aradan götürmüş, İdil – Ural və Krımda da artıq ədəbi türkcənin yerinə “ruslaşmış” jarqondan ibarət bir “küçə” dili formalaşdırmışdılar. Buna qəribə bir ad veriridilər: “proletar dili”.
Bundan ötrü sözlərin dilimizdə türkcə qarşılığı olduğu halda, sözləri ruscadan tərcümə edib, Azərbaycan dilini eybəcərləşdirirdilər. Buna isə belə ad da verirdilər: “Daxildən sosializm, üzdən isə milli”. Və sovet məmləkətində, sovet Azərbaycanında bir “proletar kültürü”nün yarandığını elan edirdilər.
Artıq bu ruscaya əsaslanan “proletar dili” yazılı formada da əks olunmağa başlayırdı: məsələn,“Meşat eyləmə” (yəni mane olma), “məktəb predmetləri” (məktəb əşyaları), “sobraniyaya gedirəm” (iclasa gedirəm) və s.
Aparılan bu siyasətin nəticəsində Bakıda nəşr edilən “Kommunist”, “Yeni yol”, “Gənc işçi” qəzetlərində yeni sovet sözləri yer alırdı: “Obzor” (icmal), “naçalnik” (rəis), “uçot” (qeyd), “uçastok” (sahə), “peçat” (möhür), “avariya” (qəza), “uklon” (əyinti), “obraz” (surət), “predmet” (əşya), “oblast” (vilayət), raykom, rayon, poçt, soyuz və s.
Bəzi sözlər isə artıq Azərbaycan dilində kifayət qədər möhkəmlənmişdi: “sovet”, “komsomol”, “kolxoz”, “sovxoz”, “briqada”, “komintern” və s.
Belə əcaib ruslaşdırma nəticəsində yarı rusca, yarı Azərbaycan dilində olan “internasyonal” (beynəlmiləl”) bir dil təşəkkül tapırdı.
Azərbaycan Dövlət Nəşriyyatında 1930-cu illərdə sovet şairlərindən birinin “Trud qaçaqları” adlı (“Əmək qaçaqları”) mənzum bir əsəri nəşr edilmişdi.
Tezliklə mətbuatda rus – Azərbaycan qarışıq sözləri ilə dolu şeirlər çap olunmağa başıadı. “İnqilab və Mədəniyyət” jurnalının 1931-ci ildə çap edilən 9-10-cu saylarında oxuyuruq:
Pozuq vəzinlərdən
Bit tiyan (qazan)
Doldurub tiyana
Şeir deyən
Şairin
Gülüncdür bir az.
Eh, k çortu (ruscadır, “lənət şeytana” mənasında – N.Y.)
Na эtot raz (ruscadır,”bu dəfə”-N.Y)
Ya budu derzkim,
Kurnazlıqları
Füzuliyə
Aşnabazlıqları...
Həmin jurnalın 1932-ci ildəki 1-2-ci saylarındakı şeir belədir:
Stanok (ruscadır, “dəzgah” mənasında – N.Y.)
Məni bir tok
Kimi çəkmiş özünə...
Maqnitostroy
Qiqantstroy
Spoy qiqantskuyu pesnyu (ruscadır, “oxu nəhəng mahnını” mənasında – N.Y.)
Ob эtom spoy (ruscadır,”bu haqda oxu” – N.Y.) – SSSR.
Həmin dövrdə Azərbaycan Kommunist Partiyasına rəhbərlik edən M.C.Bağırov Bakıda keçirilən gənclər toplantısında demişdi: “Mən çox zaman partiya üzvləri ilə komsomolların nitqlərinə diqqət edirəm: azərbaycanca danışdıqları zaman azərbaycanlı, rusca danışdıqları zaman rus anlamır”.
İ.V.Stalin isə Kommunist Partiyasının 16-cı qurultayında demişdi: “SSRİ-də Milli Kültür fəaliyyətinin hədəfi, bütün milli kültürlərin tək bir dilə malik ortaq bir kültür halında birləşməsindən ibarət olmalıdır”.
Bu ortaq kültür isə “sosializm mədəniyyəti” adını daşıyan rus kültürü, onun dili isə “Oktyabr inqilabının dili” olan rus dili idi. Buna əlavə olaraq türk mənşəli xalqların əlaqələrinin kəsilməsi üçün isə eybəcər vəziyyətə salınmış Azərbaycan – rus sözləri qarışığından ibarət olan bir dilin mövcudluğu sovet dövlətinin siyasətinə gərəkli idi.
Qeyd: Məqalədə tanınmış mütəfəkkir Mirzə Bala Məmmədzadənin 1936-cı ildə “Qurtuluş” jurnalında çap edilmiş “Sovet Azərbaycanında türk dilini ruslaşdırma və məhvi siyasəti haqqında” məqaləsindən istifadə edilmişdir.