Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Antalya davası: Atatürkün faşist liderə ironiyası, fırıldaqçının Mussolinini aldatması…




Yadigar Sadıqlı

1882-ci Almaniya, Avstriya-Macarıstan və İtaliya Üçlər ittifaqı adlı hərbi-siyasi blok yaratdılar. Həmin ittifaqın yaranması Avropanın düşmən düşərgələrə bölünməsində ilk addım sayılır ki, bunun da sonu Birinci dünya müharibəsi oldu. 


Üç dövlət arasında lap yaxınlarda baş verən hadisələrə nəzər salınsa, maraqlı və gözlənilməz ittifaq idi. XIX əsrin üçüncü rübündə Almaniya və İtaliya oxşar proseslər yaşayırdılar: parakəndəliyi aradan qaldırıb, vahid dövlətə çevrilmişdilər. Hər iki halda, Avstriya-Macarıstan imperiyası birləşmə prosesinə mane olmağa çalışırdı.

İndiki İtaliyanın şimal hissəsi, Napoleon müharibələrindən sonrakı Avropada sərhədləri müəyyənləşdirmək üçün keçirilən Vyana konqresinin qərarına əsasən yaradılan Lombardiya-Venesiya krallığı o zaman Avstriya-Macarıstanın tərkibində idi. İtaliyanın birləşdirilməsinə – risorgimento – başçılıq edən Sardiniya krallığı bu səbəbdən Avstriya-Macarıstan ilə müharibə aparmalı oldu.

1859-1860-cı illərdə baş verən İkinci müstəqillik müharibəsi zamanı Sardiniya Fransa ilə ittifaqda avstriyalıları məğlub etdi və Lombardiyanı özünə birləşdirdi, Venesiya isə imperiyanın tərkibində qaldı.

Avstriya-Macarıstan və Prussiya arasında çoxsaylı xırda alman dövlətləri üzərində hegemonluq uğrunda rəqabət 1866-cı ildə yeni müharibəyə səbəb oldu. İtaliya da Prussiya tərəfdə savaşa qoşuldu və qələbədən istifadə edərək, Venesiyanı özünə birləşdirdi. 

1870-ci ildə İtaliyanın, 1871-ci ildə isə Almaniyanın birləşdirilməsi başa çatdı. Onların çox qısa müddət sonra Avstriya-Macarıstan ilə hərbi ittifaq yaratmaları bu səbəbdən əcaib idi. Müqavilə bir neçə dəfə tamamlandı, yeniləndi, müddəti uzadıldı: sonuncu dəfə 1912-ci ildə.

Amma cəmi iki il sonra Birinci dünya müharibəsi başlayanda İtaliya müttəfiqlərinin hücuma məruz qalmadığını, özlərinin hücum etdiklərini əsas gətirərək, bitərəfliyini elan etdi. Əvəzində Osmanlı dövləti və Bolqarıstan Almaniya və Avstriya-Macarıstana qoşularaq, Üçlər ittifaqını Dördlər ittifaqına çevirdilər ki, bunun digər adı da Mərkəz dövlətləri idi. 

İtaliya ordusu özünün döyüş qabiliyyəti ilə seçilməsə də, müharibə aparan dövlətlər onun nazı ilə oynayaraq öz tərəflərində savaşa qatmaq üçün gen-bol vədlər verdilər. Böyük Britaniya, Fransa  və Rusiyadan ibarət Antantanın təklifləri daha səxavətli oldu. 

1915-ci il aprelin 26-da Antanta dövlətləri ilə İtaliya arasında Londonda imzalanan gizli müqaviləyə görə, İtaliya bir ay müddətində müharibəyə qoşulacaq və bunun müqabilində qələbədən sonra xeyli ərazilərə yiyələnəcəkdi. Avropada bunlar əsasən Avstriya-Macarıstanın tərkibinə daxil olan ərazilər, Afrikada alman müstəmləkələrinin bir hissəsi, bir də Osmanlı imperiyasının parçalanacağı halda Antalya, Muğla, Konya, Dənizli, İzmir kimi şəhərlərin daxil olduğu bölgə idi. Roma bu vədlərdən həvəslənib, Antanta tərəfdə müharibəyə qoşuldu. 

Amma Birinci dünya müharibəsi bitəndə italyanlar vəd edilən ərazilərin çoxunu ala bilmədilər. Bunun bir çox səbəbi vardı, əsasən də ABŞ prezidenti Vudro Vilsonun tutduğu mövqe idi. Vilsonun məşhur “14  maddə”sinin 9-cu maddəsində İtaliya sərhədlərinin aşkar milli sərhədlər çərçivəsində müəyyənləşdirilməsi, 10-cu maddəsində Avstriya-Macarıstan xalqlarının muxtar inkişaflarının zəruriliyi, 12-ci maddəsində isə türklər yaşayan ərazilərin Osmanlı dövlətinin tərkibində qalacağı nəzərdə tutulurdu. Belə halda isə nə slavyanlar yaşayan Dalmasiya, nə türklər yaşayan cənub-qərbi Anadolu, nə də Afrika əraziləri İtaliyaya birləşdirilə bilməzdi. 

Hərçənd, italyanlar Osmanlının sözügedən ərazisini müddət işğal etdilər. Özü də bu, ən yumşaq işğal oldu və demək olar, müqavimətlə üzləşmədi. Belə hal bir yandan italyanların əhali ilə xoş rəftarından doğurdu. Digər tərəfdən də, italyan işğalı həmin əraziləri dinc əhaliyə divan tutan yunanların işğal etməyəcəklərinin təminatı idi. Təsadüfi deyil ki, yunan işğalına məruz qalan ərazilərdəki əhali də İtaliya nəzarətindəki bölgələrə pənah aparırdı. 

Onlara vəd edilən İzmirin sonradan yunanlara vəd edilməsi İtaliyanın öz müttəfiqləri ilə münasibətlərini korladı, yunanlara qarşı isə onlarda ədavət formalaşdırdı. Bu da onların türk Qurtuluş savaşına rəğbətlə yanaşmalarına və bəzən yardım göstərmələrinə səbəb oldu. 

Sakarya döyüşündə türklərin qalib gəlməsindən sonra italyanlar Anadoludan çəkildilər və Lozanna müqaviləsi həmin bölgəni Türkiyənin ərazisi kimi tanıdı. Yalnız Dodekanes adaları (On iki ada) İtaliyada qaldı. Osmanlıya məxsus bu adalar 1911-1912-ci illər İtaliya-Türkiyə müharibəsi zamanı işğal olunmuşdu. Uşi sülh müqaviləsinə görə, italyanlar adaları türklərə qaytarmalı idilər. Amma bunu etməyə tələsmədilər, sonra da Birinci dünya müharibəsi başladı. Lozanna müqaviləsi bu adaları onlara verdi (İkinci dünya müharibəsindən sonra Yunanıstana birləşdirildi).

*** 

İtaliyalılar verilən vədlərin yerinə yetirilməməsindən möhkəm məyus olmuşdular və bu səbəbdən Birinci dünya müharibəsində qalib gəlmələrini “Eybəcər qələbə” adlandırırdılar. Belə duyğular ölkədə millətçiliyin güclənməsində və 1922-ci ildə Benito Mussolinin faşist diktaturasının qurulmasında önəmli rol oynadı. 

Duçe ləqəbli Mussolini ilk dövrlərdə Türkiyəyə qarşı dost siyasəti yürüdürdü. 1928-ci ildə iki ölkə arasında “Dostluq və bitərəflik haqqında” müqavilə imzalandı. Türkiyənin baş naziri İsmet paşanın 1932-ci ilin mayında İtaliyaya rəsmi səfəri yüksək səviyyədə keçdi. 

“Türk inqilabı tarixin ən böyük inqilablarından biridir. Türkiyəyə qarşı dostluğumuzu sadəcə davam etdirməyəcəyik. Bu dostluğun necə inkişaf edəcəyini görəcəksiniz. Bu, bir faşist sözüdür, yəni səmimidir”, – Mussolini türk qonaqların şərəfinə verdiyi ziyafətdə deyirdi. 

İsmət paşa da səfərdə məmnun idi. Geri qayıtdığı gəmidə Anadolu ajansının müxbirinə bunları dedi: “Doğu Akdenizdeki büyük komşumuz, dost İtalyadan memnuniyet hisleriyle avdet ediyoruz. Bu ziyaretimiz, senelerden beri iki memleket arasındaki dostane münasebatın en samimi şekille de tebarüzüne iyi bir vesile olmuştur. Ben ve arkadaşlarım Türkiyenin İtalyaya karşı samimi hislerini açık yürekle izah ettik. Faşist İtalyadan ve onun yüksek reisinden memleket ve milletimize karşı aynı açık yürekli ve samimi hislerle mukabele gördük, kıymetli muhabbet ve tezahürlerine muhatap olduk”.

Amma onilliyin ortalarına doğru vəziyyət dəyişməyə başladı. Duçe daha aqressiv xarici siyasət yürütməyə başladı. Həmin siyasətin bir parçası da Aralıq dənizinə şamil edilən “Mare Nostrum” (Bizim dəniz) doktrinası idi. Bu Hitlerin “Lebensraum” (yaşam məkanı) doktrinasının oxşarı idi. Faşist mətbuatında Antalya və ətraf ərazi məsələsi gündəmə gəldi. Mussolini isə 1934-cü ilin martında etdiyi çıxışında “İtaliyanın müqəddəratının Afrikada, Asiyada və Aralıq dənizində” olduğunu söylədi.

Həmin çıxış Ankaranın etirazına səbəb oldu. İtaliya xarici işlər nazirliyi isə Romadakı türk səfirini inandırmağa çalışdı ki, onlar Türkiyəyə Avropa dövləti kimi baxırlar və Duçe heç də onu nəzərdə tutmayıb. Buna baxmayaraq. Səfirliyin önündə “sıravi italyanlar”ın Antalya tələbi ilə aksiyalar keçirməsi tez-tez baş verir.  

Gərginlik o həddə idi ki, hətta Atatürk İtaliyanın Türkiyəyə haradan təcavüz edəcəyi barədə düşünməyə başlayır. Cümhurbaşqanlığının baş katibi Hasan Rıza Soyakla söhbətində dənizdən Anadoluya desant çıxarılmasını ağlabatan hesab etmir: “Böyle bir şey yapamazlar, çocuk! Türkiyeye karşı bir harekete karar verirlerse, ilkin Arnavutluka asker çıkarmak ve orayı işgal etmekle işe başlayacaklardır. Bunu kolayca yapacakları aşikardır. Ondan sonra da bulgarlarla iş birliği teminine ve bulgarlarla beraber boğazlara inmeye, diğer Balkan devletleriyle irtibatımızı kesmeye gayret edeceklerdir. Bence taarruzu oradan beklemek ve tedbirlerimizi ona göre alıp mütemadiyen uyanık bulunmak gerektir”.

Atatürk Mussoliniyə həqarətlə yanaşırdı. O, özü marşal olsa da Qurtuluş savaşından sonra hərbi mundirini çıxarıb, mülki geyimdə gəzirdi. Mussolini isə mülki şəxs olduğu halda əyninə marşal forması keçirmişdi. “Məndən fərqli, heç zaman qalib ordunun komandanı olmayan, amma marşal formasını çox sevən və özünü ordenlərlə təltif edən Mussolini kimi deyiləm mən”, – 1930-cu illərdə Fransada dəfələrlə nazir vəzifəsi tutan Jorj Bonneyə demişdi. 

Yeri gəlmişkən, marşal forması ilə əlaqədar kifayət qədər geniş yayılan, amma nə qədər həqiqi olduğunu bilmədiyim bir əhvalat var: Bir gün İtaliya səfiri Atatürklə görüş istəyir. Səfiri mülki geyimdə qəbul edən Türkiyə prezidenti onun Antalyadan bəhs etdiyini görüncə qonaqdan 10 dəqiqə rüsxət istəyib qonşu otağa keçir və marşal formasında geri qayıdıb “buyurun, sizi dinləyirəm” deyir. Eyhamı anlayan səfir görüşü iki ölkə arasında dost münasibətlər haqda ümumi sözlərlə yekunlaşdırır. 

İtaliyanın Efiopiyaya təcavüzü ilə əlaqədar Millətlər Liqasının bu ölkəyə tətbiq etdiyi iqtisadi və maliyyə sanksiyalarına Türkiyənin qoşulması iki ölkə arasında münasibətləri bir az da kəskinləşdirdi. İtaliyalılar Dodekanes adalarında hərbi mövcudluqlarını gücləndirdilər.

Bosfor və Dardanel boğazlarının statusuna yenidən baxılmasını və onların Türkiyənin suverenliyinə qaytarılmasını müzakirə etmək üçün 1936-cı ilin iyun-iyul aylarında keçirilən Montrö konfransında  İtaliyanın iştirak etməməsi və eyniadlı konvensiyanı imzalamaması da iki ölkə arasında soyuq münasibətlərin təzahürü idi. 

Bununla belə, artıq ilin sonunda Türkiyə-İtaliya gərginliyi azalmağa başladı. İtaliya mətbuatında Türkiyə ərazisi ilə bağlı iddialar gözdən itdi. Roma Ankaranı 1928-ci il müqaviləsinə sadiq olduğuna əmin etdi. Türkiyə özünə də zərər vuran sanksiyaları dayandırdı, Əddis-Əbəbədən səfirini çağıraraq Efiopiyanın İtaliyaya ilhaqını tanıdı. 1938-c il mayın 2-də İtaliya Montrö müqaviləsini imzaladı. Bununla da iki ölkə münasibətləri xeyli normallaşdı.

*** 

İtaliya-Türkiyə gərginliyi ilə bağlı ən məşhur əhvalatlardan biri də nə siyasətçilərlə, nə diplomatlarla deyil, Eyüplü Halit kimi tanınan Halit Keskiner adlı bir fırıldaqçı ilə bağlıdır. Əhvalat belədir.

1930-cu illərin ortalarında, İtaliya-Türkiyə gərginliyi tüğyan edən vaxtda növbəti dəfə həbsə düşən Halit burada bir italyan oğru ilə tanış olur və bu zaman şeytanın ağlına gəlməyəcək bir fikir ağlına gəlir: Mussolinini dolandırmaq. O, italiyalının köməyi ilə Duçeyə belə bir məktub yazır: “Əlahəzrət Duçe, mən sizi və İtaliyanı sevdiyim üçün həbsdəyəm. Antaliya İtaliyanın haqqıdır dediyimə görə məni həbsə atdılar. Arvad-uşaq evdə ac qaldı. Fəqət mən yenə də sizi sevirəm”. Bəzi versiyalara görə, məktubda faşizmə təriflər də yağdırır. 

Təbii, həbsdən Mussoliniyə, ya da İtaliya səfirliyinə və ya Baş konsulluğuna məktub göndərmək mümkün olmayacaqdı. Halit məktubu bir yolla çölə ötürə bilir və təxminən bir ay sonra İstanbuldakı İtaliya Baş konsulu Sultanahmet ceza evinə gələrək, Halitlə görüşür, ona müəyyən miqdarda pul verir. Diplomatın gedişindən sonra isə həbsxana rəhbərliyi Haliti çağırıb “sən hara, konsul hara, Mussolini hara” deyib sıxma-boğmaya salır. O da əhvalatı danışır. 

Yadigar Sadıql. Pressklub.az






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10