Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Qara Volqa”dan ağ Jiquliyədək - Bu əsərdəki polis rəisi obrazının prototipi Masallıdan imiş- Fikriət Şiriyev yazır… YAXUD AZƏRBAYCANIN BÖYÜK OĞLU






“Qara Volqa”dan ağ Jiquliyədək - Fikriət Şiriyev yazır…

10:35
131

Fikrət ŞİRİYEV

AZAD QULİYEV - 100

60-cı illərdə məşhur bir yazıçı var idi — Cəmşid Əmirov. Onun iki kitabı —“Brilyant məsələsi” və “Qara Volqa” o dövrün ən çox oxunan kitabları idi. Kriminal aləmdə baş verən hadisələrin qələmə alındığı bu kitablarda həm də polis (o vaxtlar milis) işçilərinin fədakar əməyindən bəhs olunur. “Qara Volqa” kitabında şəhər milis idarəsinin rəisi obrazı var — Əli Rəsulov. İgid, cəsarətli, çevik təfəkkürlü, fədakar bir mütəxəssis. Həmin obrazı yaradarkən Cəmşid Əmirov prototip kimi məşhur (ancaq lazımi qədər tanınmayan) həmyerlimiz, o dövrdə rus, erməni, yəhudi zabitlər arasında nadir olan milli kadrlardan biri, Bakı Şəhər Milis İdarəsinin (indiki Bakı şəhər Baş Polis İdarəsinin) rəisi, polkovnik Azad Quliyevi nəzərdə tutub.

Azad Əkbər oğlu Quliyev (Talışoğlu) 1924-cü il yanvarın 21-də  Masallı rayonunun Qodman kəndində dünyaya gəlib. 1942-ci ildə 18 yaşı tamam olan kimi İkinci Dünya müharibəsinə səfərbər edilib, 1943-cü ildə döyüşlərin birində ağır yaralanıb.

Müharibədən qayıtdıqdan sonra 1945-ci ildən etibarən daxili işlər orqanlarında sıravi milis kimi işə başlayıb, milis polkovniki rütbəsinə qədər yüksəlib. 1950-1956-cı illərdə işdən ayrılmadan qiyabi Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Tarix fakültəsində təhsil alıb, bundan sonra bilik və bacarığı, şəxsi keyfiyyətləri hesabına pillə-pillə yüksəlib, bir çox məsul vəzifələrdə, o cümlədən, Azərbaycan Dövlət Yol Polisinin (o vaxtlar Dövlət Avtomobil Müfəttişliyi İdarəsinin) rəisi, Bakı Şəhər Daxili İşlər İdarəsinin (indiki Bakı şəhər Baş Polis İdarəsinin) rəisi, Daxili İşlər Nazirliyində Kadrlar İdarəsinin və Pasport qeydiyyatı şöbəsinin rəisi vəzifələrində çalışıb, vicdanlı əməyinə, namuslu xidmətlərinə görə  dövrünün bir çox  mükafatlarına layiq görülüb.

Belə yüksək vəzifələr tutmaqla yanaşı bədii yaradıcılıqla da məşğul olub, Azərbaycan Yazıçılar İttifaqının (indiki AYB) üzvü seçilib, 20-dək şeirlər kitabı çap olunub. 90-cı illərdə təqaüdə çıxdıqdan sonra doğulduğu Masallı rayonunun Qodman kəndinə köçüb, kəndin ictimai həyatında fəal iştirak etməyə başlayıb. Kəndin həyatında baş verən bir çox mühüm dəyişikliklər Azad Quliyevin zəhməti, nüfuzu və qayğısı ilə bağlıdır. 2008-ci il mayın 16-da yaşadığı Qodman kəndində vəfat edib, orada torpağa tapşırılıb. Allah rəhmət eləsin!

Azad Quliyev unikal şəxsiyyət olub. Səməd Vurğun erasının gəncləri kimi o da 50-ci illərdən etibarən şeir yazmağa maraq göstərib, sonralar dövlət qulluğunda çalışdığı dövrdə də bu hobbisinə vaxt tapa bilib. Yaxın dostları bəzən ona “şeir yazmaq nəyinə lazımdır?” tipli suallar verəndə “Mənə lazım deyil, gənc istedadların Bakıya qeydiyyata düşməsinə (o vaxtlar Bakı qapalı şəhər  idi və bura qeydiyyata düşmək mümkünsüz idi) lazımdır, övladlarına, qohumlarına görə milisə işi düşən şairlərə, yazıçılara lazımdır, Yazıçılar İttifaqının  imkansız  üzvlərinə hərdən əl tutmağım, qonaqlıq verməyim üçün lazımdır. Mən şeir yazmasam, onlara doğma olub bu işləri görə bilmərəm”, - deyə cavab verirmiş. 

Burada Xalq şairi Musa Yaqubun bir xatirəsini təqdim edirəm: “Demək,səkkiz may günü işdən çıxmışam. Ondan bir ay əvvəl Əkrəm Əylisli, Fikrət Qoca Mirzə İbrahimova deyiblər ki, bəs Musa Yaqub Bakıya gəlir, ona bir iş vermək lazımdır. Gəldim Mirzə müəllimin yanına. Qayıtdı ki, a bala, gəl çıx da. Gəl çıx da, mənim abrımı töküblər. Sən kənddən gəlmisən, təmiz oğlansan, təmiz uşaqsan. Mənə o saat nəşriyyat şöbəsinin müdirliyi vəzifəsini verdi. Amma işim sənədləşəndə Mirzə müəllimin katibəsi Kübra xanım dedi ki, şəhər qeydiyyatın yoxdu, səni işə götürmək olmaz. Mən də elə bilirəm ki, Mirzə müəllim deyibsə, qurtardı-getdi. Yox, gördüm qanun qanundur. Getdim Azad Talışoğlunun yanına. Şair idi, həm də DİN-in pasport-masa rəisi işləyirdi. Burda bir məqamı, yeri gəlmişkən, qeyd etməliyəm. Şair Azad Talışoğlu ədəbi aləmdən başqa, qəzet, radio və televiziyada çalışan bir çox jurnalist və rejissorların — hələ mən tanıdıqlarımdan danışıram — “şəhər qeydiyyatı” məsələsini həll edib. Özü də pulsuz və minnətsiz. Xatırladım ki, o vaxtlar şəhər qeydiyyatına düşmək zülm idi. Allah Azad müəllimə qəni-qəni rəhmət eləsin! Götürdü zəng elədi o vaxtkı Ordjenikidze rayon pasport şöbəsinə. O rayonda əmimoğlu yaşayırdı. Məni onun evinə qeydiyyata götürməliydilər. Azad müəllim dedi ki, Bakıya xuliqanı qeydiyyata götürmürəm, şairi qeydiyyata götürürəm. Bu iş on günə düzəldi”.

Yaxşı xatırlayıram ki, evdə atam onun haqqında çox hörmətlə danışardı, “Azad müəllim böyük adamdır” deyərdi. Mən də hərfi mənada başa düşdüyüm, oxuduğum kitabların təsiri ilə təsəvvür etdiyim Qulliver kimi böyük adamı görmək istəyirdim. 9-10 yaşımız olanda qardaşlarımla birgə onun şeirlərini əzbərləyib evlərinə getmişdik. Səməd Vurğun küçəsində, Nəsimi İcra Hakimiyyəti ilə üzbəüz arxitektur binanın 3-cü mərtəbəsinə liftlə qalxdıq. Ömrümdə ilk dəfə mindiyim lift kimi binanın quruluşu, pilləkənlər, Azad müəllimin yaşadığı mənzilin gözəlliyi də məni  heyrətləndirmişdi. Qulliver kimi nəhəng təsəvvür etdiyim bu kişi o qədər də böyük deyilmiş, ancaq diqqətlə baxanda gördüm ki, xeyli boy-buxunlu, hündür boylu, cüssəli bir kişidir. Bizi yaman mehriban qarşıladı, üzümüzdən yox, alnımızdan öpdü (sonra atam dedi ki, alından öpmək müdriklik əlamətidir), sonra bizi dinlədi, çox xoşhallandı ki, onun şeirlərini uşaqlar əzbərləyib. 

Təxminən 55 il bundan əvvəl baş versə də, həm üstündə zərlə  “Azad Quliyev” yazılmış tünd göy rəngli fincanı, həm bizə verdiyi bahalı konfetlər, həm də müharibəyə həsr etdiyi şeir yadımdadır:

Yadımızdan çıxmayıb,

Çıxmayacaq heç zaman.

Qadalı günlər idi,

Neçə il bundan qabaq...

O da yadımdadır ki, 2003-cü ildə atamın dəfn mərasiminə kənddən durub gəlmişdi. 79 yaşı var idi, xeyli dəyişmişdi, yaşlaşmışdı, ancaq  öz maşınına 3-4 nəfər də mindirib, 250 kilometr yolu sürüb gəlmişdi. Həyətdəydim, bir də mənə dedilər ki, məclisin yuxarı başında bir yaşlı kişi çıxış edir. İçəri girdim, mollanın yanında paltolu bir nəfər gur və parlaq səslə atam haqqında xatirələrini danışırdı. Yaxınlaşdım, şaqraq səs, məntiqli çıxış, dərin mühakimələr məni valeh etdi. Çoxdan görmədiyim Azad müəllimi tanıdım, bu duruş, bu səs, bu davranış ancaq onda ola bilərdi. Belə bir məclisdə bütün oturanların diqqətini cəlb edə biləcək çıxışı ancaq o edə bilərdi. Bu cəsarət, bu hünər də ancaq onda ola bilərdi — 60-70ci illərin  ağır sınaqlarından çıxmış, həqiqi mənada, dünyanın hər üzünü görmüş (və götürmüş), açıq və gizli düşmənlərlə mübarizədə qalib gəlmiş bir şəxsiyyətdə!

Şair Qasım Qasımzadənin oğlu Nəriman Qasımoğlu yazır: “Atam, Fətulla Hüseynovdan əvvəl Azərbaycan QAİ-sinin rəisi Azad Quliyevlə (mərhum həm də şair idi, Azad Talışoğlu imzası ilə şeirlər yazırdı) yaxın münasibətdə olmuşdu. O qədər yaxın ki, cavanlığına salıb Bakı küçələrində sükan arxasında yol hərəkəti qaydalarını tez-tez pozar, müfəttişlər saxlayanda da yarızarafat ərklə deyərmiş ki, qaydaların pozulmasına icazəni şəxsən Azad Quliyevin özündən almışam. Yazıq müfəttişlər də çox zaman bir söz deməyib məcbur imişlər ki, bu "naruşitel"dən (yaxınları, dost-tanışları arasında bu ləqəbi özü qazanmışdı) əl çəksinlər. Müfəttişlərə çəkdirdiyi "zülmlərə" baxmayaraq, əslində, onlara xoş bir münasibəti də vardı, "İzlənən kölgə" adlı bir şeir də həsr etmişdi onlara. Süjetli şeirdə ərköyün sürücüləri qarabaqara izləyən fəlakət kölgəsini bir müfəttiş obrazı izləyir... Azad Quliyev həmin şeiri tabeçiliyindəki işçilərə tez-tez oxutdurarmış...”

1980-ci illərin sonlarında kənddə yaşamaq qərarına gələndən sonra bir ağ “Jiquli” almışdı.  O ağ “Jiquli” ilə hər səhər tezdən kəndin mərkəzinə gələr, nəqliyyat problemlərinin kəskin olduğu illərdə avtobus gözləyənləri maşınına mindirib rayon mərkəzinə 4 kilometri torpaq olan 12 kilometrlik yolu aparıb kəndə qayıdarmış. Qayıdarmış ki, yenə dörd nəfəri aparsın. Apardıqlarından nə vaxt qayıdacaqlarını soruşar, vədələşib həmin adamları kəndə gətirərmiş. Bəziləri fikirləşib ki, bəlkə pul-zad vermək lazımdır, soruşublar, deyib ki, mən kənd adamları üçün heç nə edə bilməmişəm, yüzlərlə adama etdiyimin mində birini öz doğmalarım üçün etməmişəm, nə siz gəlib demisiz, nə də mənim bu barədə düşünməyə vaxtım olub. Bunu edirəm ki, günahlarımı yuyum. Bu “daşıma prosesi” illərlə davam edib, deyirlər ki, bəziləri elə avtobusa mindikləri kimi, sadəcə salam verib maşına oturar, o biri sərnişinlərin gəlməsini gözləyərmişlər. Ancaq əslində, böyük Azad Quliyevin  heç kəsin yanında  günahı, borcu olmayıb. Ancaq bu ürək sahibinin qeyrəti, vətəndaşlıq borcu, insanlıq keyfiyyətləri, nəcibliyi, alicənablığı onu səhər tezdən yuxudan durmağa, əlindən gələni xalq üçün etməyə vadar edib.  






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10