Yerli icra hakimiyyəti başçılarının vəzifələri artırılıb. Bu, Prezident İlham Əliyevin fərmanı ilə “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə edilən dəyişiklikdə əksini tapıb.
Fərmana əsasən, yerli icra hakimiyyətinin başçısı yerli səviyyədə dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi ilə bağlı aşağıdakı halları aşkar etdikdə tikinti işlərinin dayandırılmasını sifarişçiyə (podratçıya) yazılı qaydada tövsiyə edir, tikinti işlərinin dayandırılması üçün Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyini məlumatlandırır və bu barədə bütün məlumatları Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə göndərir:
- ərazi planlaşdırılması sənədlərinin tələblərinə əməl olunmamasını;
- özbaşına tikinti işlərinin qarşısının alınmamasını;
- tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyektinin belə icazə alınmadan tikildiyini;
- habelə barəsində məlumatlandırma icraatı tətbiq edilən, lakin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq tikinti işlərinin başlanmasına əsas olmadan tikinti obyektinin tikildiyini;
- tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində tikinti fəaliyyətinin həyata keçirildiyini.
Yerli icra hakimiyyəti başçısı şəhərlərdə, şəhər rayonlarında yerli səviyyədə dövlət şəhərsalma nəzarətini həyata keçirir, o cümlədən özbaşına tikinti işlərinin qarşısının alınması məqsədilə inzibati ərazi dairəsi üzrə və sahə inzibati ərazi dairəsi üzrə ərazi nəzarət bölgüsünü aparır, həmin nəzarət bölgüsü üzrə icra hakimiyyətinin işçilərindən məsul şəxsləri təyin edir, onların əlaqə nömrələrinin və elektron poçt ünvanlarının icra hakimiyyətinin rəsmi internet səhifəsində yerləşdirilməsini təmin edəcək. Bu vəzifə rayon bölgüsü olan şəhərlərin icra hakimiyyəti başçılarına aid edilməyəcək.
Qeyd edək ki, yerli icra hakimiyyətlərinin Azərbaycanda, xüsusilə də Bakı və onun ətraf qəsəbələrində qanunsuz tikintilərin həyata keçirilməsində rolu birmənalı deyil. Uzun illər boyu məhz rayon və şəhər icra hakimiyyətlərinə rüşvət verilərək tikinti norma və tələblərinə əməl olunmadan yüz minlərlə yaşayış və qeyri-yaşayış obyektlərinin tikintisi həyata keçirilib. İndiyədək sənədləşməsi mümkün olmayan belə yaşayış obyektləri - fərdi evlərin sayı 400 mindən yuxarı, qeyri-yaşayış obyektlərinin sayı isə 40 min civarındadır.
2018-ci il iyulunda Nazirlər Kabinetinin iclasında ölkə prezidenti bu məsələyə xüsusi diqqət yetirib. Prezident İlham Əliyev qeyd edib ki, qanunsuz tikililərə şərait yaradan dövlət məmurları çox ciddi şəkildə cəzalandırılacaq: “Mən deyirəm, bunu hamı bilsin. Çünki bir çox hallarda bu işləri bir-birinin üstünə atırlar. Şəhər icra hakimiyyəti bələdiyyələrin üstünə, bələdiyyələr şəhər icra hakimiyyətinin üstünə. Amma faktiki olaraq bələdiyyələr şəhər icra hakimiyyətinin icazəsi olmadan belə hərəkət edə bilməz. Ona görə burada vahid bir nəzarət mexanizmi olmalıdır. Bir daha demək istəyirəm ki, ilk növbədə Bakıda və digər şəhərlərdə bütün qanunsuz tikililərə son qoyulmalıdır. Bundan sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyi, icazəsi olmadan ölkəmizdə bir dənə də bina tikilməməlidir. Kim bunu edəcəksə, dərhal mənə məlumat verilsin. Həmin o adamları ən ciddi cəzalar gözləyir. Çünki biz bu qədər səy göstəririk”.
Prezident bu çıxışının ardınca ölkə üzrə tikintiyə icazələrin verilməsi sahəsində bütün səlahiyyətlərin Dövlət Arxitektura və Şəhərsalma Komitəsinə verilməsinə dair sərəncam imzalayıb. Eyni zamanda Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq idarəsini komitəyə birləşdirib.
Dövlət Arxitektura və Şəhərsalma Komitəsi tərəfindən 2018-ci ildə Bakı şəhərinin 8 rayonunun, habelə ölkənin 6 rayonunun icra hakimiyyəti orqanlarının fəaliyyətinə dövlət şəhərsalma nəzarəti çərçivəsində şəhərsalma qanunvericiliyinin və normativ-hüquqi sənədlərin tələblərinin pozulması faktları aşkar edilib, bununla bağlı müvafiq nöqsanları aradan qaldırmaq məqsədilə ümumilikdə 22 icrası məcburi olan “Göstəriş” tərtib olunaraq yerli icra hakimiyyəti orqanlarına təqdim olunub. Eyni zamanda 21 fakt üzrə pozuntularda cinayət əməlləri olduğundan müvafiq məlumat ölkənin Baş Prokurorluğuna təqdim edilib.
Atılan bu addımların nə qədər effektiv olduğunu qiymətləndirmək çətindir - çünki indiki vəziyyətlə bağlı hər hansı statistik məlumat açıqlanmır. Lakin Azərbaycan hökuməti qanunsuz tikintilərin qarşısını almaq üçün mərhələli şəkildə addımlar atır. 2019-cu ildə Prezident İlham Əliyev tərəfindən “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 529 nömrəli Fərman imzalanıb. Fərmanın icrası nəticəsində mənzillərin ümumi sahəsi 8,5 milyon kvadratmetr olan 85 minədək mənzildən ibarət 408 yaşayış binasının (çoxmənzilli yaşayış kompleksinin) dayanıqlılıq və möhkəmlik baxımından istismara yararlığı, o cümlədən istismara hazırlığı müayinə edilib, həmin müayinələrin müsbət nəticələri əsasında istismarına icazə verilib.
İyunun 14-də isə Prezident tərəfindən “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərman imzalanıb. Fərmana əsasən 2023-cü il iyunun 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla, tikinti-quraşdırma işləri başa çatmış və dayanıqlılıq və möhkəmlik baxımından müayinə nəticələri müsbət olan qeyri-yaşayış təyinatlı binaların istismarına sadələşdirilmiş qaydada icazə verilməsi nəzərdə tutulur.
Müəyyən olunmuş qaydaya əsasən qeyri-yaşayış binalarının istismarına icazə verilməsi üçün əsas tələblər bunlardır:
- yükdaşıyan konstruksiyaların etibarlılıq baxımından istismara yararlılığı, yəni dayanıqlı, möhkəm və seysmik cəhətdən davamlı olması;
- yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi;
- liftlərin və mühəndis-kommunikasiya təminatı sistemlərinin istismara hazırlığı;
- torpaq sahəsi üzərində sifarişçinin (sahibin) mülkiyyət və ya icarə hüququnun təsbit edilməsi;
- qeyri-yaşayış binasının mühafizə zonalarından kənarda yerləşməsi.
Sadələşdirilmiş icazə rejimi fərmanda müəyyən edilmiş göstəricilərə cavab verən bütün qeyri-yaşayış təyinatlı tikinti obyektlərinə şamil olunur. Həmin obyektlərin sahibləri sadələşdirilmiş icraat prosesindən yararlanmaq üçün ən geci 2025-ci il yanvarın 1-dək Fövqəladə Hallar Nazirliyinə müraciət etməlidilər.
İndiyədək qanunsuz tikilmiş obyektlərin istismara qəbulu ilə yanaşı, bundan sonrakı dövrdə prosesin davam etməməsi üçün cəza və çəkindirici addımlar da atılır. Belə ki, özbaşına tikilmiş bütün tikinti obyektlərinin mühəndis-kommunikasiya sistemlərinə qoşulması qadağan edilir. Qanunvericiliyə edilmiş dəyişikliklərə əsasən, tikintisinə icazə tələb olunan, lakin belə tələbə riayət etmədən inşa edilmiş və ya tikilməkdə olan tikinti obyeklərində sözügedən qadağaya əməl edilmədiyi halda kommunal təchizat müəssisələrinin vəzifəli şəxslərinə cinayət məsuliyyəti tətbiq olunacaq.
Bundan əlavə, tikinti və şəhərsalma sahəsində fiziki, hüquqi və vəzifəli şəxslərin məsuliyyətinin artırılması məqsədilə İnzibati Xətalar Məcəlləsində də bir sıra dəyişikliklər edilir. Dəyişikliklərə əsasən, tikintisinə icazə tələb olunan, lakin icazə olmadan inşa edilmiş tikinti obyektlərinin sifarişçilərinə münasibətdə sanksiyalar artırılır, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan özbaşına inşa edilmiş tikinti obyektlərinə münasibətdə inzibati məsuliyyət müəyyən edilir. Barəsində məlumatlandırma icraatı tətbiq olunan tikintini (burada əsasən fərdi evlər nəzərdə tutulur) özbaşına aparan fiziki şəxslər xəbərdarlıq və ya 300-500 manat miqdarında, vəzifəli şəxslər 1500-2500 manat miqdarında, hüquqi şəxslər isə 15 000-25 000 manat cərimə olunacaqlar.
Tikintisinə icazə tələb olunan obyektlərin belə icazə alınmadan tikintisi zaman fiziki şəxslərin ödəyəcəyi cərimə miqdarı 300-500 manatdan 800-1000 manata, vəzifəli şəxslərin cəriməsi 1500-2500 manatdan 2500-4000 manata, hüquqi şəxslərin cəriməsi isə 15 000-25 000 manatdan 20 000-25 000 manata çatdırılır.
Bir neçə il əvvəl tikinti sahəsində səlahiyyətləri kəskin azaldılan yerli icra hakimiyyətlərinə yenidən nəzarət funksiyalarının həvalə olunması vəziyyəti nə qədər dəyişə bilər? Bu, yenidən tikinti sahəsində korrupsiyanın səviyyəsinin artmasına gətirib çıxara bilərmi?
Nüsrət İbrahimov: “İndiki halda bunun başqa yolu yoxdur”
Tikinti sahəsi üzrə ekspert Nüsrət İbrahimov deyir ki, qanunsuz tikintilərin qarşısını almaq üçün indiyədək aparılan tikintilərin leqallaşdırılması vacibdir: “Bu məsələ uzun illərdir problem kimi qarşıda durur və hökumət onun həlli yollarını axtarırdı. Prezidentin fərmanları ilə qanunsuz tikilmiş həm yaşayış, həm də qeyri-yaşayış obyektlərinin sənədləşdirilməsi asanlaşdırılır. İndi qarşıda duran əsas vəzifə budur ki, belə tikintilər bundan sonra olmasın. Göz önündə Türkiyənin acı təcrübəsi var. Buna görə də Azərbaycanda yenidən qanunsuz tikintilərin aparılmasının qarşısını almaq yolları axtarılır. İndilik mümkün görünən yeganə yol nəzarət edən orqanların səlahiyyətlərini, eyni zamanda məsuliyyətlərini artırmaqdır. Yerli icra hakimiyyəti qanunsuz tikinti aparanları aşkarlayıb, prosesi qanuni axara salmağı öyrətməlidir. Daha deməməlidir ki, gətir beş-on manat ver, göz yumum, işində ol”.
Ekspertin sözlərinə görə, qanunsuz tikintilərə görə vəzifəli şəxslərə yönəlik cəzaların ağırlaşdırılması effektiv nəzarəti qurmaq üçün vacibdir: “Bununla bağlı bizdən də rəy alınıb ki, hansı mexanizmləri tətbiq etsək, daha yaxşı nəticə əldə edə bilərik? Hazırda nəzarət edən qurumların - icra hakimiyyətlərinin səlahiyyət və cəzasının artırılmasından başqa yol görünmür. Bunu edək, görək nə nəticə olacaq”.
Natiq Cəfərli: “Bizdə səlahiyyət arkorrupsiyatımı və rüşvəti də artırır”
İqtisadçı-ekspert Natiq Cəfərli isə bildirir ki, indiyədək Azərbaycanda tikintiyə nəzarət səlahiyyəti 14 dövlət qurumunda var: “Yerli icra hakimiyyətləri də daxil olmaqla, bu qurumların hər biri müəyyən mərhələdə tikinti prosesinə nəzarət edir. İndi icra hakimiyyətlərinə əlavə səlahiyyət verməklə nə dəyişəcək? Çox səlahiyyət bizdə adətən korrupsiya və rüşvətin miqdarını artırır. Buna görə də düşünürəm ki, tikinti sahəsində qayda-qanuna nail olmaq üçün vahid pəncərə sistemi tətbiq olunmalı, tikintilərə icazə və onlara nəzarət bir quruma verilməlidir. Belə bir qurum rolunu əksər inkişaf etmiş ölkələrdə, elə qardaş Türkiyənin özündə böyük şəhər bələdiyyələri oynayır. Bizdə də böyük şəhər bələdiyyələri formalaşdırılmalı və tikintiyə nəzarət prosesi ona həvalə edilməlidir”.
Dünya SAKİT, Müsavat.az