Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Cenub.az təqdim edir:Bizim sevimli Abdin müəllim


Bir qədər də Cəbili məhəlləsinin tarixi və Abdin müəllim hələ bələkdə olarkən 9 həmkəndlisinin sovetlər tərəfindən güllələnməsi hekayəsi barədə danışacağıq.

 

Abdin müəllimin doğulub boya-başa çatdığı Cəbili məhəlləsi Ərkivanın ən kiçik məkanlarından biridir. Əvvəl burada 2-3 ev və 10-a yaxın sakin olub. Bu gün isə 47 ev olan məhəllədə 182-ə yaxın insan yaşayır.

Cəbili o məhəllədir ki, məşhur Ərkivan Qalası, Mir Mustafa xanın oğlu Mir Həsən Xanın Ordugahı bu məhəllədə yerləşirdi. 

Bu o Cəbili məhəlləsidir ki, rayonda, əsasən də, Ərkivanda ilk ali təhsillilər, eləcə də, bir çox alim (biri  elmlər doktoru olmaqla) bu məhəllədə doğulub və boya-başa çatıb.

Bu yazıda haqqında bəhs edəcəyimiz Abdin Cəbiyev Ərkivanda yüzlərlə şəxsin, o cümlədən, mənim orta məktəbdə sevimli müəllimlərimdən olub.

O, bu qəsəbənin, necə deyərlər, qədimi, üzü nurlu, işıqlı və dəyərli insanlarından sayılıb və indi də belə xatırlanır.

Abdin müəllimin qısa tərcümeyi-halına nəzər salaq.

Cəbiyev Abdin Qədir oğlu 1920-ci ildə Lənkəran Qəzasının Ərkivan kəndində, el dilində, indi “Alimlər məhəlləsi” adlandırılan Cəbili məhəlləsində anadan olub.

(Bu məhəllənin tarixi haqqında aşağıda daha  ətraflı məlumat verəcəyik)

 

Abdin Cəbiyev 1927-ci ildə Ərkivandakı “Ağ məktəb” deyilən təhsil ocağının 1-ci sinfinə daxil olub. Həmin məktəbin 7-ci sinfini bitirdikdən sonra, müəllimə ciddi ehtiyac olduğu üçün oxuduğu məktəbdə müəllimlik etməyə başlayıb.

1944-ci ildə 24 yaşında olarkən "Masallı Xalq Maarif Şurası"nın 120 saylı əmri ilə müvəqqəti olaraq "Ərkivan orta məktəbi"nə   fizika-riyaziyyat müəllimi təyin olunub.

1948-ci ildə o, işləyə-işləyə "Azərbaycan Pedaqoji Universiteti"nin qiyabi şöbəsinə daxil olur və 1954-ci ildə həmin ali məktəbi bitirir.  1990-ci illərin əvvəllərinə kimi çalışdığı ilk təhsil ocağı olan Ərkivan orta məktəbində tarix-coğrafiya müəllimi işləyib. Qısası, ömrünün 55 ilini pedaqoji sahəyə həsr edib.

Ərkivanın ilk ali təhsilliləri sırasında olan Abdin müəllim həm də rayonun ilk ali təhsilli pedaqoqlarından sayılıb. Ərkivanın sonradan elmlər doktoru və elmlər namizədi olmuş bir neçə alimləri onun şagirdi olub.

Abdin müəllim tüfəng qundağı, əsa, tar-kamança çanaqları düzəldən gözəl usta kimi də tanınıb 

Abdin müəllim ata-babalarının sənətini  uğurla davam etdirərək rayonda  körpüsalan və yaxşı dəyirman düzəldən usta kimi  ad açıb. O həm də, yaxşı dülgər-xarrat kimi  tüfəng qundağı, əsa, tar-kamança çanağının düzəldən, eləcə də əmək alətləri hazırlayan  gözəl usta kimi bölgədə olub. 

 

 Abdin müəllimin babaların  ötən əsrin əvvəllərində onun və qardaşı üçün tikdiyi ikimərəbəli ev. Sonradan qismən təmir olunub.

İndi isə Ərkivanın, Bədirlinin və Cəbilinin qısa tarixinə nəzər salaq.

Ölkəmizin ən qədim yaşayış məskənlərindən sayılan, elmi qaynaqlarda tarixi eramızdan əvvəlki minilliklərə çıxan indiki Ərkivan qəsəbəsi, həm də, bu ərazidə məskən salan Mahmudlu tayfasının adı  ilə də çox bağlıdır.

 Mahmudlu tayfası

Mahmudlu tayfasının Ərkivanda, daha dəqiq desək, bu ərazinin Bədirli və Cəbili məhəllələrində yerləşməsi XIX əsrin əvvəllərinə təsadüf edir. Naxçıvanın Ordubad ərazisindən iş üçün axtarışa çıxan Mahmud bir neçə nəfərlə əvvəl Bakıya, orada isə gəmi ilə Lənkərana gəlir.

Yaşlı insanlar danışır ki, Mahmud Naxçıvanda Xalıqverdi kişinin yeganə oğlu idi və çox zəhmətkeş, bir çox sənətlərin yaxşı bilicisi olan usta ailəsində doğulmuşdu. 

Lənkəranlı Mir Mustafa xan onun bacarıqlı bir insan olduğunu görüb, onu və onunla gələnləri Masallının indiki Ərkivan ərazisində yeni təşkil olunmuş  iqamətgahına, oğlu Mirhəsən xanın  sərəncamına göndərir.

Mahmud öncə Mir Həsən xanın at tövləsində  mehtər(atlara baxan) işində çalışır. 

 Bir az sonra yüksək bacarığına görə əvvəl Saray mühafizə dəstəsinin rəhbərliyi, daha sonradan isə Mir Həsən xanın Ordugahı da ona tapşırılır.

Həmin vaxtlar İranla baş verən döyüşlərin birində Mahmud döyüş meydanında həlak olur. Yaşlıların bildirdiyinə görə, yaxşı atıcı olan Mahmuda üzbəüz heç kim qalib gələ bilmədiyindən, satqınların xəbərçiliyi nəticəsində o, döyüş zamanı arxadan vurulub.

Mahmudun 2 övladı olub. Abduləzim və Abdurrəhman 

Abduləzimin isə 6 oğlu olub. Abduləzim özü  çox savadlı olduğundan Mir Mustafa xanın Rusiya Çarı ilə görüşünə göndərilən şəxslər sırasında onun da adı çəkilir.

Onun 6 oğlundan biri hələ subaylıq dövründə həyatdan köçür.

Digər övladlarından biri Cəbi isə məhəllənin axar-baxarlı, Viləş çayının sahilində boş sahəyə köçərək orada yaxınları ilə məskən salıb. Cəbinin 6 oğlu olub ki, onlardan biri də bu yazımızın qəhrəmanı Abdin müəllimin atası Usta Qədirdir. Çox tədbirli və uzaqgörən olan Cəbi hər oğlu üçün yeni köçdüyü ərazidə ayrıca torpaq sahəsi ayırmışdı.

Qısası, Cəbili nəslinin nümayəndəsi Usta Qədirin də 5 oğlu olub ki, onun da ən kiçiyi Abdin müəllimdir.

Abdin müəllimin isə  7 oğlu və 2 qızı olub ki, onların da çoxu ali  təhsillidir.

Cəbinin alimlik dərəcəsi almış nəvə-nəticələri:

1.     Əvəz Cəbiyev Abdulhəsən oğlu. Masallının ilk tibb elmlər doktoru.

2.    Cəbiyev  Ədalət Nurəddin oğlu- fizika elmləri doktoru

3. Zülfüqar Cəbiyev Qədir oğlu. Abdin müəllimin qardaşı. Tibb üzrə fəlsəfə doktoru. "Travmatologiya İnstitu"nun rəhbəri işləyib.

4.     Cəbiyev Tağı Tağı oğlu. Riyaziyyat üzrə fəlsəfə  doktoru.

5.    Cəbiyev Yusif Abdulla oğlu. Fizika üzrə fəlsəfə doktoru.

 

 


Ümumilikdə Cəbi kişinin nəvə-nəticələrindən 100 nəfərdən çoxu müxtəlif sahələrə üzrə ali təhsilli insanlardır.

Onlardan ikisi - Rauf Cəbiyev və Mübariz Cəbiyev tikinti üzrə bacarıqlı mütəxəssis kimi ölkənin "Tikinti Kompleksi Ensiklopediyası"na düşmüşdür.  (Tikinti Kompleksi Ensiklopediyası. 4-cü hissə, səh 37).

 

Bu gün, mayın 29-da Abdin müəllimin anım günüdür. Yaşasaydı, 103 yaşı tamam olacaqdı.

İnanırıq ki, Abdin müəllimin övladları, nəvə-nəticələri, onun ,eləcə də, onun kimi dəyərli insanların xatirəsini, çoxlarına örnək olan ömür yolunu həmişə əziz tutacaq.

Bu nəslin şəcərəsi isə o qədər zəngindir ki, onu bir yazıya sığışdırmaq çətindir.

Yaxın vaxtlarda Usta Qədir Cəbiyevin həyat yolu, ümumilikdə Cəbi kişinin nəsil şəcərəsi haqqında geniş yazını sizə təqdim edəcəyik. 

Həmçinin, Cəbilinin çox maraqlı tarixçəsi sayılan 12 kişisinin (3-ü yaralı, 9-u həlak olmaqla) 1921-ci ildə Şərəfə ərazinsində niyə gülləbaran edildiyinə də aydınlıq gətirəcəyik.

Cenub.az. Zahir Əmənov.

Yazının hazırlanmasında bizə yaxından kömək edən Abdin Cəbiyevin oğlu Mübariz Cəbiyevə təşəkkür edirik.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10