Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Ukrayna müharibəsi ilə bağlı SOS - Kissincerdən ilginc təklif


Ukrayna cəbhəsində vəziyyət kritik olaraq qalır. Hələ ki, Ukraynanın genişmiqyaslı əks-hücum əməliyyatına başladığını təsdiqləyən yetərli sübutlar yoxdur. Rusiya qüvvələri də neçə aydır, demək olar ki, bir qarış irəliləyə bilməyib.

Bu arada Böyük Britaniyanın müdafiə naziri Ben Uolles parlamentdə deputatların suallarını cavablandırarkən deyib ki, Ukraynanın əks-hücum əməliyyatı uğurlu olarsa və Kiyev öz ərazilərini geri qaytara bilsə, Rusiya kimyəvi silahdan istifadə edə bilər. Bu barədə BBC Rus Xidməti xəbər verib.

Uolles “Ukraynanın uğurlarının Rusiya prezidenti Vladimir Putini qeyri-ənənəvi silahlardan istifadə etməyə sövq edə biləcəyi ehtimalından narahatsınızmı” sualına “bəli” cavabını verib. Onun sözlərinə görə, Britaniya hakimiyyəti və beynəlxalq ictimaiyyət gələcəyə çox ehtiyatla baxır və belə bir ssenarini istisna etmir. “Rusiya hərbçilərinin və prezident Putinin davranışlarına qarşı həmişə ayıq olmalıyıq”, - Uolles əlavə edib.

Rusiya buna gedərmi? Kimyəvi silahlara nələr daxildir, onların insan sağlamlığı və ətraf mühit (ekologiya) üçün fəsadları nədir?

Bu arada ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer bildirib ki, Kiyevin Rusiya ilə ərazi mübahisələri üzrə müstəqil qərar qəbul etmək imkanlarını məhdudlaşdırmaq üçün Ukraynanın Şimali Atlantika Alyansına qoşulmasına icazə verilməlidir. Onun fikrincə, Qərb Ukraynaya o qədər çox silah göndərib ki, o, Avropanın “ən çox silahlanmış, strateji baxımdan ən təcrübəsiz rəhbərliyi olan ölkəsinə” çevriləcək.

Sabiq dövlət katibi əmindir ki, xüsusi əməliyyatın nəticəsindən asılı olmayaraq, Rusiya Federasiyası Krım üzərində nəzarəti saxlayacaq, bu isə Kiyevin işinə yaramayacaq. “Ukraynanın NATO-ya daxil olması ölkəni qorumağa və eyni zamanda onu məhdudlaşdırmağa imkan verəcək”, - Kissincer qeyd edib.

Onun sözlərinə görə, alyansda Kiyev milli səviyyədə ərazi iddiaları ilə bağlı müstəqil qərar qəbul edə bilməyəcək: “Bu, Rusiya və Ukrayna arasında qarşıdurmanın növbəti raundunun yaranmasının qarşısını alacaq”.

Rabitə Nazirliyinə yeni müşavir təyin edildi

Rəşad Bayramov: “Rusiya son çarə olaraq nüvə silahından istifadəyə əl ata bilər”

AMİP Mərkəzi Şurasının sədri, politoloq Rəşad Bayramov bu ehtimalı real sayır: “Böyük Britaniyanın müdafiə naziri Ben Uollesin Kiyevin öz ərazilərini geri qaytara biləcəyi halda, Rusiyanın kimyəvi silahdan istifadə edə biləcəyi ilə bağlı dediklərində həqiqət payı kifayət qədər yüksəkdir. Ukrayna cəbhəsində irəliləyişə nail ola bilməyən və qarşıya qoyulmuş həfələrin demək olar ki, heç birinə çata bilməyən Rusiya son çarə olaraq nüvə silahından istifadəyə əl ata bilər. Çünki nəzəri cəhətdən Putindən nə desən gözləmək olar. Nüvə dövləti statusu onun üçün hərbi cəzasızlıq mühiti yaradır və Putin də bu statusdan istifadə edərək tamamilə məğlub ölkə durumuna düşməmək üçün nəyə desən əl atar. Bunu Putinin özü də gizlətmir və öz açıqlamalarında dəfələrlə nüvə silahından istifadə edə biləcəklərinin anonsunu verib. Ümumiyyətlə, söhbət təkcə Putindən də getmir. Rusiyanın xeyli məmuru, siyasətçisi və təbliğatçısı bir neçə aydır ki, Qərbi nüvə silahı ilə təhdid edirlər.

Təbii ki, Putin də, digərləri də qarşılıqlı təminatlı məhv deyilən doktrinadan xəbərdardırlar. Bu doktrinaya görə, yetərincə nüvə başlıqlarına malik tərəflərdən birinin digərinə qarşı nüvə silahı işlətməsi cavab atəşinə səbəb olacaq və beləliklə, həm hücum edənin, həm də müdafiə olunanın məhvi ilə nəticələnəcək. Məlumdur ki, nüvə müharibəsinin qalibi olmur və nəticəsinin nə olacağından asılı olmayaraq belə silahlardan istifadə böyük fəlakətlərə yol açar. Odur ki, əgər qeyri-adekvat bir liderin nüvə müharibəsi başlaya bilib-bilməyəcəyi haqqında danışırıqsa, bunu etmək mümkündür, amma çətindir.

Hal-hazırda tez-tez Rusiyanın taktiki nüvə silahlarından istifadə edə biləcəyi haqda məlumatlarla rastlaşırıq. Qeyd edim ki, taktiki nüvə silahları döyüş meydanında istifadə etmək və ya məhdud nüvə zərbəsi endirmək üçün kiçik nüvə silahlarıdır. Onlardan geniş radioaktiv çirklənmə olmadan müəyyən hədəfləri məhv etmək üçün istifadə oluna bilər. Ən kiçik taktiki nüvə başlığının gücü trotil ekvivalenti ilə bir kilotona qədərdir. Amma gücü 100 kilotona qədər olan taktiki nüvə başlıqları da mövcuddur. Müqayisə üçün deyim ki, Xirosimaya atılan Amerika atom bombasının gücü 15 kiloton olub. Ayrı-ayrı ölkələrin kəşfiyyat məlumatlarına görə, Rusiyanın 2000-ə yaxın taktiki nüvə silahı var".

Politoloqun sözlərinə görə, taktiki nüvə silahları hərbi münaqişələrdə indiyə qədər heç vaxt istifadə olunmayıb: “Ümumiyyətlə, 9 avqust 1945-ci ildən bəri müharibələrdə nüvə silahından istifadə edilmir. Odur ki, indi hətta ən kiçik nüvə bombasının istifadəsi belə, böyük fəlakətlərə yol aça bilər. Çünki taktiki nüvə silahlarından istifadə birbaşa nüvə müharibəsi riskidir və bunu həm Rusiya, həm də NATO dövlətləri kifayət qədər yaxşı başa düşür”.

İranın Ermənistan sevdası: Bakıya acıq olsun deyə atılan addım

Kənan Rövşənoğlu: “Bütün dünya həlledici hücum əməliyyatını gözləyir”

Tanınmış siyasi yazar Kənan Rövşənoğlu Kiyevin hücuma tələsmədiyini düşünür: “Ukrayna müharibəsində artıq neçə aydır ki, bütün dünya həlledici hücum əməliyyatını gözləyir. Ukrayna ordusu tam təchiz olunub, yeni silah, texnika və təlimlər alıb. Ancaq hələlik Kiyev qəti hücuma keçməyə tələsmir. Daha doğrusu, kiçik hücumlar olsa da, böyük hücum əməliyyatı hələlik yoxdur. Qərb ölkələri də Kiyevdən hücum əməliyyatını başlamasını tələb edir. Çünki hücum əməliyyatı müharibənin taleyini həll edəcək. Ukrayna ordusu cəbhə xəttini əhəmiyyətli şəkildə yara bilsə və rus ordusu hücumun qarşısını ala bilməsə, o zaman müharibənin taleyi dəyişəcək. Çünki müharibənin bu şəkildə uzanması yalnız Rusiyanı deyil, eləcə də Qərbi - Avropa və ABŞ-ı da ”yorur". Üstəlik, Ukraynanın həddən artıq silahlanması Kissincerin şəxsində Qərb strateqlərini qorxudur. Çünki bu silahların qara bazara düşməsi, qarşıdakı illərdə regionda qeyri-sabitliyin əsas səbəbinə çevrilməsi riski var. Bu səbəbdən də həlledici hücum əməliyyatı indi Qərb üçün vacibdir.

Nüvə silahına gəlincə, bu, inandırıcı deyil. Çünki Rusiyanın məqsədi Ukraynanın bir hissəsini işğal edib öz ərazilərinə qatmaq və ya özündən asılı bir bölgə yaratmaqdır. Bunu etməyi planlayan ölkə həmin əraziyə nüvə bombası atmaz. Amma əlbəttə, uduzacağı və xüsusən də hücum əməliyyatında məğlub olacağı təqdirdə Rusiyanın taktiki nüvə bombasından istifadə edəcəyi ilə bağlı ehtimallar və ya fərziyyələr var. Henri Kissincerin Rusiya rəhbərliyi ilə yaxın əlaqələrinin olması ilə bağlı söz-söhbətləri kənara qoysaq, Ukrayna barədə dedikləri indiki halda əslində Avropanın maraqlarına uyğundur. Amma indiki şərtlərdə bunun reallaşması mümkün deyil. Bunun reallaşması üçün hücum əməliyyatı baş verməlidir. Çünki böyük hücum olmadığı müddətdə hər iki tərəfin güzəştə getməsi və ya geri çəkilməsini gözləmək real deyil".

Cavanşir Abbaslı, müsavat com






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10