Politoloq: ““86.6 min kvadrat kilometr” ifadəsinin işlədilməsi o deməkdir ki, Paşinyan Azərbaycan Qarabağ üzərində suverenliyini tanıyıb”
Mayın 14-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü keçirilib. 4 saata qədər davam edən görüş Avropa İttifaqının mənzil-qərargahında baş tutub. Bu, liderlərin Brüssel formatında keçirdiyi 5-ci görüşdür. Görüşdə liderlər Azərbaycan və Ermənistan münasibətlərinin normallaşdırılması, sülh sazişini müzakirə ediblər.
Danışıqlardan sonra Ş.Mişel yekunlarla bağlı mətbuata açıqlama verib. Bildirib ki, fikir mübadiləsi səmimi, açıq və nəticəyönümlü olub: “Əsas diqqət Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinə yönəldilmişdi. Liderlər Cənubi Qafqazda sülhün bərqərar olunması üçün birgə istəklərini ifadə etdilər. Mən müvafiq səyləri təqdir edirəm. Biz gündəliyimizdə olan bütün məsələləri birlikdə nəzərdən keçirdik. Bu yaxınlarda sülh sazişi ilə bağlı ABŞ-da keçirilmiş müsbət danışıqlardan sonra bu impuls saxlanılaraq Azərbaycan ilə Ermənistan arasında əhatəli sülh sazişinin imzalanması üçün qətiyyətli addımlar atılmalıdır”.
“Sərhəd məsələlərində biz irəliləyişi və sərhədlərin delimitasiyası ilə bağlı atılacaq növbəti addımları müzakirə etdik. Həmin kontekstdə liderlər sərhəd məsələləri ilə bağlı ikitərəfli görüşlərin bərpasına dair razılığa gəldilər. Liderlər 1991-ci ilin “Alma-Ata Bəyannaməsi”nə və Ermənistanın 29,800 kvadratkilometr və Azərbaycanın 86,600 kvadratkilometr ərazisinin toxunulmazlığına birmənalı sadiqliklərini təsdiq etdilər. Sərhədlərin delimitasiyasının yekunlaşdırılması danışıqlar vasitəsilə baş tutacaq”, - deyə Avropa İttifaqı Şurasının rəhbəri vurğulayıb.
Bununla yanaşı, Mişel bəyan edib ki, tərəflər regionda nəqliyyat və iqtisadi əlaqələrin bərpası istiqamətində müzakirələrdə aydın irəliləyişə nail olublar: “Bu mövzuda xüsusilə də Naxçıvana və əks istiqamətdə dəmir yolu əlaqəsinin bərpasına dair mövqelər olduqca yaxınlaşıb. Dəmir yolu əlaqələrinin bərpası ilə bağlı modallıqları və konkret qrafik üzrə zəruri inşaat işlərini özündə ehtiva edəcək ümumi razılaşmanın yekunlaşdırılmasına dair müvafiq heyətlərə təlimatlar verilib. Bu işdə tərəflər Ümumdünya Gömrük Təşkilatından dəstək alınmasına dair razılığa gəliblər”.
Mişelin açıqlamasına görə, humanitar məsələlər, saxlanılan şəxslər, minalar və Qarabağda yaşayan ermənilərin hüquqları və təhlükəsizliyi məsələsi ilə əlaqədar müzakirələr aparılıb. Brüsseldə növbəti görüşün iyul ayında keçirilməsi qərarlaşdırılıb.
Brüssel görüşü ilə bağlı AYNA-nın suallarını cavablandıran Bakı Politoloqlar Klubunun rəhbəri, analitik Zaur Məmmədov deyib ki, son görüşü bundan əvvəl keçirilən dörd görüşdən daha səmərəli saymaq olar:
- Son görüşdə Azərbaycanın masa arxasında mövqeləri daha da güclənmiş oldu. Bəli, Ermənistan bundan əvvəlki görüşlərdə də Azərbaycanın şərtlərini qəbul etmişdi, üzərinə öhdəliklər götürmüşdü. Amma götürdüyü öhdəlikləri yerinə yetirmir.
- Məsələ də budur ki, öhdəliklərdən yayınır...
- Həm Rusiyanın vasitəçiliyi ilə keçirilən görüşlərdə, həm də Qərbin təşkilatçılığı ilə baş tutan danışıqlarda İrəvan öhdəlik götürür, amma bundan boyun qaçırır, zaman qazanmağa çalışır. Amma hər dəfə Ermənistan öhdəliklərindən boyun qaçıranda Azərbaycan hansısa istiqamətdə qarşı tərəfi cəzalandırır. Söhbət nəzarətə götürülən yüksəkliklərdən, coğrafi məntəqələrdən gedir. Öhdəliklərin yerinə yetirilməməsi fonunda dünya daha çox Azərbaycanın yanında yer almağa başlayır. Baxın, Brüssel danışıqlarının yekunu ilə bağlı bəyanatında Şarl Mişel Laçında Azərbaycanın sərhəd-keçid məntəqəsini quraşdırmasına toxunmadı. Halbuki bu məsələyə toxunulmasına Ermənistan tərəfinin ciddi ehtiyacı var idi. Həm Ermənistan, həm Qarabağ separatçıları, həm də erməni lobbisi düşünürdülər ki, Azərbaycana keçid məntəqəsi ilə bağlı sanksiyalar tətbiq ediləcək.
- Amma buna qarşı bəyanatlar da olmuşdu...
- Təbii ki, müəyyən bəyanatlar səsləndirildi. Əsasən də Fransa tərəfindən Bakıya qarşı bəyanatlar səsləndirilib. Mən ermənilərin mövqeyinə, çağırışlarına beynəlxalq reaksiyanın olmamasını nəzərdə tuturam. İrəvandan, Qarabağ separatçılarından dünyaya çağırış edilirdi ki, guya Azərbaycan blokada yaradıb, guya Azərbaycan Beynəlxalq Məhkəmənin qərarlarını pozur, onu yerinə yetirmir və s. Amma biz gördük ki, dünya nəinki onların istəklərinə müsbət cavab verdi, ümumiyyətlə, məsələyə susqun yanaşdı. Brüssel görüşü və Mişelin açıqlamalarından gördük ki, Azərbaycanın sərhədində buraxılış məntəqəsinin qoyulmasına təbii yanaşılıb. Bu, hesab edirəm ki, Brüssel görüşündə Bakının üstünlüyünü təmin etməsi məsələlərindən biri məhz budur.
Bəli, əvvəlki danışıqlarda İrəvan bunu qaldırırdı. Ermənistanın məqsədlərindən biri bu idi ki, Laçına və Qarabağa beynəlxalq missiyanın göndərilməsinin təmin olunsun. Təsadüfü deyil ki, Brüssel görüşü keçirilən vaxt Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirdi ki, Qarabağ erməniləri Rusiya sülhməramlılarından gözləntilərini ala bilmirlər. Əlavə etdi ki, ən azı beynəlxalq missiya gəlib orada monitorinqlə məşğul olsun.
- Sizcə Brüsseldə bağlı qapılar arxasında bu məsələ müzakirə edilməyib?
- Məsələnin müzakirə edilib-edilməməsindən asılı olmayaraq, qəbul olunmaması, verilən açıqlamalarda belə bir məsələyə toxunulmaması Azərbaycanın növbəti diplomatik qələbəsi kimi başa düşülməlidir.
Daha bir məsələ isə rəqəmlərlə bağlıdır. “Ərazi bütövlüyünü tanıyıram” demək azdır. Bunu rəqəmlərlə demək lazımdır ki, konkret olaraq İrəvan “ərazi bütövlüyünü tanıyıram” dedikdə Qarabağı Azərbaycan ərazisi kimi tanıyır, yoxsa yox?! Çünki bundan qabaqkı görüşlərdə də İrəvan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirirdi, sonra isə bəyan edirdi ki, 1989-cu ildə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti Ermənistan SSRİ Ali Soveti ilə birlikdə qərar verib ki, Azərbaycanın tərkibindən çıxsın, ona görə də Qarabağın Azərbaycanın ərazi bütövlüyünə aidiyyati yoxdur. Guya ki, Alma-Ata Bəyannaməsi imzalanarkən Qarabağ Azərbaycanın tərkibində olmayıb.
- Amma Brüsseldə Ermənistanın Azərbaycanın ərazisini 86.6 min kvadrat kilometr ərazidə tanındığı bəyan edilib...
- Sözümü ona gətirirdim ki, bu məsələdə də Ermənistanın mövqeyi dəqiqləşdi. Artıq “86.6 min kvadrat kilometr” ifadəsinin işlədilməsi o deməkdir ki, bağlı qapılar arxasında Paşinyan Azərbaycan Qarabağ üzərində suverenliyini tanıyıb. Bu artıq birmənalıdır. Təbii ki, növbəti mərhələdə sənəd üzərində qeyd ediləcəkmi, bu, başqa məsələdir. Çünki biz İrəvanın verdiyi bəyanatlardan sonradan boyun qaçırdığının şahidi oluruq.
- Kommunikasiyaların açılması, Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirən yol barədə də intensiv danışıqlar gedib. Mişelin bəyanatında bu məsələyə toxunuldu. Necə düşünürsünüz, Zəngəzur dəhlizi həllini tapırmı?
-Son bir ildə ilk dəfə Naxçıvana dəmir yolunun, avtomobil yolunun açılması ilə bağlı nikbin notları sezdik. Zəngəzur dəhlizinin açılması məsələsində ciddi problemlər var və bu, təkcə Ermənistanla bağlı problemlər deyil. Rusiyanın və Qərbin Zəngəzur dəhlizi ilə bağlı yanaşmasında fərqli rakurslar var. Qərb orada təhlükəsizliyə Rusiyanın cavabdeh olmasını istəmir. Üçtərəfli Birgə Bəyanatda isə Zəngəzur dəhlizində təhlükəsizliyin təmininin Rusiya sərhəd qüvvələri tərəfindən həyata keçirilməsi göstərilib. Moskvanın İrəvandan tələbi odur ki, Rusiya hərbçiləri sərhəddə də olmalıdır, yolun nəzarəti də ruslarda olmalıdır. Ona görə də bir qədər məsələ qəlizləşir. Amma nikbinlik də çoxdur. Ermənistan istəsə də, istəməsə də, məsələ həllini tapacaq.
Müəllif: Anar Bayramoğlu