Qərbin vasitəçiliyi ilə danışıqlar vüsət götürəndə atəşkəs pozulur, Moskva görüşmələri zaman belə toqquşmalar olmur.
Ermənistan-Azərbaycan sərhədində yenidən hərbi gərginlik yaşanır. Çoxları o fikirdədir ki, sülh sazişinin bağlanması üçün Bakı ilə İrəvan arasında danışıqların və görüşlərin bərpa edildiyi bir vaxta hərbi gərginliyin yaşanması təsadüfi deyil. Gərginliyi kimin və necə həyata keçirdiyini yaratdığını başa düşmək çətindir.
Xronoloji ardıcıllıqla keçək.
Ermənistan silahlı qüvvələrinin bölmələri qəsdən təxribat törədərək mayın 10-da axşam saatlarında Zod istiqamətində yerləşən mövqelərdən Azərbaycan ordusunun üzbəüz mövqelərini müxtəlif atıcı silahlardan intensiv atəşə tutublar. Düşmən tərəfindən açılan atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu başından ağır yaralanıb.
“Təxribatlara və vəziyyətin qəsdən gərginləşdirilməsinə son qoyulması ilə bağlı xəbərdarlıqlara baxmayaraq, Ermənistan tərəfi atəşkəs rejimini növbəti dəfə pozub”, – Azərbaycan Müdafiə Nazirliyi vurğulayıb.
Nazirlikdən bildirilib ki, Azərbaycan ordusunun bölmələri tərəfindən lazımi cavab tədbirləri həyata keçirilib.
“Bu qəsdən törədilən təxribata görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”, – Azərbaycan Müdafiə Nazirliyinin press-relizində deyilir.
Hərbi idarədən verilən digər məlumata görə, mayın 11-də səhər saatlarında Ermənistan silahlı qüvvələri bu istiqamətdə vəziyyəti daha da gərginləşdirərək Azərbaycan mövqelərini minaatanlardan atəşə tutmağa başlayıb.
Öz növbəsində Ermənistan Müdafiə Nazirliyi iddia edir ki, “mayın 11-də saat 06:00-dan etibarən Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Sotk (Zod) istiqamətində yerləşən erməni mövqelərini artilleriya və minaatanlardan atəşə tutub”.
Daha sonra Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Orxan Novruzəlizadənin erməni təxribatı nəticəsində həlak olması xəbəri yayıldı. Hərbi qulluqçumuzun harada şəhid olduğu bildirilmir. Amma görünür, söhbət Kəlbəcərlə Ermənistanın Qeqarkunik rayonu sərhədində yerləşən Zod mədəninin ərazisində baş verən eyni toqquşmadan gedir.
Ermənistan dərhal Azərbaycanı ittiham etməyə başlayaraq, rəsmi Bakını Vaşinqtonda əldə olunmuş razılaşmaları heçə endirməyə və mayın 14-də Brüsseldə keçiriləcək görüşü, eləcə də beynəlxalq ictimaiyyətin Ermənistanla Azərbaycan arasında münasibətləri normallaşdırmaq üçün göstərdiyi səyləri pozmağa çalışmaqda günahlandırdı.
Öz növbəsində Ermənistanın baş naziri Nikol Paşinyan cümə axşamı hökumətin iclasında bəyan edib ki, “Azərbaycan vəziyyəti gərginləşdirməklə Laçında sərhəd-keçid məntəqəsinin quraşdırılması məsələsini unutdurmağa çalışır”. Eyni zamanda o, mayın 14-də Brüsseldə İlham Əliyevlə görüşdən imtina etmək niyyətində olmadığını vurğulayıb.
Mayın 11-də Zod mədənində baş verən gərginlikdən sonra Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanı Azərbaycana qarşı hərbi təxribatlar törətməkdə ittiham edib.
Xarici İşlər Nazirliyinin şərhində deyilir ki, mayın 10-da axşam saatlarında Ermənistan Silahlı Qüvvələri Azərbaycan ordusunun mövqelərini intensiv atəşə tutub, nəticədə bir Azərbaycan əsgəri ağır yaralanıb, bir hərbçimiz isə həlak olub.
“Ermənistanın təxribatlarının həmişə olduğu kimi, sülh müqaviləsi üzrə danışıqların intensivləşməsi və ya liderlər arasında gözlənilən danışıqlar fonunda baş verməsi Ermənistanın sülh prosesinə maraq göstərmədiyini nümayiş etdirir”, – Azərbaycan XİN-in bəyanatında deyilir.
“Ermənistanın danışıqlar prosesinə xələl gətirən bu cür hərəkətləri beynəlxalq ictimaiyyət tərəfindən qəti şəkildə rədd edilməli və pislənməlidir. Ermənistanın təxribatlarının qarşısını almaq üçün Azərbaycan Silahlı Qüvvələri bütün lazımi tədbirləri görür. Vəziyyətin qəsdən gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”, – daha sonra bəyanatda vurğulanır.
“Rusiya Qarabağda vasitəçi kimi çıxış edir və Ermənistan və Azərbaycandan təmkin gözləyir”. Bunu isə jurnalistlərə açıqlamasında Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov sərhəddə vəziyyətin gərginləşməsini şərh edərkən deyib.
“Putin srağagün Moskvada olan Ermənistanın baş naziri Paşinyanla ayrıca söhbət edib. Azərbaycan tərəfi ilə təmaslar davam edir. Əlbəttə, biz tərəflərdən təmkinli yanaşma gözləyirik və gərginliyin artmasına səbəb ola biləcək hər hansı addım atmamağa çağırırıq”, – Peskov bildirib.
Bəs müşahidə olunan eskalasiya kimin marağına uyğundur? Axı bu, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin əldə olunmasına yönəlmiş dialoq və vasitəçilik səylərinin intensivləşdiyi bir vaxtda baş verir. Bunun arxasında kim dayanır? Və bu kimin əli ilə edilir? Niyə Bakı və İrəvan bunu açıq-aydın dərk etsələr də, məsələnin yekun həllini ləngidən bu cür addımların qarşısını almırlar?
Tanınmış xarici ekspertlər baş verənlərlə bağlı fikirlərini Press Klubla bölüşüblər.
Konfliktoloq, beynəlxalq münasibətlər üzrə elmlər doktoru, Gürcüstan Texniki Universitetinin professoru Amiran Xevtsuriani:
– Münaqişə zonasında daimi gərginlik rejiminin saxlanmasında həqiqətən maraqlı olan yeganə aktor Moskvadır. Müvafiq olaraq, Rusiya prezidentinin mətbuat katibinin açıqlamaları yalandır.
Sual yaranır, niyə? Çünki eskalasiya Rusiyanın regionda təsirini saxlaması üçün yeganə yoldur. Üstəlik, Vaşinqton və Brüsselin təkcə regiona deyil, həm də Ermənistan-Azərbaycan münaqişəsinin həllinə marağı xeyli artıb. Aydındır ki, bu, Moskvanı çox qıcıqlandırır və o, bu təşəbbüsün qarşısını almağa hər cür cəhd edəcək.
Lakin indiyədək heç kim rus əsgərlərinin münaqişə zonasında erməni və azərbaycanlı əsgərləri öldürdüyünü söyləməyib. Ona görə də, ruslar eskalasiyada maraqlı olsalar da, bu eskalasiyanın yaradıcıları münaqişə tərəfləridir və bu da təəssüf doğurur. Bu o deməkdir ki, istər tərəflərdən birində, istərsə də hər iki tərəfdə sülhün bərqərar olmasına razı olmayan dağıdıcı elementlər var və bu da Moskvanın maraqlarına oynamaq deməkdir.
Ermənistanın baş nazirinin Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə bağlı açıq bəyanatı sülhün açarıdır və bunun əsasında əsrin sülh müqaviləsi imzalanmalı və iki xalq arasında böyük tarixi barışıq başlamalıdır. Və belə bir həlledici məqamda iki ölkənin sərhədində hərbi toqquşmaların sayının artması yalnız bir şeyi göstərir: yaxşı planlaşdırılmış təxribat.
Publisist Aviqdor Eskin (Yerusəlim):
– Biz hər dəfə Qərbin və ya ABŞ-ın vasitəçiliyi ilə sülh danışıqları vüsət götürəndə atəşkəs xətti boyunca eskalasiyanın şahidi oluruq. Biz Moskvadakı görüşlər ərəfəsində belə toqquşmalara rast gəlməmişik.
Buradan hansı nəticələr çıxır? Mən sui-qəsd nəzəriyyəsini irəli sürməyə tələsməzdim. Bu və ya digər tərəfin Qərbin və ABŞ-ın himayəsi altında aparılan danışıqları qəsdən pozmaq cəhdləri barədə dəqiq məlumata malik deyilik. Bununla belə, cavablandırılması lazım olan sualları göstərdik.
Bu, ciddi düşünməyi tələb edir.
Rauf Orucov