Asif Nərimanlı: “Azərbaycan öz suveren ərazilərində separatizmin ləğvi və Xankəndiyə qayıdış məsələsində ilk həlledici addımını atmış oldu”
Ötən gün Azərbaycan Ermənistanla şərti sərhəddə, Laçın yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsini təsis edib. Artıq ərazidə Azərbaycan sərhədçilərinin postu yerləşdirilib. Azərbaycan Dövlət Sərhəd Xidmətindən (DSX) bildirilib ki, 2020-ci il 10 noyabr tarixli Üçtərəfli Bigə Bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə və Ermənistan tərəfindən aprelin 22-də birtərəfli qaydada Azərbaycan ilə sərhəddə Laçın-Xankəndi yolunun girişində nəzarət buraxılış məntəqəsinin qurulmasına adekvat olaraq aprelin 23-ü saat 12:00-da Azərbaycan DSX-nın bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub. Qeyd olunub ki, bu barədə Rusiya sülhməramlı kontingenti və Rusiya-Türkiyə Monitorinq Mərkəzinin komandanlıqlarına məlumat verilib.
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Azərbaycan Hökuməti, Ermənistan tərəfinin Laçın-Xankəndi yolundan 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Birgə Bəyanata zidd şəkildə sistemli və genişmiqyaslı qanunsuz məqsədlər üçün sui-istifadənin davam etdiyini və bundan qaynaqlanan təhlükəsizlik hədələrini nəzərə alaraq, Azərbaycan və Ermənistan arasında sərhəddə yolun başlanğıcında nəzarətin təmin edilməsi məqsədilə müvafiq tədbirlər həyata keçirib. Vurğulanıb ki, Üçtərəfli Birgə Bəyanat üzrə öhdəliklərə uyğun olaraq, Laçın yolundan vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə Azərbaycan tərəfindən təhlükəsizlik zəmanəti olan bu əlavə tədbir çərçivəsində Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin bu məntəqədən hər iki istiqamətdə Ermənistana və Azərbaycana şəffaf və nizamlanan keçidi üçün müvafiq şərait yaradılacaq: “Yuxarıda qeyd edilən nəzarət mexanizmi Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirmə şəraitində həyata keçiriləcək. Azərbaycan tərəfi, Ermənistanla birgə sərhəddə nəzarət-sərhəd rejiminin şəffaf və təhlükəsiz fəaliyyəti naminə əməkdaşlığa hazır olduğunu bildirir”.
Rəsmi İrəvan və Xankəndidəki qondarma qurum dünya ictimaiyyətinə guya ki, Azərbaycanın humanitar böhran yaratdığını, qeyri-qanuni addım atdığını bildirir, kömək istəyirlər. Azərbaycan ictimaiyyəti isə Azərbaycanın doğru addım atdığını, postun qurulmasında Bakının bir qədər də gecikdiyini söyləyir.
Bunu həmçinin Azərbaycanın ərazi bütövlüyünün tam təmin olunması istiqamətində növbəti uğur saymaq olar. Ekspertlər növbəti addım kimi gömrük postunun yaradılacağını proqnozlaşdırırlar.
Baş verənlərlə bağlı AYNA-nın suallarını cavablandıran siyasi icmalçı Asif Nərimanlı deyib ki, Laçın yoluna nəzarət-keçid məntəqəsinin qurulması 44 günlük müharibədən sonra Qarabağda ən ciddi uğurlardan biri hesab edilə bilər:
- Bu addım Qarabağdakı mövcud situasiyanı dəyişməklə yanaşı, həm də münaqişənin mövcud olduğu dövrdə və müharibədən sonra da ermənilərin, eləcə də problemin qalmasında maraqlı olan qüvvələrin əsas istinad nöqtəsi olan “Laçın dəhlizi”nin faktiki olaraq sıradan çıxması deməkdir. Qarabağda “müstəqillik”, “öz müqəddəratını təyin etmə”, “dövlət” kimi iddiaların kökündə çıxış yolu həmişə “Laçın dəhlizi” olaraq qəbul olunub. Bu dəhliz yoxdursa, separatçıların danışdıqları faktiki olaraq sözdən başqa bir şey olmayacaq. Beləliklə, Azərbaycan öz suveren ərazilərində separatizmin ləğvi və Xankəndiyə qayıdış məsələsində ilk həlledici addımını atmış oldu.
- Yəni ki, növbəti hədəf Xankəndidir...
- Xankəndidə suverenliyin bərqərar olması hər zamankı hədəfdir. Sadəcə bu hədəf üçün növbəti addım atıldı. Xankəndidəki separatçıların buna qədər nəzarətə götürülən çıxış yolları postun qurulması ilə tamamilə bağlandı. Separatçıların əlavə keçid yolları axtarışı da praktiki olaraq mənasızdır. Çünki post Həkəri çayı üzərindəki körpüdə qurulub və Qarabağdan Ermənistana gedən əsas, yaxud bütün əlavə yolların hamısı bu körpüyə çıxır. Bundan sonra separatçıların mövcudluğu, eləcə də erməni əhalisinin Azərbaycan vətəndaşlığını qəbul etməmək şansı qalmır.
- Sizcə, bundan sonrakı addımlar nə olacaq?
- Bundan sonra rəsmi Bakı reinteqrasiya tələbində israrı artıracaq və bu tələbin qəbul edilməsi məqsədilə həm hərbi, həm sosial-iqtisadi müstəvidə praktiki addımlar atacaq. Əliyevin separatçılara “ya Azərbaycan bayrağı altında yaşayacaqlar, ya da rədd olub gedəcəklər” xəbərdarlığından sonra Laçın yolunda postun qurulması məsələnin ritorikadan ibarət olmadığını təsdiq etdi. Bakının Xankəndiyə doğru addım-addım yaxınlaşmaqla bağlı planının olduğu aydın görünür və bu addımlar da mərhələli şəkildə atılır. Bundan sonra reinteqrasiya tələbi fonunda iki istiqamətdə addımların atılacağı ehtimalı böyükdür. Birincisi, erməni qoşunların çıxarılması, bölgənin silahsızlaşdırılması ilə bağlıdır. Bu, həm tələb kimi irəli sürüləcək, həm də terrorçu rejimin mövcud postlarının ləğv edilməsi məqsədilə addımlar atıla bilər. İkincisi, separatçı rejimin ləğvidir. Rejimin erməni əhalisi üzərində təsirinin minumuma endirilməsi məqsədilə sosial-iqtisadi müstəvidə addımlar atıla bilər.
Bunlarla yanaşı, erməni əhalisinə Azərbaycan vətəndaşlığı ilə daha yaxşı yaşamaq imkanları təqdim olunacaq. Bu həm informasiya müstəvisində ola bilər, həm də ağırlaşan həyat şərtlərindən çıxış yolu kimi nümayiş etdirilər bilər və s. Fikrimcə, separatçıların bölgədə nə qədər duruş gətirə biləcəyini maraqla izləyə bilərik.
- Beynəlxalq reaksiyanı necə qiymətləndirirsiniz?
- Beynəlxalq müstəvidə ilk xoşagəlməz reaksiya ABŞ-dan gəldi. Dövlət Departamenti Laçın yoluna nəzarət-keçid məntəqəsinin qurulmasını qəbul etmədiklərini deyir. Halbuki, ABŞ Bakının Laçın yolu ilə bağlı narahatlığını bölüşdüyünü də açıqlamışdı. Vaşinqtonu humanitar məsələlər narahat edirsə, rəsmi Bakı bu məsələlərdə heç bir problemin yaranmayacağını, əvvəlki qaydada erməni əhalisinin və humanitar yüklərin keçidinə şərait yaradılacacağını bildirdi. Əslində isə Vaşinqtonun bu bəyanatının sadəcə fikir olaraq səsləndirdiyini düşünürəm. Adətən beynəlxalq siyasətdə belə bəyanatlar “reaksiya vermək” məqsədilə edilir, praktiki olaraq təsiri yoxdur. Ümumilikdə isə Laçın yoluna nəzarət-keçid məntəqəsinin qurulmasında ən çox ABŞ başda olmaqla, Qərb maraqlıdır. Çünki bu, Zəngəzur dəhlizinin də eyni rejimlə, yəni “yol məntiqi” ilə işləməsinə şərait yaradacaq. Qərb Zəngəzur dəhlizinə Rusiyanın nəzarət etməməsi üçün Ermənistanın istəyini dəstəkləyir, “suveren hüquq” prinsipindən yanaşırdı. Azərbaycan hər iki dəhlizin eyni rejimlə işləməsi məsələsini gündəmə gətirmişdi, Laçında bu rejimin tətbiqi Zəngəzurda da analoji addımın atlmasına imkan verə bilər. Digər tərəfdən, Qərb dairələri Rusiyanın Laçın yolunda təsirinin azalması baxımından maraqlıdırlar. Bu baxımdan, Qərbdən verilən, yaxud veriləcək reaksiyaların ritorikadan ibarət olduğunu düşünürəm.
- Və Rusiyanın reaksiyası...
- Rusiyaya gəlincə, məncə, məsələdən Moskva da xəbərdar idi. Mövcud geosiyasi şərtlərdə Moskva razılaşmağa məcburdur, o cümlədən, Azərbaycanın keçid məntəqəsinin fəaliyyətində rus sülhməramlıları ilə əməkdaşıq edəcəyi müəyyən razılaşmalardan xəbər verir. O baxımdan, Rusiyanın da praktiki olaraq nəsə edəcəyi gözləntisi azdır.
Burada diqqətçəkən məqam Rusiyanın bölgədə Qərb qarşısında “əks-hücum” gedişinin mümkünlüyüdür. Moskva bölgədə aktivləşən Qərbin qarşısını almağa çalışır, lakin həm Laçın, həm də Zəngəzur dəhlizi məsələsində toqquşan məqamlar rusları çətinə salır. İstisna deyil ki, Rusiya prosesi yenidən ələ almaq üçün mövqeyində korektlər edib. Bakının Laçın yolu ilə bağlı tələbini qəbul edir, eyni zamanda, Zəngəzur dəhlizində tərəflərin uzlaşa biləcəyi ortaq nöqtələr tapmaqla Qərbi oyundan kənarlaşdırır. Bu, proseslərin inkişafında daha aydın görünəcək, lakin Lavrovun Ankarada Qarabağı müzakirə etməsi, İrəvanın son günlər Moskvanın təşəbbüsləri ilə bağlı yenidə loyallaşması bu kontekstdə diqqət çəkir.
- Növbəti post gömrük postu ola bilərmi?
- Nəzarət-keçid məntəqəsindən sonra gömrük postunun qurulacağı qanunvericiliyə uyğun baş verməlidir. Çünki söhbət iki ölkə - Azərbaycan-Ermənistan arasında gediş-gəlişə nəzarətdən gedirsə, məntiqi olaraq gömrük postu olmalıdır. Lakin əvvəlcə Xankəndidə separatçıların ləğvi, ermənilərin vətəndaşlığı qəbul etməsinə xüsusi diqqət ayrılacaq. Bu məsələlərin yaxın dövrdə daha sıx şəkildə gündəmə gələcəyini görə bilərik. Sonrakı mərhələdə gömrük postunun qurulması təbii olaraq baş verəcək.
Müəllif: Anar Bayramoğlu