Polşa prezidenti müharibədən bir neçə saat qabaq ukraynalı həmkarına nə deyibmiş?
Rusiyanın böyük miqyaslı təcavüzü başlayandan Volodimir Zelenski dəfələrlə Polşada olmuşdu, amma bunlar adətən başqa ölkələrə – ABŞ, Böyük Britaniya, Fransa və Belçika – səfərlər zamanı tranzit dayanacaqlar idi. İndiki səfər isə tamamilə rəsmidir, bütün ehtiramla və protokol qaydalarına büsbütün əməl etməklə.
Elə görünə bilər ki, səfər tam uzlaşma və qarşılıqlı anlaşma şəraitində keçib. Çoxlu təşəkkürlər, komplimentlər və qucaqlaşmalar oldu. Ən çox səslənən sözlər isə “həmrəylik”, “yardım” və “azadlıq” idi.
Zelenski bütün görüşlərdə Ukraynaya silah lazım olduğunu daim vurğuladı. Deyəsən, konkret nəticələr də əldə olunub. Tərəflər Ukraynanın Polşa hərbi texnikasını – məsələn, Rosomak PDM, Rak özüyeriyən minaatan qurğular və Piorun daşınan zenit-raket kompleksləri üçün raketlər – alması barədə şərtləşiblər.
Haqqında publik danışılmasa da, yəqin ki, Ukrayna tərəfi müasir qırıcıların verilməsi haqqında da məsələ qaldırıb.
Ukrayna rusiyalılarla köhnə, öz imkanlarının sonunda olan təyyarələrlə savaşır. Hərbçilər köhnəlmiş sovet MiQ-lərinin cəbhədəki vəziyyətə təsir etməyəcəyini dəfələrlə deyiblər. Yeni F-16-lar isə hava qüvvələrinə aviasiyanı gücləndirmək və funksionallığıını genişləndirmək imkanı verərdi.
Ukraynalı jurnalistlər mətbuat konfransında Dudaya USQ-yə köhnə və yeni qırıcılar verilməsi planı barədə sual verdilər, amma Polşa prezidenti yalnız MiQ-lər haqqında danışmağa üstünlük verdi. O, Ukraynaya daha dörd təyyarə veriləcəyini və cəmi səkkiz olacağını anons etdi. F-16-lar verilməsi perspektivi ilə bağlı sualı qulaqardına vurdu.
Axşam isə F-16-lar Ukrayna prezidentinin çıxışında xatırlandı. Zelenski Dudanın iştirakı ilə Kral sarayının önündə toplaşanlar qarşısında etdiyi çıxışda bu məsələni bir daha qaldırdı.
“Döyüş artilleriya tələb edəndə onu vermək lazımdır. Qələbə tanklar tələb edəndə, onun gurultusu ön cəbhədə eşidilməlidir. Müstəqillik tələb edəndə Rusiyanın bizdəki təyyarələrə hansı reaksiya verəcəyinə əhəmiyyət verməmək lazımdır. F hərfinin yanında hansı ədədin – 16, yoxsa başqasının – təhlükəsiz görünəcəyi haqda fal açmaq lazım deyil. Sizin liderliyinizin özünü göstərdiyi tank koalisiyasındakı kimi davranmaq lazımdır. İnanıram ki, bu, aviasiya koalisiyasında da özünü göstərəcək”.
Kral sarayının önündə çıxış bir saat gec başladı. Ukrayna və Polşa bayraqları tutan insanlar soyuq havaya baxmayaraq, israrla iki prezidenti gözlədilər. Zelenski və Duda xanımları ilə birlikdə eyni vaxtda səhnəyə çıxdılar. Ev sahibi hüququ ilə birinci Polşa prezidenti söz aldı və emosional xatirələrdən başladı.
“Bir il əvvəl fevralın 23-də, Rusiya təcavüzündən bir neçə saat əvvəl mən Ukraynanı dəstəkləmək məqsədilə gözəl və məğrur Kiyevdə idim. Dostum, prezident Zelenski ilə uzun müddət söhbət etdik. Həmin vaxt vəziyyət olduqca dramatik idi. Artıq bilirdik ki, bir neçə saatdan sonra rusiyalılar hücum edəcəklər və böyük miqyaslı müharibə başlayacaq. Volodimir, biz vidalaşarkən mənə dediyin sözlər yaddaşımın ənginliklərinə hopdu: “Ancey, biz daha heç vaxt görüşməyə bilərik”. Mən də cavab verdim: “Volodimir, biz hələ çox görüşəcəyik. Siz həmişə Polşaya güvənə bilərsiniz. Tanrı amanında qalın””
Dudanın nitqi o qədər emosional idi ki, kütlə dəfələrlə alqışlarla kəsdi. O, Taras Şevçenkonun Polşa və Ukraynanın birgə gələcəyi barədə dediyi və Varşavadakı heykəlində həkk olunan sözlərini sitat gətirdi, polyakların ukraynalılar üçün “açıq qəlbləri”ndən və iki xalqın arasına daha nifaq salmamalı olan mürəkkəb tarixdən danışdı.
Tarixi məsələlər iki ölkə münasibətlərində tez-tez əngəl yaradıb. Amma açıq Rusiya təcavüzü başlayandan həmin mövzular ikinci plana çəkilib və daha siyasətçilərin dilindən səslənmir. Uzun illərin diskussiya və mübahisələrindən sonra hər iki ölkə barışıqdan danışır.
“Üzücü keçmişdən qurtulmağın vaxtı çatıb, qoy verilən və alınan əfvlər hər bir ürəyə şəfaverici məlhəm kimi yayılsın”, – Duda hər iki xalqa müraciət edib.
O, Varşavadakı kütlə qarşısında nəinki bundan sonra da Ukraynaya dəstək vəd etdi, həm də Rusiya ilə hər hansı danışıqların mümkünsüz olması barədə Ukrayna prezidentinin ritorikasını bölüşdü.
“Əgər dünyada kimsə mənimlə belə söhbətə başlayırsa, cavab verirəm: “Sən Buçada olmusan? Sən Borodyankada olmusan? Sən İrpendə olmusan? Olmamısan? O zaman get və yaxınları öldürülən, işgəncə görən, zorlanan adamlara de ki, o qurbanlar əhəmiyyətsizdir və hər şey əvvəlki kimi olmalıdır”. Duda özü həmin ərazilərdə Kiyev vilayəti azad olunandan dərhal sonra, 2022-ci ilin aprelində olub.
Hər iki nitq zamanı, elə bütün səfər boyu olduğu kimi, prezidentlər bir-birlərinin ünvanına komplimentlərdə xəsislik etmədilər.
Zelenskinin postsovet ölkələrinin taleyinin, onun fikrincə, Ukraynadakı müharibənin necə qurtaracağından asılı olması barədə fikirləri ən gurultulu alqışları qopardı: “Biz azad olanda hamı güclü olur. Biz azad olanda azadlığın Moldovada da duruş gətirəcəyinə, Gürcüstandan yan keçməyəcəyinə və Belarusa da mütləq gələcəyinə təminat yaranır”.
Coşqun nitqlər Varşavadakı Qəsr meydanında quraşdırılan böyük ekranlarda translyasiya olunurdu. Orada yüzlərlə adam toplaşmışdı – həm polyaklar, həm ukraynalılar. Öz nitqlərindən sonra Zelenski və Duda effektlə kütlənin arasından keçdilər.
Həmin axşam Qəsr meydanında ukraynaca danışanlar çox idi – qaçqınlar öz prezidentlərini dinləməyə gəlmişdilər. Polşa tərəfinin son hesablamalarına görə, ölkənin müxtəlif şəhərlərində milyona yaxın ukraynalı qaçqın var. Onlar polyakların malik olduqları hüquqlar və sosial ödənişlərlə təmin olunublar, bağçalar və məktəblər uşaqların üzünə açılıb, inteqrasiya və adaptasiya üzrə onlarla mərkəz fəaliyyət göstərir, onlara indiyə qədər humanitar yardım göstərilir, iş tapmaq üçün kömək edilir
Qəsr meydanında ukraynalılar müharibənin nə vaxt bitəcəyinə, heç olmasa, eyham eşitmək ümidilə Zelenskini dinləyirdilər.
Bir neçə saat əvvəl isə iki prezidentin mətbuat konfransında polşalı jurnalist uca səslə Zelenskiyə ingilis dilində sual verdi: “Necə düşünürsünüz, müharibə nə qədər davam edəcək?”
Zelenski ona tərəf baxdı, sanki cavab verəcəkdi. Amma qısa pauzadan sonra çevrilərək, Ukrayna nümayəndə heyətinə tərəf getdi. Elə bil, demək istəyirdi ki, bu müharibənin nə vaxt bitəcəyini heç kim dəqiq bilmir. Heç onun özü də…
Hazırladı: Yadigar Sadıqlı
Mənbə: https://www.bbc.com/russian/features-65176824