İlin sonuna qədər Laçın rayonunun Güləbird, Şəlvə, Qorçu kəndlərinin...
Qarabağa “Böyük Qayıdış” planı çərçivəsində son günlərdə çox mühüm gəlişmələr yaşanır. İşğaldan azad edilən ərazilərimizin böyük bir hissəsində quruculuq-bərpa işləri çox sürətlə gedir. Xüsusilə bu rayonlar içərisində Laçın öndə gəlir. İlin sonuna qədər bu ərazilərə məcburi köçkünlərin bir hissəsinin köçürüləcəyi gözlənilir.
Milli Məclisin Laçından olan deputatı Mahir Abbaszadə “Yeni Müsavat”a bu istiqamətdə çox ciddi işlərin getdiyini söylədi: “Azərbaycan 44 günlük Vətən müharibəsində qələbə əldə etdikdən sonra qarşıda duran əsas məsələlərdən biri işğaldan azad edilən əraziləri bərpa etmək, qurmaq, yaratmaq, dağılmış iqtisadiyyatı Azərbaycanın ümumi iqtisadiyyatına çevirməkdir. Eyni zamanda bu ərazilərdən məcburi köçkün düşmüş insanları yenidən öz ata-baba yurdlarına qaytarmaq, xüsusilə də, daimi qaytarmaq kimi ciddi işlər qarşıda durmaqdadır. Bu məqsədləri həyata keçirmək üçün Azərbaycanın dövlət büdcəsindən hər il kifayət qədər vəsaitlər ayrılıb. Bu ilki dövlət büdcəsində də məhz işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışı təmin etməklə bağlı təxminən 3 milyard vəsait ayrılıb. Bundan əvvəlki illərdə də təxminən 4.2 milyard vəsaitin ayrılması bir daha göstərir ki, Azərbaycan dövləti işğaldan azad edilmiş əraziləri bərpa etmək, qurmaq və yaratmaqla bağlı ciddi işlər görməkdədir. Xüsusilə onu da qeyd etmək lazımdır ki, Azərbaycan Prezidenti, cənab İlham Əliyevin göstərişlərinə və tapşırıqlarına uyğun olaraq 2022-26-cı illəri əhatə edən Böyük Qayıdışı təmin etməklə bağlı Dövlət Proqramı qəbul olunub. Həmin proqramın müxtəlif müddəalarında müxtəlif nazirliklərə konkret tapşırıqlar verilərək həm tapşırıqların yerinə yetirilməsi ilə bağlı maliyyə mənbələri göstərilib, həm də qarşıya qoyulan məqsədlərin, işlərin nə qədər vacib olduğu bir daha ortaya qoyulmaqdadır”.
Mahir Abbaszadə
Deputat onu da xüsusi qeyd etdi ki, işğaldan azad olunan və bərpa edilən rayonlar içərisində Laçın xüsusi əhəmiyyət kəsb edir: “Laçın rayonu Qarabağda yaşayan ermənilərlə Ermənistan arasında olan sərhədə ən yaxın məsafədə yerləşir. 10 noyabr bəyanatının müddəalarına uyğun olaraq, Laçın rayonunun şəhər mərkəzindən, Zabux və Susdan keçməklə Qarabağda yaşayan ermənilərin Ermənistana gediş-gəlişlərini asanlaşdırmaq məqsədilə belə bir koridor verilmişdi. Amma həm də həmin bəyanatın müddəalarına uyğun olaraq, yeni yol çəkildi və beləliklə, ötən il avqustun 26-da Laçının şəhər mərkəzi, Zabux və Sus kəndləri erməni işğalçılarından tamamilə azad olundu. Bundan sonra möhtərəm cənab prezident, müzəffər Ali Baş Komandan, cənab İlham Əliyevin Laçın şəhərinə səfəri oldu. Laçının şəhər mərkəzində bayrağımız qaldırıldı. Ölkə başçısı oradan həm Ermənistana, həm də xalqımıza öz mesajlarını verdi. Eyni zamanda Laçın şəhərinin və azad edilmiş kəndlərin coğrafi nöqteyi-nəzərdən nə qədər vacib olduğu, tarixi nöqteyi-nəzərdən bu ərazilərin nə qədər azərbaycanlılara məxsus olması barədə öz fikirlərini bölüşdü. Rayonun bərpa olunması ilə bağlı müvafiq qurumlara dövlət başçımız öz tapşırıqlarını verdi. Beləliklə, Laçın rayonunun şəhər mərkəzində, Zabux və Susda yeni qəsəbələrin tikintisi, bərpa oluna biləcək evlərin bərpa olunması ilə bağlı ciddi işlər görülür. Hazırda Laçının şəhər mərkəzində təxminən 600-ə yaxın evin bərpası ilə əlaqədar təmir
işləri yekunlaşmaq üzrədir. Şəhərdə infrastrukturun qurulması, keçmişdə 2 nömrəli tam orta məktəb adlanan təhsil ocağının çox sürətlə təmir olunması xüsusi diqqət çəkir. Möhtərəm Prezidentin Zabuxda 223 ailədən ibarət yeni qəsəbənin tikintisi, eyni zamanda Susda yaşayış qəsəbəsinin tikintisi ilə əlaqədar konkret tapşırıqları var. Məndə olan məlumatlara görə, işlər çox sürətlə həyata keçirilməkdədir. Onu da nəzərə almaq lazımdır ki, burada daha müasir qəsəbələrin tikintisi nəzərdə tutulur. İlin sonuna qədər Laçın rayonunun Güləbird, Şəlvə, Qorçu kəndlərinin baş planlarının hazırlanması nəzərdə tutulub. Bunlarla bağlı artıq Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən şirkətlər seçilib və o şirkətlərin səyləri nəticəsində biz baş müfəssəl planların hazırlanmasını gözləyirik. Digər tərəfdən, Laçın Hava Limanının tikilməsi də çox sürətlə gedir. Onu da deməyi borc bilirəm ki, bu hava limanı olduqca çətin bir relyefdədir. Düşünürəm ki, bu hava limanı bəlkə də dünyada relyefinin çətinliyinə görə tək-tək hava limanlarından biri olacaq. Amma buna baxmayaraq, dövlətimizin iqtisadi gücü sayəsində, ölkə başçısının siyasi iradəsi nəticəsində biz hava limanının tikintisinin sürətlə getdiyinin şahidi oluruq. Hesab edirəm ki, 2025-ci ilin sonlarına qədər bu hava limanı istifadəyə veriləcək. Bu da orada xidmət edən zabit və əsgərlərimizin ora gediş-gəlişlərinin həm də çox asanlaşmasına səbəb olacaq. Kəlbəcər, Laçın və Şuşanın turizm imkanlarından istifadə etmək nöqteyi-nəzərindən hava limanının istifadəyə verilməsi o yerlərdə turizm imkanlarının artmasına öz müsbət təsirlərini göstərəcək. Bütövlükdə, siyasi və turizm nöqteyi-nəzərindən hava limanının ərsəyə çatması çox böyük bir hadisə olacaq. Eyni zamanda, köçürüləcək əhali ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində ciddi siyahıyaalınmalar həyata keçirilir. Xüsusilə köçürüləcək insanların peşə fəaliyyəti, ixtisasları, öz dədə-baba yurdlarına qayıdarkən hansı işləri davam etdirəcəkləri barədə ciddi araşdırmalar aparılır. Yeni iş yerlərinin açılması ilə bağlı da ciddi işlər görülməkdədir. Hesab edirəm ki, Ali Baş Komandanın rəhbərliyi ilə dövlətimizin iqtisadi gücü sayəsində cari ildə Laçının şəhər mərkəzinə və Zabuxa, Susa nəzərdə tutulan təxminən minə yaxın insanın köçürülməsi təmin ediləcək ki, bu da Azərbaycan tarixində çox mühüm bir hadisə olacaq. Çünki Laçın şəhəri uzun müddət Qarabağ ətrafında gedən müzakirələrdə, proseslərdə mübahisə predimeti olub. Onu da nəzərə alaq ki, Laçına insanların qayıdışı, orada yaşayışın təmin olunması bir daha göstərəcək ki, bu torpaqların tarixi sahibləri məhz azərbaycanlılardır və bunlar da köçüb öz ata-baba yurdlarında daimi yaşayırlar”.
Cavanşir ABBASLI