“O məmurlar mənə rahatlıq vermirdilər...”
Azərbaycanın keçmiş təhsil naziri Misir Mərdanov. Onun təhsilimizə rəhbərlik etdiyi dövr barədə müsbət danişanlar da var, tənqid edənlər də. Hər zaman aktual olan təhsil mövzusunu, bu sahədə hazırkı vəziyyəti, bura gətirib çıxaran addımları və perspektivlə bağlı ümidləri keçmiş nazirin özü ilə bir daha müzakirə etdik. Pressklub.az-ın suallarını keçmiş təhsil naziri, hazırda AMEA Riyaziyyat İnstitutunun direktoru Misir Mərdanov cavablandırır.
– Müsahibələrinizdən birində demisiniz ki, bizim təhsilin uzun illərə söykənən özünəməxsus tarixi ənənələri var, birdən-birə ondan uzaqlaşıb Avropa təhsilinə inteqrasiya olmağı düzgün hesab etmirəm.
– Bu mənim fikrim deyil, bunu mənə vaxtı ilə Heydər Əliyev deyib, mən də o fikirdəyəm. Məni təhsil naziri, az sonra isə təhsil üzrə Dövlət İslahat Komissiyasının sədri vəzifəsinə təyin edəndə dəfələrlə onunla görüşlərimiz olub və hər dəfə mənə tövsiyəsi o olub ki, Azərbaycanın özünə məxsus təhsil ənənələri var, onu qoruyub saxlamaq və inkişaf etdirmək lazımdır, bu bir. İkincisi deyib ki, təhsil elə bir geniş əhatəli sahədir ki, orda inqilabı yolla dəyişiklik etmək olmaz, yalnız təkamül yolu ilə getmək olar. Nəhayət, üçüncü tövsiyəsi o olub ki, heç bir ölkənin təhsilini olduğu kimi gətirib Azərbaycanda qurmaq fikrinə düşməyin. Öyrənin, araşdırın, hansı bizə uyğundursa, bizdə həyata keçirmək mümkündürsə, onu pilot layihə kimi sınaqdan keçirin, müsbət nəticə versə, genişləndirin. Bu məsələləri mənə Heydər Əliyev dəfələrlə deyib, mən də bunlara əməl edərək, işimi qurmağa çalışmışam.
– Bu günə qədər o tövsiyələrə necə əməl edə bildik?
– Bu günə qədəri mən deyə bilmərəm, amma vəzifədə olduğum 15 il ərzində ölkənin iqtisadiyyatının, idarəetmə sisteminin və bütövlükdə cəmiyyətin təhsilə olan münasibətinə uyğun olaraq, o tövsiyələrə əməl etməyə çalışdıq. Deyə bilmərəm ki, hamısını dediyi kimi yerinə yetirdik, amma hər halda, yuxarıda qeyd etdiyim imkanlar daxilində həyata keçirməyə çalışdıq və müəyyən uğurlar da qazandıq. Açığını deyim ki, nəzərdə tutduğumuz bəzi məsələləri həll edə bilmədik. Məsələn, Heydər Əliyev tövsiyə etmişdi ki, Dünya Bankının Azərbaycandakı nümayəndəsi ilə görüşüb, az faizli kredit götürməyə çalışın. O dövrdə Azərbaycanın imkanları indiki kimi deyildi. Təəssüf ki, təhsilin ölkənin inkişafında yerini bilməyən bəzi vəzifəli şəxslər bu işlərin həyata keçirilməsinə mane olurdular. Dünya bankının kreditləri daha çox başqa sahələrə yönəldilirdi.
Başqa daha ciddi problem haqqında: Müstəqil Azərbaycanın 1995-ci ildə qəbul olunmuş Konstitusiyasında birbaşa deyilir ki, Azərbaycanın dövlət dili Azərbaycan dilidir və məktəblərdə dərslər Azərbaycan dilində keçilməlidir. Kimsə istəyirsə ki, övladı başqa dilləri də öyrənsin, bunun üçün kurslar və məktəblər açmaq olar. Mən işlədiyim dövrdə məktəblərdə rus dili ikinci ana dili kimi tədris olunurdu. Məktəblərdə rus dilinin öyrənilməsinə Azərbaycan dili ilə təxminən eyni həcmdə vaxt ayrılırdı. Bir tərəfdən yeni müasir fənləri tədris proqramına daxil etmək istəyirsən, digər tərəfdən də bir xarici dilə ana dili qədər imkan yaradırsan. Həftəlik tədris yükü də məhduddur axı. Ən ciddi müqavimətlə onda rastlaşdıq. Rus dilinə xarici dil statusu vermək istədim. Ən yüksək çinli məmurlar mənə zəng etdilər ki, “sən nə danışırsan, nə edirsən, rus dilinə ayrılmış saatları necə azalda bilərsən?!” Əlbəttə, bu zaman rus dili müəllimləri kütləvi şəkildə işsiz qalmalı olurdu.
– Yadımdadır o proses çox çətinliklər yaratdı, ancaq biz öz fikrimizdən geriyə dönmədik.
– Yolunu tapdıq, həmin müəllimləri ixtisas dəyişmə kurslarına göndərməklə bu məsələni həll etdik.
Başqa bir çətinliyimiz ondan ibarət oldu ki, Dünya Bankının layihəsi ilə orta məktəblərdə adambaşına maliyyələşməyə keçmək istədik. Yəni məktəbdəki şagirdin sayına görə məktəbə maliyyə ayrılsın, məktəbin öz işini keyfiyyətli qurmağa marağı olsun. Dünyada bu təcrübə ən yaxşı yoldur. Əvvəlcə pilot layihəni üç rayonda tətbiq etdik. Dünya Bankı, Azərbaycan dövləti üç il prosesi izlədi və həyata keçirdi. Hər il işin gedişi ilə bağlı hökumətə hesabat verirdik, nəticələr ürək açan idi. Dövlət vəsaitinə xeyli qənaət olurdu, təhsilin keyfiyyəti yüksəlirdi. Bütün bunlara baxmayaraq, hökumət bütün məktəblərdə bu üsulun tətbiqinə razılıq vermədi. Məktəblərə maliyyə müstəqilliyi verilmədi. Məktəb rəhbərinin ixtiyarında müəyyən qədər vəsait olmadığı halda, o məktəbi necə idarə etməlidir?
Hər halda, həmin illərdə ölkəmizdə orta təhsilin keyfiyyətini və müəllimlərin nüfuzunu qaldırmaq istiqamətində irəliyə doğru ciddi addımlar atıldı. Həmin dövrdə iki mindən çox yeni məktəb binası tikildi, şagird sıxlığı çox olan məktəblərin yanında əlavə korpuslar inşa edildi, həmin məktəblər müasir avadanlıqla təmin edildi, məktəblərin komputerləşmə proqramına və digər inkişafyönümlü proqramların həyata keçirilməsinə başlanıldı.
Yeni əlifbaya keçəndə, yeni dərsliklər çap edəndə çətin yollardan keçdik. Dövlətin vəsaiti yox idi, dərsliyi isə çap etdirmək lazım idi. Nə camaatda pul var idi dərslik alsın, nə də dövlətdə onu çap etdirməyə vəsait. Dəfələrlə Türkiyəyə getdim, müqavilə bağladıq, bizə tonlarla pulsuz kağız verdilər. Heydər Əliyev qarşımızda məsələ qoymuşdu ki, bütün dərslikləri azərbaycanlı müəlliflər yazsın. İlk illərdə ali məktəb müəllimləri yazırdı. Məlum oldu ki, orta məktəb proqramından heç bir xəbəri olmayan, məktəbdə dərs deməyən professorlar orta məktəblər üçün dərslik müəllifidir. Araşdırdım və qərar verdim ki, orta məktəbin təcrübəli və savadlı müəllimləri, metodistlər dərsliklərin hazırlanmasında iştirak etməlidirlər. Bəziləri mənə deyirdi ki, orta məktəb müəllimi nə bilir kitab yazmağı. İndi dərsliklərin hazırlanmasında məktəb müəllimləri yaxından iştirak edir, həmin ənənə bu gün davam edir.
Dərsliklərin çapında digər çətinlik ondan ibarət idi ki, özəl mətbəəsi olan məmurlar mənə rahatlıq vermirdilər, tələb edirdilər ki, kitablar mənim mətbəəmdə çap edilməlidir.
– Dediyiniz o ənənə davam edir, bəs, hansı yaxşı ənənə indi davam etmir?
– Mən 10 ildir o işin içində deyiləm, başqa işlərlə məşğulam. Bura akademiyadır, Riyaziyyat və mexanika İnstitutunda işləyirəm, riyaziyyatla məşğulam, işimi də bu istiqamətdə qurmalıyam. Dissertasiya müdafiə şurasının sədriyəm, jurnalın baş redaktoruyam, bunlarla məşğulam. Təhsil sistemində gedən proseslərdən yalnız televiziya vasitəsi ilə xəbər tuturam.
– Nəvələriniz orta məktəbdə oxumur?
– Nəvələrim qurtarıblar, artıq nəticəm var. O da bu il məktəbə gedəcək, amma onlar mənimlə yaşamırlar. Mən həyat yoldaşımla Novxanıda yaşayıram, hər gün oradan şəhərə işə gəlib-gedirəm. Bu baxımdan, ölkədə bu sahədə gedən proseslərin içinə girə bilməmişəm, ancaq uzaqdan-uzağa müsbət hal kimi müəllimlərin maaşlarının artması diqqətimdən yayınmayıb.
– Sizin illərdir dediyiniz məsələ.
– Bu, mənim əsas arzularımdan biri idi. Hələ də yetərincə olmasa da, hər halda, artımdır. 300 manatla 700 manatın, 1000 manatın fərqi xeylidir. Daha bir müsbət haldır ki, məktəb direktoruna xüsusi məvacib verilir. Bu da mənim arzum idi.
– Amma camaat birmənalı qarşılamadı ki, niyə direktorun maaşı müəlliminkindən seçilməlidir?
– Yox, o fikirlə razı deyiləm. Əgər o məktəbin direktoru nüfuzuna, idarəçilik qabiliyyətinə görə seçilibsə, verilən əməkhaqqıya da layiqdir. Müəllimlərin sayı 150 mindən çoxdur, direktorlar 5 mindir. Biri var 5 min adamın əməkhaqqını artırasan, biri də var 150 min adamın. Bu, dövlət üçün ciddi məsələdir. Bütün bu məsələlərdən danışarkən unutmamalıyıq ki, müharibəyə cəlb olunmuş ölkədə yaşayırıq. Bizim erməni kimi qonşumuz, onu dəstəkləyən qonşularımız var, bilməliyik ki, büdcəmizin böyük hissəsi müdafiəyə gedir və getməlidir. Bir vətəndaş kimi deyirəm, qoy biz bir az zəif dolanaq, təki torpaqlarımız işğal olunmasın, qalib ölkə olaq. Özümüzü yox, vətənimizi düşünək.
– Təhsildə mənfi hallar sizə görə nədir?
– Mənə elə gəlir ki, nə müəllimi, nə də məktəb direktorunu yalnız imtahanla seçmək düzgün deyil. Məktəbin direktorunu o məktəbin müəllimləri, valideynlər, o icmanın adamları seçsə, daha yaxşı olar.
– Həm də həmin məktəbin müəllimləri arasından.
– Əlbəttə, yoxsa Lerik məktəbinə Bakıdan direktor göndərmək düzgün deyil. Hətta uşaq semestr, buraxılış imtahanı verəndə də, qəbul imtahanında da 17 dərəcə temperatur olan Gədəbəy uşağını gətir Bakının 40 dərəcə temperaturunda sal imtahana, başının da üstündə dur, bu bilik qiymətləndirmək deyil. Hər bir təhsil alanın biliyində gündəlik qiymətləndirmə əsas olmalıdır. Gündəlik, həftəlik, aylıq, illik qiymətlər nəzərə alınmalıdır. Bütün bunlar toplanıb, ümumi qərar çıxarılmalıdır. Müəllimə isə qiyməti onun dərs verdiyi uşaqlar, tələbələr verməlidir.
– Müəllim hər il imtahan verir, Misir müəllim.
– Mən onun tərəfdarı deyiləm. Dünyanın hər yerində bu seçimdə cəmiyyət iştirak edir. Mən kənddə böyümüşəm, Polad kəndi, Salah kəndi qonşu kəndlər idi. Hər ikisində ayrı məktəb və direktor vardı. Mehdi müəllim, Kərim müəllim. Heç kim onların yerinə namizəd düşünmürdü. Onlar hər ikisi cəmiyyətin qəbul etdiyi liderlər idilər. Orta məktəbi bitirəndə el-obada hamı bilirdi ki, bu ilki buraxılışdan neçə nəfər ali məktəbə qəbula getməyə layiqdir. Bir dəfə biri məktəbi qurtarıb, birtəhər. Direktor görür ki, o əlində çamadan gedir vağzala. Soruşur, a bala, sən hara gedirsən, cavab verir ki, ali məktəbə sənəd verməyə. Direktor deyir, kül mənim başıma ki, sən ali məktəbə sənəd verəcəksən. Yəni belə ilkin seçim kimi bir vəziyyət olurdu. 10 adamdan beşi oxuyacaq-bunu hamı bilirdi. Qalanı peşəyə yönələcək, işləməyə başlayacaq təsərrüfatda. Peşə təhsili ən vacib sahələrdəndir. 70-ci illərdə Heydər Əliyev böyük çətinliklə Bakıda məişət kondisionerləri zavodunun tikilməsinə nail oldu. Zavodun yanında peşə məktəbi tikdirdi. Peşə məktəbinin müəllimlərini göndərdi Yaponiyada öyrənsinlər. Zavodun tikintisi yapon təcrübəsi ilə gedirdi. Sonralar mən Koreyaya, Almaniyaya gedəndə anladım ki, o necə böyük, uzaqgörən işlər görüb. Mən də bu yolu tutmaq istəyirdim. Cənubi Koreyalılarla işimiz yaxşı alınırdı. Səfirlə sağlam münasibətimiz vardı. Dedilər ki, Azərbaycanda peşə təhsili mərkəzi yaranmalıdır.
Hazırda təhsilimizdə çatışmayan ən ciddi məsələ müəllim məsələsidir. Həm ali məktəbdə, həm də orta məktəbdə.
– O da təhsilin özündən gəlir.
– O dövrün müəllimləri yoxdur. Müəllim hər addımında, yerişində, duruşunda, söhbətində, baxışında öyrədən, yol göstərən olmalıdır. Davranışı, gəlişi-gedişi ilə nümunə olmalıdır.
– Summativ qiymətlındirmədən deyim sizə. Dərs başlayan kimi öyrənmədən qiymətləndirmə başlayır, bu qədər qiymətləndirmə olar?
– Düzgün deyil. Kurikulumun yaxşı cəhəti də var. Onu mən gətirmişəm. Əvvəl sözün özünü deyə bilmirdik.
– Onu niyə gətirdiniz, Misir müəllim, hansı məziyyətlərinə görə?
– Təhsilin inkişafı üçün.
– İnkişaf etdi?
– Gərək inkişaf etdirəsən də. Gərək onu müəllim özü, valideyn anlasın. Müəllimlə valideyn bir-birini anlasın gərək.
– İndiyə qədər kurikulumu nə müəllim anlayıb, nə şagird, nə də valideyn. Onun gəlişi ilə müəllimin də nüfuzu üzü aşağı getdi.
– Müəllim nüfuzu barədə çox yazmışam, niyə düşdü və necə qaldırmaq olar.
– Bir neçə kəlmə ilə deyin, niyə düşdü və necə qaldırmaq olar?
– Qaldırmaq daha çox müəllimin özündən asılıdır. Müəllim özünü müəllim kimi aparsın. Ədalətli olsun, uşağın birini o birindən ayırmasın, seçməsin. Müəllim uşağa öz övladı kimi baxmalıdır. Uşaq onun dərsinə sevinərək gəlməlidir. Müəllim bunu edə bilmirsə, müəllim deyil. Bu beş ilin, on ilin məsələsi deyil, 50-ci illərdən bəri düşür. Bir səbəbi də say artımındadır. Müəllim sayı artdıqca keyfiyyət düşür.
– Demək, o diplom hər adama verilməməlidir. Müəllimlik insanın xislətində olmalıdır.
– Nazir işləyəndə son səfərim Finlandiyaya oldu. Hələ sovetlər dövründə məlum idi ki, ölkəyə gətirilən hər şeyin ən yaxşısı Fin məhsuludur. Hesab edirəm ki, bu onların təhsil sistemi ilə bağlıdır. 5 milyona yaxın əhalisi var, zəngin deyillər, demək olar ki, heç bir yraltı və yerüstü sərvətləri yoxdur, amma yüksək səviyyədə yaşayırlar. Orada ən nüfuzlu şəxs müəllimdir. Ali məktəblərdə müəllim hazırlayan fakültələrin proqramları tamam başqadır.
– Niyə onların təhsilini gətirmədiniz, kurrikulum gətirdiniz?
– Cənab prezidentə danışdım, dedi ki, onların təcrübəsini ölkəmizdə pilot layihə kimi sınaqdan keçirmək lazımdır. Ondan hardasa 6-7 ay sonra yola salındım. Bu gün müəyyən işlər görülür, amma yenə ən vacib müəllim məsələsidir. Çox istəyirəm təhsilimizin səviyyəsi yüksək olsun. Tələbələrin bilik səviyyəsi çox aşağıdır.
– Sizcə, gənclər arasında intiharların, qətllərin təhsillə hər hansı bağı var?
– Əlbəttə, var. Yaxşı təhsil və tərbiyə gəncləri yaxşı yönə aparar.
– İndi yenidən nazir olsaydınız, ilk növbədə nəyi dəyişərdiniz?
– Mümkün olmayan bir məsələdən danışmağın mənası yoxdur.
– Neçə il rektor, sonra nazir postu, görüşlər, görülən, görülməyən işlər barədə xatirələrinizi yazmaq fikriniz var?
– Yazıram. Onları yazmamaq olmaz.
Ramilə Qurbanlı