Zeev Xanin: “İran xüsusi xidmət orqanları etnik və dini-məzhəb separatizmini qızışdırmaqla Azərbaycanda sabitliyi pozmağa cəhd edir”
İsrailli politoloq, Samariyadakı Ariel Universitetinin və Bar-İlan Universitetinin politologiya üzrə professoru Zeev Xaninin AYNA-ya müsahibəsini təqdim edirik:
- Azərbaycanla İran arasında Tehrandakı səfirliyə hücum nəticəsində yaranan növbəti gərginlik səngimir. Üstəlik, bir müddət əvvəl İrana məxsus hərbi təyyarənin Azərbaycanın hava sərhədini keçməsi Bakıda etiraza səbəb olub. Vəziyyətin gələcək inkişafı ilə bağlı proqnozlarınız nədir?
- Hesab edirəm ki, İranla Azərbaycan arasındakı gərginliyin arxasında üç səbəb var:
a) Birinci məqam Tehranla Moskvanın strateji yaxınlaşmasıdır və bu kontekstdə Rusiyanın Cənubi Qafqazda itirdiyi mövqeləri İranın doldurmaq istəyi, ilk növbədə, təbii ki, geosiyasi maraqlarını nəzərdə tutur. Lakin eyni zamanda onun strateji tərəfdaşı Ermənistanın maraqları da ortadadır. Odur ki, hər ikisi demək olar ki, istər-istəməz Bakı ilə münaqişəni gərginləşdirəcək;
b) İkinci məqam İranın özündəki çətin vəziyyət, o cümlədən ayətullahların totalitar rejiminə qarşı şəhər əhalisinin ictimai etirazının artması, həmçinin ayrı-seçkiliyə məruz qalan etnik azlıqların İran rejiminə müqavimətidir. Söhbət ilk növbədə İranda yaşayan çoxmilyonlu azərbaycanlılardan gedir. Buna uyğun olaraq, İran liderləri daxili gərginliyi xaricə yönəltməyə çalışırlar və birinci “təbii” ünvan İran islamçılarının elan edilmiş əsas düşməni – İsrailin də strateji müttəfiqi olan Azərbaycandır;
c) Üçüncü məqam isə iranlıların seçdiyi davranış modelidir ki, praktikada optimaldan çox uzaqdır. Onun iki əsas parametri Azərbaycanla sərhəddə gərginliyi müəyyən səviyyədə saxlamaq, digər tərəfdən isə İran xüsusi xidmət orqanlarının etnik və dini-məzhəb separatizmini qızışdırmaqla Azərbaycanda sabitliyi pozmaq cəhdləri idi. Nəticədə, hazırkı mərhələdə Tehran Azərbaycanla genişmiqyaslı münaqişədə maraqlı olmasa da, bu xətt çərçivəsində daim “gərginliyin artırılması” zərurəti – səfirliyə qeyd olunan hücumlar, ölkənizin cənub sərhədi yaxınlığında manevrlər daxil olmaqla, Azərbaycanın hava məkanının pozulması və s.-nin bu prosesə nəzarəti itirilməsinə səbəb ola bilər ki, bu da genişmiqyaslı münaqişənin inkişafını real varianta çevriəcək.
- Bu günlərdə İran və Səudiyyə Ərəbistanı münasibətlərini normallaşdırmaq barədə razılığa gəliblər. Bu, regionda hansı proseslərin sübutudur?
- İranla Səudiyyə Ərəbistanı arasında münasibətlərin normallaşmasının bir sıra səbəbləri var:
a) Birinci səbəb odur ki, çox güman ki, Vaşinqton yenidən Tehranla nüvə sazişinin bərpasına doğru gedir. Bu baxımdan, Ər-Riyad güman edə bilər ki, İranın nüvə potensialı probleminin güc yolu ilə həlli halında onlar ABŞ-dan dəstək almayacaqlar - bu səbəbdən də səudiyyəlilər öz təhlükəsizliklərinin təmin edilməsi üçün başqa variantların mümkünlüyünü yoxlamağa hazırdırlar;
b) İkinci məqam Fələstin ərəblərinin radikal qruplarının İsrailə qarşı terror fəaliyyətinin yeni mərhələsi və İsrail xüsusi xidmət orqanlarının buna uyğun reaksiyasıdır. Bunun fonunda İsrailin Baş naziri Benyamin Netanyahunun növbəti variant kimi elan etdiyi Səudiyyə Ərərbistanı Krallığı ilə münasibətlərin formal şəkildə normallaşdırılması yenidən təxirə salınır. Və onunla birgə o vaxt İsrailin təklif etdiyi, İrana və radikal sünni islamçılığına qarşı İsrail və mötədil ərəb rejimləri bloku yaratmaq ideyası da. Bu mövzunun nə vaxt yenidən gündəmə gələcəyini söyləmək çətin olduğundan, Səudiyyə Ərəbistanı indiki mərhələdə İranla münasibətlərin normallaşmasında az-çox maraqlıdır.
c) Üçüncü məqam, mənə elə gəlir ki, İran körfəzi zonasındakı geosiyasi vəziyyətlə bağlılıqdır. Burada müxtəlif güc mərkəzlərinin, ilk növbədə Çinin maraqları sezilir. Bu səbəbdən Səudiyyə Ərəbistanında bu həyat şənliyində qərib olmaqda maraqlı deyillər. Yəni bu ölkə bu regionda vəziyyətə nəzarəti davam etdirmək istəyir.
- May ayında Türkiyədə prezident seçkilərinin keçirilməsi nəzərdə tutulub. Hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan seçkilərdə uduzsa, İsrail-Türkiyə münasibətlərinin taleyi dəyişəcəkmi?
- Ərdoğan Türkiyənin siyasi sistemi üzərində nəzarətini saxlamaq və mümkün qədər yenidən qurmaq üçün çox işlər gördü və ona görə də onun hakimiyyətdən asanlıqla əl çəkməyə hazır olduğunu təsəvvür etmək mənim üçün çətindir. Amma Türkiyə Prezidenti dəyişsə belə, ölkənin xarici siyasətinin əsaslı şəkildə dəyişəcəyini düşünmürəm. Əslində, Ərdoğan belə qənaətə gəlib ki, keçmiş neoosmanizm siyasəti, yəni əvvəllər Osmanlı İmperiyasının tərkibində olan ərazilər üzərində Türkiyənin nəzarəti və ya maksimum təsirinin yaradılması siyasəti aktuallığını itirib. Türkiyənin Türk dünyasında aparıcı rolu ideyası gündəmə gəldi. Ona görə də türk dövlətləri ilə, ilk növbədə Azərbaycan və Orta Asiya dövlətləri ilə əlaqələri gücləndirmək meyli Türkiyə Prezidentinin kürsüsündə kimin oturmasından asılı olmayaraq, əsas xarici siyasət kursu olaraq qalacaq. Bu, Azərbaycanın xarici siyasətində dominant amil olacaq ki, bu da istər-istəməz Moskva ilə əlavə toqquşmalara gətirib çıxaracaq.
- Rusiya-Ukrayna münaqişəsi fonunda, Rusiya və İran birləşdirici zənciri Azərbaycan olan Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafında maraqlıdırlar. Eyni zamanda, Azərbaycanın son vaxtlar Rusiya və İranla münasibətləri gərginləşib. Bu amil İran və Rusiya ilə münasibətlərin normallaşmasına kömək edəcəkmi?
- Mühakimə edə bildiyimə görə, əvvəllər belə bir fikir müzakirə olunubsa, bu gün bu barədə ciddi danışmaq mümkün deyil. Hər halda, Azərbaycanı bu və ya digər nəqliyyat dəhlizinə birləşdirmək marağı varsa, o zaman İran və Rusiya ilə münaqişənin dərinləşməsində və ya gərginliyin artırılmasında maraqlı olmayan Bakı öz maraqlarına aydın təminat tələb edəcək. Tehran və Moskvanın buna getməyə hazır olması fakt deyil.
Başqa bir məsələ ondan ibarətdir ki, Azərbaycan həm də Mərkəzi Asiyadan Avropaya enerji resurslarının nəqli üçün mühüm həlqədir. Azərbaycanla dost Türkiyə regional qaz qovşağına çevrilmək niyyətindədir. İndi İsrail qazının Kiprdən keçməklə Türkiyəyə, oradan da Avropaya nəqli ilə bağlı danışıqlar gedir.
- İsrail mətbuatının yazdığına görə, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun martın sonunda İsrailə səfəri planlaşdırılır. Bu, Azərbaycan XİN rəhbərinin İsrailə ilk səfəridir. Sizcə, bu səfər zamanı diqqət yetirilməli olan ən vacib məsələlər hansılardır?
- İnanıram ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun İsrailə səfəri üç ənənəvi məqama toxunacaq:
a) Müdafiə tərəfdaşlığı, İsrailin mülki və hərbi texnologiyalarının Azərbaycana ixracı və orada müvafiq infrastrukturun inkişafı;
b) Hər iki ölkənin maraqlı olduğu kontekstdə İrana münasibətdə müdafiə, informasiya və kəşfiyyat tərəfdaşlığı;
c) Türkiyə ilə İsrail arasında münasibətlərin normallaşmasında Prezident İlham Əliyevin əsas rol oynadığına inanıldığını nəzərə alsaq, bu mövzu ola bilər.
Və təbii ki, səfər zamanı biz iki ölkə arasında mədəni, sosial, siyasi və diplomatik tərəfdaşlığın bütün sahəsinin inkişafından danışacağıq. Yəni, XİN rəhbərinin səfəri onsuz da gedən proseslərin müəyyən rəsmiləşdirilməsi, eyni zamanda hansısa yeni ideyaların müzakirə edilib-edilməməsi demək olacaq - biz bunu səfər zamanı və səfərdən sonra daha aydın öyrənəcəyik.
Müəllif: Asif Aydınlı