Bəlkə də deyilənlər kimi olmaycaq, il təhlükəsiz, necə deyərlər, təhdidsiz-filansız sovuşub gedəcək. Amma indi belə deyil, demək olar ki, hər gün yaxınlardan və uzaqlardan müharibə sorağı gəlir. Əlbəttə ki, bizi daha çox yerləşdiyimiz bölgə maraqlandırır. Amma burada da sakitlik və səssizlik hökm sürmür, bu bölgə də hazırda dünyanın ən gərgin və qaynar nöqtələrindən biridir.
Bəli, bir gün Ermənistandan sülh təklifi, ertəsi gün isə müharibə çağırışı gəlir. Adam bilmir nəyə inansın, nəyi ciddi qəbul etsin? Amma daha çox narahatlıq doğuran İrəvanın qızdırmalı çabalamaları yox, qonşu İranın vurnuxmalarıdır. Tehran da dinc-farağat dayanmır. Gah sərhədlərimiz üzərindən hava uçuşları həyata keçirir, gah uşaqları Azərbaycanla sərhədə toplayıb onları anti-Azərbaycan şüarları söyləməyə təhrik edir, gah da Tehranın Ermənistan üçün bir neçə min nəfərlik terrorçu dəstələr hazırlaması haqqında xəbərlər gəlir...
Nə etməli? Necə hərəkət etməli? İran bölgədə baş verəcək geosiyasi dəyişiklikləri özü üçün “qırmızı xətt” adlandırır. Bəs görəsən, İran hansı geosiyasi dəyişikliklərdən danışır, onun siyasətçilərinin yuxularını kimlər və nələr qarışdırıb?
Belə məlum olur ki, Tehranı narahat edən Zəngəzur dəhlizinin açılmasıdır. Çox maraqlıdır, sovet dövründə də Bakı ilə Naxçıvanı birləşdirən dəmiryol xəttinin kiçik bir hissəsi Ermənistan ərazisindən keçirdi. Bəs onda niyə Tehran geosiyasi yuxular görmürdü? Bəs onda niyə Tehranın qızışmış öküz kimi gözlərinə qırmızı xətlər görünmürdü?
Maraqlısı da budur. Azərbaycanın öz torpaqlarını azad etməsi iranlı siyasətçilərin çox narahat edib, II Qarabağ savaşından sonra özlərinə yer tapa bilmirlər, gündə bir oyun çıxarır, hətta dünyanın, demək olar ki, bütün dövlətləri tərəfindən tanınan diplomatik etiket qaydalarını pozurlar – günün günorta çağı səfirliyimizə hücum edir, diplomatik təmsilçilərimizi qətlə yetirməyə çalışırlar...
İranın öz “kiçik bacısı” hesab etdiyi Ermənistan haqqında da bir-iki kəlmə deyək. Bu günədək məlum olanı budur ki, N.Paşinyan da qızdırmalı adam kimi danışır, gah müharibədən, gah da sülhdən dəm vurur.
Hazırda bir qədər zəif olsa da, əsas sezilən tendensiya budur ki, erməni baş nazir Rusiyanın bölgədəki iştirakının və nüfuzunun ağırlıq mərkəzini İrəvandan Dağlıq Qarabağa köçürmək, münaqişənin ağırlığını Rusiyanın boynuna qoymaq istəyir. Bəs Moskva necə, Nikol Paşinyanın bu “ötürməsini” qəbul edəcəkmi? Belə görünür ki, edəcək. Ona görə ki, hazırda Dağlıq Qarabağ Kremlin Bakıya və İrəvana təsir etmək üçün əsas “rıçaq”ıdır və Moskva separatçı bölgəni özününkü hesab etməsəydi, bizim eko-fəalları üç ay Xankəndinin qapıları ağzında saxlamazdı! O ki qaldı Ermənistanın savaş çağırışlarına, Moskva işə qarışmasa, İrəvan bir qələt edə bilməz...
Ona görə də bir gözümüz Moskvada olmalıdır. Onu çox sıxmaq olmaz, çünki İranın da bizə qarşı təhdidləri son nəticədə Kremlin razılığına bağlanır, - biz Rusiya və İran arasındakı arakəsmədə yerləşirik və elə bu səbəbdən də eyni vaxtda Moskvanı və Tehranı özümüzə qarşı qaldıra bilmərik.
Qardaş Türkiyə doğmadır, arxa-dayağımızdır, amma tamam Ankaraya da arxayın ola bilmərik. Ötən əsrin əvvəllərində Ankara bizə böyük yardım etdi, Bakını və ümumiyyətlə, Azərbaycanı erməni quldurlarından təmizlədi. Amma Türkiyə Azərbaycanın Rusiya tərəfindən işğalını dayandıra bilmədi - ruslar öz ac-yalavac orduları ilə Azərbaycanı işğal etdilər. Bəli, demək olar ki, o vaxt başqa məqam idi, Atatürk Türkiyəsilə Lenin Rusiyasını Qərbin təhdidləri, soyuq münasibəti birləşdirirdi. Bütün bunlar doğrudur, amma ehtiyatı əldən vermək olmaz.
Hazırda iki dövlət Rusiyanın Ukrayna təcrübəsini öyrənir. Bunlardan biri Çindir və Tayvanı işğal etmək istəyir. İkincisi isə İrandır və o da təhdid ünvanı kimi Azərbaycanı seçib. Ona görə də ehtiyatlı olmaq lazımdır. Tək Türkiyə ilə yox, ABŞ-la (İranın bizim sərhədlərimiz üzərindən uçuşlar etməsi Vaşinqtonun diqqətindən yayınmadı), İsraillə təmasları artırmaq, Rusiyaya sarı da çox diqqətli olmaq lazımdır...
Müsavat.az