Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Putin bataqlığa düşdüyünü anladı: qarşıda edam, geridə intihar


Kreml başçısı "mən günahkar deyiləm" tempinə düşdü, lakin: “O, Rusiyada böyük ruh düşkünlüyü yaratdı və bunun fəsadları yaxında özünü mütləq göstərəcək”

"Biz yavaş-yavaş məqsədimizə nazil olacağıq". Bunu Rusiya Prezidenti Vladimir Putin fevralın 21-də Federal Məclisə müraciət çıxışında deyib.

Ukraynaya qarşı Rusiyanın apardığı işğalçı müharibənin bir ili barədə danışan Rusiya lideri Federal Məclisə müraciət çıxışını da elə müharibə üzərində qurdu. Qərbin ünvanına xeyli ittihamlar səsləndirən Putin müharibənin başlamasında Qərbi günahkar çıxarmağa səy göstərdi. 

Putinin bəyanatlarından belə məlum oldu ki, Rusiya müharibəni dayandırmayacaq, əksinə “ana vətəninin müdafiəsini” sonadək davam etdirəcək. Bunun üçün isə ötən bir il ərzində deyilən kimi sürətlə yox, yavaş-yavaş addımlar atılacaq ki, məqsədlərinə doğru irəliləyə bilsinlər. 

Rusiya liderinin Federal Məclisə müraciət çıxışında səsləndirdiyi bəyanatla bağlı AYNA-nın suallarını "Şərq-Qərb" Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu cavablandırıb. Analitikin qənaətincə, Putinin Ukrayna müharibəsi ilə bağlı əvvəlki çıxışlarından fərqli olaraq, son çıxışı bir növ geri çəkilmə təsiri bağışlayır:

- Bu, daha çox səhnələşdirilmiş, populist çıxış idi. Putinin hətta populizm miqdarı da əvvəlki kimi deyildi. Bu, təbii ki, yaranmış hərbi-siyasi vəziyyətdən irəli gəlir. Putin görünür ki, bu qədər hərbi müqavimətlə üzləşəcəyini, Ukraynaya belə ciddi dəstək göstəriləcəyini gözləmirdi. Müharibə elə bir situasiyadır ki, orada real hərbi güc rol oynayır. O güc bu gün Rusiyanın xeyrinə deyil. Kremldəkilər düşünürdülər ki, qısa zamanda uğurlar əldə edəcəklər, Kiyevi götürə biləcəklər, Ukraynanı "denazifikasiya" edəcəklər və s. Bu məqsədlər artıq iflasa uğrayıb. 

Müharibənin bir ili tamam olur. Rusiya ilk mərhələdə müəyyən uğur əldə etsə də, sonrakı mərhələdə, son altı ayda Rusiya çox ağır itkilər verməkdədir. Təbii ki, Ukrayna da itkilər verir. Bu, genişmiqyaslı müharibədir, real döyüşlərin getdiyi savaşdır.

Putinin çıxışındakı notlardan görünür ki, Kreml sahibi artıq reallıqla barışmağa başlayıb. Müharibənin Rusiya daxili siyasi həyatında yaratdığı fəsadlar da Putinin çıxışına təsir göstərir. Məsələn, Putin çıxış etdiyi gün ona bağlı, onun şəxsi özəl hərbi şirkəti "Vaqner"in rəhbəri Priqojin hansı bəyanatı verdi: Eyni zamanda, ona qoşulub hərbçilərin üzərinə yeriyən Kadırov nələr dedi? Bu adamlar tamam başqa rakursdan, tamam başqa məsələlərə dair danışırlar. 

- Onların mövqeyini dəyişməsinə nə səbəb oldu?

- Bunun səbəbini təxminən iki ay əvvəl baş vermiş hadisədə axtarmaq lazımdır. Söhbət Baş Qərargah rəisi Valeri Gerasimovun Ukraynaya qarşı müharibə əməliyyatını öz üzərinə götürməsindən gedir. O zaman bir çoxları bu gedişi şərti olaraq "bunkerdə çevriliş" adlandırdılar. Əslində bu, müəyyən mənada haqlı yanaşma idi. Yəni Rusiya ordusunu aşağılamaq, hansısa quldurların, başına silahlı dəstə yığmış kriminal elementlərin əli ilə ordunu, generaliteti aşağılamaq Putin üçün ağır siyasi nəticələr verdi.

Görünən odur ki, ordu Putinə öz gücünü göstərdi, əməliyyatı öz üzərinə götürdü. Beləliklə də daxili siyasi vəziyyət dəyişdi. Hərbi vəziyyət isə dəyişmir. Çünki Ukrayna ordusu durmadan silahlandırılır. Eyni zamanda, Ukrayna ordusunun döyüşmək stimulu daha çoxdur. Bu, Putinin çıxışında özünü bütün əlamətləri ilə göstərdi. Putin artıq ucadan danışmırdı. Kreml sahibi sadəcə çalışırdı ki, müharibəyə səbəb olan "günahkarları" göstərə bilsin. Təbii ki, bununla da "mən günahkar deyiləm" mesajı vermək istəyirdi. 

- Bu mesajı verə bildimi?

- Yox, hesab edirəm ki, buna nail ola bilmədi. Əksinə, Rusiyada bir qədər də ruh düşkünlüyü yaratdı. İstər əhali arasında, istər də siyasi komandada ruh düşkünlüyünə səbəb oldu. Bunun da fəsadları qarşıdakı müddətdə özünü mütləq göstərəcək. 

- Putin Rusiyanın Strateji Hücum Silahlarına dair Müqavilədə (START) iştirakını dayandırdığını elan etdi. Sizcə, bununla nüvə silahından istifadə edə biləcəyinə işarə etdi?

- Düşünmürəm ki, bu, dünyanı nüvə silahı ilə təhdid etmək anlamı verir. Nüvə silahı ilə bağlı artıq dəfələrlə təhdidlər səsləndirilib. İstər Putinin dilindən, istərsə də digər siyasilərin dilindən bu təhdidlərin şahidi olmuşuq. Amma biz gördük ki, buna gözlənilən reaksiyalar olmadı. Kremldə hesab edirdilər ki, bu təhdidlərdən sonra hər kəs Putinin əl-ayağına düşəcək, deyəcək ki, "amandır, birdən nüvə silahından istifadə edərsən". Lakin bunlar baş vermədi, əksinə nüvə təhdidlərinə Qərbdən sakit və soyuqqanlı reaksiya verildi. Həmçinin Ukraynaya verilən hərbi və siyasi dəstək bu təhdidlərdən sonra azalmadı, əksinə artmış oldu. Deməli bu təhdidin effektiv olmadığını Kreml sahibi anlayır. 

Putin STATR-da Rusiyanın iştirakını dayandırmaqla, əslində özünü bir daha tələyə saldı. Bununla Putin ABŞ-ın digər müttəfiqlərinin - Yaponiyanın, Almaniyanın nüvə silahı istehsalına başlamasına "yaşıl işıq" yandırılmasına zəmin yaratmış oldu. Putinin bu bəyanatı da istisna deyil ki, onun özünə və Rusiyaya qarşı ola bilər. Əvvəlkindən fərqli olaraq, bu gün ABŞ-ın müttəfiqləri, NATO tərəfdaşları hərbi sənayenin inkişafına milyardlar ayırır. Məsələn, Yaponiya ordunun inkişafına, hərbi sənayeyə yüz milyard dollar vəsait nəzərdə tutub. İstisna deyil ki, yüksək texnoloji və sənaye bazasına malik olan Yaponiya qısa müddətdə nüvə silahı istehsal edə bilər. Bununla da Rusiyanın Şərq cinahında təkcə ABŞ strateji hücum silahları deyil, Yaponiya silahları da cəmləşə bilər. Bu, Rusiyanın fəaliyyət məkanının bir qədər də daraldılması deməkdir. 

Bundan başqa, START-da Rusiyanın iştirakının dayandırılması ABŞ-ın özünün nüvə potensialının artmasına gətirib çıxara bilər. Putin bir ifadə işlətdi ki, "bizdə olan məlumata görə, ABŞ fiziki nüvə sınağı həyata keçirməyə çalışır". Bu, Rusiyanın ənənəvi dezinformasiyasıdır. ABŞ bu gün nüvə sınaqlarının dayandırılmasına ən çox çalışan ölkədir. Bu səbəbdən də ABŞ məhdudiyyəti heç vaxt pozmaz. Putin START-da Rusiyanın iştirakını dayandırmaqla dediyim kimi, öz ziyanına addım atmış oldu. 

- Putin bildirdi ki, "məqsədimizə yavaş-yavaş nail olacağıq". Kreml sahibi faktiki olaraq, müharibənin davam edəcəyini bildirdi. Sizcə, müharibə nə qədər uzanacaq?

- Yenə deyirəm, Putinin bəyanatlarında temp aşağı düşüb. Üç günə Kiyevi götürmək istəyən Rusiyanın Ali Baş Komandanı indi deyir ki, məqsədə yavaş-yavaş nail olacaqlar. Mən düşünmürəm ki, Rusiya istədiyini əldə edəcək. Nail ola bilsə, çox ağır qiymətə başa gələcək. Çünki ABŞ Prezidenti Co Bayden həm Kiyevdə, həm Varşavada bəyan etdi ki, Ukraynanın arxasında sona qədər dayanılacaq. Nəzərə almaq lazımdır ki, bu gün Ukraynaya verilən silahların da xarakteri dəyişməyə başlayıb. 

Düşünürəm ki, Rusiya ordusu irəli gedə bilməyəcək, əksinə, işğal etdiyi Ukrayna ərazilərindən asta-asta çıxarılacaq. Ukraynanın hücuma keçəcəyi, ərazilərini azad edəcəyi daha çox gözləniləndir, nəinki Rusiyanın irəliləməsi. Biz artıq görürük ki, Rusiyanın "öz ərazisi" elan etdiyi Ukrayna əraziləri Ukrayna ordusu tərəfindən daim atəş altındadır. Rusiyanın orada qurmaq istədiyi hərbi infrastruktur qurulmadan dağıdılır. Rusiya ağır itkilər verir. Həmçinin Rusiya daxilindəki siyasi çəkişmələr, Putinin özünün yaratdığı silahlı quldur dəstələrinin siyasi bəyanatları göstərir ki, Rusiyanın daxili problemləri artacaq. Bu, Rusiyanın məğlubiyyətinə gətirib çıxaracaq. Anar Bayramoğlu 






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10